Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycançılıq ideologiyasının əbədiyaşarlığını öz əməllərində yaşadan lider - İlham Əliyev

Azərbaycançılıq ideologiyasının əbədiyaşarlığını öz əməllərində yaşadan lider - İlham Əliyev

23.10.2012 [01:39]

Azərbaycançılıq dövlətçilik konsepsiyamızın əsas prinsiplərindən birini, bəlkə də birincisini təşkil edən milli ideologiyamızın özəyi, onun sivil ideya modeli, Azərbaycan adlı tamın rəsmi, qanuni sertifikatıdır. Azərbaycançılıq deyilən ülvi konsepsiya qədim və keşməkeşli tariximiz, milli, mədəni, dini ənənələrimiz üzərində pərvəriş tapanda milli ideyanın milli təkrarsızlığı yaranır. Fərəhlidir ki, biz bu gün inteqrasiya prosesinə qlobal sivilizasiyanın ayrılmaz tərkib hissəsi kimi, öz “mən”imizlə, öz milli mentalitetimizlə, dil və dinimizlə, bütün əxlaqi dəyərlərimizlə, milli özünüdərkimizlə, etnik şüur intibahımızla, xalqın həmrəyliyi şəraitində milli ideyanı milli ideologiyaya çevirməklə, bir sözlə bəşəriyyət adlı bütövlüyün komponenti kimi daxil oluruq. Çünki etnik şüur da, milli yaddaş da öz cövhərini kənar mənbədən deyil, məhz milli ideologiyadan alır. Milli ideologiya Xalq Cümhuriyyəti dövründə olduğu kimi, bugünkü müstəqillik illərində də Azərbaycan Respublikasının milli-mənəvi atası fövqündədir. Bir insan ömrü qədər də yaşamağa iqtidarı çatmayan yırtıcı imperiya belə ilk doğuluş məkanı humanitar düşüncəmiz - elm və mədəniyyətimiz, musiqi və poeziyamız, rəssamlıq və heykəltəraşlığımız olan milliliyin sabitliyini qədərincə əlimizdən ala bilmədi. Çünki millilik bizim mənəvi dünyamızın gözəgörünməz, əlçatmaz nöqtələrindədir: beyin hücrələrimizdə, ürək mənzillərimizdə, damarlarımızdan axan qan çaylarımızda. Millilik artdıqca dövlətçiliyin kökləri daha dərinə gedir, o daha möhkəm, daha sarsılmaz olur. Məhz öz milli mənsubiyyətimizi, milli-mənəvi dəyərlərimizi uzaq yüzilliklərin fırtınaları içindən sağ-salamat çıxarıb dövrümüzə zədəsiz çatdırdığımız üçündür ki, bu gün azərbaycançılığımız daha bəşəri, daha dünyəvidir. Ulu öndərimiz Heydər Əliyevin milli dövlətçilik ideologiyasının əvəzedilməz davamçısı olan Prezident İlham Əliyevin azərbaycanlıların dünya forumu ilə bağlı fərmanlarının, dövlətçilik və mədəniyyət quruculuğu ilə bağlı Qərar və sərəncamlarının, ölkənin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının kökündə azərbaycançılığın cizgiləri, onun etnik, konfensional və mədəni aspektləri, metodoloji-nəzəri, siyasi parametrləri doktrinal səviyyədə özünü göstərməkdədir. Cəmiyyətin milli genefondunun qorunub pozitiv ruhda inkişaf etdirilməsi, xalqın milli irs və özünəməxsusluğunun gələcək nəsillərə olduğu kimi çatdırılması onun milli dövlətçilik konsepsiyasının özəyini təşkil edir. Belə də olmalıdır. Çünki bu cür çətin və ağır missiyanı yalnız mənəvi özünüdərkin sınaqlarından uğurla çıxıb, milli ideyanı tam halda milli şüura çevirmək qüdrətinə malik öndərlər, fenomenal şəxsiyyətlər öz boynuna götürə bilərlər. Məhz milli irsdən bəhrələnən azərbaycançılıq ideyası cəmiyyətin təkamül prosesində və onun monolitliyində aparıcı qüvvəyə çevrilir. Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəyliyinə, xalqın vahid bir ideya ətrafında mənəvi birliyinə nail olunmasında İlham Əliyevin xidməti ölçüyəgəlməzdir. Məhz Onun fədakarlığı sayəsində milli-mənəvi və bəşəri dəyərlər artıq azərbaycançılıq ideologiyasının özəyini, onun əsas təməl prinsiplərini təşkil etməkdədir. Azərbaycançılıq ümumbəşəri dəyərlərdən yetərincə bəhrələnməklə bərabər öz milli mentallığını, öz milli “mən” çalarlarını qoruyub saxlamaqdır. Bu ideya həm Azərbaycanın sərhədləri daxilində, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı üçün əsas baza mənbəyidir. Bizi uzun yüzilliklər boyu vahid bir əqidə bayrağı altında birləşdirən, ən çətin məqamlarda belə xalqımızın həmrəyliyinin təminatçısına çevrilən məhz azərbaycançılıq ideyası olub. Əgər xalqımız əsl azərbaycançılıq ideyası ilə silahlanmasaydı öz istiqlalına qovuşa bilməz, həyatın bütün sahələrində bugünkü qədər ali zirvələri fəth edə bilməzdi. İlham Əliyevin dediyi kimi, “Azərbaycançılıq fəlsəfəsi bizim mənəvi dayağımızdır. Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq - budur bizim uğurlarımızın əsas şərtləri. Azərbaycanda bütün xalqlar qardaşlıq şəraitində yaşayırlar. Mən çox şadam ki, qısa bir zaman çərçivəsində bizim əsas ideoloji dayaqlarımız daha da möhkəmlənib. Azərbaycanda vətəndaş həmrəyliyi, sabitlik tam bərqərar olub. Bizim siyasətimizin əsas təməl prinsipləri Azərbaycan dövlətinin milli maraqlarının qorunmasıdır. Biz bu işdə böyük uğurlara nail olmuşuq. Bizim bütün siyasətimiz, bütün siyasi addımlarımız bir məqsəd güdür. Bu da Azərbaycanın və azərbaycançılığın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsizlik şəraitində, rifah içində yaşamasıdır”.
Azərbaycan Avropa Şurasının üzvləri sırasında öz layiqli yerini tutduqdan sonra cənab İlham Əliyevin ölkəmizin nümayəndə heyətinin rəhbəri kimi 43 ölkənin diplomatları qarşısında müqəddəs torpaqlarımızı işğala məruz qoymuş erməni separatizmini və bəzi ermənipərəst dövlətlərin çirkin ikili standartlar siyasətini dəqiq faktlar əsasında ifşa hədəfinə çevirəndə gördük onun vətən və xalq sevgisinin tükənməzliyini, azərbaycançılıq ehtirasının məğlubedilməzliyini.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, millətin milliliyini qoruyub saxlayan hər şeydən öncə onun ilahi sərvəti, milli-mənəvi varlığının əsas bədii-estetik kodu, ilkin fəlsəfi şifrəsi, onun əsas qoruyucusu və xilaskarı olan dilidir. Çünki uzun minilliklər boyu ən qiymətli sənət əsərlərimiz bu dildə yazılıb, mahnılarımız bu dildə səslənib, ayrı-ayrı ölkələr və xalqlarla bütün beynəlxalq diplomatik danışıqlar bu dildə aparılıb. Dil xalqın varlığını təsdiq edən tanrı sənədi, millətin əbədi yaşam pasportudur. Rus dilində təhsil almış, hətta dövlət strukturlarında yüksək vəzifə kürsülərində əyləşmiş adamlar var ki, ölkələr və xalqlar əli qanlı rus imperiyasının caynaqlarından 21 il bundan əvvəl xilas olsalar da onlar həmin imperiya dilinin təsirindən hələ də yaxa qurtara bilməyiblər. Elələri var ki, öz fikirlərini nəinki doğma ana dilində sərbəst ifadə edə bilmir, hətta adi bir ərizəni belə yazmaqda çətinlik çəkirlər. Faciədir. Əlbəttə, belələrinin mənəvi dünyasında əsl azərbaycançılıq konturları axtarmaq o qədər də asan məsələ deyil. Prezident İlham Əliyev də rus dilində təhsil