Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda müstəqil enerji sisteminin formalaşdırılması və enerji təhlükəsizliyinin daha yüksək səviyyəyə çatdırılmasına nail olundu

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda müstəqil enerji sisteminin formalaşdırılması və enerji təhlükəsizliyinin daha yüksək səviyyəyə çatdırılmasına nail olundu

19.10.2011 [15:50]

“Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev www.yap.org.az saytına müsahibə verib:
- Baba müəllim, əvvəla Sizi və “Bakıelektrikşəbəkə”ASC-nin çoxminli kollektivini ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü və 20 oktyabr energetiklərin peşə bayramı münasibəti ilə təbrik edir, işlərinizdə uğurlar arzulayırıq. Xalqımızın milli sərvəti olan dövlət müstəqilliyinin ildönümünü və peşə bayramını “Bakıelektrikşəbəkə” ASC necə qarşılayır?
- Hər bir Azərbaycan vətəndaşı bu günlər uzun illər həsrətində olduğumuz müstəqilliyimizin 20 illik yubiley sevincini yaşayır. Bir əsrdə ikinci dəfə müstəqilliyimizin əldə olunması çox ağır ictimai, siyasi və tarixi şəraitdə baş verdiyindən müstəqilliyimizin ilk illərində xalqımızın qarşılaşdığı çətinlikləri və məhrumiyyətləri düzgün qiymətləndirmədən bugünkü müstəqilliyimizi lazımınca dəyərləndirə bilmərik. Geridə qalan 20 ilin başlanğıcında bir tərəfdən müstəqillik sevincini yaşayan Azərbaycan digər tərəfdən Ermənistanın ölkəmizə təcavüzü nəticəsində son dərəcə ağrılı problemlər yaşadı. Mənfur qonşuların hərbi təcavüzü, habelə ölkə daxilində gedən çəkişmələr o zaman vətənimizin nəinki öz müstəqilliyini itirmək, hətta ölkəni parçalanmaq təhlükəsi qarşısında qoymuşdu. Yəni, müstəqilliyə, azadlığa aparan yollar hamar olmadı, bu yolda qanlar töküldü, şəhidlər verildi. Sanki bu illərdə xalqımız tarix qarşısında növbəti mətinlik sınağından keçirdi. Azərbaycan dövlətçiliyinin taleyi həll edildiyi 1993-cü ilin iyun ayında dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevi yenidən hakimiyyətə təkidlə dəvət edən Azərbaycan xalqı parçalanıb dağılmaq və ikinci dəfə müstəqilliyini itirmək kimi fəlakətdən xilas oldu.ümummilli liderimizin dərin zəkası sayəsində Azərbaycan tarixində “Milli Qurtuluş günü” kimi qeyd olunan 1993-cü ilin iyunundan başlayaraq ölkədə aparılan ardıcıl və məqsədyönlü siyasət vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu. Məqsədli xarici siyasət nəticəsində erməni silahlı qüvvələrinin hücumları dəf edildi və cəbhədə atəşkəs təmin olundu. Dövlət idarəçiliyinin bütün sahələrinin dünya standartlarına uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı demokratik islahatlara başlanıldı, iqtisadiyyatın dirçəlməsi istiqamətində tədbirlər həyata keçirildi.
Ulu öndər Heydər Əliyevin xalqımızın iftixarı və qürur mənbəyi adlandırdığı Azərbaycan müstəqilliyinin keçən 20 ili ərzində əldə olunmuş nailiyyətlər ictimai-siyasi həyatın bütün sferalarında olduğu kimi, iqtisadiyyatın mühüm sahələrindən olan elektroenergetikanın yüksəlişində də öz əyani təcəssümünü tapmışdır.”Bakıelektrikşəbəkə” ASC dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün və 20 oktyabr energetiklərin peşə bayramının layiqli qarşılanması üçün xüsusi tədbirlər proqramı hazırlamışdır ki, bu proqrama əsasən artıq bir neçə yeni inşa edilmiş güc mərkəzləri istismara buraxılmış, enerji təchizatı və satışı idarəsi üçün yeni inzibati bina əməkdaşların istifadəsinə verilmiş, yaxın günlərdə daha bir neçə güc mərkəzinin istismara buraxılması gözlənilir.O cümlədən, müstəqilliyimizin 20 illik yubileyi ilə bağlı Səhmdar Cəmiyyətdə “Heydər Əliyev - Müasir Azərbaycanın memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilmişdir ki, tədbirdə respublikamızın keçdiyi şərəfli yoldan, müstəqilliyin ilk illərində ölkədə baş verən ictimai-siyasi hadisələrdən, paytaxtın elektrik paylayıcı şəbəkəsinin beş illik fəaliyyətindən ətraflı danışılmışdır.
