Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev ideyaları müstəqil Azərbaycan dövlətinin inkişafını təmin edir

Heydər Əliyev ideyaları müstəqil Azərbaycan dövlətinin inkişafını təmin edir

14.02.2013 [01:35]

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də xalqımızın Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ulu öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin təşəkkülünün, milli-mənəvi dəyərlərə qayıdışın, elmin, təhsilin, mədəniyyətin inkişafının əbədi surətdə Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanan Sərəncamda diqqətə çatdırılır ki, respublikamızın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi məhz Ümummilli liderin xidmətləridir. Sərəncamda qeyd olunur ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkəmizin dünya iqtisadiyyatına uğurla inteqrasiyası, milli ordumuzun formalaşması və Cənubi Qafqazda aparıcı hərbi qüvvəyə çevrilməsi, ana dilimizin dövlət dili kimi tətbiqi, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsi, mədəniyyətimizin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin və müdrikliyinin məntiqi nəticəsidir. Ümummilli liderin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursunun müəyyənləşdirildiyinin, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlərin qurulduğunun bildirildiyi Sərəncamda deyilir ki, Ulu öndər Böyük İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və dözümlülüyün məkanı kimi tanıdıb.
Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporunun təşkilatlandığı, inkişaf etdiyi vurğulanan Sərəncamda diqqətə çatdırılır ki, Ulu öndər XX əsrdə totalitarizmin ölkəmizə qarşı törətdiyi faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi təcavüz kimi qiymətləndirib.
Sərəncamda deyilir: “Mövcud siyasi, iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün - 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə vermişdir”.
Sərəncama əsasən, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətləri nəzərə alınaraq, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində geniş qeyd edilməsi qərara alınıb.
Ümumiyyətlə, fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edən, Azərbaycan torpağının, dövlətinin, xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışan, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan bütün addımları atan Ümummilli liderimiz Heydər Əliyev bəşər tarixində hər hansı bir dövlətin başçısının öz ölkəsi üçün edə bilmədiklərini Azəbaycan üçün reallığa çevirdi. Tarix geri dönmür, ancaq təkrar olunur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixi şərait bir qədər başqa məzmunda, lakin daha əlverişli formada əsrin sonuncu on illiyində yenidən təkrarlandı: SSRİ-nin dağılmasının nəticəsi olaraq, digər müttəfiq respublikalarla yanaşı, Azərbaycan da öz müstəqilliyini elan etdi: 1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə, müstəqilliyini elan və həm də bərpa etdi. Bu aktla, Azərbaycan xalqı imperiya zəncirindən rəsmən azad olsa da, ürəyində həmişə yaşatdığı, həsrətini çəkdiyi azadlıq ideallarına qovuşsa da, dövlət müstəqilliyinin qorunub saxlanılması Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı ilə reallaşdı. 1991-1992-ci illərdə, o cümlədən, 1993-cü ilin birinci yarısında ölkəmizdə yaranan vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək fəaliyyətdə və inkişafda olan hər bir şeyi dağıtdılar. Anarxiya və qanunsuzluqlar dövrü kimi qiymətləndirilən həmin dövrdə Azərbaycan dövlətçiliyi ciddi təhlükələrə məruz qaldı. Öz xalqına qarşı ağır cinayətlər törətmiş Vəzirov və Mütəllibovun xəyanətkar əməlləri, özbaşınalığa rəvac verən AXC-Müsavat hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti nəticəsində, məhz Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə ölkə rəhbəri olduğu dövrdə yaradılan iqtisadi potensial, demək olar ki, tam dağıdıldı, milli sərvətlərimiz talan edildi. “AXC-Müsavat” rəhbərliyi ölkə hakimiyyətini əldə saxlamaq üçün qanunsuz silahlı dəstələrin yaradılmasına rəvac verdilər. Bu, sonradan Azərbaycanda separatizm meyillərinin güclənməsinə əlverişli şərait yaratdı.
