Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Avropa Olimpiya Oyunlarını keçirməyə hazırdır

Azərbaycan Avropa Olimpiya Oyunlarını keçirməyə hazırdır

11.01.2013 [02:58]

Prezident İlham Əliyev: Mən əminəm ki, biz bu oyunları yüksək səviyyədə keçirəcəyik
Kimsəyə sirr deyil ki, 2012-ci il bütün sahələrdə ölkəmiz üçün uğurlu il kimi yadda qalacaq. Çünki ötən il ərzində Azərbaycanın iqtisadi imkanları, həmçinin, siyasi nüfuzu, maliyyə resursları daha da artıb. Ən əsası, ötən il ölkəmizin inkişafından qaynaqlanaraq vətəndaşların həyat şəraiti xeyli yaxşılaşıb. Heç şübhəsiz, Azərbaycanın ümumi inkişafından idmana da pay düşüb.
Belə ki, dövlət başçısı tərəfindən “İdman ili” elan edilən 2012-ci il idman uğurlarımızın qazanılması ilə zəngin olub. Ümumiyyətlə, son illərin statistikası göstərir ki, ölkəmizdə hər il idman sahəsində qazanılan uğurlar, nailiyyətlər bir qədər də artıb. Bu isə Prezident İlham Əliyevin rəhbərliyi ilə sözügedən sahədə həyata keçirilən uğurlu siyasətlə bağlıdır. Dövlət başçısı idman sahəsini xüsusi diqqətdə saxlamaqla bu sahədə böyük irəliləyişlərin əldə olunmasını təmin edib. Prezidentin həyata keçirdiyi siyasət bu gün Azərbaycanı dünyanın idman mərkəzlərindən, Bakını isə il ərzində bir-birini əvəzləyən nüfuzlu beynəlxalq idman yarışlarının keçirildiyi idman paytaxtlarından birinə çevirib. Bu siyasət ölkəmizin hər bir bölgəsinin müasir Olimpiya İdman Kompleksləri, müasir idman qurğuları və bazaları ilə əhatələnməsinə səbəb olub.
Dövlət başçısının bu siyasəti öz növbəsində idmanın ətrafında böyük bir yeniyetmə və gənclik ordusu cəmləşdirib. Hazırda ölkəmizdə fiziki və mənəvi cəhətdən sağlam nəsil kimi yetişən müasir gənclik üçün idman həyat tərzidir. Müasir idman bazalarının yaradılması, idman sahəsində əldə edilən parlaq qələbələr gənc nəsli idmana bir qədər də meyilləndirir. Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasətin özəlliklərindən biri də elə budur. Yəni, idmanı həyat tərzinə çevirəcək səviyyəyə çatdırmaqla bu sahədə nəsillərin bir-birini əvəzləməsini təmin etməyə şərait yaratmaq. Biz artıq bu hədəfə çatıldığının şahidiyik. Belə ki, böyüklərlə yanaşı, gənclər və yeniyetmələr arasında keçirilən yarışlarda ölkəmizin təmsilçilərinin qazandığı uğurlar gələcək üçün böyük ümidlər vəd edir. Elə “İdman ili” elan edilən 2012-ci ildə parlaq nəticələr göstərmiş idmançılarımızın yaş ortalaması gənc nəslin bu sahəyə axınına bariz nümunədir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev də vurğulayıb ki, fiziki cəhətdən sağlam olan insanlar, adətən mənəvi cəhətdən də böyük keyfiyyətlərə malikdirlər: “İdmanın kütləviliyinin təmin edilməsi üçün Olimpiya Oyunlarında uğurlar çox böyük rol oynayır. Çünki bu, gəncləri, uşaqları idman bölmələrinə gətirmək üçün həvəsləndirici bir amildir. Biz görürük ki, hər uğurdan, Olimpiya Oyunlarında əldə edilmiş hər qələbələrdən sonra idman bölmələrinə uşaqların axını güclənir. Biz doğrudan da, elə etməliyik ki, hər bir gənc idmanla məşğul olsun. Şərt deyil ki, o mütləq idmançı olsun. Amma sağlamlığı möhkəmləndirmək, fiziki mədəniyyəti qaldırmaq üçün mütləq idmanla məşğul olmaq lazımdır. Mən bütün gəncləri bir daha bu kürsüdən idmanla məşğul olmağa səsləyirəm. İndi demək olar ki, hər bir yerdə idmanla məşğul olmaq üçün imkanlar vardır. Fiziki cəhətdən sağlam olan insanlar, adətən mənəvi cəhətdən də böyük keyfiyyətlərə malikdirlər. Mən çox şadam ki, idmançılarımız məişətdə də, yəni, adi həyatda da öz davranışları ilə gənclər üçün nümunədirlər”.
