“Yeni Azərbaycan” 20 yaşında...
10.04.2013 [16:37]
Önəmli olan komanda oyunudur, hamıya lazım olan nəticə isə qələbədir...
Bu da biz! Üzvlərinin əksəriyyətinin gənclərdən ibarət olan 20 yaşlı “Yeni Azərbaycan” komandası! Komandamızı geniş oxucu auditoriyasına necə təqdim edəcəyimizlə bağlı çox fikirləşdik. Sonda belə qərara gəldik ki, ən gözəl komanda işi hesab olunan futbol oyununun sxematik sistemini öz təqdimatımızın əsas prinsipinə çevirək. Rəsmiyyətdən uzaq...
“Yeni Azərbaycan” komandasının işini normal bir futbol komandasından fərqləndirən ən böyük cəhət bizim sahədə 90 dəqiqə deyil, 8 saat bəzən isə daha artıq fəaliyyət göstərməmizdir. Bunun üçün gərgin məşq və yüksək peşəkarlıq ən vacib şərtdir. Biz də bu şərti pozmuruq və hər gün mətbu dildə “letuçka” adlanan “planlaşdırma-iclasından” öncə qəzetlərə baxış keçiririk. Bu bizim oyun öncəsi “razminkamız” da sayıla bilər. Çünki rəqibin (sağlam mətbu rəqabət nəzərdə tutulur) taktikası, strategiyası bütünlüklə oyunçularımıza aydın olmalıdır ki, öz işimizi effektiv qura bilək. Beləliklə, planlaşdırmanın başlandığını işarə edən telefon zəngi ilə oyunçular baş redaktorun masasının ətrafına cəm olurlar...
Beləliklə, hər gün səhər saat təqribən 10:30-da başlayıb, mövzu və hadisələrə görə davametmə müddəti sabit olmayan gündəlik iclasda baş redaktorumuz və komandamızın effektiv fəaliyyətində ən böyük pay sahibi olan Hikmət Babaoğlunun rəhbərliyi altında tapşırıqlar bəlli olur, hər bir oyunçunun həmin gün üçün oynayacağı mövqe müəyyənləşdirilir. Ən əsası da budur. Çünki günün nəbzi tam olaraq tutulmalıdır. Xüsusi vurğulanmalıdır ki, “Yeni Azərbaycan”ın sərgilədiyi komanda oyununun əldə etdiyi uğurun ən böyük təməli də məhz mövqelərin düzgün müəyyənləşdirilməsidir. Qəzetimizin baş redaktoru Hikmət Babaoğlunun rəhbərliyi altında yaradılan fəaliyyət mexanizmi “Yeni Azərbaycan” ailəsinin uğurlarının əsas səbəblərinin ilk sırasında gəlir. Baş redaktorumuzun hər incə məqama həssaslıqla yanaşması, kollektivin hər bir üzvü ilə səmimi münasibəti, komandamızın bir ailə kimi, bir yumruq kimi birləşməsinə dəlalət edib. Qəzetin səhifələrində əks olunan ən maraqlı layihələr, məzmunlu yazılar da məhz kollektiv fəaliyyətinin uğurlu bəhrəsidir.
Baş redaktorumuz Hikmət Babaoğlu qəzetimizlə bağlı ürək sözlərini bizimlə bölüşdü: “Yeni Azərbaycan” qəzetinin kollektivi Azərbaycan milli mətbuatının klassik ənənələrinə sahib çıxan, bu ənənələri layiqincə davam etdirən kollektivdir. Qəzetçilik, ümumilikdə qəzet kollektiv əməyin məhsuludur. Əgər “Yeni Azərbaycan” qəzeti bu gün geniş oxucu auditoriyası qazanıbsa, Azərbaycanda populyar ictimai-siyasi qəzetlərdən birinə çevrilibsə, bu işdə qəzetin ilk nömrəsindən bu günə qədər “Yeni Azərbaycan” qəzetində çalışmış hər bir jurnalistin əməyi, haqqı var. Bu mənada “Yeni Azərbaycan” qəzeti böyük, geniş bir ailədir. Bu ailənin uğurları onun hər bir üzvünün uğurlarıdır. Hesab edirəm ki, məhz kollektivimizin hər bir üzvü də qəzetçiliyə, kollektivə o nöqteyi-nəzərdən yanaşdığı üçün qəzetimiz kifayət qədər uğurlar əldə edib. “Yeni Azərbaycan” qəzeti əqidə, məqsəd, amal qəzetidir. “Yeni Azərbaycan” qəzeti Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin yaratdığı ümumxalq partiyası adlandırılan Yeni Azərbaycan Partiyasının orqanıdır. Bu qəzetdə çalışan hər bir şəxs Heydər Əliyev ideyalarının daşıyıcısı olmaqla bərabər, həm də onun təbliğatçılarıdır. Heydər Əliyev ideyaları isə Azərbaycan xalqının, müstəqil Azərbaycan dövlətinin maraqlarının tərənnüm edilməsinin əsasında duran təməl prinsiplərdir. Ötən müddət göstərdi ki, məhz bu ideyaların cəmiyyətimizdə özünə yer tapması müstəqil Azərbaycanın bugünkü inkişafına gətirib çıxarıb. “Yeni Azərbaycan”çılar da Azərbaycanın milli maraqlarının, dövlət maraqlarının, Heydər Əliyev ideyalarının, Yeni Azərbaycan Partiyasının proqramında nəzərdə tutulan məqsədlərin təbliğatçılarıdırlar. Hesab edirik ki, “Yeni Azərbaycan” qəzetini xalqımız arasında populyar edən birinci səbəb də məhz budur! Mən bir daha kollektivimizi təbrik edirəm, hər birinə yeni-yeni uğurlar arzulayıram”.