Daxili və xarici düşmənlərin ölkəni parçalamaq planları artıq yavaş-yavaş öz işini görməkdə idi. Bir tərəfdən Ermənistanın və onun havadarlarının ölkəmizə qarşı elan olunmamış müharibəsi, digər tərəfdən hakimiyyətdə olan qüvvələrin təhriki ilə separatizmə rəvac verilməsi ölkədə vətəndaş qarşıdurması yaratmışdı. Ölkəni fəlakətdən, yaranmış bu ağır vəziyyətdən ancaq Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin qətiyyəti və iradəsi xilas edə bilərdi, məhz Onun ən çətin şəraitdə düzgün olan yeganə yolu seçmək bacarığı nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtula, müstəqil dövlətçiliyini qoruyub saxlaya bilərdi. 1993-cü il iyunun 15-də Ulu öndərimiz Heydər Əliyevin Bakıya gələrək dövlətçiliyi və müstəqilliyimizi xilas etdiyinə görə, həmin gün xalqın tələbi ilə milli bayram kimi qeyd olunur.
İctimai-siyasi sabitlik inkişafın əsas təməl prinsipidir...
Xalqımız üçün ən qiymətli nemət olan dövlət müstəqilliyinin qorunması, o cümlədən, xalqın mənafeyini qorumaq üçün həvalə olunan hakimiyyətə yalnız mənfəət prizmasından yanaşan AXC-Müsavat cütlüyü ölkəni iqtisadi tənəzzülə uğratmaqla yanaşı, siyasi cəhətdən də gərgin bir vəziyyət yaratmışdılar. Ölkədə kriminogen durum günü-gündən pisləşir, cinayətkarlıq baş alıb gedirdi, qanunun tələbləri, səlahiyyətli vəzifəli şəxslərin əmr və sərəncamları, göstərişləri icra olunmurdu. Sadəcə hər kəs öz silahlı dəstəsinə arxayın olaraq hakimiyyət savaşı aparırdı. Ölkədə istehsal dayanmışdı, iqtisadi böhran həyatın bütün sahələrini öz caynağına almışdı. Digər tərəfdən, siyasi qurumlar arasında hakimiyyət uğrunda gərgin mübarizə gedirdi.
Xalqın israrlı tələbi ilə Bakıya gələn Ulu öndər Heydər Əliyev Ali Sovetin sədri kimi fəaliyyətə başladığı ilk gündən atdığı müdrik addımlar sayəsində qısa müddət ərzində vətəndaş müharibəsi və ölkəmizin parçalanmaq təhlükəsinin qarşısını aldı, hakimiyyəti qeyri-qanuni ələ keçirməyə cəhd göstərən cinayətkar qüvvələr xalqın dəstəyi ilə zərərsizləşdirildi. Ümummilli liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, proseslərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi və Bakıya gəlişindən bir neçə ay sonra ölkədə siyasi sabitlik yaradıldı. Bu isə hüquqi dövlət quruculuğu sahəsində atılması vacib olan ilk addımlardan idi. Çünki ölkənin gələcək hüquqi inkişafı məhz sabitliyə əsaslanırdı.
Müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hüquqi dövlət quruculuğunun yeni mərhələsinin başlanğıcıdır
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hüquqi dövlət quruculuğuna başladığını bəyan etsə də, bu məramın həyata keçirilməsi Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Milli Konstitusiyanın qəbul olunması ilə reallaşdı. Ümummilli liderimiz Heydər Əliyev Konstitusiya layihəsinin hazırlanmasını gündəlik nəzarətdə saxladı. Konstitusiyada yer alan müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması, konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşama və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi müddəalar dövlətin daxili-xarici siyasətinin prioritetini təşkil etdi.
Ulu öndər Heydər Əliyev insan hüquq və azadlıqlarının genişləndirilməsi, demokratik dövlət quruculuğunun inkişafı istiqamətində qanun bazasını yaratmaqla dövlətin hüquqi əsasını qoydu. Bu gün Azərbaycan Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, xalq hakimiyyəti və dövlətin əsasları, dövlət hakimiyyətinin qolları, yerli özünüidarəetmə orqanları, hüquq və qanun ilə əlaqədar olan ictimai münasibətlərin nizamlanması da əhatəli şəkildə təsbit edilmişdir ki, bu da ölkəmizin Əsas Qanununun demokratik prinsiplərin daşıyıcısı olan beynəlxalq aktlar sırasına daxil olmasına imkan verir.
