Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Heydər Əliyev: Böyük Azərbaycanlı”

“Heydər Əliyev: Böyük Azərbaycanlı”

07.05.2013 [14:03]

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş konfrans keçirilib
Dünən “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev: Böyük Azərbaycanlı” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gedərək müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli lider, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin məzarını ziyarət edib, Ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Konfransda çıxış edən YAP-ın Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin xatirəsini daim dərin ehtiramla anır. Əli Əhmədovun sözlərinə görə, Azərbaycan tarixinə şöhrət gətirən parlaq simaların sırasında Heydər Əliyevin yeri və rolu xüsusi görünməkdədir. “Xalqımızın düşüncəsi bundan ibarətdir ki, Azərbaycanın müasir tarixi və onun gələcək perspektivləri bilavasitə Ümummilli lider Heydər Əliyevin adı, Onun müəyyənləşdirdiyi siyasət və inkişaf konsepsiyası ilə əlaqədardır. Heydər Əliyev böyük bir epoxadır və bu epoxanın əhəmiyyətli bir hissəsi, təxminən 40 ili artıq tarixdir. Ancaq düşünürük ki, Heydər Əliyev epoxası yalnız tarix deyil, daha çox gələcəkdir, Azərbaycanın və xalqımızın gələcək taleyi və perspektivlərini müəyyənləşdirən qüdrətli amildir”, - deyə YAP-ın Sədr müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, hər bir şəxsiyyətin miqyası onun xalqın tarixində oynadığı rol ilə nə dərəcədə müəyyən olunursa, o qədər də dövlətin gələcək taleyinə təsir göstərmək imkanları ilə müəyyənləşmiş olur: “Əlbəttə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin bütün sahələrdə yüksək inkişafı və bu inkişafın nəticələri Azərbaycanda hər kəsə məlumdur. Eyni zamanda, Azərbaycan vətəndaşları ona görə Heydər Əliyev siyasətinə dərindən inanır ki, bu siyasət dövlətimizin gələcəyinə də böyük, müsbət təsir göstərmək imkanındadır. Belə bir qənaətin formalaşması təkcə nəzəri düşüncələrə söykənmir, bu, eyni zamanda, Heydər Əliyevin həyatda olmadığı 10 il ərzində Onun ideyaları əsasında Azərbaycanın böyük inkişaf mərhələsi keçməsi ilə əlaqədardır. Son 10 il ərzində Azərbaycan Heydər Əliyevin ideyalarının və siyasətinin Onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsi nəticəsində böyük inkişaf mərhələsi keçib. Bu gün Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş 11-ci konfransımızı keçiririk. Bu konfransın tematikasını müəyyənləşdirərkən “Heydər Əliyev: Böyük Azərbaycanlı” mövzusunun üzərində dayandıq. Hesab edirik ki, Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqının qarşısında bütün xidmətlərini ən ümumiləşmiş şəkildə ifadə etmək üçün uğurlu məfhumlardan biri məhz “Böyük Azərbaycanlı” ifadəsi ola bilər. Azərbaycanın gücünü, qüdrətini, möhtəşəmliyini bu sözdən daha yaxşı ifadə etmək mümkün deyil. Azərbaycanın Heydər Əliyevin müəyyənləşdirdiyi konsepsiya əsasında bundan sonra da böyük inkişaf mərhələsi yaşayacağını da bu ifadələrdən yaxşı əks etdirmək mümkün deyil”, - deyə Əli Əhmədov vurğulayıb.
“Ən böyük azərbaycanlının arzu və istəkləri uğurla həyata keçir” adlı məruzə ilə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Əli Həsənov qeyd edib ki, XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdyi ən böyük vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi xadim, xalqımızın əbədi lideri, dünənin, bu günün və sabahın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevdir: “XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması, strateji müttəfiqlərin qazanılması Ümummilli lider Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olub. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə - tarixin ən çətin mərhələsində xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində xalqımız o ağır, təlatümlü günlərdən, dövlətimiz isə məhv olmaq təhlükəsindən xilas oldu. Böyük xilaskar 1993-2003-cü illərdə ölkəni yenidən qurdu, faktiki olaraq güclü dövlət yaratdı, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində müstəqilliyimizin əbədi olmasını təmin etdi”.