* * *
...Və iclas başa çatan kimi... Belə deyək, “haydı iş başına” deyilən kimi, hər kəs öz yerini tutur. Beləliklə, oyun başlanır... Bütün komanda tam heyətlə, hər kəs öz üzərinə düşən vəzifələrə müvafiq olaraq, hazırlaşmağa başlayır. Çünki günün sonuna kimi hər kəs öz sahəsində rəqib komandanın qapısından qolu ya keçirməlidir, ya da keçirməlidir, başqa cür ola da bilməz...
Oyunun bu yerində əsas yük komandamızın playmeykerlərinin (oyun qurucularının) üzərinə düşür. Şöbə redaktorlarımız Aqşin Şahinoğlu və Nadir Azəri “top paylayıcı” funksiyasını ustalıqla yerinə yetirən insanlar kimi hətta rəqib komandalar tərəfindən də təqdir edilirlər. Maksimum keyfiyyətli və daha çevik nəticələr əldə edilməsi üçün son təlimatlar verilir. Buna həmişə ehtiyac olmasa da, son təlimatların müsbət effekti danılmazdır. Komanda üzvləri pleymeykerlərimiz tərəfindən günün istənilən vaxtında yeni bir işlə təlimatlandırıla bilərlər. Bu baxımdan bəzən komanda üzvləri mövqe dəyişikliyinə də məruz qalırlar. Yəni, səhər günü hücumçu kimi meydanda keçirəcəyi bəlli olan oyunçunun, günortadan sonra müdafiəçi qismində çıxış etmə ehtimalı yarana bilər. Xüsusi qeyd edilməlidir ki, oyunçuların hər biri gün ərzində, oyun müddətində və hətta oyundan sonra belə maksimum dərəcədə üzərinə düşən tapşırıqları yerinə yetirmək əzmindədirlər. Niyə oyundan sonra?! Çünki gərgin oyunun sonunda belə əlavə tapşırıq və ya alternativ təkliflər yarana bilər. Gündəm hər an dəyişir. Hətta ola bilər ki, fors-major situasiyalarda uşaqlar səhəri elə oyun meydançasında qarşılasınlar. Bu, o demək deyil ki, uzaqbaşı gecəyarını keçəndən bir qədər sonra meydança tərk edilməlidir. Yox! Təsəvvür edin, maksimum səhər 5-ə kimi “qapını qorumaq” zərurəti yaranan günlərimiz də olub...
Qayıdaq oyun qurucularına. Hər ikisi də işinə məsuliyyətlə yanaşmağa çalışır. Çünki bütün komandanın intizamı, sağlamlığı, oyun ərzində nə qədər məsafə qət edə biləcəyi haqqında ən ətraflı bilgi məhz onlardadır. Kimin nəyi necə edəcəyini bilmək isə ən böyük üstünlükdür. Bu, işi maksimum keyfiyyətli və eyni zamanda, vaxtında icra etməyə yardımçı olur. Öz işinin peşəkarı olan şöbə redaktorlarımızın da bu bayram günündə öz arzuları istəkləri var.
İlk olaraq Nadir Azərini dinləyək: “Bu gün “Yeni Azərbaycan” qəzetinin 20 illik yubileyinin qeyd edilməsi xoşbəxtliyi mənə də nəsib olub. Hər halda, bu bir tarixdir və həmin tarixin hansısa bir hissəsinin iştirakçısı olmaq insanı qürurlandırır. Dostum Aqil Camalın bir fikri var. O deyir ki, “Yeni Azərbaycan”ın digər qəzetlərdən fərqləndirən, həm də bu mətbuat orqanının türkçülüyə, Türk dünyasının tarixinə xidmət etməsidir. Mən də hesab edirəm ki, qəzetimiz hazırda Azərbaycanda həyata keçirilən quruculuq siyasətinin, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi inkişaf strategiyasının, həmçinin, Yeni Azərbaycan Partiyasının fəaliyyətinin işıqlandırılmasında, cəmiyyətə çatdırılmasında mühüm rol oynamaqla yanaşı, Türk dünyasının problemlərinə də biganə qalmır. Bu bayram günündə başda baş redaktorumuz Hikmət Babaoğlu olmaqla “Yeni Azərbaycan”da çalışan, zəhmət çəkən hər bir kəsi təbrik edirəm. Sükanı belə saxlayaq!”
