Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bodrumda Azərbaycan diaspor təşkilatlarının forumu çərçivəsində II və III panel iclasları keçirilib

Bodrumda Azərbaycan diaspor təşkilatlarının forumu çərçivəsində II və III panel iclasları keçirilib

08.08.2012 [21:58]

Avqustun 6-da Türkiyənin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda forum işini davam etdirib.
Forumun “Xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının yüksəldilməsi sahəsində qarşıda duran problemlər və onların həlli yolları” mövzusunda II panel iclasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak ediblər.
N.İbrahimov iclası açaraq bildirib ki, dünyanın bir çox ölkələrində güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Bizim diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Lakin diasporun gücünü, potensialını təsdiq edən əsas amillərdən biri onun ictimai-siyasi həyata təsir imkanlarının olmasıdır. Bu baxımdan soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatına daha fəal inteqrasiya etməlidirlər. N.İbrahimov panel iclasında soydaşlarımızın ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələrin, mövcud problemlərin müzakirə ediləcəyini bildirib.
Tədbirdə çıxış edən Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin sədri Samirə Patzer-İsmayılova xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi həyata inteqrasiyasının milli mənəvi dəyərlərin qorunması kontekstində reallaşdırılmasının daha düzgün yol olduğunu vurğulayıb. Tarixi, sosial, siyasi və hüquqi şərtlərin inteqrasiya prosesinə ciddi təsir göstərdiyini bildirən S.Patzer-İsmayılova müxtəlif sosial təbəqələrin təmsilçilərinin cəmiyyətə inteqrasiyasının bir-birindən fərqləndiyini söyləyib. Rəhbərlik etdiyi təşkilatın bu sahədəki təcrübəsi haqqında məlumat verən AAK-ın prezidenti mövzu ilə bağlı təkliflərini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan cəmiyyətləri fəaliyyət göstərdiyi ölkələrin parlamentlərinə inteqrasiya olunmalı, seçki proseslərinə qoşulmalı, bələdiyyələrlə əlaqələr qurmalıdır. Bundan başqa, diaspor təşkilatlarının nəzdində inteqrasiya komitələri yaradılmalı, KİV-lərlə əlaqələr qurulmalı, soydaşlarımız ictimai təşkilatlara qoşulmalı, mədəniyyət layihələrinin sayı artırılmalıdır.
Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov azərbaycanlı gənclərin yaşadıqları ölkələrdə xalqımızı layiqincə təmsil etdiklərini bildirib. Qeyd edilib ki, bu gün azərbaycanlı gənclər dünyanın müxtəlif ölkələrində təhsil alırlar. Onların hər biri həm də təmsil etdiyi dövlətin, xalqın maraqlarını müdafiə edir. R.Məmmədov xarici ölkələrin KİV-ləri, ictimai-siyasi dairələri ilə əlaqələr qurulmasının vacibliyini qeyd edib.
Azərbaycan İsveç Federasiyasının sədri Səttar Sevgin bildirib ki, azərbaycanlılar cəmiyyətə inteqrasiya etməklə dilini və milli kimliyini də qorumalıdırlar. O, cəmiyyətə inteqrasiyanın ən vacib şərtinin yaxşı vətəndaş kimi özünü təsdiqləmək olduğunu vurğulayıb.
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri tədbirdə Baltikyanı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları adından çıxış edib. O, Baltikyanı ölkələrin birində xaricdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası mövzusunda forumun keçirilməsi təklifini irəli sürüb. Cəmiyyətin sədri keçiriləcək forumun formatı, müzakirə ediləcək məsələlər və qəbul ediləcək qərarlar barədə Baltikyanı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təklifləri barədə də məlumat verib.
Sonra “Azərbaycan diaspor təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrin ictimai-siyasi dairələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi” mövzusunda III panel işə başlayıb. Paneldə çıxış edən N.İbrahimov bildirib ki, Dünya azərbaycanlılarının III qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyələrindən biri xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi həyatda fəal iştirakı ilə bağlı idi. İndi bir çox ölkələrdə Azərbaycan diaspor təşkilatlarının potensialı ictimai-siyasi proseslərə fəal şəkildə qoşulmağa imkan verir. Lakin bunun konkret mexanizmlərini müəyyənləşdirmək lazımdır. Komitə sədri azərbaycanlıların yaşadıqları ölkələrin parlamentlərində, dövlət və hökumət strukturlarında təmsil olunmalarının, KİV və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq qurmalarının zəruriliyini vurğulayıb, bu  istiqamətdə qarşıda mühüm vəzifələrin durduğunu bildirib. Ona görə də bu toplantı bütövlükdə Azərbaycan diasporu üçün vacib əhəmiyyətə malikdir.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar Türkiyədə dövlət və hökumət orqanları ilə əlaqələrin inkişafı istiqamətində həyata keçirilən layihələrin əhəmiyyəti barədə danışıb.
Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) icraçı direktoru Adil Bağırov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ilə bağlı məlumat verərək bildirib ki, ötən müddətdə təşkilat ABŞ-ın ictimai-siyasi dairələrinə, dövlət və hökumət orqanlarına, KİV və QHT-lərə 350 mindən çox məktub göndərib. Təşkilatın səyləri nəticəsində ABŞ mətbuatında Azərbaycan haqqında 250-dən çox məqalə dərc olunub. 20 Yanvar faciəsi, Xocalı və 31 Mart soyqırımlarının tanınması ilə bağlı qərarların qəbul edilməsinə nail olunub. USAN-ın yeni layihə həyata keçirməyi planlaşdırdığını bildirən A.Bağırov deyib: “Biz Qlobal Azərbaycan Şəbəkəsi yaratmağı planlaşdırırıq və bütün diaspor təşkilatlarını bu layihədə fəal iştirak etməyə dəvət edirik”.
ümumrusiya Azərbaycanlıları Konqresinin (üAK) Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov ötən müddətdə təşkilatın dövlət və hökumət orqanları ilə əlaqələri, azərbaycanlıların cəmiyyətə inteqrasiyası, mədəni irsimizin təbliği sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Siyasi dairələrlə əlaqələrin qurulmasının üAK-ın regional təşkilatı üçün prioritet təşkil etdiyini vurğulayan İ.Hüseynov xaricdə yaşayan azərbaycanlı iş adamları arasında işgüzar əməkdaşlığın yaradılmasının zəruriliyini vurğulayıb. İ.Hüseynov növbəti Rusiya-Azərbaycan iqtisadi forumunun Ulyanovskda keçirilməsi təklifi ilə də çıxış edib.
Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Məclis sədri Akif Gülməmmədov diaspor təşkilatlarının rəhbərliyində qadınların daha çox təmsil olunmasının zəruriliyini qeyd edib. O, xarici ölkələrdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə qeydiyyatı ilə bağlı problemlərin mövcud olduğunu bildirib.
Panel iclasına yekun vuran N.İbrahimov müzakirələrin Azərbaycan diasporunun ictimai-siyasi fəallıq səviyyəsinin artırılmasına, KİV-lərlə və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əmin olduğunu bildirib.
Forum çərçivəsində bir sıra görüşlər keçirilib. Avqustun 5-də forum çərçivəsində Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüblər. Görüşdə Ukrayna Azərbaycanlıları Konqresinin fəaliyyəti, təşkilatın gələcək planları, habelə regional bölmələr arasındakı əməkdaşlığın mövcud vəziyyətinə dair müzakirələr aparılıb. UAK regional təşkilatlarının rəhbərləri onları narahat edən məsələlər barədə məlumat verib, təşkilatın cari il iyulun 7-də keçirilmiş hesabat-seçki konfransı barədə fikirlərini bildiriblər.
Əli Həsənov Ukrayna Azərbaycanlıları Konqresinin böyük bir təşkilat olduğunu bildirərək, qurumun bu ölkədə yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin yaradılmasında  mühüm rol oynadığını deyib. Şöbə müdiri qeyd edib ki, Ukraynada fəaliyyət göstərən bütün Azərbaycan diaspor təşkilatlarının UAK-da təmsil olunması konqresin gücünü və təsir imkanlarını daha da artırar.
Nazim İbrahimov Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması, mədəni irsimizin təbliği, soydaşlarımızın cəmiyyətə inteqrasiyası sahəsində UAK-ın bir sıra uğurlu layihələr həyata keçirdiyini qeyd etmiş, təşkilatı daha da gücləndirməyə ehtiyac olduğunu vurğulayıb. Nazim İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin UAK-ın daha güclü, nüfuzlu bir təşkilata çevrilməsi üçün zəruri dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Komitə sədri Nazim İbrahimov görüşdə qaldırılan məsələlərlə bağlı diaspor təşkilatları rəhbərlərinə tövsiyələrini çatdırıblar.
