Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / "Azəristiliktəchizat" ASC əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi işində ciddi nəticələr əldə etməkdədir

"Azəristiliktəchizat" ASC əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi işində ciddi nəticələr əldə etməkdədir

29.12.2011 [18:43]

“Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev www.yap.orq.az saytına müsahibə verib:
- İlham müəllim, məlum olduğu kimi, ölkəmizdə bütün sahələrdə inkişaf prosesi baş verməkdədir. Həmçinin, vətəndaşların layiqli sosial həyatla təmin olunması dövlətimizin prioritet istiqamətlərindəndir. Bu inkişaf “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) fəaliyyətində özünü hansı səviyyədə göstərir?
- İlk öncə qeyd edim ki, “Azəristiliktəchizat” ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı Sərəncamına əsasən yaradılıb. Bu qurumun əsas vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsidir. “Azəristiliktəchizat” ASC bu funksiyaları həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin edir.
Cəmiyyətin strukturu mərkəzi idarəetmə aparatı, 2 Məhdud Məsuliyyətli Cəmiyyət, Bakı şəhəri üzrə 20 İstilik Sistemləri İstismar Sahəsindən, 51 vahid regional istilik təsərrüfatı idarələrindən, 5 rayon istilik qazanxanası, 700-ə yaxın məhəllədaxili istilik qazanxanası, 170-dən artıq istilik məntəqəsi, 1200 km-ə yaxın magistral və məhəlli istilik xətti, 2 yüksəldici nasos stansiyası, maşın parkı və digər mühəndis istilik kommunikasiyalarından ibarətdir. Cəmiyyətin tərkibində xüsusiləşdirilmiş elektrik təsərrüfatı, nəzarət ölçü cihazları və avtomatika, istilik mübadilə və su hazırlığı, nəqliyyat xidmətləri və mexaniki təmir sexi fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki, qurum yaradıldıqdan sonra ilk növbədə onun tərkibinə verilmiş qazanxana və digər istilik təsərrüfatı obyektləri, istilik istehlakçıları, o cümlədən, təhsil və səhiyyə müəssisələri, yaşayış binaları, digər sosial obyektlər inventarizasiya edilib. Mütəxəssislər tərəfindən istilik təchizatının real səviyyəsi tam araşdırılıb və araşdırmaların nəticələri və ekspert qiymətləndirmələri, istilik təchizatı sahəsində qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınaraq Bakı şəhərində və respublikanın regionlarında əhalinin və iqtisadiyyatın istilik təchizatının yaxşılaşdırılması üçün yeni istiqamətlər müəyyən edilib. ötən əsrin 60-70-ci illər texnologiyalarına əsasən yaradılan və bu gün qeyri-effektiv fəaliyyət göstərən mərkəzləşdirilmiş istilik mənbələrinin əhatə dairəsinin məhdudlaşdırılması və tədricən ləğv edilərək müasir avadanlıqlar quraşdırılmaqla məhəlli qazanxanaların yaradılması ilə bağlı tədbirlərinin həyata keçirilməsi bu istiqamətlərin əsasını təşkil edir. Bununla yanaşı, istiliklə təmin edilməyən ərazilərin, məhəllə və binaların müəyyənləşdirilməsi, onların istilik təchizatı üçün istilik variantlarının müəyyənləşdirilməsi, müvafiq olaraq yeni istilik təchizatı sistemlərinin qurulması bu planların tərkib hissəsidir. Bundan başqa, mövcud istilik təchizatı mənbələrinin modernləşdirilməsi məsələsi əsas diqqətdə olan prioritetlərdəndir.
- Bakı şəhərində və respublikanın regionlarında əhalinin istiliklə təmin olunması istiqamətində hansı işlər görülməkdədir?