- Ulu öndər Heydər Əliyevin Azərbaycanın enerji sisteminin inkişafına xüsusi diqqət və qayğısını necə xarakterizə edərdiniz? ümummilli lider müstəqil Azərbaycanın Prezidenti kimi ölkəmizin elektrik enerjisi sisteminin xarici ölkələrdən asılılığının aradan qaldırılması üçün atdığı addımları bir mütəxəssis kimi necə qiymətləndirirsiniz?
- Azərbaycanın müstəqil enerji sisteminin formalaşması və ölkəmizin enerji təhlükəsizliyinin bu gün daha yüksək səviyyəyə çatdırılması bilavasitə xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Bunun real isbatı üçün təkcə bir faktı qeyd etmək kifayətdir ki, məhz ümummilli liderin respublikaya rəhbərlik etdiyi dövrdə Onun şəxsi təşəbbüsü ilə  Azərbaycanın energetika sistemində 3500 meqavata yaxın generasiya gücləri, 70 min kilometrə yaxın elektrik ötürücü xətlər istifadəyə verilib, enerji sisteminin real imkanları iki dəfədən çox artıb. Faktlar göstərir ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elektrik enerji sisteminin inkişafını prioritet məsələlər sırasına aid edərək bu istiqamətdə böyük işlər görüb. Bu mənada təsadüfi deyil ki, sözügedən sistemin əsas inkişaf mərhələsi öz başlanğıcını Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdən götürür. Məhz həmin vaxtdan başlayaraq, ölkənin elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə bir çox irimiqyaslı layihələrin reallaşdırılmasına start verildi. Həmin layihələr öz növbəsində Azərbaycanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə gətirib çıxardı. Bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu.
Ulu öndərin rəhbərlik etdiyi birinci dövrdə görülən işlər sonralar dövlət suverenliyini əldə edən Azərbaycanın müstəqil enerji sisteminin yaranmasında bazis rolunu oynadı. Lakin təəssüf ki, dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr tərəfindən Heydər Əliyevin Sovet dönəmində min bir zəhmət hesabına qurub-yaratdığı enerji sistemi dağıdıldı, istifadəyə yararsız hala salındı. Belə vəziyyət vətəndaşların durumuna, iqtisadiyyata təsirsiz ötüşmədi. Digər sahələrdə olduğu kimi, enerji sisteminin müstəqillik illərində yenidən qurulmasının müəllifi kimi yenə Ulu öndər çıxış etdi, bu sahənin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirdi.
Heydər Əliyev həm də Azərbaycanın elektrik enerjisi sistemində qanunvericilik bazasının formalaşdırılması, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində mühüm tədbirləri həyata keçirmişdir.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015) üzrə Dövlət Proqramı” çərçivəsində rəhbərlik etdiyiniz Səhmdar cəmiyyəti tərəfindən hansı işlər görülmüşdür? ümumiyyətlə, Azərbaycan dövlət müstəqilliyinin 20-ci ildönümünə “Bakıelektrikşəbəkə” ASC hansı nailiyyətlərlə gedir?
- Ulu öndərin müstəqil enerji sisteminin formalaşması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Enerji sisteminin inkişafı sahəsində möhtərəm Prezident İlham Əliyevin atdığı mühüm addımlardan biri “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) Dövlət Proqramı”nın qəbul olunmasıdır.
