Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / HEYDƏR ƏLİYEVİN MİLLİ VƏTƏNPƏRVƏRLİK ELMİ KONSEPSİYASI

HEYDƏR ƏLİYEVİN MİLLİ VƏTƏNPƏRVƏRLİK ELMİ KONSEPSİYASI

30.03.2013 [11:49]

Azərbaycan xalqının ən mühüm milli-mənəvi dəyərlərindən biri öz doğma yurduna bağlılığıdır. Azərbaycan təkcə bu ərazidə yaşayan, yaradan və fəaliyyət göstərən azərbaycanlıların deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıların əzəli vətənidir. 
Bütün Türk dünyasının böyük oğlu, Ümummilli liderimiz Heydər Əliyev Öz parlaq nitqlərində, məzmunlu çıxışlarında XX əsrdə xalqımızın əldə etdiyi tarixi qələbəni - müstəqilliyimizin qorunub saxlanılmasında xalqın milli şüurunun güclü şəkildə oyanmasını və vətənpərvərlik şüuruna çatdırılmasını dönə-dönə təkrar etmişdir. Bütün varlığı, ruhu, duyğuları ilə xalqına, vətəninə bağlı olan, ömrünün 34 ilini milli dövlətçilik ideologiyasının inkişafına və bərqərar olmasına həsr edən, Azərbaycanı qarış-qarış qurub inkişaf etdirən Heydər Əliyev təkcə milli-mənəvi dəyərlərimizin, dövlətçiliyimizin təşəkkülünə töhfələr vermədi, milli-mənlik və milli kimlik şüurumuzun inkişafına təkan verdi.
Genişmiqyaslı layihələri, çoxşaxəli fəaliyyəti ilə hər bir azərbaycanlının ruhuna, duyğusuna vətənpərvərlik toxumları səpən Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik şüuru, dil, mədəniyyət, vicdan azadlığı, iqtisadiyyat, elm konsepsiyaları bu günki inkişafımızın təməlini təşkil edir. Heydər Əliyevin milli şüur - vətənpərvərlik şüuru elmi konsepsiyası bu gün yeni mahiyyət almış, daha da genişlənərək bütünlükdə xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz örnəyə çevrilmiş, xalqımıza Vətən sevgisi, Vətən birliyi, Vətən bütövlüyü aşılamışdır. Ulu öndərin fikrincə, Vətən yalnız insanların toplumu olan, sadəcə, coğrafi ərazi deyil, Vətən hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq şan-şöhrəti, namusu, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, bəxti, taleyi, gücü, qüdrəti, ədəbi səcdəgahıdır. Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyərkən Ulu öndərin necə kövrəldiyinin hamımız canlı şahidiyik. Bugünkü, müasir, müstəqil, çiçəklənən Azərbaycan bütün varlığını, ömrünü, ağlını, zəkasını, öz xalqına, millətinə həsr etmiş Ulu öndərimiz Heydər Əliyevin bizlərə müasir nəsillərə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır.
Heydər Əliyevin milli vətənpərvərlik konsepsiyasında ən önəmli məsələ bütün xalqımızda, xüsusən gənc nəsildə milli şüurun formalaşdırılması məsələsidir. Ümummilli liderin fikrincə, milli şüur, öncə vətənpərvərlik şüurudur. Heydər Əliyev çıxışlarının birində göstərirdi: “O vaxt Azərbaycan gəncləri elmi şüurla, vətənpərvərlik şüuru ilə yaşayan insanlar Azərbaycana qarşı ədalətsizliyə etiraz əlaməti olaraq meydanlara çıxdılar, böyük mitinqlər keçirildi, 20 yanvar hadisələri Azərbaycan xalqının milli şüurunun daha da yüksəldiyini göstərdi. Eyni zamanda, bu hadisələr milli hərəkatın, milli şüurun imperiya qüvvələri tərəfindən boğulduğunu göstərdi. Ancaq eyni zamanda, Azərbaycan xalqı sübut etdi ki, onun mənliyi var, milli qüruru var”.
Bütün xalqımızın milli şüurunun oyanması ilə müşayiət olunan bu hərəkat özünün siyasi məzmununa görə dünyada gedən qlobal proseslərin ümumi kontekstinə qovuşdu. Azərbaycan xalqının milli varlığının təməlini milli şüurda və milli birlikdə görən Ulu öndərin fikrincə “Azərbaycan xalqının qəlbində milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşamışdır. Azərbaycanın qabaqcıl adamları, mütəfəkkir şəxsiyyətləri, ziyalıları, milli şüura malik insanları Azərbaycanın öz müstəqilliyini əldə edəcəyi, milli azadlığa nail olacağı ümidilə yaşamışlar”.