Onun sözlərinə görə, böyük qürur və iftixar hissi ilə deyə bilərik ki, xalqımızın əbədi lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev təkcə XX əsrin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin yetirdiyi ən böyük, dahi şəxsiyyətdir: “Ümummilli lider Heydər Əliyevin böyük qürur hissi ilə dediyi “Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycanı təmsil etdiyimə görə özümü çox xoşbəxt sayıram. Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri Onun bu torpağa, bu Vətənə, xalqımıza nə qədər bağlı, sədaqətli olduğunu göstərir”.
“2003-cü il oktyabrın 1-də dünyanın ən böyük azərbaycanlısı Azərbaycan xalqına son müraciətində qazandığı uğurların, zəfərlərin formulunu belə açıqlamışdı: “Mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Bax, budur əsl Xalq - Rəhbər vəhdəti!”, - deyə Ə.Həsənov əlavə edib.
Baş nazirin müavini vurğulayıb ki, Ulu öndər Heydər Əliyev öz əməlləri ilə, xalqa əvəzsiz xidmətləri ilə əbədiyaşarlıq zirvəsinə yüksələ bilmişdir. “Ölkəmizin bugünkü sabit və dayanıqlı inkişafının təməlində məhz Ulu öndərin ideyaları durur. Əminliklə deyə bilərik ki, Onun müəyyən etdiyi strateji istiqamətlər hələ uzun illər müstəqilliyimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətin artırılması işinə xidmət edəcəkdir. Ümummilli lider Heydər Əliyevin taleyi, əslində, bir insanın ömür yolu deyil, bu, Azərbaycanın şanlı tarixidir, qurtuluş, inkişaf, milli tərəqqi salnaməsidir! Dünyanın ən böyük azərbaycanlısı deyirdi: “Nə qədər ki Azərbaycan var, Mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” Bəli, nə qədər ki, Azərbaycan dövləti var, Heydər Əliyev də min illər keçsə belə əbədi yaşayacaqdır. Çünki O, əbədidir, ölməzdir! Çünki O, “dünyanın ən böyük azərbaycanlısı” adına layiq olan, bu adı şərəflə daşıyan yeganə azərbaycanlıdır”, - deyə Ə. Həsənov bildirib.
“Azərbaycanın özü qədər əbədi Heydər Əliyev” mövzusunda məruzə ilə çıxış edən edən Milli Məclisin sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov isə bildirib ki, Ulu öndər Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətlər hər zaman yetişmir: “Belə şəxsiyyətlər Öz xalqlarının həyatının böhranlı və ağır dövrlərində tarix səhnəsinə çıxıb daşıdıqları missiyanı yerinə yetirirlər. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın fəlakətlərlə üz-üzə qaldığı bir dövrdə Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycan xalqının tarixinə milli dövlətçiliyin xilaskarı kimi daxil oldu. Azərbaycan dövləti və xalqı yaşadıqca Heydər Əliyev xalqımızın yaddaşında və qəlbində yaşayacaqdır. Bütün mənalı ömrünü xalqa xidmətə həsr edən Ümummilli lider Heydər Əliyevin böyüklüyünü və əzəmətini biz zaman keçdikcə daha dərindən dərk edirik”.
Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş daxili və xarici siyasət kursu bu gün Onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Ötən 10 il müddətində İlham Əliyev dünyada və regionda baş verən geosiyasi və iqtisadi dəyişiklikləri nəzərə alaraq, Azərbaycan Respublikasını daim dəyişən reallıqlara uyğunlaşdırmaqla, ölkəmizin bütün dünyada nüfuzunun artmasını təmin etmişdir”, - deyən Z.Əsgərov əlavə edib ki, bu gün cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və şəxsi təşəbbüsləri nəticəsində nəhəng transmilli layihələr reallaşır, ölkəmizin iqtisadi və hərbi gücü daha da artır. Hazırda Azərbaycan bütün dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir.
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “bizim siyasətimiz açıqdır, aydındır, atılan addımlarımız düzgün istiqamətdədir və məqsədimiz ölkəmizi daha da möhkəmləndirmək, dünyada Azərbaycanın mövqeyini möhkəmləndirməkdir. Bizim siyasətimiz Heydər Əliyev siyasətidir, Heydər Əliyevin qoyduğu yoldur. Azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq”, - deyə o, bildirib.