- Bu vəzifələrin icrası ilə bağlı “Azəristiliktəchizat” ASC yarandığı dövrdən bu sahədə əhəmiyyətli işlər görülüb. Qeyd edim ki, 2005-2010-cu illərdə Bakı şəhərində və respublikanın regionlarında 25 yeni qazanxana tikilib, 57 modul tipli qazanxana quraşdırılıb, 67 köhnə tipli qazanxana müasir avadanlıqlar quraşdırılmaqla modernləşdirilib. Bundan başqa, rayon istilik qazanxanalarından qidalanan 31 istilik məntəqəsi yenidən qurularaq müasir qazanxaya çevrilib. 137 qazlaşdırma layihəsi icra edilib, 9 istilik məntəqəsi əsaslı təmir olunub, 721 yaşayış binasının aşağı paylama istilik xətləri əsaslı təmir edilib. Yeni tikilən, modernləşdirilən və ya modul qazanxana quraşdırılan 90 təhsil və səhiyyə müəssisəsinin hər birində və əlavə olaraq daha 182 təhsil və səhiyyə müəssisəsində aşağı paylama və binadaxili istilik sistemi əsaslı təmir olunaraq istilik təchizatı bərpa edilib. Yeni tikilən qazanxanalardan 15-i və ya 65%-i, modernləşdirilən qazanxanalardan 33-ü və ya 61%-i, quraşdırılan modul qazanxanalardan 42-si və ya 81%-i, qazlaşdırma layihələrinin 70-i və ya 61%-i təhsil və səhiyyə müəssisələrinə aiddir.
ümumiyyətlə, icra edilən layihələrdən 50-si, o cümlədən, 20 modul qazanxananın quraşdırılması, 1 qazanxananın modernləşdirilməsi, 3 yeni qazanxananın tikintisi və 26 qazanxananın qazlaşdırılması layihələri respublikanın regionlarında həyata keçirilib. Yeni qazanxanaların tikintisi və ya modernləşdirilməsi ilə bərabər məhəllədaxili istilik xətlərinin yenidən qurulması, binaların aşağı paylama istilik sistemlərinin tam bərpası da layihəyə daxil edilib. Hazırda da regionlarda istilik təchizatı sistemlərinin bərpası ilə bağlı işlər davam etdirilməkdədir.
- İstilik təchizatı sahəsində “Azəristiliktəchizat” ASC yaranana qədərki dövrlə müqayisədə hazırda bu sahədə mövcud durum necədir?
- İlk növbədə qeyd edim ki, “Azəristiliktəchizat” ASC yaranana qədər respublikada istilik təchizatı məsələləri ilə bir neçə müxtəlif təşkilatlar məşğul olmuşlar və 1990-cı illərdən başlayaraq bu təşkilatların fəaliyyəti müxtəlif səbəblərdən günü-gündən pisləşməyə doğru getmişdir. Bakı şəhəri istisna olmaqla, respublikanın regionlarında heç bir yaşayış binası istiliklə təmin edilməmiş, Bakı şəhərinin özündə cəmi 988 yaşayış binası bu və ya digər formada istiliklə təmin edilmişdir. “Azəristiliktəchizat” ASC-nin fəaliyyəti dövrünə gəldikdə isə qeyd etmək istəyirəm ki, sonuncu 2010-2011-ci illər istilik mövsümündə 347 qazanxana istismar edilməklə, 2357 yaşayış binası, 260 məktəb, 163 uşaq bağçası, 135 səhiyyə obyekti və 306 digər sosial obyekt istiliklə təmin edilmişdir ki, bu da 2004-2005-cı illərlə müqayisədə “Azəristiliktəchizat” ASC-ə məxsus istilik mənbələrinin sayının 181 ədəd və ya 2.1 dəfə, yaşayış binalarının sayının 1369 ədəd və ya 2.4 dəfə, məktəblərin sayının 114 ədəd və ya 78.1%, uşaq bağçalarının sayının 79 ədəd və ya 94%, səhiyyə obyektlərinin sayının 74 ədəd və ya 2.2 dəfə, digər obyektlərin sayının 215 ədəd və ya 3.4 dəfə artırılmasına imkan vermişdir.