Bu da Aqşin Şahinoğlunun 20 yaşlı “Yeni Azərbaycan”a arzuları: “Yeni Azərbaycan” qəzeti bizim hər birimiz üçün bir ailədir. Biz günümüzün böyük bir hissəsini məhz bu redaksiyada bu kollektivlə keçiririk. Ona görə də, bu yubiley bizim hər birimiz üçün çox əzizdir.
Mən “Yeni Azərbaycan” qəzetində 2002-ci ildən fəaliyyət göstərirəm. Bu 11 ildə “Yeni Azərbaycan” qəzetində “Yeni Azərbaycan” qəzeti ilə böyümüşəm. Hesab edirəm ki, qazandığım hər bir uğurda “Yeni Azərbaycan” qəzeti mütləq rol oynayıbdır. “Yeni Azərbaycan” qəzeti mənim üçün təkcə jurnalistika məktəbi deyil, həm də mükəmməl bir həyat məktəbidir. Eyni zamanda, “Yeni Azərbaycan” qəzeti də bu 11 ildə mənim gözlərimin önündə çox böyüyüb, Azərbaycan dövlətinin inkişafı ilə ayaqlaşa bilibdir. Ötən illəri xatırladıqca, müəyyən müqayisələr apardıqca bunu bir daha anlayırsan. Mən arzu edirəm ki, gələcəkdə də bizim kollektivimizin üzvləri, həmkarlarım sükanı belə saxlasın və həm dövlətimizin, həm partiyamızın, həm də cəmiyyətimizin etimadını doğrultsun”.
* * *
Komandamızda öz mövqeyində təkrarolunmaz oyun nümayiş etdirən oyunçular kifayət qədərdir. Məsələn başlayaq komandamızın ən “qocaman” üzvü Nardar Bayramlıdan. O, nə az, nə çox-düz 15 ildir ki, komandanın aparıcı yarımmüdafiəçisi qismində çıxış edir. Nardarın peşəkarlığı çox hallarda komanda yoldaşlarının da karına gəlir. Belə ki, Nardar hətta müdafiədə və hücumda da öz komanda yoldaşlarına yardım etməkdən zövq alan oyunçulardandır. Xarakter etibarı ilə ilk baxışdan sakit, sakit olduğu qədər də ciddi təsir bağışlayan Nardar deyib-gülməyi də sevir. Ən böyük üstünlüyü isə onun tapılması vacib müsahiblərlə əlaqə qurmaqda göstərdiyi çeviklikdir. Bu da səbəbsiz deyil, Nardar uzun illərdir ki, “Yeni Azərbaycan” komandasının parlament müxbiridir. Bu mənada “daxili arenada” daha çox tanınır.
Qəzetimizə arzuları isə ən xoş sözləridir: “Çox xoşdur ki, qəzetimizin 20 illik yubileyinin sevincini mən də yaşayıram. Ötən illər ərzində qəzetimiz inkişaf edib, gözəl kollektivimiz formalaşıb. Mən hesab edirəm ki, bu kollektiv digər mətbuat orqanları üçün də nümunə ola bilər. Çünki kiçik kollektivimiz böyük işlərin öhdəsindən layiqincə gəlir. Qəzetimizin əməkdaşları ən müxtəlif sahələrə aid mövzulardan operativ, obyektiv yazır və bu da “Yeni Azərbaycan”ı çox maraqlı və oxunaqlı edir. Mən Hikmət müəllim başda olmaqla öz kollektivimizə gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər, yeni-yeni uğurlar arzulayıram”.
Artıq 5 ildən artıqdır ki, komandanın hücumçusu kimi fəaliyyət göstərən Pərviz Sadayoğlu işinə məsuliyyətlə yanaşır və həmkarlarının hörmətini qazanmağı bacarıb. İlk baxışda sərt görünsə də, zarafatcıl insandır. Daha çox rəqib komandanın oyunundakı boşluqlar üzərindən əks hücuma keçməyi sevir. Onun fikrincə, rəqib hücumda olarkən, mütləq haradasa səhv buraxmalıdır. Elə peşəkarlığın bir formulu da həmin səhvi, boşluğu tapıb, ondan öz xeyrinə istifadə etməkdir. Daha çox komandamızın “köşə yazarı” kimi tanınan hücumçumuzun düzüb-qoşduğu söz oyunu sayəsində rəqib komandanın qapısından keçirdiyi topların sayı hesabı yoxdur. Onu fərqləndirən bir cəhəti də öz üslubunda qurduğu hücum zamanı rəqibi çaşdırması, istənilən vaxt topu yarımmüdafiəçilərə ötürməsindədir. Hətta oyunu və şəraiti çox asanlıqla öz komandasının lehinə çevirə bilmək bacarığına malikdir və bu işə digər oyunçuları da cəlb edə bilər. Nəticə isə həmişə qənaətbəxşdir. Bir çox hallarda bölgələrə də səfər etmək “yükünü” üstlənir. Bəzən isə tənbəllikdən “dil bilmirəm” deməklə “beynəlxalq turnir”lərdən yayınmaqla həmkarlarını qabağa verir:
“Mən “Yeni Azərbaycan” ailəsində olmağımla fəxr edirəm. Sözün əsl mənasında bir ailə olmağı bacaran kollektivimizə daha böyük uğurlar arzulayıram. Bu gün Azərbaycan mətbuatında öz dəst-xətti, üslubu, zəngin və dolğun yazıları ilə seçilən “Yeni Azərbaycan”ın uğurunun ən böyük sirri yumruq kimi bir olmasındadır. Diləyirəm ki, on illərdən sonra da “Yeni Azərbaycan” qəzeti Azərbaycan mətbuatında seçilən, sevilən, dəyərləndirilən qəzet olsun. Bunun üçün hər birimiz öz gücümüzü maksimum ortaya qoyuruq və bundan sonra da qoyacağıq. Bir daha başda baş redaktorumuz Hikmət Babaoğlu olmaqla bütün kollektivimizi təbrik edirəm!”
