Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Azərbaycan xalqının əbədi lideridir

Heydər Əliyev Azərbaycan xalqının əbədi lideridir

13.12.2012 [01:53]

Hər bir xalqın tarixində onun inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər olub. Ümummilli liderimiz Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəldib. 
Hələ sovetlər dövründə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqının tərəqqi və inkişaf dövrü başladı. Belə ki, Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycan milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. Bu siyasət eyni zamanda, Sovet ideologiyasının ziyanlı təsirləri nəticəsində öz milli kimliyini unutmaq təhlükəsi ilə üz-üzə qalmış insanları tədricən milli ideyalar ətrafında səfərbər etdi.
Ulu öndər Heydər Əliyev bir müddət sonra öz istiqlalını elan edəcək Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri sosial-iqtisadi əsasları, infrastruktur təminatını, milli kadr potensialını formalaşdırdı. İnsanlarımıza milli dövlətçilik düşüncəsi aşıladı. Hər bir azərbaycanlı özünü bəlli bir coğrafiyanın gələcəyinə görə məsuliyyət daşıyan vətəndaş kimi dərk etməyə başladı. Ölkə üçün gərəkli mütəxəssislərin hazırlanması məqsədilə 1970-1982-ci illər arasında və daha sonralar minlərlə azərbaycanlı gənc məhz Heydər Əliyevin təşəbbüsü əsasında SSRİ-nin müxtəlif şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa göndərildilər. Bütün bunlar Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə Onun siyasi iradəsi əsasında görülmüş işlərin yalnız məhdud bir hissəsi olmaqla bərabər, 80-ci illərin sonlarına doğru Azərbaycanın istiqlal mübarizəsi tarixinin hərəkətverici qüvvəsi rolunda çıxış etdiyi qətiyyən şübhə doğurmur.
Əfsuslar olsun ki, müstəqillik tariximizin ilk illəri çoxsaylı itkilərlə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı, cəmiyyətdə ağır sarsıntılara səbəb olan hadisələrlə yadda qaldı. Azərbaycanın müstəqilliyinə qarşı çıxan qüvvələr tərəfindən Heydər Əliyevin ölkənin idarəçiliyi prosesindən mümkün qədər kənarda saxlanması Azərbaycanı yenicə qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu.
“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Müstəqilliyin ilk illərində baş verənlər Ulu öndər Heydər Əliyevin bu kəlamındakı həqiqəti hər addımda sübuta yetirirdi. O zaman Azərbaycanın həyatında həlledici bir mərhələ yaşanmaqda idi. Azərbaycan dövlət müstəqilliyinə nail olmuş, lakin respublikanın müstəqilliyini təmin edəcək əsaslar formalaşdırılmamışdı. Qısa müddətdə konkret qərarların qəbulunu tələb edən taleyüklü məsələlər dövlət maraqlarından daha çox, şəxsi mənafelər uğrunda mübarizə aparan siyasi qüvvələrin mübahisə predmetinə çevrilmişdi.
Ölkədə xaos, anarxiya baş alıb gedir, sosial-iqtisadi böhran, inflyasiya gündən-günə dərinləşir, bir-birini əvəz edən iqtidarların səriştəsiz siyasəti Azərbaycanı fəlakətə sürükləyirdi. Qeyri-qanuni silahlı birləşmələr arasında tez-tez baş verən toqquşmalar vəziyyəti vətəndaş qarşıdurması həddinə gətirib çıxarırdı. Bakıda hakimiyyət uğrunda silahlı mübarizə gücləndikcə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazilərinin coğrafiyası genişlənir, xarici ölkələrlə münasibətlər gərginləşir, çoxmillətli respublika olan Azərbaycanın müxtəlif bölgələrində xarici qüvvələrin təhriki ilə separatizm meyilləri baş qaldırırdı. Belə çətin bir dönəmdə Azərbaycan xalqının kömək umduğu yeganə qüdrət sahibi yenə də məhz Ulu öndər Heydər Əliyev idi. Xalq öz Ümummilli liderini Azərbaycanı bu fəlakətlərdən xilas etməyə çağırırdı. Nəhayət, 1993-cü ilin iyununda Ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsinə çevrildi.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən başlayaraq həyata keçirdiyi qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində ölkədə özbaşınalığa, xaosa son qoyuldu. İctimai-siyasi sabitlik təmin edildi. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində danışıqların başlanması və cəbhə bölgəsində atəşkəsin əldə olunması insan tələfatının qarşısını aldı. Xarici dövlətlərlə, müvəqqəti hakimiyyətlər dövründə pozulmuş münasibətlər qaydaya salındı. Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafı, respublikamızın beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün məqsədyönlü tədbirlər görüldü.