alıb. Uzun illər Moskvada, rusların əhatəsində yaşayıb. Ancaq bu gün çıxış edəndə Onun nitqlərindəki xəlqilik, ana dilimizin söz imkanlarının bütün qatlarına, çalarlarına zərgər dəqiqliyi ilə bələdçiliyi nəinki adi insanları, hətta dilimizin mükəmməl biliciləri olan şair və yazıçıları, ədəbiyyatşünasları, ömrünü dilimizin təmizliyi uğrunda mübarizəyə sərf etmiş dil tədqiqatçılarını belə heyrətdə qoyur. O, saatlarca davam edən çıxışlarında heç bir yazılı mətnə söykənmir, sinədən danışır. Rəqəmlər toplumu beyin süzgəcindən süzülüb gəlir. Düşünürük: o müdrik şəxsiyyət bu parlaq nitq qabiliyyətini haradan və necə əxz edib? Çünki O, varlığı və genetik yaddaşı əsl azərbaycançılıq akademiyası olan, hələ Sovet dövründə imperiyanın “ikinci növ” dillər qrupuna daxil etdiyi Azərbaycan dilinin milli konstitusiyamızda dövlət dili kimi qəbul edilməsinə nail olmuş, onun əbədiyaşarlığını təmin edən, azərbaycançılığı milli ideologiyaya çevirmiş Heydər Əliyev kimi xarizmatik bir liderin, Azərbaycan dövləti adlı nəhəng gəmini qlobal sarsıntılar dəryasının fırtınalarından sağ-salamat çıxarmış, milli özünüdərki Sovet ideoloji sisteminin buxovlarından xilas etmiş, bəşəri əməllər kompleksi bugünkü müstəqilliyimizin sarsılmaz sütunları olan fenomen bir dövlət xadiminin ailəsində dünyaya göz açıb. Azərbaycançılıq o dahi şəxsiyyətin iç dünyasından süzülərək öz sevimli övladının, onun damarlarındansa axaraq xalqın, millətin varlığına daxil olmaqdadır.
Məlum olduğu kimi, Azərbaycan ədəbi dilinin inkişafında, cəmiyyətin maariflənməsində, elm və mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində, ölkədə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq proseslərinin xalqa çatdırılmasında kütləvi informasiya vasitələrimizin, xüsusilə televiziya və radio kanallarının rolu əvəzsizdir. Dövlətimizin maddi sərvəti olan efir tezliklərinin xarici ölkələrə məxsus kanallardan alınaraq milli yayımçılar arasında müsabiqəyə çıxarılması, Azərbaycan televiziya və radio kanalları vasitəsilə yayımlanan bütün verilişlərin yalnız bir dildə-doğma Azərbaycan dilində səsləndirilməsinə start verilməsi, əcnəbi ölkə kinostudiyalarının istehsalı olan bütün bədii və sənədli filmlərin yalnız tərcümə olunduqdan sonra efirə çıxarılması ölkə rəhbərinin milli-mənəvi dəyərlər sistemimizin özəyi olan ana dilimizə misilsiz qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyevin 25 cilddən ibarət Azərbaycan milli ensiklopediyasının hazırlanmasında, həmçinin, Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin latın qrafikalı azərbaycan əlifbası ilə nəşrini nəzərdə tutan sərəncamlarında, dünya şöhrətli şair və yazıçılarımızın, bəstəkar və müğənnilərimizin, rəssam və heykəltəraşlarımızın, elm korifeylərimizin xatirəsinin əbədiləşdirilməsində, onların əsərlərinin müxtəlif dillərdə nəşrinin təmin edilməsində, bir sözlə milli-mədəni düşüncənin inkişafına güclü təkan verməklə xalqımızın necə zəngin soy-kökə malik olduğunu dünya boyu nümayiş etdirmək məharətində axtarmaq gərəkdir, o müdrik şəxsiyyətin milli irsimizə, qədim, keşməkeşli tariximizə, zəngin elm və mədəniyyətimizə olan tükənməz qayğısının köklərini, onun əsl azərbaycançılıq ideyasına sadiqliyini.