Komandamızın gənc hücumçularından olan Hülya Məmmədli artıq 4 ildir ki, bu mövqedə çıxış etməkdədir. Hülya Məmmədli “Yeni Azərbaycan”ın ən uğurlu yetirmələrindən sayılır. Dil üslubu sadə, sadə olduğu qədər də dərin məzmuna malikdir. Bir neçə işə, eyni zamanda, yetişməkdən zövq alan bu xanım gənc olmasına baxmayaraq, üzərinə düşən işi tam məsuliyyəti ilə yerinə yetirməyə çalışır. Millətçi və dövlətçidir. Yaxşı mənada heç bir tapşırığa “yox” deməyi bacarmır. Hadisələrə optimistcə yanaşır. Hər cür, beynəlxalq turniri, yarışı “deməli, bu daha xeyirlidir və mən nə isə yeni bir şey öyrənə bilərəm” prinsipi ilə qarşılayır. Elə bu cəhəti də onun hazırki və gələcəkdə əldə edəcəyi uğurların təməlində dayanır desək, yanılmarıq.
Hülya xanımın da “Yeni Azərbaycan” qəzetinə öz arzusu, diləyi var: “Yeni Azərbaycan” qəzetinin əməkdaşı olduğum üçün özümü xoşbəxt hiss edirəm. Azərbaycan mediasında kifayət qədər sanballı mətbuat orqanı kimi tanınan bu qəzet öz fəaliyyətini dövlətə, xalqa, milli maraqlara xidmət prinsipi üzərində qurub. 20 yaşını qeyd edən “Yeni Azərbaycan” qəzetinə neçə belə yubiley illəri, qəzetin bütün əməkdaşlarına isə yeni-yeni uğurlar arzulayıram”.
“Yeni Azərbaycan”ın yetirmələrindən sayılan Sevinc Nuriyeva isə komandanın ən aktiv yarımmüdafiəçilərindəndir. Komandaya gəlməsinin 3-cü ilidir və ilk baxışdan olduqca zərif görünən bu xanımın öhdəsindən gəldiyi işlərin həcminə baxsaq... Bunu bir yazıya sığışdırmaq mümkün deyil. Qısaca onu deyək ki, Sevinc dövlətimizin istər daxili, istərsə də xarici siyasətinin iqtisadi tərəflərini peşəkar şəkildə təhlil etmək bacarığına malikdir. Bəs necə olmalıdır, axı, o, Elbrus Cəfərlinin yetirməsidir. İlk günlərdə adaptasiya prosesini uğurla keçən bu xanım komandaya tez uyğunlaşmağı ilə də seçildi. İlk baxışda savadına güvənən və özündən razı təsiri bağışlasa da, tanıdıqca təvazökar və həssas, amma emosional biri olduğunu anlamaq çətin deyil. Cəlddir, başladığı işi tez bitirir. Bir məsələ də var ki, daxili aləminin zənginliyi və yaradıcı qabiliyyətinin olmasına baxmayaraq, potensialının böyük hissəsindən istifadə etmir. İqtisadiyyatdan yazdığı üçün fərqli cinahlarda oynamaq məcburiyyətində qalmaq onun tərəfindən xoş qarşılanmasa da, bu işlərin də öhdəsindən tam məsuliyyəti ilə gəlir:
“Hamının xoş sözlərinə qoşuluram, amma standartdan çıxmağa çalışacam. Düşünürəm ki, rəhbərliklə münasibət, buradakı sosial mühit, həmkarlarımla ünsiyyət, hətta coğrafi məkan, iş saatının təşkili baxımından bəxtim gətirib. Həqiqətən də, başlayanda çətin olur, çətini başlamaqdı. Yaxşı ki, yolum və təcrübəm burdan keçib. Təşəkkürlər komandamıza! Arzu edirəm ki, “Yeni Azərbaycan” komandası Azərbaycan xalqına daim qələbə sevincini çatdırsın. Sıralarımıza yeni və bacarıqlı gənclər, xüsusilə, sahəvi ixtisaslaşmaya meyilli işçilər cəlb olması diləyilə 20 illiyimiz mübarək olsun”.