- Hazırda istilik sistemlərinin təkmilləşdirilməsi, təchizatın yaxşılaşdırılması, o cümlədən, digər tədbirdərin həyata keçirilməsi yönündə hansı addımlar atılır?
- Azərbaycan Respublikası Prezidentinin 04 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən 2011-2013-cü illərdə “Azəristiliktəchizat” ASC tərəfindən yerinə yetirilməsi nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı zəruri işlər görülür. Bu tədbirlər əvvəlki illərdə həyata keçirilmiş layihələrin davamı olaraq Azərbaycan Respublikasında istilik təchizatının yaxşılaşdırılmasına həsr olunub. Bundan başqa, həmin tədbirlərə əsasən, ekoloji cəhətdən təmiz, müasir tipli effektiv texnologiyalar tətbiq etməklə Bakı şəhərində və paytaxtətrafı qəsəbələrdə istilik təsərrüfatı üzrə lazımi işlərin başa çatdırılması nəzərdə tutulur. O cümlədən, müvafiq istilik qurğularının, mənbələrinin bərpası, modernləşdirilməsi, yeni qazanxanaların tikintisi, istilik təchizatı sistemlərinin yenidən qurulması və bununla da istehlakçıların etibarlı və keyfiyyətli istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı surətdə yaxşılaşdırılması istiqamətdə yeni tədbirlər həyata keçirilir. ümumilikdə 750-yə yaxın layihənin icrası nəzərdə tutulur ki, onlardan 24-ü məktəblərə, 86-sı uşaq bağçaları, 38-i səhiyyə obyektləri və 606-ı yaşayış binalarına aiddir. Proqram çərçivəsində 135 yeni qazanxananın tikintisi, 17 qazanxananın modernləşdirilməsi, 7 istilik məntəqəsinin yenidən qurulmaqla qazanxanaya çevrilməsi, 591 obyektdə aşağı paylama və binadaxili istilik sisteminin bərpası nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, yeni tikilən və modernləşdirilən qazanxanalarda Avropa ölkələrində istehsal edilən enerjiyə qənaət və ekoloji tələblərə tam cavab verən müasir qazanxana və istilik şəbəkəsi avadanlıqları quraşdırılır. Cəmiyyətin mütəxəssisləri tərəfindən “Modul” tipli daşınan istilik qazanxanasının və “Kombi” tipli istilik sistemlərinin tətbiqi ilə bağlı texniki əsaslandırma hazırlanıb. Mövcud qanunvericiliyə uyğun olaraq bütün razılaşdırmalardan keçirilərək Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən uyğunluq sertifikatı alınaraq həyata keçirilməyə başlayıb. Bu qazanxanalar orta və kiçikhəcmli təhsil və səhiyyə obyektlərinin istilik təchizatı problemlərinin həllində əhəmiyyətli rol oynayır.
- Artıq 2011-ci il başa çatmaq üzrədir və 2011-2012-ci illər qış mövsümünün başlanmasından bir aydan artıq vaxt keçir. Konkret olaraq 2011-ci ildə həyata keçirilən layihələr və istilik təchizatının vəziyyəti haqqında nə deyə bilərsiniz?
- 2011-ci ildə təsdiq edilmiş inkişaf proqramlarına uyğun olaraq ümumilikdə 301 layihə icra edilmişdir ki, bu layihələrdən 30-u məktəblərə, 11-i uşaq bağçalarına, 7-i səhiyyə obyektlərinə 241-i yaşayış binalarına, 12-i digər sosial obyektlərə aid olmuşdur. Layihələrdən 82-i respublikanın regionlarında həyata keçirilmişdir. 2011-ci ildə 6 köhnə tipli qazanxana müasir avadanlıqlar quraşdırılmaqla modernləşdirilmiş, 2 yeni qazanxana tikilmiş, 9 “Modul” tipli, 6 “Kombi” tipli qazanxana quraşdırılmış, 27 qazlaşdırma layihəsi icra edilmiş, 3 istilik məntəqəsi yenidən qurularaq qazanxanaya çevrilmiş, 15 təhsil və səhiyyə müəssisəsinin aşağı paylama və binadaxili, 220 yaşayış binasının aşağı paylama və məhəllədaxili istilik sistemi əsaslı təmir edilmişdir.
