Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Fransa əməkdaşlığı çox mehriban və möhkəmdir

Azərbaycan-Fransa əməkdaşlığı çox mehriban və möhkəmdir

25.09.2012 [15:57]

Prezident İlham Əliyev: Düşünürəm ki, Azərbaycana investisiya yatırmaq imkanlarının dəyərləndirilməsi Fransa şirkətləri üçün maraqlı olacaqdır. Eyni zamanda, biz onları podratçı kimi də görmək istərdik
Məlum olduğu kimi, sentyabrın 17-20-də Prezident İlham Əliyev Fransada işgüzar səfərdə olub. İşgüzar səfər çərçivəsində dövlət başçısı sentyabrın 18-də Fransa Prezidenti Fransua Olland və bu ölkənin sabiq prezidenti Nikola Sarkozi ilə görüşüb. Hər iki görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Dövlət başçıları Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəal rolu və Fransanın ölkəmizə sərmayə qoymasının əhəmiyyətini vurğulayıb, bu sahədə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirib. Həmçinin, ölkə başçısı işgüzar səfər çərçivəsində Fransanın “GDF-Suez” şirkətinin sədri və baş icraçı direktoru Jerar Mestrale ilə görüşüb, Azərbaycan ilə şirkəti arasındakı əlaqələrin perspektivləri, “Abşeron” qaz yatağı üzrə əməkdaşlıq, həmçinin, Azərbaycanda əhalinin dünya standartlarına uyğun təmiz içməli su ilə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparıb.
Prezidentin “Tecnip” şirkətinin quruda və dənizdə baş əməliyyat direktoru, icraçı vitse-prezidenti Filipp Barril, “Total” şirkətinin baş icraçı katibi Kristof de Marjeri ilə görüşündə isə Fransa şirkətlərinin Azərbaycanın neft-qaz sektorundakı uğurlu fəaliyyəti, “Tecnip” şirkətinin “Şahdəniz-1” yatağının işlənilməsində və digər layihələrin həyata keçirilməsində rolu, həmçinin, gələcəkdə Azərbaycan ilə “Tecnip” arasında əməkdaşlığın digər istiqamətləri və yeni layihələrlə bağlı, Azərbaycan ilə “Total” şirkəti arasında “Abşeron” və “Şahdəniz” yataqlarının işlənilməsində, boru kəmərləri layihələrinin həyata keçirilməsində əməkdaşlıq, eləcə də, əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Bundan əlavə, Prezident İlham Əliyev sentyabrın 19-da Parisdə Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan iş adamları - müxtəlif şirkətləri təmsil edən 60-a yaxın nümayəndə ilə görüşüb. Müzakirələrdə iştirak edən MEDEF-ə üzv olan iş adamları ölkəmizdə gedən iqtisadi proseslər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı rol, həyata keçirilən layihələr və digər məsələlərlə bağlı suallarla Prezident İlham Əliyevə müraciət ediblər. Dövlət başçısı Azərbaycanın iqtisadi prioritetləri, qeyri-neft sektoru, respublikamızda çalışan Fransa şirkətlərinin fəaliyyəti, ölkəmizin regionda hazırki vəziyyəti və gələcək rolu, enerji, nəqliyyat, səhiyyə, turizm, informasiya və kommunikasiya texnologiyaları, gömrük və digər sahələrdə əməkdaşlıq mövzularında suallara ətraflı cavab verib.
Qeyd edək ki, MEDEF Fransanın 800 min şirkətinin birləşdiyi bir qurumdur. Bu quruma müxtəlif sahələrdə çalışan şirkətlər, o cümlədən, bank sektoru, sığorta, ərzaq sahələri, təyyarə və avtomobil istehsal edən, mühəndislik, kimya texnologiyaları sahələrində ixtisaslaşan şirkətlər daxildir. MEDEF-in təşkilatçılığı nəticəsində fransız şirkətlərinin ölkəmizdə fəallığı bir qədər də yüksəlib. Dövlət Neft Şirkəti ilə “BNP Paribas” sindikatı arasında 750 milyon dollar məbləğində kredit sazişi imzalanıb. “BNP Paribas” bankı bu gün istər neft, istərsə də nəqliyyat-infrastruktur layihələrinin maliyyələşdirilməsində iştirak edən ən fəal qurumdur.
