Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir

Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir

12.12.2012 [01:38]

Prezident İlham Əliyev: Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur
Məlum olduğu kimi, Azərbaycanda idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlərin nəticəsində ölkəmiz Avropanın idman mərkəzlərindən birinə çevrilib. Eyni zamanda, gənc nəslin sağlam böyüməsi üçün dövlət tərəfindən lazım olan bütün addımlar atılıb. Ümumiyyətlə, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək üçün ilk növbədə müasir infrastrukturun yaradılması vacibdir. Və son illərdə ölkəmizdə bu istiqamətdə mühüm işlər görülüb. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir. Eyni zamanda, biri-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin Olimpiya Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.
Azərbaycan dünyada böyük hörmətə malik olan ölkədir
Beləliklə, bu amilləri nəzərə alan Avropa Olimpiya Komitəsi 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edib. Qeyd edək ki, Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ölkəmizin çox böyük tarixi uğurdur. Prezident İlham Əliyev də xalqa təbrikində bu qərarı tarixi uğur kimi dəyərləndirib: “Bu, doğrudan da tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur”.
Vurğulamaq yerinə düşər ki, Avropa Olimpiya Oyunları tarixdə ilk dəfə keçiriləcək və bu oyunlar Britaniyada, Fransada, İspaniyada, İtaliyada, Almaniyada yox, məhz Azərbaycanda baş tutacaq. Belə bir qərarın qəbul edilməsi isə heç də təsadüfi deyil. Belə ki, Azərbaycan son illərdə əldə etdiyi inkişaf sayəsində qitənin bütün aparıcı dövlətlərini geridə qoyaraq Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb. Bir daha vurğulamaq yerinə düşər ki, bu, Azərbaycanın iqtisadi inkişafının, siyasi sabitliyinin, təhlükəsiz dövlət olmasının, dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsinin məntiqi nəticəsi, həmçinin, sadalanan uğurların Avropa Olimpiya Komitəsi səviyyəsində etirafıdır. Heç şübhəsiz bu qərar Azərbaycanın dünyada artan nüfuzunu bir qədər də möhkəmləndirəcək. Məlum olduğu kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin dünya birliyindəki nüfuzu, rolu, təsir imkanları artır və dünya birliyi Azərbaycana böyük hörmətlə, yüksək etimadla yanaşır. Belə olmasaydı çəkisinə görə, planetin ikinci ən böyük yarışı olacaq Avropa Olimpiya Oyunlarının keçirilməsi ölkəmizə etibar edilməzdi.
Siyasi sabitlik və iqtisadi inkişaf mühüm rol oynayır
Dövlət başçısının vurğuladığı kimi bu qərarın qəbulunda rol oynayan digər mühüm amil Azərbaycanda uzun illər hökm sürən ictimai-siyasi sabitlikdir: “Ölkəmizin dinamik, uğurlu inkişafı üçün ictimai-siyasi sabitlik çox mühüm rol oynayır və Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi dünyada özünü təsdiqləyibdir”.
Yəni, artıq vəziyyət elə həddə çatıb ki, ölkəmiz bir il içində, hətta eyni vaxtda bir neçə beynəlxalq yarışa yüksək səviyyədə ev sahibliyi edə bilir. Azərbaycanın Avropa Olimpiya Oyunlarına ev sahibliyi haqqında qərardan təxminən iki həftə əvvəl Bakıda şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarına və 2016-cı il Dünya Şahmat Olimpiadasına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb. Bu mötəbər yarışlarla yanaşı, 2016-cı ildə FİDE-nin Baş Assambleyası da Bakıda keçiriləcək. Məlumat üçün bildirək ki, Dünya Kuboku yarışlarında 128, Dünya Şahmat Olimpiadasında isə təxminən 170-dən artıq ölkədən 3000-dək idmançı birincilik uğrunda mübarizə aparacaq.
Beləliklə, göründüyü kimi, 2015-ci ildə Azərbaycan dünyanın şahmat mərkəzinə və Avropanın idman mərkəzinə çevriləcək. İdmanın inkişafını hədəfləyən bu siyasəti əslində ölkəmizin ümumi inkişafı kontekstində dəyərləndirmək lazımdır. Lakin idmanı inkişaf etdirmək, bu sahədə müasir baza yaratmaq üçün dövlətin iqtisadi-maliyyə gücü lazımi səviyyədə olmalıdır ki, bu işləri reallaşdıra bilsin. Prezident İlham Əliyev xalqa təbrikində sözügedən məsələni belə dəyərləndirib: “Əlbəttə ki, iqtisadi uğurlarımız da bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Son doqquz il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir. İqtisadiyyatımız üç dəfə, yəni, 300 faiz artmışdır. İqtisadiyyatımızın şaxələndirilməsi prosesi uğurla gedir. Biz bu ilin yekunlarına görə də, yenidən gözəl iqtisadi uğurları görürük və bununla fəxr edirik. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdədir. Bütün əsas beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini hətta böhranlı illərdə də artırıblar. Yəni, iqtisadi imkanlar da öz rolunu oynamışdır”.