Bu Proqramda ölkənin yanacaq-enerji kompleksində qazanılmış uğurlar təhlil edilərək iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsini təmin etməyə yönələn konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Həmin dövlət proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırmışdır. Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və eləcə də, iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif dövlət proqramları enerji sistemin yenidən qurulması ilə bağlı həyata keçirilən tədbirlərin uğurla davam etdirilməsində hərəkətverici qüvvə olmuşdur. Məhz həmin proqramların yerinə yetirilməsi bütün ölkədə olduğu kimi Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi infrastrukturunun inkişafına daha da təkan vermiş, digər kommunal xidmətlərlə yanaşı, istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə səbəb olmuşdur. Qeyd olunan dövlət proqramlarının icrası ilə əlaqədar “Bakıelektrikşəbəkə” ASC tərəfindən paytaxt və ətraf qəsəbələrin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, abonentlərə yüksək səviyyəli xidmət göstərilməsi, elektrik şəbəkəsinin dünya standartlarına uyğun yenidən qurulması istiqamətində genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir. İstehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması Bakı şəhərində beynəlxalq standartlara uyğun dairəvi sxem üzrə elektrik şəbəkəsinin yaradılmasını zəruri edirdi ki, bu məqsədlə yeni 110 kV-luq yarımstansiyaların tikintisi İnvestisya Proqramında əsas prioritet olaraq nəzərdə tutulmuşdur. 110 kV-luq dairəvi elektrik sisteminin yaradılması isə Bakı şəhərinin elektrik təchizatının fasiləsizliyinə və perspektivdə elektrik enerjisinə olan tələbatın tam ödənilməsinə təminat verən bir elektrik sxemidir.
Bu məqsədlə təsdiq olunmuş İnvestisiya Proqramına uyğun olaraq “Müşfiq”-”Bayıl”, “Xırdalan”-203 hava xətləri əsaslı təmir edilmiş, 110 kV-luq “Bayıl”, 227, 203, 215 saylı yarımstansiyalar yenidən qurulmuş, dairəvi sistemə daxil olan müasir tipli 110/35/10 kV-luq 2x50 MVA gücündə “Liman” yarımstansiyası inşa edilmiş və hazırda 110/35/6 kV-luq 2x50 MVA gücündə “İçərişəhər”, 110/20/6 kV-luq 2x40 MVA gücündə “Yeni Bayıl” yarımstansiyalarının tikintisi isə başa çatdırılmaqdadır.
Bakı şəhərinin elektrik şəbəkəsinin müasir avadanlıq və yeni texnologiyanın tətbiqi ilə yenidən qurulmasını, şəhərsalmanın günbəgün geniş vüsət aldığı paytaxtda yeni güc mərkəzlərinin yaradılmasını nəzərdə tutan İnvestisiya Proqramı çərçivəsində həyata keçirilən tədbirlər ölkə başçısının gündəlik nəzarətində olmuş, dövlət əhəmiyyətli bu vəzifələrin uğurla həyata keçirilməsi və şəbəkənin maddi-texniki bazasının gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən daima dəstəklənmişdir.
Səhmdar Cəmiyyətin 5 illik fəaliyyəti dövründə dövlət büdcəsindən ayrılmış vəsaitlər və müəssisənin daxili maliyyə imkanları hesabına müasir tipli 14 ədəd 110 kV-luq və 29 ədəd 35 kV-luq yeni yarımstansiyalar tikilmiş, 128 ədəd yeni Transformator Məntəqəsi inşa edilmiş və 400 ədəd Transformator Məntəqəsi əsaslı təmir olunmuş, 2000 km-ə yaxın elektrik veriliş xətləri, o cümlədən, 100 km-dən çox 110 kV-luq kabel xətti və 400 km-ə qədər isə 35 kV-luq kabel xətti çəkilmişdir. Hazırda 5 ədəd 110 kV-luq və 16 ədəd 35 kV-luq yarımstansiyalarda tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Həyata keçirilən tədbirlər nəticəsində şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti 2006-cı illə müqayisədə 70 faiz artmışdır.