Milli şüur hər bir insanın mənsub olduğu millətə və vətənə bağlılıq hisslərini əks etdirən, öz hərəkət və davranışına, düşüncə tərzinə, baxışlarına olan münasibətlərin məcmusudur. Milli şüur mənəvi dəyərləri, milli adət-ənənələri özündə ehtiva edir. Milli şüurun formalaşmasında soy-kökə qayıdış, milli əxlaq, vətənə məhəbbət, milli vətənpərvərlik və qürur hissləri kimi mühüm göstəricilərlə yanaşı, özünüdərketmə, öz layiqli yerini müəyyənləşdirmə kimi hisslər də əsas rol oynayır. Ulu öndər milli şüurla Vətən, torpaq arasında üzvi bir bağlılıq olduğunu görür, milli şüuru milli-mənəvi bütövlüyümüz hesab edirdi.
Heydər Əliyevin milli vətənpərvərlik konsepsiyasında ən önəmli yerlərdən birini də müasir nəsli milli ruhda, milli vətənpərvərlik ruhunda tərbiyə etmək məsələsi tutur. Müasir nəslin milli ruhda tərbiyəsi: - soy-kökümüzdəki, milli mədəniyyətimizdəki, adət-ənənələrimizdəki, milli-mənəvi varlığımızdakı müsbət və mütərəqqi cəhətləri yeniləşdirməkdən, dirçəltməkdən və təlim-tərbiyə prosesində ondan maksimum istifadə etməkdən ibarətdir.
Ulu öndər Gənclərin birinci forumundakı nitqində (1996-cı il) öz narahatlığını belə bildirirdi: “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən, gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik sadəcə orduda xidmət deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik!”.
Ulu öndər Heydər Əliyevin fikrincə, dövlətçiliyimizin möhkəmlənməsi gənclərin bir şəxsiyyət kimi formalaşmasından - onların milli ruhda tərbiyəsindən çox asılıdır. Milli ruh, hər şeydən öncə - vətənpərvərlik ruhudur. Ulu öndər demişdir: “Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz vətənini, torpağını, xalqını sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki, başqa şeyləri də qiymətləndirə bilməzsən. İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək, hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır”.
Vətənpərvərlik hissi tariximizə, doğma torpaqlarımıza bağlılıqdan, onları düşmənlərdən qorumaqdan başlayır. İndiki halda milli vətənpərvərlik hissi hər bir azərbaycanlının bir vətəndaş kimi yerini, mövqeyini, ləyaqət və dəyanətini müəyyən edir, onu bu yolda misilsiz qəhrəmanlıqlar və fədakarlıqlar göstərməyə ruhlandırır.
Heydər Əliyev gənclərin milli vətənpərvərlik, hərbi vətənpərvərlik problemlərini daim diqqətdə saxlayırdı. Hərbi vətənpərvərliyi milli vətənpərvərliyin zirvəsi hesab edən Ulu öndər gəncləri hərbi xidmətə hazırlamağa, orduda qulluq edən gənclərə qayğı göstərməyə, onların fiziki və mənəvi, hərbi-texniki hazırlığını yüksəltməyə xüsusi əhəmiyyət verirdi. Heydər Əliyev, gənclər qarşısında çıxışlarının birində qeyd edirdi: “Azərbaycanın suverenliyi hər bir azərbaycanlı vətəndaş üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda biz öz taleyimizin sahibi kimi, vətənimizi, torpaqlarımızı öz gücümüzlə qorumalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındakı vətən oğulları etməlidirlər. Ona görə orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır”.
Milli vətənpərvərlik hissinin formalaşdırılması, təbii ki, milli şüurun əsasında duran milli mənlik şüurunun inkişaf etdirilməsi ilə mümkündür. Ulu öndər Heydər Əliyev deyirdi ki, milli mənlik şüuru Vətən əxlaqıdır, milli əxlaqdır. Milli mənlik şüuru, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini özündə birləşdir, milli rəmzlərə, adətlərə, ənənələrə yeni həyat verir, dini etiqadlar, müqəddəs bayramlar, xalqın özünə qaytarılır, bu qayıdışda yeni bir ruh, yeni təfəkkür, yeni mənəviyyat, milli vətənpərvərlik hissi öz əksini tapır. Özünə, öz kökünə qayıdan, dirçəliş prosesi xalqımızın, xüsusən gənclərin gözləri qarşısında və onların fəal iştirakı zəminində baş verir. Özünü öz ölkəsinin əsl vətəndaşı hesab edən hər bir ləyaqətli, dəyanətli, iradəli, əqidəli vətənpərvər gənc özünün əməli fəaliyyəti, elmə münasibəti ilə millətin adı və varlığı ilə fəxr edir, onlarda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, azadlıq, müstəqillik arzuları, milli qürur hissi reallaşır. Ulu öndər gənclərlə görüşlərində bu fikirləri dönə-dönə xatırladırdı: “Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir”.
