Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Turizm ölkəmizdə qeyri-neft sektorunun inkişafında mühüm əhəmiyyət daşıyır

Turizm ölkəmizdə qeyri-neft sektorunun inkişafında mühüm əhəmiyyət daşıyır

10.01.2013 [01:28]

Azərbaycan dövləti bu sahənin inkişaf etdirilməsi istiqamətində çox ciddi layihələr reallaşdırır
Məlum olduğu kimi, paytaxt Bakı ilə yanaşı, respublikamızın regionlarında da müasir turizm obyektlərinin inşası ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılan əlverişli investisiya mühiti, eləcə də, Azərbaycana yüksək maraqdan irəli gəlir. Əlbəttə, turizmin inkişafı ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edib. Bu baxımdan, respublikanın şimal-qərb bölgəsində bir sıra mühüm strateji obyektlər, beynəlxalq tələblərə cavab verən otellər istifadəyə verilib. Xəbər verildiyi kimi, ötən il dekabrın 20-də Şahdağ qış-yay turizm kompleksinə daxil olan “Qaya”, “Zirvə” otellərinin açılışı olub. Prezident İlham Əliyev Qusar rayonuna səfəri çərçivəsində hər iki otelin açılışında iştirak edib.
Məlumdur ki, “Şahdağ” qış-yay turizm kompleksin yaradılması turizm sahəsindəki ən böyük layihələr sırasındadır. Şahdağ qış-yay turizm kompleksi Azərbaycanın tarixində ilk dağ-xizək kurortudur. Sözügedən layihənin reallaşdırılması ölkədə dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır. Kompleksin tikintisi çərçivəsində ərazidə yeni otellər şəbəkəsinin yaradılmasına xüsusi önəm verilib. İnşası başa çatdırılan otellərdə yaradılan şərait təsdiqləyir ki, son illərdə ölkəmizdə həyata keçirilən ən böyük infrastruktur layihələrindən olan bu kompleksin dünya standartlarına uyğun hazırlanması diqqət mərkəzindədir. Şahdağ qış-yay turizm kompleksinin inşası həm də Azərbaycanda prioritet hədəflərdən olan qeyri-neft sektorunun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, ölkəmizdə turizm sənayesinin inkişafına mühüm töhfə verməklə yanaşı, həm də Azərbaycanın tanıdılması, qədim tariximizin, mədəniyyətimizin və bənzərsiz təbiətimizin təbliği istiqamətində atılan mühüm addımlardan biridir. Bütün bu amillər Şahdağ qış-yay turizm kompleksinin dünya turizm sənayesində əhəmiyyətini daha da artırır.
Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir. Kompleksin inşasının növbəti mərhələlərində özəl sektorun da yaxından iştirakı nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənəcək Şahdağ qış-yay turizm kompleksinin tikintisinə hazırlıq işlərinə 2006-cı ildən başlanılıb, 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə həmin kompleksin təməli qoyulub. Şahdağ qış-yay turizm kompleksi Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşir. Tikintinin aparıldığı ərazi ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Bu turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdədir. Turizm kompleksinin əsas hissəsi isə dəniz səviyyəsindən 1440-1640 metr yüksəklikdəki yaylaqda yerləşir. Kompleksin 2058 hektar ərazisi var.
Məlumat üçün bildirək ki, kompleksə daxil olan və yeni istifadəyə verilən ikimərtəbəli “Zirvə” oteli əsas lift bazasında yerləşir. Burada üçü VİP olmaqla, bütövlükdə 40 nömrə fəaliyyət göstərəcək. Bütün nömrələrdə turistlərin istirahətinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Burada uşaqlar üçün ayrıca istirahət guşəsi də qurulub. Oteldə ofis otaqları ilə yanaşı, kafe, restoranlar, konfrans zalı, xizək məktəbi, tibb məntəqəsi, avtomobil dayanacağı və digər əyləncə obyektləri də var. Lift bazası kompleksə 2-3 günlük istirahətə gələn turistlər üçün nəzərdə tutulub. Bazada Prezidentin tapşırığına uyğun olaraq, uşaqların dağ-xizək idmanı ilə məşğul olmaları və əylənmələri üçün hərtərəfli şərait yaradılıb, turistlərin xizək enişinə çatdırılmaları üçün kanat yolları inşa olunub. Həmçinin, kompleksdə süni qaryağdırma sistemi də yaradılıb. Bunun üçün bütün enişlərdə qar generatorları quraşdırılıb. Bazada xüsusi avadanlıqdan qarın bərkidilməsində və xizək trassının lazımi səviyyəyə çatdırılmasında istifadə olunacaq. Kompleksə daxil olan 2 nömrəli kanat yolu və xizək enişi isə 2011-ci ilin yanvarında iştifadəyə verilib.
Kompleksə daxil olan digər üçmərtəbəli “Qaya” otelində isə turistlərin istifadəsinə 26 nömrə veriləcək. Burada xüsusi avtomobil dayanacağı yaradılıb. Oteldə restoran və fitnes mərkəzi də fəaliyyət göstərəcək. Bu oteldə yaradılan yüksək şərait Şahdağ qış-yay turizm kompleksinin əhəmiyyətini daha da artırır. Digər tərəfdən də, bu, ərazidə həyata keçirilən işlərin miqyasını göstərir.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, layihənin növbəti mərhələləri çərçivəsində yeni kanat yollarının salınması, qolf meydançası, müxtəlif klublar, kiçik mehmanxanalar, pansionat, Şahdağ Gənclər Mərkəzi, digər otellərin inşa olunması, ərazidə at fermasının fəaliyyət göstərməsi nəzərdə tutulub.