Nurlan Qələndərli “Yeni Azərbaycan” komandasının gənc və istedadlı hücumçularından biridir. O da, Hülya Məmmədli və Sevinc Nuriyeva kimi “altyapı” yetişdirmələrimizdəndir. Kifayət qədər çevik, analitik düşünmə bacarığı və sürətli olması ilə seçilən Nurlan artıq 4 ildir ki, komandanın formasını şərəflə daşıyır. Demək olar ki, müxtəlif cinahlarda oynayır. Daha çox elmi terminləri ilə yadda qalıb. Hətta bir dəfə rəqib komandadan bir “məşhur politoloq” Nurlanın yazılarındakı terminlərə öz “münasibətini” də bildirmişdi. Nurlan da “Yeni Azərbaycan” komandasının digər üzvləri kimi ona tapşırılan hər bir işin öhdəsindən bacarıqla gəlir. Ən böyük özəlliyi isə mütaliəni sevməsidir. Nurlan Qələndərli gələcəyinə böyük ümidlər bəslədiyimiz gənc yazarımızdır: “Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, mən peşə fəaliyyətimə məhz Azərbaycan mətbuatının lokomotivlərindən, ən nümunəvi fəaliyyətə malik olan media qurumlarından biri olan “Yeni Azərbaycan” qəzetində başlamışam. Peşəkar və mehriban kollektiv, səmərəli iş mühiti fəaliyyət göstərdiyimiz müddət ərzində kollektivimizin hər bir üzvünün işinin, bütövlükdə “Yeni Azərbaycan”ın fəaliyyətinin uğurlu olmasını təmin etmişdir. Bu baxımdan, “Yeni Azərbaycan” qəzeti kollektivimizin hər bir üzvü üçün olduqca əziz və dəyərlidir.
Sevindirici haldır ki, “Yeni Azərbaycan” 20 yaşını inkişafın zirvəsində qeyd edir. Mən qəzetimizin hörmətli Baş redaktoru, görkəmli ziyalımız Hikmət Babaoğlu başda olmaqla kollektivimizin hər bir üzvünü səmimi-qəlbdən təbrik edir, uzun yaradıcılıq ömrü arzulayıram”.
Komandamıza yeni transfer olunan Mübariz Abdullayev də illərin və müxtəlif məşqçilərin təcrübəsini indi də komandamızın şərəfini qorumağa sərf edir. Yeni təşəbbüslər, yeni texnikalar və qələbə əzmi həmişə öz bəhrəsini verir. Mübariz müəllimin komandamıza gəlişi və ümumi işimizə adaptasiya olunması az zaman aldı. Qısa müddətdə “Yeni Azərbaycan” komandasının tərkib hissəsinə çevrilə bildi. Bu gün o da fərqli mövqelərdə uğurla çıxış edən oyunçularımızdan sayılır. Mübariz müəllimlə bağlı daha bir maraqlı nüans... Bir müddət öncə Mübariz müəllimin imzasını (Mübariz Əhmədoğlu imzasını) eyni adı və soyadı daşıyan politoloqla səhv salmışdılar.
Mübariz müəllim də “Yeni Azərbaycan”a öz xoş arzularını bildirir: “İndiki qəzet bolluğunda “Yeni Azərbaycan”ı bir çox cəhətdən qiymətləndirmək mümkündür. Qəzetimiz ilk növbədə Ulu öndərimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın salnaməsidir. Müasir tariximizin ayrı-ayrı məqamları qəzetimizin səhifələrində geniş əks olunub. Deyə bilərik ki, yaradıcı kollektiv faktları operativ işıqlandırmaq, cəmiyyətdə baş verən olaylara, ictimai-siyasi proseslərə obyektiv yanaşmaq kimi tarixi missiyanın öhdəsindən ləyaqətlə və yüksək peşəkarlıqla gəlir. Bunu “Yeni Azərbaycan”da birləşən əməkdaşların ölkəmizin dövlət müstəqilliyinin möhkəmlənməsinə, ictimai-siyasi sabitliyin qorunmasına verdikləri dəyərli töhfə kimi də qiymətləndirmək mümkündür. Şadam ki, mən də belə şərəfli və tarixi missiya yerinə yetirən “Yeni Azərbaycan”ın sıralarına qoşulmuşam. Mənim üçün kollektiv yeni olsa da, az vaxt ərzində doğmalaşıb. Buradakı işgüzar, sağlam mühiti yüksək dəyərləndirirəm. Mən də yubiley təbriklərinə qoşularaq qəzetin kollektivinə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Qoy “Yeni Azərbaycan”ın ömrü zamanın özü kimi axarlı olsun!”