Görülən tədbirlər nəticəsində şəbəkə üzrə texniki itkilərin səviyyəsi 6% azaldılaraq bu göstərici 10%-ə endirilmiş, ifrat yüklənmə halları tamamilə aradan qaldırılmışdır.
Paylayıcı şəbəkə üzrə aparılan yenidənqurma işlərinin, xüsusən də, 0,4 kV-luq elektrik şəbəkələrinin özünüdaşıyan izolyasiyalı naqillərlə qurulmasının, elektrik enerjisi uçotunun aparılmasında müasir texnologiyaların, yeni inşa edilmiş yarımstansiyaların məsafədən idarə olunması üçün “SCADA” sisteminin və yarımstansiyalarda müasir rele mühafizəsi və avtomatika qurğularının tətbiqinin nəticəsidir ki, “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti bərpa edilənədək istehlakçıların enerji təchizatında uzunmüddətli fasilələrlə müşayiət olunan qəza açılmalarının sayı minimuma enmişdir. Uçot sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərin şəbəkə üzrə itkilərin səviyyəsinin azaldılmasında çox mühüm əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq “Azərenerji” ASC-dən alınan elektrik enerjisinin uçotunun dəqiq aparılması məqsədilə yarımstansiyalardakı alış nöqtələrində uzaqdan oxunan avtomatlaşdırılmış “Elster Metronika” ölçü sistemi quraşdırılmış və istehlakçıların istifadəsində olan köhnə elektrik sayğacları müasir tipli elektron sayğaclarla əvəz edilmişdir. Şəbəkədə aparılan əsaslı yenidənqurma işləri və uçot sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi nəticəsində enerjihaqqının yığımında əsaslı dönüş yaranmış və hazırda səhmdar cəmiyyət üzrə bu göstərici 93 faizdən yuxarıdır.
- Paytaxtın enerji şəbəkəsinin yenidən qurulması istiqamətində görülmüş nəhəng işlərin nəticələrini hər birimiz görür və müsbət qiymətləndiririk. Bu irimiqyaslı işləri həyata keçirən işçi personalla bağlı işin təşkilində vəziyyət necədir və bu istiqamətdə hansı işlər görülür?
- Elektrikpaylayıcı şəbəkənin yenidən qurulması istiqamətində həyata keçirilən texniki tədbirlərlə yanaşı, müasir texnoloji avadanlıqları idarə etməyə qadir kadrların hazırlanması, habelə işçi heyət üçün lazımi sosial və əmək şəraitinin günün tələbləri səviyyəsində təşkil edilməsi də səhmdar cəmiyyətin rəhbərliyinin daimi diqqət mərkəzində olan vacib məsələlərdəndir. Kadrların cəlb edilməsi məqsədilə səhmdar cəmiyyətdə CV-bank formalaşdırılmışdır. İlkin müsabiqə nəticəsində ixtisası uyğun gələn və biliyi qənaətbəxş hesab olunan, lakin təcrübəsi kifayət qədər olmayan namizədlər cəmiyyətin tədris mərkəzində bir aylıq kurslara cəlb olunur, kurs bitdikdən sonra isə işə qəbul komissiyası tərəfindən bilikləri yoxlanılır və müvəffəqiyyət qazanan namizədlər cəmiyyətdə işlə təmin olunurlar. Şəbəkədə çalışan işçilərin bilik və peşəkarlıq səviyyəsini artırmaq məqsədilə tədris mərkəzində mütəmadi olaraq davamlı ixtisasartırma kursları təşkil olunur, tədris prosesinə müəssisədə çalışan yüksək biliyə və təcrübəyə malik ixtisaslı mütəxəssislər, həmçinin, Neft Akademiyasının, Texniki Universitetin, Bakı Neft-Energetika Kollecinin professor-müəllim heyəti, elektrik avadanlıqları istehsal edən Fransanın “Şneyder Elektrik” və Almaniyanın “Siemens” şirkətlərinin Bakı nümayəndəliklərinin mütəxəssisləri cəlb edilirlər. Yaxın günlərdə ABB, “Siemens”, “Şneyder Elektrik”, “Tyco” kimi elektrik avadanlıqlarının istehsalı üzrə dünyanın qabaqcıl istehsalçı şirkətlərinin ən son texnologiyaları ilə təchiz olunmuş tədris mərkəzinin açılışı gözlənilir ki, yüksəktəminatlı tədris üçün baza olacaq bu mərkəzin imkanlarından səhmdar cəmiyyətin əməkdaşları ilə yanaşı, respublikanın elektroenergetika sahəsində çalışan bütün mütəxəssisləri yararlana biləcəklər.