Dövlət başçısı, həmçinin, “Şahdağ Resort SPA” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Geniş əraziyə malik bu oteldə turistlərin istirahəti üçün ümumilikdə, 173 otağın olması nəzərdə tutulub ki, bunlardan 8-i lüks, üçü isə VİP otaqlardır. Oteldə 8 restoran, üç iclas zalı olacaq. Eyni zamanda, 1825 kvadratmetrlik SPA mərkəzindən əlavə, oteldə fitnes, türk hamamı, masaj otaqları da yaradılacaq. Burada tikinti işlərinin 70 faizi artıq başa çatdırılıb.
Ümumiyyətlə, respublikamızda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Artıq qeyd etdiyimiz kimi, turizmi ölkəmizin qeyri-neft sektorunda prioritet sahələrdən biri hesab edən Azərbaycan dövləti bu sahənin inkişaf etdirilməsinə xüsusi önəm verir. Turizmin inkişaf etdirilməsi sahəsində xüsusi dövlət proqramlarının təsdiq edilməsi bir daha bunu təsdiq edir.
Qeyd edək ki, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində ölkəmizdə turizmin inkişafı üçün münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilib. Həmçinin, Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi məqsədi ilə ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü tədbirlər həyata keçirilib. Bunlardan “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” da xüsusi əhəmiyyətə malikdir. Bununla yanaşı, Prezident İlham Əliyev ölkəmizin sürətli inkişaf tempini və həmin il bir neçə böyük infrastruktur layihələrinin tamamlanmasını nəzərə alaraq 2011-ci ili “Turizm ili” elan edib.
Beləliklə də, sahənin inkişafı ümumi daxili məhsulda turizmin payını artırmaqla həm də investisiya axınının güclənməsini şərtləndirib. Belə ki, dövlət əsaslı vəsait qoyuluşu hesabına ötən il nəqliyyat, İKT, turizm, kommunal, irriqasiya, energetika, ekologiya və digər sahələrin inkişafına ümumilikdə, 5,9 milyard, o cümlədən, sosialyönümlü layihələrə 1,7 milyard manat investisiya qoyulub. Nəticədə ötən il ərzində dünyada turizmin inkişaf tempi 5-6 faiz təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 14 faiz olub.
Hazırda Azərbaycanda 508 mehmanxana fəaliyyət göstərir. Müqayisə üçün bildirək ki, 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövr ərzində onların sayı xeyli artıb. 2010-cu ildə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 210, mehmanxana və mehmanxana tipli obyektlərin sayı 499-a çatıb. Azərbaycana gələn xarici turistlərin sayı isə 2002-ci ildə 576 min təşkil edirdisə, 2010-cu ildə bu rəqəm 1494725 nəfərə çatıb, daxili turizm bazarında 15 faiz artım olub. Bu ilin 7 ayında Azərbaycana gələn turistlərin sayı isə əvvəlki illərlə müqayisədə təxminən 25-30 faiz artıb. İlk dəfə olaraq Azərbaycana gələn qonaqların sayı 2 milyonu keçib və 2 milyon 134 min nəfər təşkil edib. Bakıda keçirilmiş “Eurovision-2012” beynəlxalq mahnı yarışması turistlərin ölkəyə gəlməsini daha da sürətləndirib. Xaricdən Azərbaycana gələn və yerli turistlər daha çox Xaçmaz, Qəbələ, Quba, Qusar, İsmayıllı, Lənkəran və Masallı zonalarında istirahət etməyə üstünlük verirlər.
Təbii ki, Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi regionların infrastruktur cəhətdən inkişafını da təmin edir. Xüsusilə, şimal-qərb bölgəsinin turizm potensialının çox güclü olması ilə əlaqədar olaraq gələcək inkişafı ilə bağlı konkret proqramlar və təkliflər irəli sürülüb. Məhz bu məqsədlə Bakıdan sərhədə qədər bütün rayonlarda - Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarında müasir turizm obyektləri, mehmanxanalar, kempinqlər, istirahət zonaları tikilməkdədir, infrastruktur yenilənir ki, bu proses daxili və xarici turizmin inkişaf etdirilməsi istiqamətində mühüm addımdır.
Bununla yanaşı, “Şahdağ” kurort mərkəzi dünya standartlarına cavab verməsinə nail olmaq, ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhalinin yeni iş yerləri ilə təmin olunmasında birbaşa rol oynayacaq. Təsadüfi deyil ki, hələ ilin əvvəllərində kompleksdə tikinti işlərinin gedişi ilə tanış olan dövlət başçısı 2012-ci ildə kompleksin fəaliyyətini təmin etməyə qadir olan infrastruktur kimi tamamlanacağını bildirib: “Təbii ki, bu, rayonun inkişafına çox böyük təkan verəcək, yüzlərlə, bəlkə minlərlə yeni iş yerləri açılacaq və Qusar rayonu Azərbaycanın turizm mərkəzinə çevriləcəkdir. Biz bu layihəni bir neçə il bundan əvvəl başlamışdıq. Onu da demək istəyirəm ki, layihə mənim təşəbbüsümlə başlamışdır. Vaxtaşırı o tikinti ilə maraqlanıram. Bir daha demək istəyirəm ki, bu tikintini dünyanın qabaqcıl tikinti və dizayn şirkətləri aparır və ən gözəl xizək mərkəzinə çevriləcəkdir”.
SEVİNC

Paylaş:
Baxılıb: 1073 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30