Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi”

“İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi”

13.11.2012 [03:58]

Azərbaycan Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı ilə bu mövzuda seminar keçirilib
Azərbaycan Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı ilə noyabrın 10-da “İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi” mövzusunda seminar keçirilib. Seminar Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə təşkil olunub.
Seminarda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Mətbuat Şurasının üzvləri, ATƏT-in və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun jurnalistlərin təhlükəsizliyi ilə bağlı gördüyü işlər barədə məlumat verib. O, belə tədbirlərin polis-jurnalist münasibətlərinə əhəmiyyətli təsir göstərdiyini qeyd edib. Ə.Amaşov bildirib ki, təşkilat aksiyalar zamanı jurnalistlərin fərqləndirilməsi üçün KİV-lərə xüsusi gödəkcələr paylayıb.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu mövzunun əhəmiyyətini vurğulayaraq media nümayəndələrinin kütləvi tədbirlərin işıqlandırılmasındakı rolundan bəhs edib. Jurnalistlərin kütləvi tədbirlər zamanı öz yerlərini düzgün müəyyənləşdirmələrinin vacibliyinə toxunan şöbə müdiri deyib ki, belə olan halda tədbiri nizamlamaq üçün cəlb olunmuş qüvvələrlə münasibətdə narazılıqlar da baş verməz. Bu seminarın məqsədi də kütləvi tədbirlər zamanı jurnalistlərin fəaliyyətlərini necə qurmalı olmalarına, onların geyim formasının və yerlərinin necə müəyyən edilməsinə aydınlıq gətirməkdən ibarətdir. Əli Həsənov bildirib ki, mətbuat işçilərinin vəsiqələrinin forması, bu formanın hansı qurum tərəfindən müəyyən edilməli olduğu aydınlaşdırılmalıdır: “Bir sıra hallarda polis qanunsuz aksiya iştirakçısını saxladıqda, o, jurnalist vəsiqəsi təqdim edərək media nümayəndəsi olduğunu bildirir. Belə seminarlarla bu sahədə beynəlxalq təcrübəni öyrənmək qarşıya məqsəd qoyulub”.
Azərbaycanda mətbuat azadlığının tam təmin olunduğunu vurğulayan Prezident Administrasiyasının şöbə müdirinin sözlərinə görə, Azərbaycanda son 10 ildir ki, bu sahənin işinin təkmilləşdirilməsi ilə məşğul oluruq. KİV haqqında, məlumat azadlığı haqqında qanunlar, insan hüquq və azadlıqlarının təmin olunması üzrə dövlət proqramı və ondan irəli gələn vəzifələr - bütün bu çərçivədə jurnalistlərin daha təhlükəsiz, maneələrlə rastlaşmamaq üçün kütləvi tədbir iştirakçılarına qarışmadan kənarda, müvafiq geyim formasında lazımi yerlərdə dayanaraq tədbirləri işıqlandırması qaydasının beynəlxalq standartlara çatdırılması istiqamətində bu seminarda müzakirələr aparılacaq. Azərbaycanda KİV sahəsində qanunvericilik bazasının kifayət qədər təkmilləşdirildiyini xatırladan Əli Həsənov bu günlərdə dünyanın diqqətinin ölkəmizə yönəldiyini vurğulayıb. Şöbə müdiri qeyd edib ki, Azərbaycanda böyük bir beynəlxalq tədbir - VII İnternet İdarəçilik Forumu keçirilib. Onun sözlərinə görə, dünyanın 100-dən çox ölkəsini əhatə edən 1500-ə qədər internet idarəçisi, mətbuat və informasiya sahəsində çalışan məsul şəxslər, jurnalistlər, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri bu tədbirdə iştirak ediblər. Belə bir tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq aləmdə Azərbaycan ilə bağlı həqiqətlərin daha geniş coğrafiyada yayılmasına şərait yaradır.
Şöbə müdiri onu da qeyd edib ki, Azərbaycan da söz və mətbuat azadlığının təmin olunması sahəsində postsovet məkanının digər ölkələri kimi, müəyyən problemlərlə qarşılaşır. Bəzi problemlərin Azərbaycanın imicinə mənfi təsir göstərdiyini də diqqətə çatdıran Əli Həsənov deyib ki, bu, müəyyən qrupların, təşkilatların qərəzli mövqeyinin nəticəsi kimi meydana çıxır: “Bəziləri isə məlumatsızlığın və peşəkarlığın az olmasından irəli gəlir. Bu gün bizim buraya toplaşmağımızın səbəbi də məhz peşəkarlığın az olmasından irəli gələn problemləri müzakirə edib aradan qaldırmaqdır”.