Növbə gəlib çatdı müdafiə xəttinə... Komandanın sevimli müdafiəçiləri sırasında Aytən Qurbanova, Kəmalə Qocayeva, Elnurə Mütəllimovanın adları qeyd olunmalıdır.
Bəlkə də qəribə səslənəcək, amma onlar daha çox rəqib komandanın atdığı topları deyil öz komanda yoldaşlarının səhvən ayağından (bizim dilimizdə “mexaniki” səhvləri) çıxan topları toparlamağa çalışırlar. Korrektorlarımızın hər biri öz işinə maksimum məsuliyyətlə yanaşır.
Kəmalə və Aytən xanım 2003 və 2004-cü illərdən komandanın alternativsiz müdafiəçilərinə çevriliblər. Kəmalə xanım Azərbaycan dilinə qarşı xüsusi həssaslıqla yanaşır. Hətta Osmanlı şivəsində işlədilən bir kəlmə onun tərəfindən etirazla qarşılanır. Onun bu xüsusiyyətindən ən çox “əziyyət” çəkən köşə yazılarında zaman-zaman osmanlı şivəsində sözlər işlədən Pərviz Sadayoğludur. Amma hər zaman onların bu “mübarizəsi” sülhlə, daha doğrusu, Pərvizin “ağ bayraq” qaldırması ilə bitir:
“Yeni Azərbaycan” qəzetini 20 illik yubiley münasibətilə təbrik edirəm. Kollektivə yaradıcılıq uğurları arzulayıram. Arzu edirəm ki, gələcəkdə Qarabağın azadlığı xəbərini Azərbaycan xalqına biz verək”.
“Uzaq Sumqayıt eli”ndən gələn və oyun başlayan anda sahədə olmaq üçün gecikməməyə çalışan Aytən Qurbanova diqqətli və ədalətlidir. Müdafiə xəttinin “kapitanlıq sarğısı”nı qolunda əzmlə daşıyır. Ən kiçik səhvin belə onun gözlərindən yayınma ehtimalı yoxdur. Hər hansı bir oyunçumuzun ötürdüyü səhv “pas” sonda Aytən xanımın düzəlişi ilə üz-üzə qalır. Öz işi ilə yanaşı, oyunçulara qarşı da tələbkardır. Az olmayıb ki, ləng və ya asta “qaçan” oyunçu ondan “bir az tez”, “nə qədər səhv etmək olar” kimi iradları eşitməsinlər. Bütün bunlar komandanın ümumi işinin vaxtında və keyfiyyətli olmasını labüd edən amillərdəndir:
“20 yaşını qeyd edən “Yeni Azərbaycan” qəzetinin rəhbərliyi və kollektivini təbrik edirəm. Qəzetimizə yaradıcılıq uğurları və nailiyyətlər arzulayıram. İnşallah, gələcəkdə daha “qocaman yubileylərimizi” qeyd edərik!”
Elnurə isə 3 ildir ki, “Yeni Azərbaycan”ın müdafiə xəttində yer alır. Oyunun başlamasına heç vaxt gecikməz. Onu fərqləndirən əsas cəhətlərdən biri utancaq olmasındadır. Xoşbəxtlikdən gənc xanımın bu keyfiyyəti onun oyununa xələl gətirmir. Adətən Kəmalə xanımla bir-birini əvəzləyən tandem bunu oyunun gedişinə xələl gətirmədən ustalıqla bacarırlar. Elnurənin bir müsbət cəhətini də vurğulamaq lazımdır ki, səhvi heç zaman oyunçunun üzünə vurmur. Bu da təvazökarlığından irəli gəlir:
“Yeni Azərbaycan” qəzetinə, həmişə aktiv fəaliyyətində öndə olmağı arzulayıram. Qəzetimizin hər yaşdakı insanlar üçün maraqlı, məzmunlu yazılarının sayının və oxucu kütləsinin çox olmasını diləyirəm. Sağlam peşə, sağlam kollektiv olaraq uğurlara doğu irəliləyək!”
Arzu Mirzəyeva gələn ay komanda üzvü kimi tam bir ilinə qədəm qoyacaq müdafiəçilərimizdəndir. O yuxarıda adları çəkilən müdafiə xəttinin oyunçularının (korrektorların) təyin etdiyi səhvlərin aradan qaldırılmasına cavabdehdir. Belə demək mümkündürsə, komandanın səhvsiz nəticəyə nail olması üçün son şanslarından biridir. Kifayət qədər həlim və nəzakətli olan bu xanım ilk işə başladığı zamanlarda komandanın oyunçuları ilə dil tapmaqda çətinliklə qarşılaşsa da hazırda öz işinə məsuliyyətlə yanaşır və onun öhdəsindən gəlir. Belə deyək ki, Arzu xanım “transferindən sonrakı adaptasiya dövrünü” arxada qoyub. Və ən əsası... Komanda üzvlərindən ən asan tapılan məhz Arzu xanımdır. Çünki o, oynunun böyük hissəsini öz mövqeyində (kreslosunda) keçirməyə üstünlük verir:
“Yeni Azərbaycan” qəzetini 20 yaşı münasibətilə təbrik edirəm. Arzu edirəm ki, mətbu orqanlar arasında liderlər sırasında olan “Yeni Azərbaycan” öz yüksək mövqeyini hər zaman qoruyub saxlayaraq 100 illiyini qeyd etsin!”