Azərbaycanda demokratik inkişaf dönməzdir, əbədidir...
Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən əsas diqqətini həm də ölkəmizin Avropa məkanına inteqrasiyasının gücləndirilməsinə yönəltmişdi. Məhz ölkəmizin Avropa Şurasına qəbul olunması bu istiqamətdə atılan böyük addımlardan biri idi. Görülən çoxşaxəli işlər qısa müddət ərzində öz bəhrəsini verdi. 1996-cı ilin iyununda Azərbaycana Avropa Şurasında “xüsusi qonaq” statusu verildi. “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 20 yanvar tarixli Sərəncamı, “Birləşmiş Millətlər Təşkilatının Ümumdünya insan hüquqları bəyannaməsinin 50 illiyinin keçirilməsi haqqında” 1998-ci il 16 aprel tarixli Sərəncamı, “İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncamı Azərbaycanın bu yolla inamlı irəliləyişi idi. Sonrakı dövrlərdə Azərbaycan beynəlxalq təşkilatlar ilə yaxından əməkdaşlıq proqramları həyata keçirməyə başladı. Ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində əldə olunmuş bu uğurlar Azərbaycanın demokratik inkişaf prosesinə dönməz xarakter verdi, azadlığın və qanunçuluğun möhkəm təminatını yaratdı və 2001-ci il yanvarın 25-də Azərbaycanın Avropa Şurası üzvlüyünə qəbul olunmasını şərtləndirdi.
Müstəqilliyimizdən ötən müddət ərzində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolunun təhlili göstərmişdir ki, artıq Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulmuş, yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradılmışdır. Azərbaycan Respublikasının demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün ölkəmizdə zəruri olan təsisatlar və hüquqi baza formalaşmışdır. Azərbaycanın Silahlı Qüvvələri qüdrətli bir orduya çevrilmişdir. Sosial iqtisadi və dövlət quruculuğu sahələrində, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda qazanılmış uğurlarla yanaşı, digər mühüm nailiyyətlər də ölkəmizdə müstəqilliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan dövlətçiliyi möhkəmlənməkdə, gündən-günə güclənməkdədir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət artıq qurulmuşdur. Ölkəmiz intensiv inkişaf dövrünü yaşayır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi və fəal iştirakı ilə görülən işlər, əldə olunan nailiyyətlər müstəqilliyimizin dönməz, sarsılmaz və əbədi olacağına dəlalət edir. Bu, Azərbaycan xalqının ən müqəddəs arzusudur.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf yolu uğurla davam və inkişaf etdirilir
Azərbaycan tarixində milli birliyin bərqərar olması, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi toxunulmazlığımızın təmin edilməsi, insanların rifahının yaxşılaşdırılması uğrunda ardıcıl, məqsədyönlü mübarizə aparan və uğurlu, dayanıqlı nəticələrə nail olan Azərbaycanın milli qürurunu özünə qaytaran, dövlətimizi öz tükənməz sərvətlərinin sahibi edən ən müdrik və ən cəsarətli rəhbər Ümummilli liderimiz Heydər Əliyev olub.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin dahiyanəlik və uzaqgörənliklə işləyib hazırladığı inkişaf xəttinin ən böyük uğurlarından biri də başlanan işlərin uğurla davam etdirilməsidir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də məhz Prezident İlham Əliyev kimi siyasi varisin hazırlanması oldu. Heydər Əliyev dövlətçilik məktəbinin layiqli yetişdirməsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iqtisadi-siyasi sahələrdə təməli atılmış işləri daha da inkişaf etdirdi. Qısa müddət ərzində Azərbaycanın dövlət büdcəsi bir neçə dəfə artırıldı, ölkəmizdə ordu quruculuğu və digər sahələrdə yüksək inkişaf əldə olundu.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1172 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30