Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün təntənəli açılışı olub

Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün təntənəli açılışı olub

13.09.2012 [16:05]

Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva iştirak edib
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün təntənəli açılışı olub.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva iştirak edib. Azərbaycan dövlətinin və Həştərxan vilayəti administrasiyasının rəsmi şəxsləri, Milli Məclisin deputatları, Azərbaycan icmasının nümayəndələri, şəhər sakinləri açılış mərasimində iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin Həştərxanın mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə güllər qoyublar.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin mərasimi açaraq deyib ki, bu gün Azərbaycan-Rusiya Dostluq Körpüsünün açılması Həştərxan üçün həqiqətən mühüm tarixi hadisədir. Çünki Azərbaycan ilə Rusiyanın, Azərbaycan Respublikası ilə Həştərxan vilayətinin strateji maraqları sözdə deyil, işdə həyata keçirilir. Qubernator Həştərxanda Xəzər sahillərində tarixən yaşayan çoxsaylı xalqlar arasında dostluğun təməlinin qoyulmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığını bildirib. O vurğulayıb ki, bunu biz yaşlılar da qiymətləndiririk və düşünürəm ki, gələcək nəsillər, övladlarımız da qiymətləndirəcəklər. A.Jilkin, həmçinin bu humanitar layihənin reallaşdırılmasına görə Heydər Əliyev Fonduna və onun mərasimdə iştirak edən vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib, tədbirin iştirakçılarını əlamətdar hadisə münasibətilə təbrik edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Həştərxan torpağında qonaqpərvərliyə görə təşəkkürünü bildirərək deyib ki, bu gün burada ilk dəfə olmasından və Heydər Əliyev Fondunun Rusiya Federasiyasında həyata keçirdiyi layihələrlə tanışlıq imkanına görə çox şadam.
Xoş sözlərə, Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafına töhfəyə görə Həştərxan rəhbərliyinə təşəkkürünü bildirən Leyla xanım Əliyeva deyib ki, ölkələrimiz arasında əlaqələr qarşılıqlı hörmət, etimad və aşkarlığa əsaslanır. Azərbaycanda zəngin Rusiya mədəniyyətinə və dahi rus dilinə həmişə böyük hörmətlə yanaşılıb. Hazırda ölkəmizdə məktəblərdə rus dilinin tədrisi tam miqyasda saxlanılıb, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı, Rusiya Mədəniyyət Mərkəzi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı uğurla fəaliyyət göstərir.
Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirən Leyla xanım Əliyeva vurğulayıb ki, Azərbaycanda həmişə müxtəlif mədəniyyətlər və sivilizasiyalar mövcud olub, müxtəlif millətlərə və dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində yaşayıblar və yaşayırlar. Bu gün Bakıda müsəlman məscidləri, katolik və pravoslav kilsələri, yəhudi sinaqoqu fəaliyyət göstərir, bütün xalqlar böyük vahid ailə kimi yaşayırlar və bu, bizim zənginliyimizdir. Azərbaycan sürətlə inkişaf edir, yeni yollar, binalar, körpülər inşa olunur, bütün tarixi abidələr, muzeylər bərpa edilir. Bu gün Cənubi Qafqaz dövlətlərinin bütün iqtisadiyyatının 70 faizindən çoxu Azərbaycanın payına düşür. Bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, torpaqlarımızın 20 faizinin işğal edilməsi və ölkədə öz ev-eşiyinə, doğma torpaqlarına qayıtmaq imkanından məhrum 1 milyona yaxın qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycan elmin, mədəniyyətin, texnologiyaların inkişafına, təhsilə, səhiyyəyə, idmana böyük diqqət yetirir və bu nailiyyətlərin hamısında 2004-cü ildə Ümummilli lider Heydər Əliyevin şərəfinə yaradılmış Heydər Əliyev Fondunun sanballı payı var.