İstilik mövsümünün gedişi ilə bağlı bildirmək istərdim ki, hazırda Bakı şəhərində və respublikanın regionlarında “Azəristiliktəchizat” ASC-yə məxsus 355 qazanxana istismar edilir ki, bu qazanxanalar vasitəsi ilə 2474 yaşayış binası, 554 təhsil və səhiyyə müəssisəsi, 305 digər sosial obyekt hazırda istiliklə təmin edilir.
- Bu yaxınlarda bu sahədə yeni tariflər müəyyənləşdirilib. Bu tariflər cəmiyyətin fəaliyyətinə necə təsir göstərəcək?
- Məlumat üçün bildirim ki, sonuncu dəfə istilik tariflərinə 1996-cı ildə baxılmışdı. O zaman tariflər əhali üçün 1 kv.m yaşayış sahəsi üçün 5 qəpik, isti su üçün bir nəfərə aylıq 14 qəpik müəyyən olunmuşdu. Amma nəzərə alaq ki, 1990-cı illərdən başlayaraq istilik sistemləri istismara tamamilə yararsız hala düşmüşdü. 2005-ci ildə isə ölkə Prezidentinin Sərəncamı ilə fəaliyyət göstərməyən müəssisələr ləğv olundu, onların əvəzinə isə “Azəristiliktəchizat” ASC yarandı. Bakı şəhərində, o cümlədən, respublikada istilik təchizatı məsələləri bu təşkilata həvalə olundu. ASC yaranan zaman nə üçün tariflərə baxılmadı? Hansı ki, həmin vaxtlar enerji daşıyıcılarının qiyməti artırılmışdı. İstilik sistemində tariflərin artırılmamasının məqsədi bu idi ki, ilk növbədə, istilik sistemləri bərpa olunmalı, əhali və təşkilatlar istiliklə təmin olunmağa başlamalıdırlar. Yəni qərara gəlinmişdi ki, keyfiyyət parametrləri yüksəldilsin, müasir avadanlıqlar tətbiq edilməklə, istehsalat xərcləri aşağı salınsın və sonra tarif məsələsinə baxılsın. Nəhayət, bu il Tarif Şurası tərəfindən istilik tariflərinə baxıldı və qeyd edim ki, bu, sosialyönümlü bir tarifdir. Bu gün 1 kv.m yaşayış sahəsi üçün 15 qəpik, qeyri-əhali abonentləri üçün 1 kub.m-ə görə 30 qəpik müəyyənləşib. İsti su üçün isə sayğacı olan əhali üçün 1 kub.m-ə 40 qəpik müəyyən edilib, sayğacı olmayanlar üçün 1 aylıq cəmi 2 kub.m isti su norması müəyyən olunub. Yəni 1 nəfər şəxs bir ay isti sudan istifadə etdiyinə görə, cəmi 80 qəpik ödəməlidir. Qeyd edim ki, tariflər xərclərimizi tam ödəyən səviyyədə deyil. Amma bunun digər əhəmiyyəti var. Tariflərin artırılması istilik təsərrüfatının maliyyə vəziyyətini normallaşdırmasına doğru atılan ilkin addım kimi qiymətləndirilə bilər. Eyni zamanda, tariflərə baxılması insanlar tərəfindən enerji qənaəti üçün stimul yaradır.
Ona görə də, biz də istəyirik ki, maarifləndirmə aparmaqla insanların enerjiyə qənaət etməsinə nail olaq. Bu, Avropa ölkələrində çox ciddi məsələdir. Yəni itkilərə görə istehsalın artırılması yox, mövcud olan məhsuldan daha səmərəli istifadə edilməlidir. Tarif burada həm müəssisə üçün, həm də istehlakçı üçün stimul yaradacaq.
Paylaş:
Baxılıb: 1145 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30