Fransanın digər maliyyə institutu olan “Societe Generale” bankı da Azərbaycanda investisiya imkanlarını genişləndirir. Bank neft sektoru ilə bərabər enerji, maliyyə və qeyri-neft sektoruna kredit qoyuluşunu artırmaq barədə qərara gəlib. “Societe Generale” Dövlət Neft Şirkətinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindəki payını da maliyyələşdirib. Bank bu məqsədlə 65 milyon dollar kredit ayırıb. Bundan əlavə, Sumqayıtdakı buxar-qaz qurğusunun tikintisinə 30 milyon dollardan çox vəsait yönəldilib. Ümumilikdə, “Societe Generale”nin strategiyası Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsini nəzərdə tutan layihələrdən ibarətdir.
MEDEF Azərbaycanda kənd təsərrüfatına da sərmayə yatırmaq üçün səylərini artırmaq niyyətindədir. Hazırda, Azərbaycandakı şərab müəssisələrinin yenidən qurulması, eləcə də, üzüm plantasiyalarının salınması ilə əlaqədar hökumət üzvləri ilə müzakirələr aparılmaqdadır. Eləcə də, süd emalı müəssisələrinin yenidən qurulmasını nəzərdə tutan layihələr də fransız sərmayəçilərinin maraq dairəsinə daxildir.
Ümumiyyətlə, Azərbaycanın Avropa dövlətləri ilə ikitərəfli, o cümlədən, beynəlxalq təşkilatlarla çoxşaxəli əlaqələri bütün sahələrdə paralel inkişafa yol açıb. Azərbaycan xarici siyasətində Avropanın önəmli ölkələrindən biri olan və Avropa İttifaqının (Aİ) aparıcı dövlətlərindən sayılan Fransa ilə əlaqələrinə də böyük önəm verir. Fransa ilə Azərbaycan arasında münasibətlər müxtəlif istiqamətləri əhatə etməklə qarşılıqlı maraqlara söykənir. İki dövlət arasında möhkəm əlaqələrin əsası isə xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Və yaxud demək olar ki, 1993-cü ilin sonlarında Ulu öndər Heydər Əliyev Avropa ilə əməkdaşlıq siyasətinə məhz Fransadan başlayıb. Belə ki, Ulu öndər ölkə Prezidenti seçildikdən sonra 3 oktyabr 1993-cü il tarixində xaricə ilk rəsmi səfərini Fransaya edərək bu ölkə ilə əlaqələrə Azərbaycanın nə qədər böyük əhəmiyyət verdiyini bir daha nümayiş etdirib. Heç də təsadüfi deyil ki, məhz bu səfərdən sonra Azərbaycan-Fransa münasibətlərinin inkişafında yeni mərhələ başlayıb və xüsusən, iqtisadi sahədə birgə layihələrin icrasına başlanılıb. Ümummilli liderimiz 1995-ci ilin dekabrında Fransaya ikinci dəfə səfər edərək Azərbaycanda investisiya qoyulmasına dair konfransda iştirak edib və fransız şirkətlərini Azərbaycana dəvət edib. 1996-cı ildə Fransanın “Elf-Aquitaine” şirkəti “Şahdəniz” neft yatağının istismarına dair müqaviləyə qoşulub.
Fransanın yüksək səviyyəli rəsmi nümayəndə heyətinin ölkəmizə ilk səfəri isə 1996-cı ilin oktyabrında reallaşıb.
1997-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə Fransanın “Total” və “Elf-Aquitaine” şirkətləri arasında Azərbaycanın “Lənkəran-dəniz” və “Talış-dəniz” yataqlarının birgə işlənməsi barədə müqavilə imzalanıb. Bu müqavilədən əlavə, tərəflər hava nəqliyyatı, azad yerdəyişmə və mədəniyyət sahələrinə dair də sazişlər bağlayıb.
Eləcə də, həmin ildən etibarən Fransa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçi olan ATƏT-in Minsk qrupunun ABŞ və Rusiya ilə birlikdə həmsədri kimi fəaliyyətə başlayıb və bu gün də bu istiqamətdə fəaliyyətini davam etdirir. Fransa Azərbaycanın Avropa Şurasına daxil olması üçün də lazımi addımlar atıb. Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi olmuş Fransa parlamentinin üzvü Jak Bommel bu istiqamətdə fəaliyyət göstərib.