Komandanın “xarici dil ümidi” Ümidə İsayeva da 4 ildən artıqdır ki, “Yeni Azərbaycan”ın dəyişilməz oyunçularındandır. Əvvəllər tərcüməni yalnız sinxron şəkildə həyata keçirirdisə və bu da digər oyunçular üçün əlavə iş demək idisə, 4 il yarımlıq tərcübə artıq öz sözünü deyib. Ümidə xanım artıq tərcüməni hazır yazı şəklində təqdim edir. Bu isə oyunda vaxt uduşuna gətirib çıxarır. Ən böyük özəlliyi isə humanistliyi və paylaşma istəyidir. Xırda problemdən tutmuş istənilən qlobal məsələ ətrafında hər kəsin fikrini öyrənmək onun üçün maraq kəsb edir. Ən vacibi... Kim çay istəsə Ümidə xanım onun dadına yetişir. Çünki onun həmişə hazır çayı olur: “Yeni Azərbaycan” qəzetinin 20 illik yubileyi kollektivimizin hər bir üzvü tərəfindən sevinclə qeyd edilir. Sevindiricidir ki, bu gün “Yeni Azərbaycan” qəzeti Azərbaycan mətbuatında örnəkdir və əminəm ki, uzun illər boyu qəzetimiz nümunə kimi çıxış edəcəkdir.
Fürsətdən istifadə edərək mən qəzetimizin baş redaktoru Hikmət müəllim başda olmaqla hər bir əməkdaşımızı təbrik edir, işimizdə daimi uğurlar arzulayıram”.
Həftənin yalnız bir günü oyun sahəsinə çıxan Əkbər Qoşalının xüsusi təqdimata ehtiyacı yoxdur. “Qədim türk elatının müasir zəmanəmizdəki səlahiyyətli nümayəndəsi” şair Əkbər Qoşalı komandanın saz-söz ustasıdır.
Ən məsuliyyətli vəzifə komandanın qapıçısının (məsul katibin) üzərinə düşür. Oyun müddətində gözdən qaçan hər bir səhvin ictimaiyyətdə yaradacağı rezonansı nəzərə alsaq qapıçının məsuliyyətini daha yaxşı anlamaq olar. “Yeni Azərbaycan”da bu şərəfli və çətin vəzifəni məsul katib Zahid Cəfərov yerinə yetirir. Vəzifəsi ondan maksimum ayıq-sayıq olmağı tələb edir. Olduqca təmkinli və zəhmətkeş (hər gün evə ən gec məhz o gedib çıxır) olan Zahid 5 ildir ki, komandanın uğuru üçün “tər tökür”. Bu müddətdə hər bir komanda üzvünün hörmətini qazanıb. Məsul katib vəzifəsində yeni olmasına baxmayaraq, öz işinin öhdəsindən asanlıqla gəlməyi bacarır: “Yeni Azərbaycan”ın dünya səviyyəli bir qəzet olmasını ürəkdən istəyirəm. Buna layiqdir. Bu qəzet mənim üçün doğmadır. Günümün çox hissəsi redaksiyada keçsə də özümdə yorğunluq hiss etmirəm. Çünki kollektivdə olan mehribanlıq bütün yorğunluqları unutdurur. Ona görə də, kollektivimizə söz ola bilməz. İstər yaradıcılıq baxımdan, istərsə də mehribançılıq baxımdan. Qəzetin gələcək fəaliyyətində ürəkdən uğurlar arzulayıram”.
Gənc oyunçulardan biri də dizaynerimiz Kamran İsmayılovdur. Komandanın ən gənc oyunçusu olmasına baxmayaraq, ikinci qapıçı funksiyasını yerinə yetirir. Meydançaya çıxmadığı vaxtlarda komanda üzvlərini ac qalmaqdan xilas etmək üçün səfərbər olan Kamran hər kəsin yemək zövqünə yaxından bələddir. Çünki o, böyük şövqlə mağazadan yemək almağı və elə həmin şövqlə də onu yeməyi sevir. Amma son bir neçə ayda gərgin məşqlərdən sonra Kamran “idman formasını” yüksək səviyyədə inkişaf etdirib:
“Müstəqilliyimizin ilk illərində işıq üzü görüb, mənimlə demək olar ki, yaşıd olan qəzetimizi, daha doğrusu “Yeni Azərbaycan”ın ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik edirəm. Əməkdaşlarımızın hər birinə yeni-yeni uğurlar arzulayıram”.