- Baba müəllim, “Bakıelektrikşəbəkə”nin fəaliyyətində ən yeni texnologiyaların tətbiqi ilə bağlı nə demək olar? Ən yeni təcrübə və son texnologiyaların tətbiqi paytaxtın elektrik paylayıcı şəbəkəsinə nə verib?
- İlk öncə qeyd etməliyəm ki, şəbəkədə aparılan əsaslı yenidənqurma işləri və uçot sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi nəticəsində əvvəldə qeyd etdiyim kimi, enerji haqqının yığımında əsaslı dönüş yaranmış və hazırda Səhmdar Cəmiyyət üzrə bu göstərici 93%-dən yuxarıdır.
“Azərenerji” ASC-dən alınan elektrik enerjisinin uçotunun dəqiq aparılması məqsədilə “Bakıelektrikşəbəkə”ASC tərəfindən alış yarımstansiyalarındakı əvvəlki nəzarət sayğacları müasir tələblərə cavab verən “ELSTER” tipli sayğaclarla əvəz edilərək, mərkəzləşmiş informasiya qovşağı qurulmuş və ötürücü ( RTU-325) qurğu vasitəsi ilə “Bakıelektrikşəbəkə” ASC-nin qəbul etdiyi və ötürdüyü enerjinin kəmiyyətinə daimi nəzarət şəbəkəsi yaradılmışdır. Quraşdırılmış sayğaclar xüsusi, naqilsiz hava ötürücüsü vasitəsi ilə “Bakıelektrikşəbəkə”ASC-nin mərkəzi aparatında quraşdırılmış serverlə əlaqələndirilir, alış yarımstansiyalarında quraşdırılmış nəzarət sayğaclarının bütün parametrləri haqqında gün ərzində mərkəzi serverə 6 saatdan bir, ötən hər saatın yekununa dair məlumat ötürülür.
Beləliklə, qeyd olunan qurğunun hesabına “Bakıelektrikşəbəkə” ASC gün ərzində sayğacların qeyd etdikləri hər saatlıq və sutkalıq sərfiyyatın uzaq məsafədən oxunması ilə yanaşı, mərkəzi server tərəfindən alış yarımstansiyalarındakı transformatorların parametrləri barədə məlumatlar, o cümlədən, sistemdəki tezliyin və gərginliyin hədləri, cərəyanın yük qrafiklərinə, sayğacların gərginlikdən və cərəyandan kəsilmə vaxtlarına, güc əmsallarına, aktiv və reaktiv sərfiyyata və digər bu kimi zəruri parametrlərə nəzarət etmək imkanı qazanmışdır.
Uçot sistemində müasir texnologiyaların tətbiqi işləri bu gün də müvəffəqiyyətlə davam etdirilir. Hazırda Nəsimi rayonu ərazisində ən müasir uçot sistemi olan “sms smart” sayğaclarının quraşdırılması işləri uğurla həyata keçirilir. Bu tip sayğacların quraşdırılmasına start verildikdən bugünə gədər aparılan iqtisadi-riyazi təhlil onu göstərir ki, bu sayğacların quraşdırıldığı 128 yaşayış binaları üzrə istehlak edilən elektrik enerjisinə 22,1 faiz qənaət edilmişdir, eyni zamanda, ödənişlərdə 54,9 faiz artım müşahidə olunmuşdur. Bundan başqa 128 binada enerji sərfiyyatının ölçülməsi, ödənişlərin təmin edilməsi üçün sərf edilən insan resursundan (nəzarətçi mühəndis, enerji istismar personalı və s.) və nəqliyyat vasitələrindən demək olar ki, istifadə edilməmişdir.