Göründüyü kimi, milli mənlik şüuru hər bir millətin varlığının, milli özünüidarə və özünütəsdiqləməsi, milli ləyaqətin və ümumbəşəri keyfiyyətlərinin təzahür formasıdır. Milli mənlik şüurunda millətin adı, varlığı, dili, dini, xarakteri, adət və ənənələri, psixologiyası, mənəviyyatı, mədəniyyəti və s. yaşayır. Məhz milli ləyaqət, torpağa bağlılıq, vətəndaşlıq dəyanəti bu qaynaqlardan nəşət edir, hər bir yeni nəsli azadlığa, müstəqilliyə, vətəni qorumağa çağırır. Hər bir insanda milli mənlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti təsdiq edir ki, mədəniyyətin, elmin, ədəbiyyatın inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən, zəngin təfəkkür tərzindən, torpağa, elə bağlılığından asılıdır. Tarix təsdiq edir ki, heç bir inkişaf, heç bir təkamül, heç bir hadisə zaman və məkan təsirindən kənarda baş vermir. Milli-mənəvi mühitin təşəkkülü, sosial mühit bütün xalqımızın, o cümlədən, gənclərin cəmiyyətdəki sosial vəziyyətinə, öncə, onların hiss və duyğularına, ictimai, həyatın hadisə və faktlarını duymaq, qavramaq və dərk etmək qabiliyyətinə əsaslı təsir göstərir. Gənclər mənsub olduğu millətə aid bütün artibutlara: milli bayrağa, gerbə, himnə, dini etiqada və s. fəal münasibət bəsləyir, qiymət verir, özlərinin əməli fəaliyyəti üçün nəticə çıxarmaq imkanı əldə edirlər. Axı, torpaq, vətən insanın yaşayış və əbədiyyət məskəni, ulularımızın müqəddəs mədfənidir. Ulu öndər Heydər Əliyev bu hissləri öz məcrasına yönəldərək, milli-mənəvi simanın daha məzmunlu istiqamət almasına, milli prosesləri milli mənafeyə uyğun şəkildə daha dəqiq tənzim etməyə, milli hiss və emosiyalardan yaranmış ümman - millət və xalq adlanan ümmana yönəltməyə nail olmuşdur. Gənclərin vətənpərvərlik səyləri xalqımızın qüdrətli, yenilməz hərəkatı ilə birləşir və tariximizin əzəmətli, unudulmaz və misilsiz qəhrəmanlıq səhifələrinin yaranmasına və yazılmasına səbəb olur. Bu isə, öz növbəsində, insanlarda milli borc, torpağa bağlılıq, milli şüur və iftixar, vətəndaşlıq hissinin yaranmasına gətirib çıxarır. Milli mənlik şüuru, milli özünüdərk vətənlə, torpaqla, mədəniyyətlə, incəsənətlə bağlı gerçəkliyin təzahürü olub, sosial-iqtisadi, mədəni və mənəvi mühitin qavranılması, dərk edilməsi və təsdiqidir. Milli mənlik şüuru formalaşmış və tərbiyə olunmuş hər bir insan, vətəndaş, öz xalqının mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, ona düzgün qiymət verir.
Milli soy-kökə qayıdış, milli tarixi yaddaşın bərpası, milli soy-kökünü bilmək, onu seçmək kimi mənəvi keyfiyyətlər də Ulu öndər Heydər Əliyevin milli vətənpərvərlik elmi konsepsiyasında önəmli yer tutur. Xalqımızın özünəməxsus zəngin tarixi keçmişini düzgün, dərindən bilmək, həmişə öz tarixi keçmişimizə hörmət və məhəbbətlə yanaşmaq, gənclərdə milli vətənpərvərlik hissini daha da artırır, möhkəmləndirir. Milli qeyrət, milli ləyaqət rəmzinə daim hörmətlə yanaşan Heydər Əliyev deyirdi: “Əgər biz Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya yaxşı tanıtmaq istəyiriksə, Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu gərək həm öz vətəndaşlarımıza, həm də bütün ölkələrdə olan elm adamlarına, respublikamıza maraq göstərən adamlara tanıdaq. Mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır. Çünki tariximizi, tarixi köklərimizi yaxşı bilmədən, onlara hörmət etmədən müstəqil dövlətimizi gələcəkdə yaxşı qura bilmərik”.
Milli soy-kökünə bağlılıq ən yüksək mənəvi dəyərdir. Ona görə ki, soy-kök milli kökdür, mənəvi kökdür. Xalqın milli mənliyi həm də onun soy-kökünə necə bağlılığı ilə ölçülür. Respublikamızda gənclər gününə həsr olunmuş idman bayramında söylədiyi nitqində Ulu öndərimiz demişdir: “Biz fəxr edə bilərik ki, milli, dini, mənəvi ənənələrimiz, dəyərlərimiz həmişə ən yüksək mənəviyyatı əks etdiriblər. Biz çalışmalıyıq ki, bu mənəvi dəyərlərə daim sadiq olaq. Hər bir gənc öz kökünə sadiq olmalıdır. Bizim öz kökümüz çox sağlam kökdür və biz onunla fəxr edə bilərik”.
