Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “İdman ili”ndə qazanılan uğurlar Azərbaycanın nüfuzunu artırır

“İdman ili”ndə qazanılan uğurlar Azərbaycanın nüfuzunu artırır

21.12.2012 [03:06]

Ölkəmizin idman ictimaiyyətinin nümayəndələri 2012-ci ilin yekunlarını “Yeni Azərbaycan” qəzeti üçün dəyərləndiriblər
Başa çatmaqda olan 2012-ci il bütün sahələrdə ölkəmiz üçün uğurlu oldu. Xüsusilə, idmançılarımız il ərzində iştirak etdikləri müxtəlif beynəlxalq yarışlarda əldə etdikləri uğurlu nəticələrlə idman tariximizin yeni parlaq səhifəsini yazdılar. Azərbaycan idmançılarının Londonda qazandığı zəfərlər və Avropa Olimpiya Oyunlarının keçirilmə hüququnun ölkəmizə həvalə edilməsi bu ilə “möhürünü vuran” əsas idman hadisələrindəndir. Yeri gəlmişkən, idman mütəxəssislərimiz də “Yeni Azərbaycan”a açıqlamalarında 2012-ci ili yüksək dəyərləndiriblər.
Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev hesab edir ki, başa çatmaqda olan 2012-ci il idmanımız üçün çox uğurlu oldu: “İlin əvvəlindən dövlət başçısı İlham Əliyev tərəfindən 2012-ci il “İdman ili” elan edildi. İl ərzində idmançılarımız qazandıqları medallarla “İdman ili”nə öz töhfələrini vermiş oldular. Bu il ölkəmizin idman həyatı çox zəngin oldu. Bakıda bir-birinin ardınca dünya və Avropa çempionatları keçirildi. İlin əsas idman hadisələrindən bir kimi Bakıda 17 yaşa qədər qızlar arasında keçirilən futbol üzrə Dünya Çempionatını qeyd edə bilərəm. Şübhəsiz ki, bu ilin əsas idman hadisəsi Londonda keçirilən Yay Olimpiya Oyunları oldu. Azərbaycan Olimpiadada möhtəşəm uğura imza ataraq 10 medal qazandı. Bizdə belə bir ənənə vardı ki, idmançılarımız hər Olimpiya Oyunlarında əvvəlkinə nisbətən iki medal artıq qazanırdılar. Amma Prezident İlham Əliyevin idmana göstərdyi diqqət və qayğı nəticəsində Londonda idmançılarımız bu ənənəni bir qədər də yaxşılaşdırıraq əvvəlki Olimpiadaya nisbətən 2 yox, 3 medal artıq qazandılar. Dövlət başçımız da qeyd etdi ki, qazanılan medallarımızın sayı daha çox ola bilərdi, amma hakimlərin haqsızlığı buna imkan vermədi. Lakin idmançılarımızın qazandığı 10 medal ölkəmiz üçün böyük uğur idi. Bundan başqa ölkəmizdə güləş üzrə bir sıra nüfuzlu beynəlxalq yarışlar keçirilib, gənc idmançılarımız artıq öz sözlərini deməyə başlayıblar. Bütün bunlar Milli Olimpiya Komitəsinin prezidenti, dövlət başçımız İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub. Prezidentin siyasətinin nəticəsidir ki, Azərbaycanı dünyada idman ölkəsi kimi tanıyırlar, hörmət edirlər. Bu nüfuzun sayəsində Avropa Olimpiya Komitəsi ilk Avropa Olimpiya Oyunlarının keçirilməsi hüququnu Azərbaycana verdi. Bu, Azərbaycan idmanının qələbəsidir. Dövlət başçısı MOK-da idmançılarla keçirilən görüşdə də bildirdi ki, ölkəmiz Avropa Olimpiya Oyunlarını ən yükək səviyyədə keçirəcək. Həmin tədbirdə dövlət başçısı idmançılara qayğının bariz nümunəsi kimi onlara mənzillərin orderini, fəxri adlar təqdim etdi. Prezidentin Sərəncamı ilə fəxri ad alanlardan biri də mən oldum. Mənə verilmiş Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adına görə dövlət başçısına təşəkkür edirəm. Biz idmançılar daim Azərbaycan Prezidentinin bu etimadını doğrultmağa, ölkəmizin adını ucaltmağa çalışacağıq”.