“Ümmandan bir damla” adlı məruzə ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov isə vurğulayıb ki, xoşbəxt o xalqdır ki, onun Ümummilli lideri var, xalq o zaman daha xoşbəxt olur ki, Ümummilli liderin əsasını qoyduğu siyasi kurs uğurla davam etdirilir. Bu baxımdan, Azərbaycan xalqı xoşbəxt xalqdır. Millət vəkili bildirib ki, 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilən Ulu öndər Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqın milli özünüdərki üçün zəruri tədbirlər həyata keçirməyə başladı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırdı, hər bir kəsdə milli heysiyyatı gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə, zəngin mədəni irsini yaşatmaq naminə bir sıra tədbirlər reallaşdırdı: “Bugünkü müstəqil Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının formalaşması, respublikada strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin açılması da məhz ötən əsrin 70-80-ci illərinə təsadüf edir”.
Onun sözlərinə görə, həmin dövrdə cəmiyyətin ən müxtəlif sahələrində nizam-intizamın, haqq-ədalətin təminatına çalışan, bunu məmurluğun formuluna çevirən Ulu öndər Heydər Əliyev bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağa çalışmışdır: “Ümummilli lider qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, xalqın hüquqlarının əzmkar və cəfakeş müdafiəçisinə çevrilməklə, milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmlənməsinə nail olmuşdur”.
“Ulu öndər milli kadrların yetişdirilməsi işinə də xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini önə çəkmişdir. O dövrdə milli mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə, flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi də daim Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Heydər Əliyev yaxşı bilirdi ki, universitet auditoriyalarında, kafedralarında işləyən, dərs deyən müəllimlər Azərbaycan xalqının mənliyinin, milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi prosesində müstəsna rol oynayırlar. O zaman azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilməsi də məhz Heydər Əliyevin təşəbbüsü sayəsində baş tutdu”, - deyə BDU-nun rektoru əlavə edib.
Millət vəkili bildirib ki, Ulu öndərin siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan ölkə başçısı elm və təhsilin problemlərini də diqqət mərkəzində saxlayır, Ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edir: “Milli təhsilin inkişafı məsələsi öz məzmununu dəyişərək həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilir, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı artıq yeni vüsət alır”.
“Gender bərabərliyi Heydər Əliyevin Azərbaycançılıq ideologiyası kontekstində” mövzusunda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin zəngin irsini araşdırarkən məlum olur ki, Onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Bu, insan hüquqlarının müdafiəsi ilə birbaşa bağlı olan sahələrdə xüsusilə hiss olunur. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan dilinin inkişafı, tariximizin və mədəniyyətimizin dünyada tanıdılması üçün apardğı siyasət sonrakı illərdə öz bəhrəsini verdi: “Məhz Onun müdrik siyasəti sayəsində azərbaycançılıq milli ideologiyadan dövlətçilik strategiyasına keçdi. Bütün bunların fonunda ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”.
“Tarix belə dahiləri tək-tək yetirir. Ulu öndər də nadir şəxsiyyət, fenomenal insan idi. O, bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır”, - deyən komitə sədri əlavə edib ki, bu gün dövrün iqtisadi-siyasi, elmi-mədəni səviyyəsi və sosial siyasətin gender aspekti Ümummilli liderin uzaqgörən siyasətinin nəticəsi və qlobal təfəkkürünün cəmiyyətə verdiyi töhfələrdir.
H.Hüseynovanın sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin birinci mərhələsinə nəzər salsaq, görərik ki, əslində, sosial-siyasi məsələlərin və gender problemlərinin həllinin əsası elə o vaxtdan qoyulmuşdur: “Hələ Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası qadın problemlərini, gender məsələlərini istənilən səviyyədə müzakirə edərək müəyyən nəticəyə gələ bilmədiyi halda, Ulu öndərin müdrik siyasi uzaqgörənliyi Azərbaycanda bu məsələlərin mütərəqqi həllinə təkan vermişdi. Elə bir sahə yox idi ki, orada qadınların iştirakı olmasın. Bu da qadın hərəkatında bir inkişafa səbəb oldu, eyni zamanda, onlar üçün bir stimul rolu oynadı”.