Səlim Loğmanoğlu isə komandanın ən vacib üzvlərindəndir, kommersiya direktorudur. Reklam məsələsini böyük peşəkarlıqla üstlənən Səlim Loğmanoğlu, hətta vaxt tapıb müxtəlif cinahlarda “oynayan” həmkarlarının da dadına yetişir. Səlim müəllimin ən böyük özəlliklərindən biri yorğun iş günlərində əlində böyük bir tort “kampımıza” təşrif gətirməsidir. Belə hallarda hər kəs 15 dəqiqəlik də olsa gərgin işdən başını qaldırıb dincəlir:
“Arxada qalmış 20 ilin son yeddi ilini “Yeni Azərbaycan”la birgə addımlamağımdan qürur duyuram. Belə ki, ölkəmizdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, demokratik islahatlar, mədəni və idman tədbirlərinin operativ şəkildə geniş oxucu kütləsinə çatdırılmasında bu mətbu orqanının müstəsna xidmətləri vardır. İctimai-siyasi qəzet olan “Yeni Azərbaycan”ın bu gün artıq biznes dairələrinin də stolüstü qəzetinə çevrilməsində, eləcə də, ölkənin reklam bazarındakı tutduğu LİDER QƏZET mövqeyini qoruyub saxlamasında azacıq da olsa əməyimin olmasından böyük məmnunluq hissi keçirirəm. Kollektivin “veteran”ı kimi, yubiley münasibəti ilə “Yeni Azərbaycan”ın bütün yaradıcı heyətini, eyni zamanda, oxucularımzı ürəkdən təbrik edirəm. Daha neçə belə yubileylərimizi birlikdə qeyd etməyi arzulayıram”.
Kollektivimizin ən vacib personalarından biri Arif Əsədov isə 1996-cı ildən “komanda”mızın formasını daşıyır. Komandanın üzvləri istənilən mövzuda ona müraciət etməkdən çəkinmirlər. Çünki Arif müəllim üçün bir prinsip var, hamının problemlərinin həllinə bir çarə tapır. Onun məsləhətləri hər birimiz üçün vacibdir. Öz işinə ən maksimal dərəcədə məsuliyyətli yanaşan Arif müəllim həm də kollektivimizin ən zarafatcıl üzvlərindəndir. Olduqca sakit təbitəli olsa da, hirslənsə, üzünü görməyin, zarafat deyil vaxtilə idmanın kinq-boks növü ilə peşəkar səviyyədə məşğul olub. Bir anın içində o cür sakit insan coşqun selə dönə bilər:
“O gün olsun ki, 50, 100 yaşımızı qeyd edək. Qəzetimizə yeni-yeni uğurlara imza atmasını arzulayıram. Redaksiyamızın bütün kollektivinə cansağlığı, işlərində müvəffəqiyyətlər diləyirəm”.
Hər ayın 5-ni bütün heyət üzvləri səbrsizliklə gözləyirlər. Həmin gün hər otaqda daxili telefonun ard-arda çalmasından yaranan dalğa hər birimizi maliyyə meneceri Mürsəl İsmayılovun qapısı önündə növbəyə düzür. Bir sözlə, Mürsəl müəllim komandanın stimulvericisidir. İqtisadi məsələlərdə isə çox dəqiqdir, çünki bizim baş mühasibimiz həm də iqtisad elmləri üzrə fəlsəfə doktorudur:
“Başda baş redaktorumuz Hikmət Babaoğlu olmaqla kollektivimizin hər bir üzvünü 20 illik yubiley münasibətilə təbrik edirəm. Bütün jurnalistlərimizə yaradıcılıq uğurları, texniki işçilərimizə diqqətli və səbrli olmağı arzulayıram. Bir mühasib olaraq arzum budur ki, qoy həmişə cibiniz dolu olsun!”
Komandamızın digər bir üzvü isə sürücü Nuru Qələmovdur. Nurunun ən böyük özəlliyi də hər kəslə dil tapıb bir saniyəlik də olsa zarafatlaşmağa vaxt ayıra bilməsidir.
“Kampımızın” hər gün təmiz və səliqəli olmasına görə isə hər bir oyunçumuz Tamara xalaya minnətdardır. “Yeni Azərbaycan” komandasının ilk yarandığı günlərdən Tamara xala komanda ilə birlikdədir. Hələlik nə o bizdən, nə də biz ondan şikayətçi deyilik.
Üzeyir Hacıbəyov-32 ünvanı “Yeni Azərbaycan” komandasını bir məqsəd, bir amal naminə öz işığının ətrafına toplayan məkandır. Qarşılıqlı hörmət, işinə peşəkar münasibət, qısacası, komandadakı doğma, isti ab-hava onu möhkəm bir ailəyə çevirib. Ümumi işimiz isə bir hədəfə istiqamətlənib-QƏLƏBƏYƏ!!! Bu bayram günündə hər kəs bizlərə öz arzusunu, diləyini bildirir. Bizim də özümüzə arzumuz var. “Yeni Azərbaycan” ailəsi olaraq Azərbaycana tezliklə QƏLƏBƏ SEVİNCİNİ xəbər verək!!!
Hələlik isə bizdən bizim haqqımızda bu qədər ...
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxSiyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41

