Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Sumqayıt yeni inkişaf dövrünü yaşayır

Sumqayıt yeni inkişaf dövrünü yaşayır

28.12.2011 [16:38]

Muxtar Babayev: Şəhər dəyişir, böyük abadlıq-tikinti işləri gedir, yeni-yeni müəssisələr açılır. Təbii ki, bunun da əsasında Prezident İlham Əliyevin Sumqayıta olan diqqət və qayğısı dayanır
Məlum olduğu kimi, daha bir ilə yekun vururuq. Bu il də xalqımızın həyatında uğurlar və nailiyyətlərlə yadda qaldı. ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevlə müsahibəmizdə də həm bu, həm də digər məsələlərə toxunduq.
- Muxtar müəllim, daha bir ilə yekun vururuq. Başa çatan 2011-ci il parlamentin fəaliyyətində necə yadda qaldı?
- öncə onu deyim ki, bu, bir millət vəkili kimi mənim həyatımda bir yenilik oldu. Qanunvericilik bazasının hazırlanmasında bu və ya digər şəkildə iştirak etməklə, sözügedən sahədə təcrübə əldə etdim. Konkret olaraq sualınıza gəlincə, deməliyəm ki, 2011-ci il ərzində parlamentdə maraqlı və qızğın müzakirələr oldu. çoxlu sayda qanun layihələrinin müzakirəsi aparıldı. Milli Məclisdə olduqca demokratik atmosfer mövcuddur və parlamentin spikeri çalışır ki, müzakirələr zamanı hər kəsə söz versin. Eyni zamanda, bu müddət ərzində parlamentdə müzakirə və qəbul edilən ən maraqlı sənədlərdən biri, əlbəttə ki, dövlət büdcəsi idi. Qeyd edim ki, istər komitələrdə, istərsə də parlamentin iclasında dövlət büdcəsi ilə bağlı olduqca qızğın, maraqlı və işgüzar müzakirələr aparıldı. Yeri gəlmişkən, bu müzakirə zamanı mən parlamentlə hökumət arasında çox maraqlı bir iş üslubunun şahidi oldum. Yəni, müzakirələr zamanı səslənən təkliflərin, demək olar ki, əksəriyyətinə hökumət tərəfindən müsbət reaksiya verildi. Eyni zamanda, ayrı-ayrı nazirliklərin rəhbərləri, xüsusilə də maliyyə naziri, Dövlət Sosial Müdafiə Fondunun sədri və Mərkəzi Bankın sədri millət vəkilləri tərəfindən ünvanlanan bütün sualları cavablandırmağa çalışdılar. Onu da vurğulayım ki, Milli Məclis rəhbərliyi və ayrı-ayrı ölkələr üzrə parlamentlərarası dostluq qruplarının üzvləri Azərbaycanın beynəlxalq əməkdaşlığı məsələsində də üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Biz ayrı-ayrı ölkələrin parlamentariləri ilə görüşlərdə istər ölkəmizdə əldə edilən uğurlar, istərsə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında əsl həqiqətləri və ölkəmizin haqlı mövqeyini ətraflı şəkildə onlara çatdırmağa çalışırıq.
- Bəs, bu zəngin iş qrafiki fonunda Milli Məclis növbəti ildə, ilk növbədə, hansı qanun layihələri üzərində işləməlidir?
- Hesab edirəm ki, hər gün yeniləşmə əsas hədəfimiz olmalıdır. O mənada ki, bizim ölkəmiz, bizim iqtisadiyyatımız çox böyük addımlarla irəli gedir. Təbii ki, bu irəliləyiş öz növbəsində qanunvericiliyin də irəliləməsini, yenilənməsini, təkmilləşdirilməsini, yeni dövrün tələblərinə cavab verməsini vacib edir. Yəni, 10 il bundan əvvəl qəbul olunmuş hansısa bir qanun təkmilləşdirilə bilər. Bu baxımdan hesab edirəm ki, yeni ildə bəzi qanunlarımıza əlavə və dəyişikliklər edilə, həmçinin, dövrün tələblərinə uyğun olaraq yeni qanunlar qəbul edilə bilər. ümumiyyətlə, bildirmək istəyirəm ki, müxtəlif qanun layihələrinə dair maraqlı ideyalar və təkliflər var.
- Başa çatan il həm də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü kimi tarixə düşdü. Bu baxımdan, ötən 20 ildə Azərbaycanın keçdiyi yolu necə dəyərləndirirsiniz?
- Bu, yeni tarixdir. Bu 20 il ərzində ölkəmiz və xalqımız çoxsaylı uğurların, tarixi hadisələrin şahidi olub. Təbii ki, dövlət müstəqilliyini əldə etmək heç də asan olmayıb. Xalqımız bu yolda çoxlu şəhidlər verib, bir sıra faciələrə, eyni zamanda, 20 Yanvar faciəsinə tuş gəlib.  20 Yanvarda şəhid olanları, eyni zamanda, müstəqilliyimizin qəhrəmanları adlandırmaq lazımdır. Hesab edirəm ki, biz 20 Yanvar tarixini yalnız bir matəm günü yox, həm də onu Azərbaycan xalqının müstəqilliyinə gedən yolda tarixi bir gün kimi qeyd etməliyik.