Ölkəmizdə müasir infrastruktur yaradılıb
Avropa Oimpiya Komitəsinin bu qərarı qəbul etməsində əsas rol oynamış amillərdən biri də Azərbaycanda idmanın inkişafı və ölkəmizdə yaradılan müasir infrastruktur şəbəkəsi ilə bağlıdır. Bura həm idman infrastrukturunu, həm də müasir şəhər infarstrukturunu şamil etmək lazımdır. Yəni, müasirliyi, tarixiliyi ilə dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakıda yarıdılmış müasir infrastruktur şəbəkəsi imkan verir ki, ölkəmiz istənilən beynəlxalq yarışı ən yüksək səviyyədə qəbul edə bilsin. Hazırda, istifadədə olan və inşası davam etdirilən bazalar Azərbaycanı ən yeni müasir idman bazalarına malik dövlətlər arasında da liderlər sırasına çıxarıb. Bu gün böyük idman potensialı heç kimdə şübhə doğurmayan ölkəmiz, müsir idman infrastrukturu ilə bir çox dövləti geridə qoyur və bu proses davamlı olaraq aparılır. Prezident xalqa təbrikində eyni zamanda, ölkəmizdə və Bakı şəhərində müasir infrastruktur layihələri həyata keçirildiyini qeyd edib: “Onların bir çoxu artıq tamamlanmışdır. Bakı dünyanın ən gözəl şəhərlərinin siyahısındadır. Təsadüfi deyildir ki, bu amil də öz rolunu oynamışdır. Növbəti illərdə də Bakının infrastrukturunun genişləndirilməsi, müasirləşdirilməsi istiqamətində əlavə tədbirlər görüləcəkdir. Şəhərimizdə müasir infrastruktur, xidmət obyektləri tikilir. Şəhər gündən-günə gözəlləşir. Böyük işlər görülür, ictimai yerlər, parklar salınır, binalar bərpa edilir. Özəl sektorun inkişafı üçün çox gözəl şərait vardır. Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Eyni zamanda, iqtisadi, yəni, maliyyə resurslarımız da bizə imkan verəcəkdir ki, Olimpiadanı yüksək səviyyədə keçirək. Onu da qeyd etmək istəyirəm ki, Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülmüşdür. Vaxtilə başlanmış layihələrin bir çoxu başa çatmışdır. Hazırda, tikilməkdə olan idman obyektləri yaxın iki il ərzində istifadəyə veriləcəkdir. Yəni, biz Avropa Olimpiya Oyunlarını keçirmək üçün bütün imkanlara malikik. Həm idman infrastrukturu, eyni zamanda, inkişaf etmiş şəhərimiz vardır”.
Bir sözlə, Bakı son bir neçə il ərzində xeyli inkişaf edib və böyük beynəlxalq tədbirlərin keçirlməsinə hazır şəhərdir. Buna nümunə kimi Bakıda keçirilmiş möhtəşəm “Eurovision-2012” mahnı müsabiqəsini və şəhərimizin sakinlərinin və qonaqlarının xatirəsində böyük futbol tədbiri kimi qalmış FİFA U-17 qadınlararası Dünya Çempionatını göstərmək olar. Paytaxt Bakıda həmçinin, yeni və geniş yolların daxil olduğu müvafiq infrastruktur, rahat ictimai nəqliyyat və dünya memarlığının inciləri sırasına daxil olan binalar yerləşir.
Yeri gəlmişkən, 2012-ci il ərzində şəhərimizdə bir neçə beşulduzlu lüks otelin (“Hilton”, “Four Seasons”, “Abşeron Marriot”, “Jumeirah Beach Hotel”) açılışı oldu. Bu yaxınlarda Heydər Əliyev adına Beynəlxalq Hava Limanı təmir olunub və aeroportun yeni binasının inşasına başlanılıb. Çox sayda restoran və kafelər müştərilərə yüksək səviyyəli xidmət göstərməyə hazırdır.
Bundan başqa, son illərdə yaradılan müasir infrastrukturla yanaşı, bir çox yeni obyektlərin də inşası davam etdirilir. Bu sahədə atılan vacib addımlardan biri isə təməlqoyma mərasimində dövlət başçısı İlham Əliyevin, FİFA prezidenti Y.Blatterin və UEFA prezidenti M.Platininin iştirak etdiyi 65.000 nəfər azarkeş tutumuna malik olacaq gözəl bir stadionun inşasının davam etməsidir. Stadionun tikintisi 2015-ci ildə başa çatacaq. Bundan əlavə, Bakıda istər təbii, istərsə də süni ot örtüklü kifayət qədər yeni stadion və məşq meydançası mövcuddur.