Güləş üzrə Olimpiya çempionu, ikiqat dünya çempionu Fərid Mansurov da başa çatmaqda olan ili ölkəmiz üçün uğur il kimi dəyərləndirdi: “Bu uğuru idmançılarımızın beynəlxalq yarışlarda qazandığı medallar, ölkəmizdə keçirilən idman yarışlarının sayının ildən-ilə artması da təsdiqləyir. Bu il biz idmançılar üçün ikiqat əlamətdar oldu. Belə ki, daim idmançılara diqqət və qayğı göstərən Prezident İlham Əliyev tərəfindən 2012-ci il “İdman ili” elan edildi. İdmançılarımız ilin əvvəlindən iştirak etdikləri yarışlarda qazandıqları medallarla “İdman ili”ni xeyli zənginləşdirdilər. Bakıda bir-birinin ardınca beynəlxalq yarışlar keçirilir, ölkəmizin hər bir bölgəsində müasir Olimpiya İdman Kompleksləri inşa edilir. Bütün bunların hamısı Azərbaycanın idman ölkəsi olmasını təsdiqləyir. Bu inkişafın nəticəsidir ki, 2015-ci ildə Bakıda Avropa Olimpiya Oyunları keçiriləcək. Təkcə bu faktın özü Azərbaycanın idman ölkəsi olmasını təsdiqləmək üçün kifayət edir. Milli Olimpiya Komitəsində keçirilən son görüşdə də dövlətimizin başçısı bildirdi ki, ilin əsas idman hadisələrindən biri də London Olimpiadası və orada idmançılarımızın qazandığı 10 medal olub. Fikrimcə, London zəfəri “İdman ili”nə idmançılarımızın verdiyi qiymətli töhfə oldu. Dövlət başçısının idmançılarla tez-tez görüşməsi, onların problemlərini həll etməsi Azərbaycanda idmana göstərilən qayğıya bariz nümunədir. Bu dəfə də dövlət başçısı idmançıları fəxri adlarla, mənzillərlə mükafatlandırdı. Bu, bir daha təsdiqləyir ki, doğrudan da idman sahəsinin inkişafı dövlətin əsas prioritetlərindən birini təşkil edir. Bu gün Azərbaycanda yaradılan şərait, yeni tikilən idman kompleksləri gənclərin, yeniyetmələrin idmana axınını təmin edir ki, bu da dövlətin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bir sözlə, il ərzində görülən işlər, qazanılan medallar “İdman ili” olan 2012-ci ilin ölkəmiz üçün uğurlu olduğunu təsdiqləyir”.
Azərbaycanın şahmat üzrə yığma komandalarının baş məşqçisi Fikrət Sideifzadə qəzetimizə bildirdi ki, 2012-ci il idmanımız, xüsusilə də şahmatımız üçün uğurlu oldu: “Əsasən SOCAR şahmat klubunun Avropa Klublar Çempionatında qazandığı birinciliyi qeyd etmək istərdim. Bundan başqa, Teymar Rəcəbovun gələn ilin mart ayında 8 şahmatçı arasında keçiriləcək iddiaçıların yarışında iştirak üçün seçilməsi şahmatımız üçün uğur kimi qəbul edilməlidir. Şəhriyar Məmmədyarov da Şahmat Olimpiadasında uğurlu çıxış etdi və əmsalını artıraraq dünya reytinqində 9-cu pilləyə yüksəldi. Yığmanın digər üzvləri Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərli də bu il əmsallarını artırıblar. Xüsusilə, gənc nəsil şahmatçılarımızın yetişməsi bizim üçün böyük uğurdur. Azərbaycanda idman sürətlə inkişaf edir, bu kontekstdə şahmatımız da uğurlu illərini yaşayır. Azərbaycan dünyada yeganə ölkədir ki, şahmatın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilib. Bu, dövlət başçısı tərəfindən idmanın, şahmatın inkişafına göstərilən diqqətdir. Bu inkişafın nəticəsidir ki, 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun, 2016-cı ildə Şahmat Olimpiadasının Bakıda keçirilməsi ilə bağlı müvafiq sənəd imzalandı. Eyni zamanda, ölkəmizdə Şahmat Evinin inşası da nəzərdə tutulur. Bütün bunlar Azərbaycanda idmana dövlət tərəfindən böyük diqqət ayrılmasının nəticəsidir. Dövlət başçısı daim idmançıları diqqətdə saxlayır. Sevinirəm ki, Milli Olimpiya Komitəsində keçirilən görüşdə şahmatçımız Eltac Səfərliyə və Şahmat Federasiyasının üzvü İbrahim Məmmədova da mənzil verildi. Mənə isə Prezidentin fərdi təqaüdünün verilməsi ilə bağlı sənəd təqdim edildi. İdmançılara göstərdiyi bu diqqət və qayğıya görə Prezidentimizə təşəkkür edirəm”.
Beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, “Tərəqqi” medallı Məmməd Eyvazov vurğulayıb ki, ilin əvvəlində dövlət başçısı tərəfindən 2012-ci il “İdman ili” elan olunanda bu, idman ictiamiyyəti tərəfindən böyük sevinclə qarşılanıb: “İlin ən mühüm hadisəsi London Olimpiadası oldu. Azərbaycan idmançıları Londonda 10 medal qazanmaqla böyük uğur qazandılar. Dövlət başçısı da qeyd etdi ki, medal qazana bilməyən bəzi idman növləri ilə bağlı federasiyalar bundan nəticə çıxarmalıdırlar. Ona görə də, növbəti Olimpiadada medallarımızın sayının daha da çox olacağı gözlənilir. Cənab Prezident də MOK-da keçirilən tədbirdə qeyd etdi ki, idmançılarımız bu ili 700-dən çox medalla başa vururlar ki, bu medalların çoxu da olimpiya növlərində qazanılıb. Azərbaycanda idmanın inkişafını təsdiqləyən başqa bir amil isə bu günlərdə aldığımız xoş xəbər oldu. Avropa Olimpiya Komitəsi Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etdi. Bu, Azərbaycanda idmana göstərilən qayğı, ölkə idmanının inkişafının göstəricisidir. Dövlət başçısı İlham Əliyev 1997-ci ildə MOK-a prezident seçiləndən sonra ölkə idmanında yeni inkişaf mərhələsi başlayıb. Məhz Onun dəvətindən sonra xaricdə çalışan idman mütəxəssislərimiz vətənə qayıdaraq ölkə idmanının inkişafı üçün çalışmağa başladılar. Mən də Türkiyənin boks yığmasında çalışırdım və bu dəvətdən sonra ölkəyə qayıtdım. Bu gün Azərbaycan dövlət başçısının rəhbərliyi altında bütün sahələrdə uğurla inkişaf edir. İdman sahəsində qazandığımız uğurlar göz önündədir. Ölkəmizin hər bir bölgəsində müasir Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. İnanın ki, başqa dövlətlərdə idmana, idmançılara belə diqqət yoxdur. MOK-da keçirilən son tədbirdə 4 nəfərə Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adının verilməsi ilə bağlı dövlət başçısının Sərəncamı oxundu. Həmin fəxri adı alanlardan biri də mən oldum. 22 nəfərə yeni mənzillərin orderi təqdim edildi. Biz bu qayğıya görə dövlət başçımıza təşəkkür edirik”.
Boks üzrə yeniyetmələrdən ibarət yığma komandamızın baş məşqçisi Rasim Məmmədov: “Bu il idmanımız üçün çox əlamətdar oldu. İlin əsas idman hadisəsi olan London Olimpiadasında ölkəmiz parlaq nəticə göstərərək dünyada 30-cu, Avropada 15-ci, müsəlman ölkələri arasında isə 3-cü oldu. 10 medal qazanan ölkəmiz Olimpiya Oyunlarında rekord müəyyən etdi. Əgər hakimlər qərəzli olmasaydılar, medallarımızın sayı bir qədər çox, əyarı daha yaxşı ola bilərdi. Hamınız gördünüz ki, boks yarışında bizimkilərə qarşı ədalətsizlik etdilər və nəticədə boksçularımız iki bürünc medalla kifayətləndilər. Güləşçilərimiz, ağır atletlərimiz uğurlu nəticələrlə yadda qaldılar. Milli Olimpiya Komitəsində ilin yekunları ilə bağlı dövlət başçısının iştirakı ilə tədbir keçirilən gün boksçumuz Kalininqradda gənclər arasında Avropa çempionu oldu, ümumilikdə isə boksçularımız həmin yarışda ölkəmizə 4 medal qazandırdılar. Yeniyetmələr arasında istedadlı boksçularımız yetişir. Bütün bunların hamısı ölkədə idmanın inkişafını göstərən amillərdir. Azərbaycanda idman elə səviyyədə inkişaf edib ki, Avropanın tarixində ilk Olimpiya Oyunlarının keçirilməsi hüququ məhz bizim ölkəmizə həvalə olunub. Bu, Azərbaycan idmanının, bu sahənin inkşafını təmin edən dövlət başçımızın apardığı siyasətin qələbəsidir. Bu siyasətin nəticəsidir ki, ölkədə yeni idman obyektləri inşa edilərək idmançıların ixtiyarına verilir. Boks Federasiyası da bu işləri uğurla davam etdirməyə çalışır. Rayonlarda yeni-yeni boks zalları istifadəyə verilib, bir çoxunun inşası davam etdirilir. İnşallah gələn il Bakıda müasir Boks Zalı istifadəyə veriləcək. Bir sözlə, dövlətimiz idmaçılara daim diqqət göstərir. Elə MOK-da keçirilən son tədbirdə idmanımızın inkişafında xidmətləri olanlara fəxri adlar, diplomlar, yeni mənzillərin orderləri verildi. Yeni mənzil alanlar arasında mən də oldum. Buna görə dövlət başçımıza təşəkkür edirəm”.
Anar Miriyev

Paylaş:
Baxılıb: 1230 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30