Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hər bir Azərbaycan əsgəri dövlətimiz və xalqımız üçün dəyərlidir

Hər bir Azərbaycan əsgəri dövlətimiz və xalqımız üçün dəyərlidir

17.01.2013 [02:28]

Prezident İlham Əliyev: Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar. Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm
Öz Vətənini qoruyan, dövlətinin sərhədlərində keşik çəkən hər bir Azərbaycan əsgəri bu xalqın, bu məmləkətin əziz övladıdır. Hələ 1990-cı illərin əvvəllərində ermənilərin ölkəmizə qarşı təcavüzünə sinə gərən oğullarımız, şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımız, torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimiz öz görəvlərini bu xalqın gələcəyi olan gənc nəslə etibar etdilər. Həm də bu baxımdan, hər bir Azərbaycan əsgəri öz Vətəni, öz xalqı, öz torpağı üçün çox əziz və qiymətlidir. Çünki hər bir Azərbaycan əsgəri bu torpaq üçün bir sipərdir...
Bir müddət öncə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində dünyasını dəyişmiş əsgərimiz Ceyhun Qubadov da öz xalqının, Vətəninin igid əsgərlərindən idi. Baş vermiş hadisə bütünlüklə Azərbaycan xalqını sarsıtdı və əsgərimizin vəfatı olduqca böyük üzüntü, kədər yaratdı. Bu hadisədən sonra bütünlüklə cəmiyyət məsələ ilə bağlı ictimai etiraz nümayiş etdirdi, Azərbaycan dövləti və hökuməti məsələyə operativ müdaxilə etdi. Bunun nəticəsi olaraq baş vermiş hadisə araşdırıldı. Bu, bir daha sübut etdi ki, hüquqi dövlət olan Azərbaycan Respublikası hər bir məsələnin araşdırılmasında hüquqa söykənir və kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, hər hansı bir məsələdə günahı və ya məsuliyyəti olan şəxs cəzadan qaça bilməz...
Xatırladaq ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun 7 yanvar 2013-cü il tarixdə ölümü ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Əsgər Ceyhun Qubadovun ölümü ilə əlaqədar bir neçə yüksəkrütbəli zabit barəsində vəzifə səlahiyyətlərini lazımi səviyyədə yerinə yetirmədiklərinə görə təsirli tədbirlər görülüb-korpus rəhbərliyi ciddi cəzalandırılıb, briqada komandirinin rütbəsi bir pillə endirilib, briqadanın qərargah rəisi tutduğu vəzifədən azad edilib. Tabor komandiri, taborun qərargah rəisi və bölük komandirinin rütbələri də bir pillə aşağı salınıb. Bundan başqa, əsgərin ölümü ilə bağlı iki nəfər həbs edilib.
Azərbaycan dövləti hər bir əsgərimizin təhlükəsizliyinin qarantıdır
Bir daha vurğulamaq vacibdir ki, əsgərimizin dünyasını dəyişməsi Azərbaycan xalqı üçün böyük itkidir. Azərbaycan dövləti əsgərin ölüm faktı ilə bağlı məsələyə operativ müdaxilə etdi və prosesi nəzarətə götürdü.
Bu faktın baş verməsində məsuliyyəti olan şəxslər hüquqi-mənəvi cəzalarını alırlar. Dövlətimizin məsələyə müdaxiləsi və aparılan ilkin araşdırmalar nəticəni xalqımıza nümayiş etdirdi. Bu isə onu göstərir ki, Azərbaycan dövləti hər bir əsgərinin hüququnu qoruyur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü və təminatlı ordusuna çevrilən Azərbaycan ordusunun hər bir əsgəri öz dövlətinin təminatı altındadır. Azərbaycan xalqının, Vətənimizin keşikçisi olan Azərbaycan əsgərinə verilən dəyər olduqca yüksəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bildirib ki, ordu quruculuğu işində, əlbəttə, təkcə maddi-texniki təchizat rol oynamır, eyni zamanda, peşəkarlıq və nizam-intizam da öz rolunu oynayır: “Həm peşəkarlıq, həm nizam-intizam artmalıdır. Ordu cəmiyyətin bir parçasıdır. Orduda xidmət edən vətəndaşlar cəmiyyətin üzvləridir. Hər bir sahədə olduğu kimi, orduda da qüsurlar, nöqsanlar ola bilər. Ən önəmli məsələ ondan ibarətdir ki, bu nöqsanlar və qüsurlar vaxtında aşkarlanır və dövlət tərəfindən ciddi ölçülər götürülür. Biz gələcəkdə də ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkarlığın, nizam-intizamın artırılması istiqamətində siyasətimizi aparacağıq. Bu gün bizim ordumuz Cənubi Qafqazda aparıcı hərbi qüvvədir. Bizim ordumuz böyük nailiyyətlərə çatıbdır. Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar. Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm. Azərbaycan xalqı da buna imkan verməyəcəkdir və ordumuza kölgə salmaq istəyən ünsürlərə öz layiqli cavabını verəcəkdir və verir”.