1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasına nail olan Azərbaycan MDB məkanında Qərbin aparıcı neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət kimi Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Bu saziş təkcə ölkəmiz üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyətli sənəd kimi Azərbaycanda demokratik inkişaf proseslərinin başlanmasına böyük təkan verdi. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğu prosesinin təməlinə çevrildi. Azərbaycanda hakimiyyət bölgüsü müəyyənləşdi. İnsan hüquq və azadlıqları təmin edildi. Vətəndaş cəmiyyəti institutları formalaşdı. Azad bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi ölkənin gələcək iqtisadi inkişaf yolu kimi müəyyənləşdirildi, bu xətt qısa müddətdə özünü doğrultmağa başladı. Torpaq islahatı, dövlət mülkiyyətinə aid əmlakların özəlləşdirilməsi prosesi uğurla həyata keçirildi. Ölkə iqtisadiyyatında özəl sektorun rolu artdı, azad sahibkarlar sinfi formalaşdı.
Azərbaycanın beynəlxalq mövqeyi gücləndi, ölkəmizin suverenliyinə, demokratik inkişaf yoluna dəstək verən dövlətlərin sırası genişləndi. Respublikamız dünyanın nüfuzlu beynəlxalq qurumlarına tamhüquqlu üzv qəbul edildi. Ölkəmizdə yaradılan ictimai-siyasi sabitlik, əlverişli biznes mühiti bütün dünyada Azərbaycanın etibarlı tərəfdaş imicini formalaşdırdı. Respublikanın iqtisadi həyatının ən müxtəlif sahələrinə sərmayə axını başlandı. Azərbaycanın ideya müəllifliyi və yaxından iştirakı ilə qlobal əhəmiyyətli enerji-kommunikasiya layihələri reallığa çevrildi.
Ulu öndər Heydər Əliyev bütün bu nailiyyətlərlə Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönələ biləcək bütün təhdidlərin qarşısını aldı, müstəqilliyin əbədiliyini təmin etdi. Azərbaycanın siyasi taleyinin gələcəkdə hər hansı təsadüflərin asılılığına düşməsinə imkan vermədi. Azərbaycanda inkişaf proseslərinin ardıcıllığına, dönməzliyinə təminat yaradan məqsədyönlü strategiya müəyyənləşdirdi və əsası Ulu öndər tərəfindən qoyulmuş strategiya bu gün Heydər Əliyevin mənəvi-siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük əzmlə həyata keçirilməkdədir.
2003-cü ilin prezident seçkiləri ərəfəsində - tarixi taleyimizin məsuliyyətli günlərində xalqa müraciət edən Ulu öndər, cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü, respublikanın gələcək taleyi baxımından vacib olan bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına inandığını ifadə edərək demişdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Həmin seçkilər nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Ulu öndər Heydər Əliyev siyasi kursunun davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifarişə əsaslandığını sübuta yetirdi. Xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin qazandığı misilsiz nailiyyətlərin üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə təsdiqini tapmış bu siyasi kursun Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminat olduğunu bir daha sübuta yetirdi.
Prezident İlham Əliyev öz tükənməz enerjisi, quruculuq fəlsəfəsi ilə hakimiyyətdə varisliyin yeni, daha bitkin, konkret, əyani və universal modelini ortaya qoydu. Bu model qarşıdakı illərdə Azərbaycanın aqrar, sənaye, sosial-mədəni, humanitar, bir sözlə, bütün sferalarda kəskin keyfiyyət sıçrayışını nəzərdə tutduğu üçün xalqa çox yaxındır. Güclü, çevik və yüksək iş qabiliyyətli komandaya malik olan dövlət başçısı hökumət qarşısında duran prioritet vəzifələri düzgün müəyyənləşdirməklə yeni dövrün ən səciyyəvi cəhəti kimi, ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkdi və bunu reallığa çevirməyi bacardı.
Sosialyönümlü siyasət yeridən Prezident İlham Əliyev qəbul etdiyi fundamental qərarlarla, imzaladığı Fərman və sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sübuta yetirməkdədir. O, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq probleminin tam aradan qaldırılması istiqamətində effektiv nəticələrə hesablanmış cəsarətli addımlar atır.
Ümumiyyətlə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir, böyük nailiyyətlərə imza atır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə dünyanın inkişaf etmiş ölkələri sırasına çıxacaq.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1061 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30