- İstehlakçılarla münasibətlər və ictimaiyyətlə əlaqələr necə qurulub?
- “Bakıelektrikşəbəkə” ASC-də “199 Qəza Xidməti” və “Qaynar xətt” fəaliyyət göstərir ki, bu xidmətlər vasitəsilə istehlakçılar 24 saat ərzində onları maraqlandıran suallara cavab ala bilirlər. Göstərilən xidmətin operativ icrası üçün həmin xidmətlər zəruri texniki və rabitə avadanlıqları, müasir texnoloji vasitələrlə təchiz edilmiş, əməkdaşları xüsusi treyninqlərdən keçmiş mütəxəssislərdən ibarətdir. Bununla yanaşı Səhmdar Cəmiyyətdə Mətbuat Xidməti fəaliyyətdədir ki, ictimaiyyətlə,vətəndaş cəmiyyətləri ilə əlaqələrin qurulması, istehlakçıların və kütləvi informasiya vasitələrinin bu və ya digər məsələlər barədə operativ məlumatlandırılması işi məhz bu qurumun köməyi ilə həyata keçirilir.
İstehlakçılara xidmət səviyyəsinin yüksəldilməsi üçün səhmdar cəmiyyət fəaliyyətini bərpa etdiyi tarixdən başlayaraq həm yerlərdə, həm də mərkəzi aparatda abonent etirazları komissiyaları öz işlərini günün tələbləri səviyyəsində təşkil etmişlər ki, bu da istehlakçıların qarşılaşdığı problemlərin ən qısa müddətdə obyektiv həlli üçün ciddi təminatdır.
Səhmdar Cəmiyyətin rəsmi internet saytından (www.bes.az) borcun öyrənilməsi, eləcə də, “online” olaraq ödəmə kartları ilə 24 saat ödəniş aparılmasının təhlükəsiz təminatı üçün beynəlxalq ödəmə portalına inteqrasiya edilmişdir. Əhalinin sıx olduğu yerlərdə, xüsusən də metro stansiyalarında, universitetlərdə və böyük yaşayış kompleksləri olan məkanlarda quraşdırılan səyyar ödəmə aparatları vasitəsilə abonentlər müstəqil olaraq “online” işləmə rejimində ödəniş aparmaq imkanı əldə etmişlər.
“Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti bərpa edildikdən sonra Bakı şəhərini əhatə edən inzibati rayonlar üzrə enerji haqlarının əməkdaşlar tərəfindən yığılması dayandırılmış və enerji haqqının yığımının təşkilində yubanma hallarını aradan qaldırmaq məqsədilə müştəri xidmətləri məntəqələri istifadəyə verilmişdir. Həftənin bütün günləri fəaliyyət göstərən bu ödəniş məntəqələri abonentlərin vahid zaman ərzində (online) ödəniş aparması üçün bütün lazımi kompüter avadanlıqları ilə təchiz edilmişlər.
Vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi üçün istər mərkəzi aparat, istərsə də inzibati rayonlar üzrə vəzifəli şəxslərin qəbul günləri müəyyən edilmiş, ictimaiyyətin bu barədə məlumatlandırılması üçün müvafiq tədbirlər görülmüş və bu məsələlər mütəmadi olaraq müəssisə rəhbərliyinin ciddi nəzarəti altına götürülmüşdür.
Bununla yanaşı, “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq “Bakıelektrikşəbəkə” ASC-nin rəsmi internet saytında abonentlərə göstərilməsi nəzərdə tutulan xidmətlərin növləri, habelə müəssisənin struktur rəhbərlərinin “əlaqə telefonları”, “elektron müraciət”, “Qaynar xətt”, “qəbul günləri”, “enerji haqqının elektron ödənişi”, “borcun öyrənilməsi” və s. başlıqlı səhifələr fəaliyyətdədir. Həmin səhifələrə daxil olan abonentlərin müraciətləri ətraflı araşdırılaraq ən qısa müddətdə cavablandırılır. Göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə yaxın günlərdə şəbəkəyə qoşulma, sayğac dəyişmə, texniki şərtin alınması, borcun araşdırılması və s. məsələlər üzrə abonentlərə elektron xidmətlərin göstərilməsinin həyata keçirilməsi nəzərdə tutulur.