Bir daha vurğulamaq yerinə düşər ki, ümumilikdə, 2012-ci il idmançılarımız üçün çox uğurlu oldu. İdmançılarımızın 700-dən çox medal qazanmasını xatırlatmaq ötən ilin uğurlu olmasını isbatlamaq üçün yetərlidir. Bu sırada güləşçilərimizi xüsusi olaraq qeyd etmək lazımdır. Çünki London Olimpiadasında da böyük uğur qazanmış Azərbaycan güləşçiləri ötən il ərzində iştirak etdikləri beynəlxalq yarışlarda ölkəmizə toplam 216 medal qazandırıblar. Bir sözlə, dövlət başçısının da qeyd etdiyi kimi, idmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil ediblər: “İlin idman yekunlarına gəldikdə, hamımız görürük ki, 2012-ci il idmançılarımız üçün çox uğurlu il olmuşdur. Təsadüfi deyildi ki, biz 2012-ci ili idman ili elan etmişdik. Bu, idmana dövlət tərəfindən olan diqqətin təzahürüdür. Eyni zamanda, biz doğrudan da, ilin əvvəlində bu qərarı verərkən idmançılardan qələbələr, uğurlar gözləyirdik. İdmançılar ümidlərimizi doğrultdular. 2012-ci ildə idmançılar tərəfindən müxtəlif beynəlxalq yarışlarda 700-dən çox medal qazanılmışdır. Onlardan 255-i qızıl medaldır. İdmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil etmişlər”.
Şübhəsiz ki, 2012-ci ilin əsas idman hadisəsi Londonda keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandığı böyük zəfər oldu. Belə ki, idman tariximizdə ilk dəfə olaraq 10 medal qazanılması Azərbaycanın dünya idmanı və beynəlxalq olimpiya hərəkatındakı mövqelərini bir qədər də möhkəmləndirdi. “İdman ili”ndə və Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyini qeyd etdiyimiz 2012-ci ildə bu uğurların qazanılmasının xüsusi əhəmiyyəti var. Yəni, görünən odur ki, 20 il ərzində Azərbaycan dünya olimpiya ailəsinin ən fəal üzvlərindən birinə çevrilməklə dünyada olimpizm ruhunun yayılmasında, olimpiya ideyalarının təbliğində aktiv rol oynayan dövlətlər sırasında öncül yerlərdən birini tutur. Dövlət başçısının rəhbərlik etdiyi Milli Olimpiya Komitəsinin fəaliyyəti Beynəlxalq Olimpiya Komitəsində həmişə nümunə kimi təqdim edilir. Nümunəvi işin və əldə edilən uğurların məntiqi nəticəsi olaraq Azərbaycan artıq Avropanın tarixində ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarının ev sahibi hüququnu qazanması ilə öyünə bilər. Avropa Olimpiya Komitəsinin qitədə ilk dəfə keçiriləcək və Yay Olimpiya Oyunlarından sonra ikinci nəhəng yarışın təşkil edilməsi hüququnu Azərbaycana verməsi ölkəmizdə idmanın inkişafına verilən qiymətin nəticəsidir. Bu, həm də Azərbaycanın siyasi sabitliyinin, təhlükəsiz dövlət olmasının, iqtisadi inkişafının məntiqi nəticəsidir. Azərbaycanın inkişaf səviyyəsi elədir ki, ölkəmiz istənilən beynəlxalq yarışı qəbul etmək iqtidarındadır.