Çox təəssüf ki, bu gün Azərbaycan ordusuna qara yaxmaq, kölgə salmaq cəhdləri etmək istəyənlər tapılır. Baş verən hadisəyə dövlətin və cəmiyyətimizin adekvat münasibət nümayiş etdirməsinə baxmayaraq, baş verən tək-tək hadisəni tendensiya kimi qələmə vermək istəyənlər tapılır. Nəzərə almaq lazımdır ki, bu hadisə hansı şəraitdə baş verməsindən asılı olmayaraq tendensiya deyil. Təbii ki, bu məsələni siyasiləşdirərək şişirtməyə çalışan bəzilərinin məqsədləri bəllidir. Onlar xalqımızın, Vətənimizin müdafiəçisi olan Azərbaycan ordusunun imicinə zərbə vurmağa çalışırlar. Bu cür milli maraqlara zidd mövqe nümayiş etdirmək, Azərbaycan ordusu haqda yalanlar yaymağa çalışmaq, əks-təbliğat aparmağa cəhd göstərmək isə düşmən dəyirmanına su tökməkdir. Çünki birmənalı şəkildə heç kim ordunu qaralaya və “qırmızı xətti” keçə bilməz. Əgər hər hansı bir hadisə baş veribsə belə bundan sonra bu cür hadisələrin baş verməməsi üçün çalışılmalıdır. Birmənalı şəkildə dərk olunmalıdır ki, orduya qarşı aparılan yalan və səhv təbliğat yolverilməzdir.
Milli mətbuat Milli Orduya qarşı ola bilməz
Maraqlıdır ki, bəzi antimilli dairələrin maraqlarına xidmət göstərən yalan səylər ən çox müxalifətyönlü mətbuat səhifələrində özünə yer tapır. Artıq bir neçə gündür ki, hər nömrəsində Azərbaycan ordusu haqda yalan təbliğata geniş “yer” verən müxalifət mətbuatı bununla nəyə nail olmaq istəyir? Axı, hər addımda, dövlətimizin və xalqımızın keşiyində rəşadətlə dayanan Azərbaycan ordusunu hər fürsətdə qaralamağın, onunla bağlı yalan təbliğat aparmağın yolverilməzliyi bu insanların özünə də məlumdur. Onların bu addımı birbaşa milli maraqlara zidd olması ilə yanaşı, həm də müharibə şəraitində olan Azərbaycanın düşmənlərinin “əlinə oynamaqdır”. Belə yalanlarla gəncləri, çağırışçı-əsgər yaşı çatan insanlar arasında gərginlik yaratmağa çalışılması birmənalı şəkildə yolverilməzdir və bu, xalqa, dövlətə, Vətənə xəyanətdir.
Azərbaycan ordusunu qaralamağa çalışan belə insanlar görəsən öz yalanlarını tirajlamağa çalışanda bir anlıq düşünürlərmi ki, belə tək-tək hadisələrdən çirkin məqsədlər üçün istifadə etmək Azərbaycan ordusunun simaları olan Mübariz İbrahimov, Fərid Əhmədov və digər igid, qəhrəman övladlarımızın ruhuna hörmətsizlikdir. Axı, Azərbaycan ordusunun hər bir əsgəri xalqımız üçün dəyərli və qiymətlidir. Axı, hər bir Azərbaycan əsgəri Vətən üçün sipər, düşmənə qarşı döyüşən qəhrəmandır.
Azərbaycan mətbuatı vahid bir tamdır. Bu baxımdan, imkan vermək olmaz ki, düşmən Ermənistanın mətbuatı bizim bəzi mətbu orqanları özünə “mənbə” edib, bu yalanlardan istifadə etsin. Ermənilər hər zaman Azərbaycan ordusunun mütəşəkkilliyinə, nizam-intizamına, maddi-texniki təchizatına, o cümlədən, oğullarımızın igidliyinə, qəhrəmanlığına həsədlə baxıb. Cənubi Qafqazın ən mütəşəkkil ordusu olan Azərbaycan ordusu haqqında hər hansı yalanı yaymaq üçün ermənilər dəridən-qabıqdan çıxırlar. Bu baxımdan, onlar üçün yalandan “mənbə” rolunu oynamaq milli maraqlara zidd addımdır.