- Baba müəllim, rəhbərlik etdiyiniz qurumun əməkdaşlarının sosial müdafiəsi istiqamətində hansı addımlar atılır?
- İnsan amili iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektroenergetika sahəsində də aparılan islahatların mərkəzində durur. Məhz bu səbəbdən əməkdaşların iş şəraitinin yaxşılaşdırılması səhmdar cəmiyyətin fəaliyyəti dövründə rəhbərliyin daim diqqət mərkəzində olmuş və bu istiqamətdə tədbirlər ardıcıl olaraq davam etdirilməkdədir. Belə ki, əvvəllər ərazilərdə yalnız iki inzibati binası olan şəbəkədə bu gün Səbail, Yasamal, Binəqədi, Nəsimi, Nizami və Nərimanov rayonlarının Enerji Təchizatı və Satışı idarələri üçün yeni inzibati binalar, habelə Zirə, Binə, Keşlə, Zabrat, Buzovna və Pirallahı qəsəbələrində xidmət məntəqələri inşa edilmişdir. “Bakıelektrikşəbəkə” ASC-nin mərkəzi idarəetmə aparatı şəhərin memarlıq üslubuna uyğun inşa edilmiş və mərkəzi elektron idarəetmə sistemi ilə təchiz olunmuş yeni binaya köçürülmüşdür.
Ehtiyat hissələrinin və mal-materialların saxlanması üçün müasir tipli anbar, habelə elektrik sayğaclarının test və təmiri üçün ən mütərəqqi texnologiyalarla təchiz edilmiş bina inşa edilmiş, maşın və mexanizmlər yeniləri ilə əvəz olunmuşdur.
Bağlanmış kollektiv müqavilənin tələblərinə uyğun olaraq səhmdar cəmiyyət üzrə kompleks sosial proqramlar həyata keçirilir ki, həmin proqramlara əsasən əməkdaşların sosial məsələlərinin həll olunması məqsədilə daimi fəaliyyət göstərən Sosial Komissiya yaradılmışdır. Komissiyada əməkdaşların qarşılaşdığı sosial xarakterli məsələlərə baxılır, yeni ailə quranlara və ehtiyacı olan əməkdaşlara maddi yardımlar göstərilir, bayram, yubiley tədbirləri təşkil edilir, habelə ailə üzvlərini itirmiş əməkdaşlara maddi kömək göstərilir. Gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün maddi yardım göstərilməsindən ötrü rəhbərlik və həmkarlar ittifaqı komitəsi qarşısında məsələlər qaldırılır, müharibə və əmək veteranlarının mükafatlandırılması ilə əlaqədar tədbirlər həyata keçirilir. Yay mövsümündə işdə fərqlənmiş əməkdaşların istirahətlərinin daha səmərəli təminatı üçün respublikanın səfalı guşələrinə səyahətlər təşkil olunur, müxtəlif idman növləri üzrə yarışlar keçirilir. Səhmdar cəmiyyətdə əməkdaşlar üçün günün tələbləri səviyyəsində ictimai-iaşə xidməti təşkil olunmuş və işçilərin maddi cəhətdən dəstəklənməsi məqsədilə bu xidmət üzrə ödənişlərdə 50 faiz güzəşt tətbiq edilir.
Son beş ildə Bakı şəhəri üzrə paylayıcı elektrik şəbəkələrin beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində “Bakıelektrikşəbəkə” ASC tərəfindən həyata keçirilən genişmiqyaslı işlər istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchizatında müsbət nəticələrə gətirib çıxarmışdır. Bu istiqamətdə işlərin davam etdirilməsi daha böyük uğurların əldə ediləcəyinə ciddi təminatdır.
Paylaş:
Baxılıb: 1063 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30