Leyla xanım Əliyeva deyib ki, Heydər Əliyev Fondu uğurlu fəaliyyəti ilə Azərbaycan əhalisinin bütün təbəqələrinin dəstəyini və etimadını qazanıb. Fond ölkədə 400-ə yaxın məktəb binasını inşa və bərpa edib. Onların hər birində ən yeni texnologiyalarla təchiz olunmuş kompyuter sinifləri var. Fond, həmçinin xeyriyyəçiliklə məşğul olur, xəstə uşaqlara kömək edir. Azərbaycanda Heydər Əliyev Fondunun dəstəyi ilə regionda ən böyük talassemiya mərkəzlərindən biri Bakıda inşa edilib, uşaq evləri, internatlar tikilir.
Fondun ölkənin hüdudlarından kənarda Azərbaycanın zəngin mədəniyyətinə və qədim tarixinin təbliğinə ayırdığı böyük diqqətdən danışan Leyla xanım Əliyeva deyib ki, ötən il dünyanın bir çox ölkələrində dövlət müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümünə həsr edilmiş tədbirlər keçirilib. Tez-tez mədəniyyət gecələri, konfranslar, konsertlər, sərgilər təşkil olunur. Fondun “Baku” jurnalı ilə birlikdə təşkil etdiyi sonuncu tədbirlərdən biri “Bakıya uçuş” adlı müasir Azərbaycan incəsənəti sərgisi olub. Bu sərgi Londonda, Parisdə uğurla nümayiş etdirilib. Yaxın vaxtlarda sərginin Berlində, Romada, Nyu-Yorkda və Moskvada təşkili nəzərdə tutulub.
Heydər Əliyev Fondunun dünya mədəniyyətinə və tarixinə böyük hörmətlə yanaşdığını vurğulayan vitse-prezident bildirib ki, Fond dünyanın müxtəlif ölkələrində memarlıq abidələrini, tarixi binaları və muzeyləri, məktəbləri və s. bərpa edir.
Fondun fəaliyyətinin mühüm istiqamətlərindən biri də ətraf mühitin mühafizəsidir. Leyla xanım Əliyeva deyib ki, ona görə də Heydər Əliyev Fondu bir il əvvəl “IDEA” adlı yeni beynəlxalq hərəkat yaradıb. Hərəkatın məqsədi planetimizi mühafizə etmək və gənclərə ekoloji problemlər barədə məlumat verməkdir. Bir il ərzində “IDEA” ağac əkilməsi, quş yuvalarının qurulması, konfransların və fotosərgilərin təşkili kimi bir sıra maraqlı və uğurlu layihələr həyata keçirib.
Sonda Leyla Əliyeva əmin olduğunu bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan və Rusiya Dostluq Körpüsünün inşası yalnız başlanğıcdır, qarşıda bizi böyük işlər gözləyir, münasibətlərimiz isə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Dostluq Körpüsünün rəmzi açılışını bildirən lenti kəsiblər.
Məlumat verilib ki, körpünün inşası barədə qərar 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana səfəri zamanı qəbul edilib. O zaman Rusiyanın bu şəhərində dahi Heydər Əliyevin abidəsi açılıb. 2011-ci ilin mayında “Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” I Rusiya-Azərbaycan Regional Forumu çərçivəsində Dostluq Körpüsünün təməlqoyma mərasimi keçirilib. Ölkələrimiz arasında mehriban dostluq münasibətlərinin rəmzinə çevrilən körpünün tikintisi Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilib.
Piyadalar üçün Dostluq Körpüsü Heydər Əliyev parkını I Pyotr meydanı ilə birləşdirir. Körpünün sürahisinin ornamentlərində Bakının və Həştərxanın rəmzləri – Qız qalası və Həştərxan Kremli əks olunub. Körpünün uzunluğu 50 metr, eni isə 6 metrdir. Körpü şəhər sakinlərinin bir sahildən digər sahilə keçməsini asanlaşdıracaq. Əvvəllər sakinlər kanalın o biri sahilinə keçmək üçün uzun yol qət etməli olurdular. Körpü həştərxanlılara dəyərli hədiyyədir.
Sonra tədbirin iştirakçıları Heydər Əliyev parkında yaradılmış “Arzu” uşaq əyləncə şəhərciyinin açılışında iştirak ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən şəhərciyin ümumi sahəsi təxminən 1200 kvadratmetrdir. Burada 7 böyük və bir neçə kiçik attraksion quraşdırılıb, uşaqların istirahəti və təhlükəsizliyi üçün hər bir şərait yaradılıb. Hazırda parkın ərazisində uşaq kafesinin tikintisi davam etdirilir.
Paylaş:
Baxılıb: 815 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30