Xalqın kədərini siyasi “şou”ya çevirmək yolverilməzdir və ya fədakar əsgər anası dövlətinin və xalqının milli maraqlarının qoruyucusudur
Yenə də baş verənlərdən öz cılız siyasi məqsədləri üçün istifadə etməyə çalışanlar tapılır. Fərqli dairələrin sifarişlərini yerinə yetirən bəzi insanlar, o cümlədən, adını müxalifət qoyan təşkilatlar baş vermiş hadisəni siyasi müstəviyə çəkərək öz çirkin məqsədlərində bundan istifadə etməyə çalışıblar. Əsgər ölümünü öz siyasi şoularının tərkib hissəsinə çevirməyə çalışanlar yenə də “iş başındadırlar”. Görünən budur ki, anti-azərbaycançı dairələrin təsiri altında olanlar özlərini reklam etmək üçün ən çirkin yollara belə əl atırlar. Dövlətin hadisə ilə bağlı cinayət işi açdığını, o cümlədən, hadisədə hüquqi məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını nəzərə alsaq, hər zaman ölkəmizin milli-maraqlarını zərbə altına atmağa çalışanların siyasi çağırışlar etməsini yalnız və yalnız şəxsi maraqlardan irəli gələn addım kimi dəyərləndirmək olar.
Vəfat etmiş əsgərimizin anası Samirə Qubadova da ictimaiyyətə müraciət edərək bu cür siyasi məqsədli çağırışlara və təxribatlara son qoymağa çağırıb. Əsgərimizin anası, öz müraciətində bildirib ki, “Azərbaycan xalqına, Azərbaycan gənclərinə müraciət edərək ailəmizə üz vermiş ağır faciə - oğlum Ceyhun Qubadovun ölümü ilə əlaqədar kədərimizi bölüşdüyünüzə görə hər birinizə səmimi minnətdarlığımı bildirirəm. Mən Azərbaycan dövlətinə, onun Prezidenti İlham Əliyev cənablarına inanıram və ümidvaram ki, oğlumun ölümü ilə əlaqədar başlanmış cinayət işi obyektiv araşdırılacaq və bu işdə təqsiri olan bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmaqla, layiqli cəzalarını alacaqlar. Bu hadisə ilə əlaqədar müxtəlif vəzifəli şəxslər tərəfindən qəbul olunmuşam. Mənə və ailəmizə verdikləri mənəvi dəstəyə və kədərimizi bölüşdüklərinə görə həmin şəxslərə, eyni zamanda, Milli Məclisin üzvlərinə dərin təşəkkürümü bildirirəm. Mənə və ailəmizə dövlətimizin və hökumətimizin dəstəyi yetərlidir. Mənim kədərimdən, mənim qüssəmdən heç kəsin sui-istifadə etməsinə ixtiyarı yoxdur. Xahiş edirəm bu hadisədən siyasi məqsədlər üçün istifadə olunmasın və bununla bağlı hər hansı aksiyanın keçirilməsinin tamamilə əleyhinəyəm”.
Amma şəhid anasının bu çağırışına və dövlətin bu hadisənin obyektiv araşdırılması üçün ortaya qoyduğu iradəyə baxmayaraq, bəzi təxribatçılar yenə də öz əməllərindən əl çəkmədilər. Bəzi insanlar yanvar ayının 12-də aksiya keçirməyə cəhd göstəriblər. Fədakar, vətənpərvər əsgər anasının bu mövqeyinə hətta təhqirlə yanaşanlar da tapılır. Bəziləri öz xislətlərinə uyğun olaraq hər şeyi bazar münasibəti ilə müəyyənləşdirməyə çalışdığını ortaya qoydu. Əsgər anası onun və o cümlədən, bütün Azərbaycanın övladı Ceyhun Qubadovla bağlı məsələdən siyasi spekulyasiya vasitəsi kimi istifadə olunmasına imkan vermədi. Antimilli qüvvələrin sifarişçilərinin arzularını ürəklərində qoyduğu üçün onlar növbəti hədəf kimi bu fədakar ananı seçdilər.
Bu fakt bir daha onu göstərir ki, bəzi insanlar üçün dəyər anlayışı artıq sıradan çıxıb. Xalqının kədərindən, bir ananın dərdindən, baş vermiş hadisədən siyasi məqsədləri üçün istifadə edənlər artıq anlamalıdırlar ki, bu cür hərəkətlər həmin insanları Azərbaycan cəmiyyətinə “daha yaxından tanıtdırır”. Onlara qarşı nifrət zaman keçdikcə daha da böyüyür.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1017 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30