Uzun əsrlər boyu yalnız ölkəmizin hüdudları daxilində səslənən muğamlarımızın Azərbaycan sərhədlərini aşaraq bütün şərq ölkələri boyu pərvazlanmasına imkan yaradan “Muğam” müsabiqəsinin keçirilməsi də zəngin mədəni irsimizin, milli-mədəni dəyərlərimizin qorunması və azərbaycançılığın dünya miqyasında təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Göründüyü kimi, ölkə rəhbərinin strateji siyasətinin kökündə milli mentallığın, milli özünüdərkin və milli “mən”in mahiyyətini qoruyub saxlamaq səyi dayanır.
Cənab İlham Əliyev üçün azərbaycançılıq məfkurəsi, onun özəyi olan milli-mənəvi dəyərlər sistemi toxunulmaz bir xəzinədir. Bu xəzinənin əbədiyaşarlığını öz iç dünyasında, öz müqəddəs əməllərində yaşadır, O. Əgər bu gün türkçülük, islamçılıq və müasirliyimizin rəmzi, qeyrət və kişiliyimizin simvolu olan üçrəngli bayrağımız BMT-nin, NATO-nun, Avropa Şurasının və digər beynəlxalq təşkilatların iqamətgahları üzərində əzəmətlə dalğalanırsa, günbəgün gözəlləşən sevimli Bakımız 2009-cu ildə İslam dünyasının paytaxtı elan olunubsa, o, şərqdə qərb sivilizasiyasına, qərbdə isə qədim şərq mədəniyyətinə xas olan ən yüksək mənəvi və mədəni dəyərlər mərkəzi hesab edilirsə, dünya ölkələri arasında beynəlxalq əməkdaşlıq, dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən qlobal, bəşəri layihələrin həyata keçirilməsinin təşəbbüskarı olan möhtərəm Prezidentimiz Kanadanın türkdilli diasporlarının Torontada keçirilmiş toplantısında öz cahanşümul fəaliyyətinə görə “İlin Adamı” seçilibsə... Bütün bu ali dəyərlərin kökündədir əsl azərbaycançılığımız. Milli mədəniyyətimizin digər millətlər arasında təbliği ilə əlaqədar planetimizin müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti və incəsənəti günlərinin keçirilməsi, dünya şöhrətli sənətkarlarımızın təntənəli yubiley mərasimlərinin təşkili, 31 mart soyqırımı gününün, repressiya və deportasiya faciələrimizin soydaşlarımızın yaşayıb-yaratdıqları ölkələrin əksəriyyətində hər il erməni separatizminə qarşı mübarizə bayrağı altında qeyd olunması, beynəlxalq əlaqələrin möhkəmlənməsinə xidmət edən parlamentlərarası dostluq qruplarının fəaliyyət meydanının günbəgün genişləndirilməsi dövlətçilik dəyərlərimizin zirvə modeli sayılan azərbaycançılığın dünyaya inteqrasiyasında müstəsna rol oynayır. Son illər bir sıra dost ölkələrdə görkəmli siyasi xadimlərimizin, elm və mədəniyyət korifeylərimizin xatirə komplekslərinin yaradılması, adlarının küçə və prospektlərdə əbədiləşdirilməsi, onların şərəfinə yaraşıqlı bağ və parklar salınması, əvvəl İçərişəhərin, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi Bədii Qoruğunun UNESCO-nun dünya irs siyahısına daxil edilməsi də Azərbaycanın və azərbaycançılığın dünya miqyasında təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycançılıq ideyası öz tərkibində təkcə azərbaycanlıları deyil, məmləkətimizdə yaşayıb-yaradan bütün etnosları, məzhəbləri, konfessiyaları universal mənəvi məkanda, ruh məhrəmliyi və övqat doğmalığı