Media sahəsində olan problemlər barədə danışan Ə.Həsənov bunları deyib: “İlk növbədə, jurnalistlərin ictimai tədbirlərdə, öz yerlərini və funksiyalarını düzgün müəyyən etməmələri, həmin tədbiri işıqlandırarkən lazımi prosedurları yerinə yetirməmələri nəticəsində bu tədbirlərin keçirilməsinə məsul olan qurumlarla jurnalistlər arasında müəyyən problemlər yaranır. Misal olaraq deyə bilərəm ki, bu il keçirilən “Eurovision” müsabiqəsi ərəfəsində Azərbaycanda belə bir hal baş verdi. Dövlət Neft Şirkətinə məxsus ərazilərdə qanunsuz tikililərə və qeyri-qanuni məskunlaşmalara qarşı tədbirlər həyata keçirilərkən orada qanunsuz məskunlaşan vətəndaşlar arasında qarşıdurma yarandı. Dövlət Neft Şirkətinin vəzifəsi öz ərazilərini qanunsuz məskunlaşmadan qorumaq, qanunsuz məskunlaşmaları təmizləməkdir. Çünki oradan çıxarılan neft məhsulları bizim dövlət büdcəmizi formalaşdırır. Bəzi vətəndaşlar isə təəssüf ki, həmin əraziləri zəbt edib özlərinə evlər tikiblər. Təəssüflə qeyd edim ki, həmin qarşıdurmada jurnalist İdrak Abbasov iştirak edib. Həmin jurnalist artıq buna qədər də iki belə hadisədə iştirak edib. Görünür, o ya yerini düzgün seçmir, ya da belə toqquşmalarda müəyyən qüvvələrin təhriki ilə qarışıq olan yerə daxil olur, sonra isə jurnalist olduğunu ortaya qoyur. Bunun nəticəsində də dövlətimizə qarşı problemlər yaratmış olur. Mən bu hadisənin tam təfsilatına varmasam da, onu deyə bilərəm ki, ona qarşı güc tətbiq edənlər onun jurnalist olmadığını təkidlə bildirirlər. İdrak Abbasov isə jurnalist olduğu üçün belə bir təqibə məruz qaldığını iddia edir. Bir daha deyirəm ki, biz belə halların qarşısını almaq üçün bu kimi seminarları təşkil edirik”.
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç seminarda çıxış edərək deyib ki, mitinq və nümayişlərdə jurnalistlərin təhlükəsizliyi təmin olunmalıdır: “Jurnalistlərin də vəzifəsi özlərini media nümayəndəsi kimi təqdim etməkdir, tədbirin iştirakçısına çevrilmək deyil. Mən əminəm ki, bu cür tədbirlər bundan sonra da keçiriləcəkdir. Bu tədbirlər cəmiyyətin tərəqqisinə xidmət edir”.
ATƏT-in rəsmisi deyib ki, belə seminarlar Azərbaycan tərəfinin istəyi ilə həyata keçirilir. “Bu cür tədbirlərin davamlı olması vacibdir. Bu, həmçinin, praktiki mərhələdir, çünki jurnalistlərin qarşılaşdığı problemlər müxtəlif ola bilər. Heç bir ölkə problemlərdən sığortalanmayıb, biz problemləri araşdırmalıyıq. Çalışmalıyıq ki, məlumat mənbələrinə çıxarkən jurnalistlər problemlərdən uzaq olsunlar” - deyə, D.Miyatoviç vurğulayıb. O, ATƏT-ə üzv olan digər ölkələrdə də belə tədbirlərin keçirildiyini xatırladıb.
Daxili işlər nazirinin müavini Oruc Zalov çıxışında polis-jurnalist münasibətlərinə toxunub. O.Zalov deyib ki, polislə ictimaiyyət arasında əlaqələri gücləndirmək məqsədilə tez-tez polis əməkdaşları müxtəlif seminarlarda iştirak edirlər. Nazir müavini son illər tərəflər arasında münasibətlərin xeyli inkişaf etdiyini bildirib. Bununla belə, O.Zalov müəyyən problemlərin olduğunu da deyib: “Azərbaycanda bəzi özünü müstəqil təqdim edən, amma qərəzli siyasi təşkilatların sifarişi ilə işləyən “KİV orqanları” var ki, onlar Daxili İşlər Nazirliyinin əməkdaşlarının fəaliyyəti barədə dezinformasiya yayırlar. Onlar “KİV haqqında” Qanunun 10-cu maddəsinə zidd olaraq polis əməkdaşlarının şərəf və ləyaqətini təhqir edirlər. Eyni zamanda, həmin qanunun 44-45-ci maddəsinə zidd olaraq təkzib verməkdən də imtina edirlər”.
Nazir müavini, həmçinin, bildirib ki, jurnalist və polislərin əməkdaşlığı barədə reallıqları yüksək formada yazan kifayət qədər mətbuat orqanları var: “Biz jurnalist və polislərin əməkdaşlığı ilə bağlı mütəmadi toplantılar keçiririk. Bunlar regionlarda da keçirilir. Bu yaxınlarda belə tədbirlər Qubada və Şəkidə keçirilib, yaxın zamanlarda Lənkəran və Gəncədə də keçirilməsi nəzərdə tutulur”.
O.Zalov jurnalistlərə müraciət edib: “Mən DİN adından peşəsinə hörmət qoyan bütün jurnalistlərə üzümü tutub deyirəm ki, daim özlərinin peşə kodekslərinə hörmətlə yanaşsınlar”.
ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay da medianın inkişafı ilə bağlı Azərbaycanda həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, bu sahədə təşkilatla Azərbaycan dövləti arasındakı əməkdaşlıqdan razılığını ifadə edib.
Tədbirdə KİV nümayəndələrinə kütləvi aksiyalar zamanı istifadə etmək üçün gödəkcələr təqdim olunub.
Daha sonra xarici və yerli ekspertlər mövzu ətrafında polislərə və jurnalistlərə treninq keçiblər. Treninqlər “Jurnalistika, Beynəlxalq hüquq və ictimai nümayişlər”, “Jurnalistlərin beynəlxalq təcrübəsi: ictimai nümayişlər zamanı iş”, “Jurnalistlərlə polis münasibətləri: Gürcüstan təcrübəsi”, “Azərbaycanda jurnalistlərin hüquqları və qanunvericilik” və s. mövzuları əhatə edib.
Sonda seminarda iştirak edən polis zabitlərinə və KİV nümayəndələrinə sertifikat təqdim olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 945 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30