Eyni zamanda, 20 il Azərbaycan tarixinə tərəqqi və uğurlar dövrü kimi düşüb. Bəzi ölkələrin 50, hətta 100 ilə keçdikləri yolu Azərbaycan cəmi 20 il ərzində keçib. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan bu gün real, güclü, müstəqil dövlətdir. Təbii ki, bu uğuru da təmin edən əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu, həmçinin, hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq davam etdirilən inkişaf strategiyasıdır. Bizim xalqımız fəxr edir ki, Tanrı Azərbaycana Ulu öndər Heydər Əliyevi və cənab Prezidentimiz İlham Əliyevi bəxş edib. Əgər 1991-ci ildə müstəqilliyimizi bərpa edən zaman ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olsaydı, o zaman xalqımız müstəqilliyimizin ilk illərində üzləşdiyi fəlakətləri yaşamazdı. Yəni, kimsəyə sirr deyil ki, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələndə Azərbaycan dövlətçiliyi məhv olmaq astanasında idi. Lakin dahi şəxsiyyət nəinki qısa zaman kəsiyində ölkəmizi bu təhlükədən xilas etdi, eyni zamanda, Azərbaycanın gələcək inkişafının əsasını qoydu. Məhz ümummilli liderimizin əsasını qoyduğu inkişaf strategiyasının nəticəsidir ki, 1993-cü ilin iyununa qədər çox çətin durumda olan, hətta valyuta ehtiyatları olmayan Azərbaycan hazırda regionun liderinə çevrilib. Bu baxımdan birmənalı şəkildə qeyd olunur ki, nə qədər Azərbaycan var, Heydər Əliyev ideyaları da yaşayacaq. Təbii ki, ölkəmiz bu yubileyi Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələri əhatə edən böyük nailiyyətlərlə qeyd etdi. Bu gün xarici ölkələr artıq Azərbaycan təcrübəsini öyrənirlər. Sizə bir misal çəkim. İyunda biz Tatarıstanda idik və bu respublikanın rəhbəri bizimlə görüşdə “mən Bakıda olanda çox şeyi gördüm və həmən o təcrübəni öyrənib, Tatarıstanda reallaşdırmaq üçün müvafiq strukturlara, biznesmenlərə göstəriş verdim” dedi. Yəni, bu cür faktlar yetərincədir və ölkəmiz inkişafına görə artıq bir nümunə təşkil edir. Heç şübhəsiz bu, bizim üçün də əlavə bir stimuldur ki, daha da güclü olaq. Yəni, biz də cənab Prezident İlham Əliyevin yeni-yeni uğurlara və qələbələrə istiqamətlənmiş böyük addımlarına uyğunlaşmaq, həmçinin, ölkənin bütün regionlarının, o cümlədən, Sumqayıtın inkişafı istiqamətində imzaladığı sərəncamların, verdiyi göstəriş və tapşırıqların yerinə yetirilməsi üçün əlimizdən gələni etməliyik.
- Muxtar müəllim, növbəti sualım məhz Sumqayıtla bağlıdır. Məlum olduğu kimi, Prezident İlham Əliyev bu günlərdə Sumqayıta növbəti dəfə səfər edib. Bu səfər Sumqayıtın inkişafına necə təsir edəcək və ümumiyyətlə, 20 illik uğurlarımızdan Sumqayıta da pay düşübmü?
- Qeyd edim ki, Sumqayıtın, buradakı sənaye sahələrinin inkişafı hər zaman dövlət başçısının diqqət mərkəzindədir. Elə son səfəri zamanı da cənab Prezident Sumqayıtın inkişafı, sənayeləşməsi, həmçinin, burada əlavə tədbirlərin görülməsi barədə çoxlu yeni fikirlər söyləyib, tapşırıq və göstərişlər verib. Həmçinin, səfər zamanı dövlət başçısı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin azot gübrəsi-karbamid zavodunun təməlqoyma mərasimi keçirilib. Məlumat üçün bildirim ki, bu zavod, sadəcə gübrə istehsal etməyəcək. Bu zavod Azərbaycanın ərzaq təhlükəsizliyini təmin edən bir müəssisə olacaq. Qloballaşan dünyada ərzaq təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Hazırda gələcəyini düşünən hər bir ölkə bu məsələyə xüsusi diqqət ayırır. Onu da deyim ki, üç ildən sonra hazır olacaq zavodda təkcə ölkəmiz deyil, həm də ixrac üçün gübrə istehsal ediləcək.
Bu gün Sumqayıtın inkişafı məhz Ulu öndərin adı ilə bağlıdır. Bu gün Sumqayıt bir islahatlar dövrü keçirir. Şəhər dəyişir, böyük abadlıq-tikinti işləri gedir, yeni-yeni müəssisələr açılır. Qeyri-neft sektoru güclü şəkildə inkişaf edir. Təbii ki, bunun da əsasında Prezident İlham Əliyevin Sumqayıta olan diqqət və qayğısı dayanır. Dövlət başçısının yarım il ərzində artıq ikinci dəfə Sumqayıta səfər etməsi də deyilənləri təsdiqləyir. Dövlət başçısının Sumqayıtın öz inkişafına görə Bakıya çatdırılmasına dair göstərişi şəhərimizin inkişafına əlavə təkan verib. Prezidentin tapşırığı ilə Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında əsaslı yenidənqurma və abadlıq işlərinin görülməsi, yeni stadion kompleksinin tikintisinə başlanması, mədəniyyət, təhsil və səhiyyə obyektlərinin yenidən qurulması və tikilməsi, parkların salınması, sənayeləşmə istiqamətində çoxsaylı tədbirlərin həyata keçirilməsi, kiçik kimya kompleksinin yaradılması, kiçik və orta biznesin inkişafı üçün maksimum şəraitin yaradılması üçün planların nəzərdə tutulması, həmçinin, dövlət başçısı tərəfindən Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında Fərmanın və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncamın imzalanması Sumqayıtın həyatında yeni inkişaf mərhələsinin başlandığından xəbər verir. Biz də çalışacağıq ki, cənab Prezident növbəti səfərində Sumqayıtda daha çox dəyişiklik görsün.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 1061 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30