Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Son 10 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 7 faizədək azalıb

Son 10 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 7 faizədək azalıb

08.12.2012 [17:54]

Prezident İlham Əliyev: İnflyasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq var və Azərbaycan bu göstəriciyə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir
Məlum olduğu kimi, bu günlərdə “Forbes” jurnalında, “The Wall Street Journal”ın məşhur analitiklərindən biri olan Hillari Kraymerin Azərbaycanla bağlı məqaləsi dərc olunub. Məqalə müəllifi jurnalda ölkəmiz haqda oxuculara ətraflı məlumat verərək qeyd edib ki, qədim və zəngin mədəniyyətə sahib, ticarət və kommersiya üçün vacib yolların kəsişdiyi, torpaqlarında təbii qazın yanması səbəbindən hələ Zərdüşt dövründən “Odlar yurdu” adlandırılan Azərbaycan 1918-ci ildə öz müstəqilliyini qazanıb, 1920-ci ildən Sovet imperiyasının tərkibinə daxil olan ölkəmiz 1991-ci ildə yenidən öz dövlət müstəqilliyinə qovuşub: “Bir il sonra isə Aərbaycan BMT-nin, 2006-cı ildə bu beynəlxalq qurumun İnsan Hüquqları Şurasının üzvü, 2011-ci ildə isə 155 ölkənin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib”.
Azərbaycanın cənubdan İran, qərbdən Ermənistan, şimaldan Gürcüstan və Rusiya ilə qonşu olduğunu qeyd edən yazar daha sonra bildirib ki, bu ölkə qonşularından fərqlənir: “Azərbaycan dünyəvi, müasir texnologiyaların, mədəni və sivil institutların inkişaf etdiyi bir ölkədir”.
H.Kraymeron yazısında ən maraqlı məqam isə ölkəmizin malik olduğu iqtisadi inkişafla bağlıdır. “Neft ixracı üzərində qurulmuş Azərbaycan iqtisadiyyatı ölkənin neft şirkətlərinin qaz və neft ixracı ilə məşğul olan bir çox xarici şirkətlərlə imzaladığı uzunmüddətli sazişlərindən böyük gəlir əldə edir. Bu cür pul axını sayəsində son 10 ildə ölkədə yoxsulluğun səviyyəsi 50 faizdən 7 faizə enib”, – deyə yazıda qeyd olunur. Müəllif, həmçinin, qış aylarında Azərbaycanın özünün ilk süni peykini kosmosa çıxaracağını da qeyd etməyi unutmur.
Göründüyü kimi, son illərdə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatların nəticəsi olaraq, ölkənin pul gəlirlərinin artması, qeyri-neft sektorunda yeni-yeni müəssisələrin yaradılması, hər il regionlarda on minlərlə yeni iş yerlərinin yaradılması Azərbaycanda yoxsulluq səviyyəsinin minimuma enməsinə səbəb olub. Başqa sözlə, Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi inkişaf strategiyası nəticəsində büdcə vəsaitlərinin artması kompleks islahatların reallaşdırılmasına, əhalinin həyat şəraiti, sosial vəziyyətinin yaxşılaşdırılmasına imkan verib. Bütövlükdə, 2004-cü ildən başlayaraq, Azərbaycanda 1 milyon 100 mindən artıq yeni iş yeri açılıb ki, bunun da 800 mini daimi iş yerləridir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvarından indiyədək ölkədə 266,1 min, o cümlədən, 200,5 min daimi iş yeri yaradılıb. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur. Yəni, davamlı inkişafdan dar bir təbəqə yox, daha geniş əhali kütləsi yararlanır. Bankın hesabatına görə, hazırda Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir.
Oktyabrın 10-da Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev ölkəmizdə müşahidə olunan inkişaf tendensiyasının əhalinin yaşayış səviyyəsinə müsbət təsir etdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, doqquz ayda əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artmışdır: “Gördüyünüz kimi, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq vardır və hesab edirəm ki, Azərbaycan bu göstəricilərə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim bütün iqtisadi təşəbbüslərimiz və ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Biz bu istiqamətdə böyük nailiyyətlərə çatmışıq və bu göstəricilər görülən işlərin məntiqi nəticəsidir”.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan hökumətinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizin valyuta ehtiyatları da xeyli dərəcədə yüksəlib ki, bu da öz növbəsində Azərbaycanda yoxsulluq səviyyəsinin aşağı enməsinə öz təsirini göstərməkdədir. Həmin iclasda çıxışı zamanı Prezident İlham Əliyev sözügedən məsələyə toxunaraq deyib: “Ölkəmizin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artmışdır, hazırda 45 milyard dollar səviyyəsindədir. Deyə bilərəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir və Azərbaycan o ölkələrdəndir ki, böyük valyuta ehtiyatlarına malikdir. Ölkənin ərazi ölçülərinə və əhalinin sayına görə, hesab edirəm ki, əgər valyuta ehtiyatlarımızı adambaşına hesablasaq, biz dünya miqyasında ən qabaqcıl yerlərdən birindəyik. Çox sevindirici hal ondan ibarətdir ki, böyük investisiya layihələrinin dövlət xətti ilə həyata keçirilməsinə baxmayaraq, strateji valyuta ehtiyatlarımız azalmır, əksinə artır. Biz çalışmalıyıq ki, gələcək illərdə müəyyən səviyyədən aşağı düşməyək”.
Göründüyü kimi, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi inkişaf siyasəti 5-10 il bundan öncə reallaşdırılması mümkün hesab olunmayan sosial proqramları belə reallaşdırmağa imkan verir. Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü iqtisadi strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə möhkəm əsaslar yaradıb.
Səlim Loğmanoğlu

Paylaş:
Baxılıb: 1122 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31