Onu da xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionu yenidənqurmadan sonra istifadəyə verilib və bu arenada artıq 17 yaşa qədər qadın futbolçular arasında Dünya Çempionatı keçirilib. Hazırda, istifadədə olan 30-dan çox müasir Olimpiya İdman Kompleksini də bu ansambla əlavə etsək, onda ölkəmizin nəhəng idman infrastrukturu haqqında real təsəvvür yaratmaq olar. Olimpiya Oyunlarına ev sahibliyi iddiasından vaz keçməyən ölkəmiz perspektiv üçün bir çox layihələr hazırlayıb. “Olimpiya şəhərciyi” ilə bağlı bir çox şirkət öz təkliflərini indidən təqdim etməyə başlayıb. Bu təkliflər arasında “şəhərciyin” həm dəniz kənarında, həm də daxili ərazilərdə tikilməsi ideyaları var. Olimpiya Oyunlarında bir sıra su idman növlərinə aid yarışların da keçirilməsi nəzərdə tutulur. Azərbaycanın ən böyük su idman növləri bazası olan Mingəçevirdəki “Kür” kompleksi isə paytaxtdan 300 km məsafədədir. Beynəlxalq Olimpiya Komitəsinin şərtinə görə isə yarışlar turnir keçirilən şəhərdən uzaqda keçirilə bilməz. Odur ki, Xocasən qəsəbəsi yaxınlığında, göl kənarında bazanın tikintisi planlaşdırılır. Paytaxtda Gimnastika Kompleksinin tikintisi davam etdirilir. Tennis üçün 22 min nəfərlik mərkəz, digər idman növləri üçün 15 min nəfərlik Bakı Çoxməqsədli Arena, 12 min nəfərlik Milli Su İdman növləri Mərkəzinin və digər qurğuların istifadəyə verilməsi planlaşdırılır.
Yeri gəlmişkən, məlum təbrikində hazırlıq üçün cəmi iki il vaxt qaldığını qeyd edən Prezident İlham Əliyev bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu bildirib: “Oyunların keçirilməsi 2015-ci ildə nəzərdə tutulur. Yəni, bizim hazırlıq üçün cəmi iki il vaxtımız vardır. Əminəm ki, biz bu oyunlara hazırlıqla bağlı bütün tədbirləri görüb onu yüksək səviyyədə keçirəcəyik. Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur”.
Avropa Olimpiya Komitəsinin rəhbəri: Avropa Olimpiya Oyunları ən yüksək səviyyədə keçiriləcək
Bir sözlə, Azərbaycanın Avropanın ilk Olimpiya Oyunlarını ən yüksək səviyyədə keçirəcəyinə heç kim şübhə etmir. Ölkəmizin bu sahədə böyük təcrübəsi var. Avropa Olimpiya Komitəsinin rəhbəri Partik Hikke də açıqlamasında buna əmin olduğunu bilirib: “Biz Avropanın idman tarixində çox böyük bir hadisəinin başlanğıcındayıq. Bu dəfə biz Olimpiya Oyunlarına paytaxt seçərkən təşkil etdiyimiz heç bir seçim yarışı keçirmədik. Biz Azərbaycan Milli Olimpiya Komitəsinə Avropa Olimpiya Oyunlarının təşkil edilməsi təklifi ilə müraciət etdik. Bilirdik ki, Azərbaycan dövlətinin rəhbərliyi böyükmiqyaslı yarışları keçirməkdə maraqlıdır. İki nüfuzlu təşkilat çox gözəl ittifaq yaradıblar. Biz artıq idman obyektlərinin hazırlığına cavabdeh olacaq texniki ekspertlərdən ibarət komitə yaratmağa başlamışıq. Avropa Olimpiya Oyunlarının təşkilatçılığı ilə bu sahədə ixtisaslaşmış “PMP Legacy” şirkətinin əməkdaşları məşğul olacaqlar. Bu şirkət 2012-ci il London Olimpiadasının təşklatçılığı ilə də məşğul olub. Sizi əmin edirəm ki, hər şey nəzarət altındadır, bütün işlər müəyyən edilmiş qrafikə uyğun gedir və Avropa Olimpiya Oyunları ən yüksək səviyyədə keçiriləcək”.
“Bu, bizə göstərilən böyük inamdır...”
Beləliklə, ölkəmizin idman sahədəsində qazandığı nüfuz və təcrübənin nəticəsidir ki, Avropa Olimpiya Komitəsi heç bir şübhə yeri olmadan qitənin ilk Olimpiya Oyunlarının keçirilməsi hüququnu iqtisadi cəhətdən güclü, siyasi cəhətdən sabit və təhlükəsiz, infrastruktur baxımından müsir ölkələr sırasında olan Azərbaycana, dünyanın idman mərkəzi kimi tanınan Bakıya etibar edib. Bu, Azərbaycan Prezidentinin, dövlətinin, xalqının, bayrağımızı dünyada dalğalandıran çempionlarımızın qələbəsidir, ümumiyyətlə ölkəmizin qələbəsidir. Prezidentin də vurğuladığı kimi tarixi hadisədir: “İdmançılarımızın uğurları özünü Yay Olimpiya Oyunlarında da göstərmişdir. Bu il Yay Olimpiya Oyunlarında biz tarixi qələbə qazanmışıq, on medal qazanmışıq. Dünya miqyasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerə layiq görülmüşük. Yəni, bütün bu amillər bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Bir daha demək istəyirəm ki, birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik”.
“Yeni Azərbaycan”ın Analitik Qrupu

Paylaş:
Baxılıb: 1207 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30