Onu da vurğulamaq yerinə düşər ki, əsası Ümummilli lider tərəfindən qoyulan siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, Prezident seçildikdən sonra ilk xarici səfərini 2004-cü ilin yanvar ayında Fransaya edib.
Azərbaycan və Fransa arasında müxtəlif - mülki müdafiə, aeronavtika, elmi əməkdaşlıq, turizm, qadın və uşaqların cəmiyyətdə yeri məsələləri haqqında sazişlər imzalanıb ki, bu da tərəflər arasında münasibətlərin inkişafına xidmət edən əsaslı hüquqi baza yaradılıb, mədəni, siyasi, iqtisadi əlaqələr möhkəmləndirilib. Bu gün ölkəmizə ən çox sərmayə qoyan ölkələrdən biri də Fransadır. Fransız şirkətlərinin respublikamızda fəaliyyəti neft sektoru ilə yanaşı, qeyri-neft sektorunda da əhatəli şəkildə təmin olunub. Hər iki ölkə nəqliyyat bölməsində birgə layihələr həyata keçirməkdədir, Fransanın “Air France” şirkəti bir neçə aviareysi həyata keçirir. Bundan başqa, Azərbaycan hökuməti ilə “Eurocopter” şirkəti arasında imzalanmış sazişə əsasən bu şirkətdən 6 ədəd ən son modern helikopterin alınması nəzərdə tutur. Bundan başqa, Azərbaycanın hava nəqliyyatında uçuşların intensivliyini artırmaq və təyyarə parkını yeniləşdirmək məqsədilə bu ölkənin “AİRBUS” şirkətindən 4 təyyarənin alınması barədə müqavilə imzalanıb. Fransanın “BNP Paribas” maliyyə institutu Azərbaycanın dəmiryolunun yenidən qurulması və maşın parkının təzələnməsi üzrə layihələrə kredit yönəldən ən iri bank hesab oluna bilər. “BNP Paribas” Bakıdan Gürcüstan sərhədinədək uzanan magistral avtomobil yolunun tikintisinin maliyyələşdirilməsində və su təchizatının yaxşılaşdırılması, kommunikasiya sisteminin yenidən qurulması, meliorasiya təsərrüfatının əsaslı şəkildə bərpası layihələrində iştirak etmək üçün razılığını bildirib.
Bütövlükdə, Azərbaycan-Fransa siyasi-iqtisadi əlaqələrinin inkişafında ölkələr arasında yaradılmış Hökumətlərarası Komissiyanın fəaliyyəti xüsusi qeyd oluna bilər. 1997-ci ildə yaradılan komissiyanın indiyədək keçirilmiş 3 iclası iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın əlaqələndirilməsinə, təşviqinə və yeni sahələr üzrə münasibətlərə baza yaradıb. Bunun nəticəsidir ki, bir neçə ildə dövlətlər arasında ticarət dövriyyəsi 3-4 dəfədən çox artıb. Hazırda bu göstərici 4,6 milyard dollar təşkil edir və getdikcə artır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev MEDEF-ə üzv olan iş adamları ilə görüşündə bildirib ki, mən həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığımızın səviyyəsindən məmnunam. Əməkdaşlığımız çox mehriban, gözlənilən və möhkəmdir: “Uzun illərdir Fransa şirkətləri bizim ölkədə uğurla fəaliyyət göstərir. Enerji sektorunda onlar investor, digər sektorlarda iş podratçısı kimi fəaliyyət göstərirlər. Əlbəttə ki, biz Fransa şirkətlərini qeyri-enerji sektorunda investor kimi görmək istərdik. Düşünürəm ki, bunu etmək üçün yaxşı potensial mövcuddur. Çünki iqtisadiyyat inkişaf edir, yeni imkanlar yaranır, Azərbaycan regional mərkəzə, təkcə siyasi deyil, həm də iqtisadi mərkəzə çevrilir. Azərbaycan regionda tarazlaşdırıcı rol oynayır. Düşünürəm ki, Azərbaycana investisiya yatırmaq imkanlarının dəyərləndirilməsi Fransa şirkətləri üçün maraqlı olacaqdır. Eyni zamanda, biz onları podratçı kimi də görmək istərdik”.
S.Nuriyeva
Paylaş:
Baxılıb: 935 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30