Yəni, son illər ərzində dövlət başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. Buna paralel olaraq, ölkəmizdə nəhəng abadlıq-quruculuq işləri, müasir infrastruktur yaradılması işləri həyata keçirilir. Məhz dövlət başçısının uzaqgörənliklə düşünülmüş siyasətinin nəticəsidir ki, Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə qəbul etmək iqtidarındadır. Onu da vurğulamaq yerinə düşər ki, Avropa Olimpiya Komitəsinin ekspert qrupu qərar qəbulundan öncə Bakını ziyarət etmiş və yerində yoxlamalar aparmışdılar. Ekspert qrupu Bakıda olarkən hazırda istifadədə olan idman obyektlərinə baş çəkmiş və tikintisi davam edən idman arenaları ilə tanış olmuşdular. Onlarda yaranan əminlik və təqdim etdikləri müsbət rəy Avropa Olimpiya Komitəsinin müsbət qərarında böyük rol oynadı. Bu gün ölkəmiz hazırda istifadədə və tikilməkdə olan idman infrastrukturu ilə dünyanın lider ölkələri sırasında dayanır. Yeri gəlmişkən, müddət gün öncə dövlət başçısının iştirakı ilə Azərbaycan Voleybol Federasiyasının “Azəryol” voleybol klubunun yeni inzibati binasının, voleybol meydançasının və “Azəryol” hotelinin açılışı olub. Bu arenada Avropa Olimpiya Oyunlarının voleybol yarışlarının keçirilməsi nəzərdə tutulub. Hazırda inşası davam etdirilən Olimpiya stadionu, Su İdmanı Sarayı, Gimnastika Mərkəzi, Cüdo Kompleksi, Boks Zalı ilə ölkəmiz nəinki Avropanın Olimpiya Oyunlarına, eləcə də, Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər. Azərbaycan addım-addım bu hədəfə doğru irəliləyir. Avropa Olimpiya Oyunları bu hədəfə çatmada ən böyük sınaqlardan biri olacaq. Prezident İlham Əliyev MOK-da ötən ilin idman yekunları ilə bağlı keçirilən tədbirdə vurğulayıb ki, ölkəmiz bu yarışı yüksək səviyyədə keçirəcək: “Əlbəttə, biz istəyirdik ki, Azərbaycanda belə böyük mötəbər tədbir keçirilsin və fikirləşirdik ki, bu tədbirin keçirilməsi üçün bizdə güclü idman infrastrukturu olmalıdır. Ancaq bu tədbirin keçirilib-keçirilməməsindən asılı olmayaraq, biz bu idman qurğularını onsuz da yaratmalı idik və yaradırıq. Ancaq artıq idman infrastrukturumuz belədir ki, biz istənilən oyunları burada keçirə bilərik, xaricdən gələn istənilən sayda idmançıları burada yerləşdirə bilərik. Bakıda son iki il ərzində istifadəyə verilmiş yeni mehmanxanalar, istirahət zonaları, idman qurğuları, əlbəttə ki, bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Çünki bu qərarın qəbul edilməsindən əvvəl, əlbəttə, qiymətləndirici missiya da göndərilmişdir. Avropa Olimpiya Komitəsinin üzvləri Bakıya gəlmiş, vəziyyətlə tanış olmuşlar. Bu qərarın qəbul edilməsi bu amillərin əsasında mümkün olmuşdur. Mən tam əminəm ki, bizim uğurlu çıxışlarımız, idmançılarımızın qələbələri, xüsusilə London Yay Olimpiya Oyunlarındakı qələbələr bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Mən əminəm ki, biz bu oyunları yüksək səviyyədə keçirəcəyik”.
Anar Miriyev

Paylaş:
Baxılıb: 1217 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30