şəraitində, eyni cazibə məkanında vahid bir yumruq kimi birləşdirir, bütövləşdirir, doğmalaşdırır. Azərbaycanı səmavi dinlərin dinc və birgəyaşayış məkanı adlandırıb, çoxmillətliliyi ölkəmizin əvəzedilməz sərvəti hesab edən Prezident İlham Əliyevin yüksək insanpərvərliyinin nəticəsidir ki, bu gün ölkəmiz müxtəlif dinlərə etiqad edən insanlara öz qoynunda səxavətlə yer verən, onların hər birinin vicdan azadlığının və hüquqlarının himayədarına çevrilən ilahi ruhlu bəşəri bir ana timsalındadır. Bir çox dillərin və dinlərin vahid məkanda, bədii, fəlsəfi, estetik bir ərazidə, ortaq səma altında birliyi təşəkkül tapıb. Etnik mentalitetin beynəlmiləlçiliyə sintezi yaranıb. Millilik bəşərilik səviyyəsinə yüksəlib. Bu belə də olmalıdır. Çünki öz tərkibində təkcə etnosları deyil, hətta məzhəbləri, konfessiyaları vahid bir mənəvi məkanda birləşdirəndə yaranır azərbaycançılıq ideyasının təkrarsızlığı, milliliyi, bəşəriliyi. Dini inancları bütün siyasi proseslərdən uca tutan milli ruhlu bir nəsil yetişdirilməsi, zəngin mənəvi aləmə malik azərbaycanlı obrazının dünyaya tam dolğunluğu ilə tanıdılması üçün bütün bilik və bacarığını sərf edən ölkə rəhbəri dini konfessiyalar arasında heç bir qüvvənin sarsıda bilməyəcəyi məhəbbət və sədaqət körpüləri qurur. Dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımıza üzərində yaşadığı torpaq üçün milli sahiblik hissi aşılayır. Onların bütün dövlət orqanlarında təmsilçiliyinə geniş şərait yaradır. Hər bir fərdin problemlərini öz şəxsi problemi qismində görür. Çünki biz həm asiyalı, həm də avropalıyıq. Yəni, “avrasiyalı”yıq. Bu gün Azərbaycan öz içində həm türk, həm də slavyan köklü zümrənin dünyəvi-mənəvi məxrəcdə birləşdiyi, kültürdə və sivilizasiyada bütövləşdiyi bir aləmdir. Qapıları uzun illər kilidlənmiş müqəddəs ibadətgahların, müxtəlif millətlərə məxsus tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri, regionda ən böyük senaqoqun, 2006-cı ilin martında Qəbələ rayonunun Nic kəndində Müqəddəs Yelisey adlı qədim alban kilsəsinin yerində Çotari adlı alban Udi kilsəsinin inşası, vaxtilə bolşeviklər tərəfindən dağıdılıb yerlə-yeksan edilmiş rus pravoslav kilsə kompleksinin əsaslı surətdə yenidən qurularaq dindarların istifadəsinə verilməsi, Roma katolikos kilsəsinin Bakıdakı nümayəndəliyi üçün inşa edilən kilsə, ayrı-ayrı dinlərə məxsus ümumtəhsil məktəblərinin fəaliyyəti ölkə rəhbərinin milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına, bütün etnik fərdlərin, dinlərin, etnos və məzhəblərin Azərbaycanın sərhədləri daxilində bir bədən, bir can timsalında birləşib, vətən adlı vahid kökə möhkəm tellərlə bağlılığına verdiyi böyük önəm və diqqətin təzahürləridir. Çünki millət sadəcə fizioloji varlıq deyil, həm də müqəddəs dindir, sağlam mənəviyyatdır, yüksək əxlaqi dəyərlər toplumudur. Gürcü pravoslav kilsəsinin rəhbəri katalikos II İlyanın dediyi kimi, “Bu gün Azərbaycan təkcə dünyaya neft və qaz ixrac edən yox, həm də dini tolerantlıq ixrac edən bir ölkədir”. Müxtəlif dini