Həmin gün xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası, diaspor və lobbi quruculuğu sahəsində qarşılaşdıqları problemlər və onların həlli yollarının müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Görüşdə çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov təşkilatın fəaliyyəti haqqında məlumat verib, təşkilat üzvlərinin ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə çalışdıqlarını diqqətə çatdırıb. O, Ukraynada keçiriləcək parlament seçkilərində və Kiyev şəhər Sovetinə seçkilərdə iştirak edəcək azərbaycanlı gənclər haqqında məlumat verib. Bildirilib ki, soydaşlarımız Ukraynanın ictimai və siyasi strukturları ilə yaxından əməkdaşlıq edirlər.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) nümayəndəsi Emin Hacıyev “Xocalıya ədalət!” kampaniyası kimi önəmli layihələrə bütün diaspor təşkilatlarının qoşulmasını və bu təcrübədən yararlanaraq başqa kampaniyalara başlanmasını təklif edib. O qeyd edib ki, silsilə tədbirlərin təşkili bütün diaspor təşkilatlarının sıx əməkdaşlığına xidmət edərdi.
RAGT-nin nümayəndəsi Hikmət Nağdəliyev 2013-cü ildə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə hər ölkədən iki əcnəbi gənci Azərbaycan ilə tanış etmək məqsədilə onların yay tətilinin 10 gününü ölkəmizdə keçirmələri təklifini irəli sürüb. O, Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olan əcnəbi gənclərin öz ölkələrində respublikamızın təbliğ olunmasında fəal rol oynaya biləcəklərini vurğulayıb.
Müzakirələr zamanı 2013-cü ildə Dünya Azərbaycanlı Gənc Alimlərin forumunun təşkili ideyası da səslənib. Növbəti il xaricdə təhsil alan aparıcı elm ocaqlarının jurnalistika fakültəsinin əcnəbi və azərbaycanlı gənc tələbələri üçün “Azərbaycanı kəşf et” şüarı altında ölkəmizə səfərlərin təşkil edilməsi təklifi irəli sürülüb.
Avqustun 6-da Bodrumda forum çərçivəsində ümumrusiya Azərbaycan Konqresi regional təşkilatları rəhbərlərinin görüşü keçirilib.
üAK-ın baş katibi Mikayıl Hüseynov, Mərkəzi Şurasının üzvü, professor Tofiq Məlikov, Moskva regional təşkilatının sədri İlqar Hacıyev, üAK baş katibinin müavini Nemət Nağdəliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbərinin müavini Rizvan Əliyev görüşdə iştirak ediblər.
Görüşdə üAK-ın fəaliyyətinin gücləndirilməsi, regional təşkilatların fəaliyyətinin daha yaxşı koordinasiya olunması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Regional təşkilatların rəhbərləri onları narahat edən problemlər haqqında məlumat veriblər. Qeyd olunub ki, üAK-ın mərkəzi ofisi ilə regional təşkilatlar arasında daha intensiv məsləhətləşmələr aparılmalı, təcrübə mübadiləsi genişləndirilməlidir.
Rusiyada yaşayan azərbaycanlı miqrantların qarşılaşdıqları problemlər haqqında məsələlərin də müzakirə olunduğu görüşdə çıxış edənlər regional təşkilatların rəhbərləri arasında operativ məsləhətləşmələrin aparılması üçün internet konfransların təşkilinin zəruriliyini vurğulayıblar. Bundan başqa, Mərkəzi Şura iclaslarının daha açıq müzakirələr şəklində keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyası, mədəni irsimizin təbliği, Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması sahəsində fəaliyyətin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Həmin gün Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların rəhbərlərinin görüşü olub. Görüşdə AAK-ın gələcək fəaliyyəti ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AAK-a üzv təşkilatların rəhbərləri Avropa ölkələrində Azərbaycan həqiqətlərinin təbliği, soydaşlarımızın cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının qorunması sahəsində problemləri müzakirə ediblər.
Görüşdə diaspor nümayəndələri Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması sahəsində vəziyyətlə bağlı öz fikirlərini bildiriblər.
Qeyd olunub ki, ötən müddətdə Azərbaycan diaspor təşkilatları bir sıra uğurlu layihələr həyata keçirsə də, onların fəaliyyətinin daha da gücləndirilməsinə ehtiyac var. AAK üzvləri müasir metodlar əsasında Azərbaycanın Avropada daha yaxından tanıdılmasına xidmət edən təbliğat kampaniyalarının təşkilinin məqsədəuyğun olduğunu vurğulayıblar.
Paylaş:
Baxılıb: 835 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30