Ulu öndərin hər il dövlət səviyyəsində keçirilən Novruz bayramında xalqın içərisində olması, xalqı təbrik etməsi, Onun milli adət-ənənələrimiz, qədim adətlərimizin qorunub saxlanılmasına münasibəti, Onun öz milli soy-kökünə - Azərbaycançılıq kökünə qəlbən bağlı olduğunu bir daha sübut edir. Ümummilli liderimiz Heydər Əliyevin şəxsi nümunəsi bütün xalqımızda milli-vətənpərvərlik hissinin oyanmasında canlı örnəkdir. Milli vətənpərvərlik hissi, ruhu, milli mənəviyyatımızın açarı, zəngin milli sərvətimiz, ruhumuz, eşqimiz, canımız, bir-birimizlə əhdü-peymanımız (B.Vahabzadə), böyük milli dəyərimiz, xalqımızın varlığını yaşadan canlı abidəmiz, “Varlıq möhürümüz” (Nizami Cəfərov) olan doğma dilimizə vətəndaş qayğısı ilə üzvi surətdə bağlıdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bizim zəngin, böyük söz ehtiyatına malik olan gözəl dilimiz var və Mən Azərbaycan dilini sevirəm. Bu, Azərbaycanın dövlət dilidir, ölkədə Mən yalnız Azərbaycan dilində çıxış edir və danışıram, dil xalqın böyük milli sərvətidir. Bu sərvəti mənimsəmək, bu dildə səlis danışmaq, bu dili ana dili kimi sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Hələ çox adamlar var ki, öz ana dilində mədəni, ədəbi dilin ifadələrindən istifadə edərək yaxşı danışmaq imkanına malik deyillər”.
Yaxşı deyiblər ki, əgər bir milləti məhv etmək istəyirsənsə, əvvəlcə onun dilini məhv et. Göründüyü kimi, vətənə sevgi Ana dilinə hörmətlə başlayır. Ana dilinə hörmət millətə hörmət, ana dilinə sevgi isə millətə sevgi deməkdir. Ulu öndərimiz çox zəngin və gözəl bir dildə, Azərbaycan dilində səlis, ifadəli, emosional, təsirli, mədəni danışması ilə fəxr edir, qürur və şərəf duyurdu, bununla da, O, doğma dilimizi daha da şərəfləndirirdi. Dilimizə - milli sərvətlərimizə, mədəniyyətimizə, tariximizə nə qədər yüksək qiymət versək, qeyri-millətlərin yanında xalqımızın dəyəri, qiyməti o qədər artar.
Milli vətənpərvərlik hissini milli mədəniyyətə, milli təhsilə qayğı göstərmədən, milli mənafeyi qorumadan və vicdan azadlığını təmin etmədən, sadəcə, təsəvvür etmək qeyri-mümkündür. Çünki xalqı, milləti dünyada tanıdan, dünya sivilizasiyasında özünəməxsus yer tutmasında da milli mədəniyyətin, milli təhsilin rolu böyükdür.
Ulu öndərin fikrincə, yunanlara bütün dünyada hörmət gətirən onların antik mədəniyyətidir. Təsadüfi deyildir ki, Ümummilli liderimiz Heydər Əliyev xalqımızın inkişafı tarixində elm, təhsil və mədəniyyətin hamisi kimi möhtəşəm yerini tutmuşdur.
Ulu öndər təhsilə yüksək qiymət verərək onu “Xalqın gələcəyi” adlandırırdı. “Təhsil mürəkkəb bir sahədir. Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarətdir. Bu, cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir”.
Ulu öndərin milli vətənpərvərlik elmi konsepsiyası - milli şüurumuzun, milli mənlik şüurumuzun təşəkkülü, milli soy-kökümüzə, milli özünə qayıdış, milli özünüdərk etmənin, milli-mənəvi sərvətlərimizə münasibətin, çox mühüm, humanist problemlərin: doğma dilimizə, dinimizə, tarixi keçmişimizə münasibətin öyrənilməsində Azərbaycan xalqının milli ruhunu, milli vətənpərvərlik hissini, milli qürurunu, milli mənliyini, milli heysiyyatını, vətəndaşlıq şüurunu, milli mənəvi dəyərlərimizə hörmət və məhəbbətin ifadəsi olan perspektiv fəaliyyət proqramıdır.
Nubar Muxtarova, professor,
YAP-ın Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri

Paylaş:
Baxılıb: 2439 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30