konfessiyalara mənsub olsalar da doğma Azərbaycanımızın ərazi bütövlüyü naminə erməni qəsbkarlarına qarşı döyüşlərdə qəhrəmanlıqla həlak olmuş gənclərin əbədiyyət yuxusuna getdiyi və sonradan Respublika Prezidentinin tapşırığı ilə yenidən bərpa edilmiş Şəhidlər Xiyabanı da təkcə müqəddəs and yerimiz yox, həm də bütün dinlərə hörmət və ehtiramımızın simvoludur. “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” mövzusunda beynəlxalq konfransın, “Mətbuatın tolerantlıq və dinlərarası dialoqun gücləndirilməsində rolu”, həmçinin, “Qafqazda islam mədəniyyəti” adlı millətlərarası konqresin Azərbaycanda keçirilməsi, Bakının öz sıralarında Asiya, Afrika və Avropanın 52 dövlətini birləşdirən, 1 milyarddan çox əhaliyə, böyük mənəvi, siyasi, iqtisadi, elmi və mədəni potensiala malik Beynəlxalq İslam Konfransı Təşkilatının paytaxtı elan olunması məmləkətimizin dünya üçün alternativsiz bir tolerantlıq mənbəyi olmasının təzahürüdür. Ümumiyyətlə, müstəqil Azərbaycan vətəndaşlarının yaşadığı hər gün ölkəmizdə tolerantlığın təntənəsi günüdür.
Bu gün azərbaycançılıq təkcə respublikamızın sərhədləri daxilində deyil, vaxtilə müxtəlif ictimai-siyasi münaqişələr üzündən öz doğma ata-baba torpaqlarından didərgin düşüb planetimizin 70 ölkəsində sığınacaq tapmış, əvvəllər pərakəndə dəstələr şəklində yaşasalar da, bu gün vahid diasporlarda birləşmiş 40 milyondan artıq soydaşımız üçün də əsas ideya mənbəyinə çevrilib. Ulu öndərimiz Heydər Əliyevin diaspor quruculuğu sahəsindəki cahanşümul fəaliyyətini bu gün uğurla davam etdirən cənab İlham Əliyev hələ 27 iyul 2004-cü il tarixdə ölkəmizin xaricdəki diplomatlarının iştirakı ilə keçirilən ilk geniş tərkibli müşavirədə, həmçinin, 2006-cı ilin martında dünya azərbaycanlılarının paytaxtımızda keçirilən II qurultayındakı çıxışlarında ölkəmizin və xalqımızın milli maraqlarının beynəlxalq aləmdə qorunması, Azərbaycan həqiqətlərinin, həmçinin, xalqımıza qarşı törədilmiş vəhşi terror və soyqırımı aktları ilə əlaqədar informasiyaların dünya ictimaiyyətinə daha dolğun və obyektiv çatdırılmasının müasir metodlarının işlənib hazırlanması, digər ölkələrin diaspor təşkilatları ilə əməkdaşlıq və dostluq əlaqələrinin gücləndirilməsi baxımından xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələr düşdüyünü qeyd etmişdir. Qurultayda xaricdə yaşayan azərbaycanlıların təşkilatlanma prosesinin keyfiyyətcə daha da təkmilləşdirilməsi, onların potensial imkanlarının müstəqil dövlət quruculuğu prosesində qarşıya çıxan problemlərin həlli naminə səfərbər edilib milli birliyə və həmrəyliyə nail olunması üçün Azərbaycan diasporunun yeni fəaliyyət konsepsiyasının hazırlanması barədə qəbul olunan qərar da ölkə rəhbərinin bu sahədə atdığı uğurlu addımlardan biridir. Çünki harada yaşayıb yaratmasından asılı olmayaraq, xalqın öz soy-kökünə qırılmaz tellərlə bağlılığından, milli özünüdərkə, öz milli-mənəvi dəyərlərinə, öz “mən”inə tam sahibliyindən yaranır, əsl azərbaycançılıq. Ölkə rəhbəri xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını dövlətin başlıca vəzifəsi hesab edir. Hələ 2006-cı ildə Rusiyada miqrantlara qarşı münasibətdə gərgin hallar yaşandığı və orada ticarətlə məşğul olan azərbaycanlıların ağır problemlərlə üzləşdiyi bir vaxtda İlham Əliyevin həmin problemlərin aradan qaldırılması üçün xüsusi komissiya yaradıb Moskvaya göndərməsi onun diasporumuzun ən etibarlı hamisi olduğunu, hər bir Azərbaycan vətəndaşının taleyinə cavabdehlik missiyası daşıdığını bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin beynəlxalq aləmdəki böyük nüfuzu, Onun apardığı məqsədyönlü daxili və xarici siyasət, əcnəbi ölkələrdə yaşayan soydaşlarımızla vaxtaşırı görüşüb onlara faydalı məsləhətlər verməsi uzun qərinələr boyu yad millətlər arasında itib-batmış, hətta az qala öz milli şüur, milli özünüdərk meridianlarından uzaqlaşmaq təhlükəsi qarşısında qalmış doğma qan qardaşlarımızın bir-birilərinə qarşı laqeydlik və biganəlikdən əl çəkib dostluq və qardaşlıq yoluna qədəm qoymalarında, vahid bir ailənin üzvləri kimi birləşib bir-birilərinə arxa, dayaq olmalarında mühüm rol oynayıb. Hətta vaxtilə öz milli “mən”lərilə əks qütblərdə dayanıb, özlərini arasında yaşadıqları xalqa rus, fars, ərəb, yəhudi, gürcü kimi təqdim edən bəzi soydaşlarımız belə bu gün “mən azərbaycanlıyam” deməkdən milli qürur duymaqda, planetimizin ən nəhəng ölkələri arasında böyük nüfuz sahibi olan Azərbaycan kimi bəşəri bir dövlətin övladları olduqlarını dünya boyu bəyan etməkdən mənəvi zövq almaqdadırlar. Sevindirici haldır ki, əcnəbi ölkələrdəki soydaşlarımızın əksəriyyəti aradan neçə-neçə qərinələr keçsə də nəinki öz doğma dillərini, hətta azərbaycançılıq adlı milli irslərini, etnik yaddaş adlı şəxsi mülkiyyətlərini, genetik fondlarını qızıl dəyər kimi çağımızadək zədəsiz qoruyub saxlamaqdadırlar. Bu gün azərbaycanlıların kompakt şəkildə yaşadıqları Amerika, Avropa və Asiya qitələrinin ən nəhəng ölkələrində doğma dilimizdə orta təhsil müəssisələri, ali məktəblərdə müxtəlif fakültələr, milli adət və ənənələrimizin təbliği ilə məşğul olan xüsusi dərnəklər, folklor ansamblları, verilişləri dünyanın bir çox ölkələri boyu yayımlanan televiziya və radio proqramları, müxtəlif mətbu orqanlar fəaliyyət göstərməkdədir. Bu işdə azərbaycançılıq adlı milli mentallığı, milli özünüdərki, milli “mən”in mahiyyətini göz bəbəyi kimi qoruyub saxlamağı öz strateji siyasətinin özəyi hesab edən Prezident İlham Əliyevin öz vətəninə və xalqına möhkəm tellərlə bağlılığına əyani sübutdur. O, təkcə Azərbaycanın hüdudları daxilində yaşayan 9 milyon yurddaşımızın yox, planetimizin 70 ölkəsində nəhəng diasporlarda birləşmiş 40 milyondan artıq soydaşımızın da milli lideri, mənəvi atası timsalındadır. Bu gün Onun azərbaycançılıq adlı milli ideologiyamıza sadiqlik rəmzi olan imzası dünyanın bütün nöqtələrindən aydın görünməkdədir.
Nizami Xudiyev
filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi
Paylaş:
Baxılıb: 1021 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30