Komitə sədri deyib ki, Heydər Əliyev siyasi kursunun uğurlu davamının nəticəsidir ki, bir çox beynəlxalq əhəmiyyətli layihələrin müəllifi olan Azərbaycan bu gün bölgədə aparıcı dövlətə çevrilmişdir: “Müxtəlif sahələrdə baş verən yeniliklər, xarici dövlətlərlə yaradılan dostluq və əməkdaşlıq münasibətləri, iqtisadi göstəricilər müstəqillik illərinin uğurlarıdır”.
Konfransda daha sonra Azərbaycan Dövlət İqtisadi Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev “Azərbaycan iqtisadiyyatında Heydər Əliyev mərhələsi” mövzusunda məruzə ilə çıxış edib. Ş.Hacıyev bildirib ki, Azərbaycan tarixinin son yarım əsrlik dövründə, çağdaş inkişafımızın istənilən prizmadan qiymətləndirilməsi, xalqımızın Ümummilli lideri - Böyük Azərbaycanlı Heydər Əliyevin misilsiz xidmətlərini nəzərə almadan mümkün deyil. Onun sözlərinə görə, məhz bu baxımdan, Ulu öndərin iqtisadi inkişafımızın təmin edilməsindəki rolunun hərtərəfli qiymətləndirilməsi bütün dövrlərdə iqtisad elminin xüsusi tədqiqat problemi olaraq qalacaq. Komitə sədrinin fikrincə, Ulu öndərin iqtisadi idarəetmə sahəsindəki böyük irsi həm nəzəri-metodoloji, həm də praktiki baxımdan elmi cəhətdən qiymətləndirilməlidir.
“Müstəqil Azərbaycan dövlətinin inkişaf və transformasiya hədəfləri ilk dəfə 1993-cü ilin iyun ayının 15-də, xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin parlamentin tribunasındakı ilk çıxışında bəyan olunub: “Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır”. Ulu öndər haqlı olaraq qeyd edirdi ki, “İqtisadi sahədə strateji yolumuz respublikada bazar iqtisadiyyatına keçmək üçün iqtisadi islahatlar aparmaqdan və tədricən Azərbaycanda bütün sahələrdə sərbəst iqtisadiyyat - bazar iqtisadiyyatı formalarını tətbiq etməkdən ibarətdir”. Heydər Əliyevin bu sözləri müasir Azərbaycanın çağdaş iqtisadi inkişaf strategiyasında sistemli transformasiyanın başlanğıcı hesab edilməlidir. Onun iqtisadi islahatların həyata keçirilməsinə baxışlarını səciyyələndirən ən mühüm cəhət - islahatların gerçəkləşdirilməsinin öncül istiqamətlərinin düzgün və məntiqli ardıcıllıqla seçilməsindən ibarət olub”, - deyə o, vurğulayıb.
Ş.Hacıyev qeyd edib ki, iqtisadi inkişafın Azərbaycan modelinin mühüm bir məziyyəti milli iqtisadi sistemin dünya təsərrüfat sisteminə inteqrasiyasının özünəməxsusluğu ilə şərtlənir. Belə ki, iqtisadiyyatın açıqlıq səviyyəsi yetərincə yüksəkdir, lakin milli iqtisadi sistem arzuolunmaz kənar təsirlərdən çevik və güclü qorunma mexanizminə malikdir. Onun fikrincə, tam əminliklə vurğulamaq olar ki, Heydər Əliyevin formalaşdırdığı Azərbaycanın iqtisadi inkişaf modeli, elmi əsaslara söykənən, milli maraqlara xidmət edən, demokratik dəyərlərə malik, dünyaya açıq, sosialyönümlü iqtisadi inkişaf modelidir.
Ş.Hacıyevin fikrincə, son 10 ildə Azərbaycan iqtisadiyyatı özünün inkişaf xüsusiyyətlərinə görə, dünyanın lider ölkəsinə çevrilməklə bərabər, tamamilə yeni istiqamət alıb.
NARDAR BAYRAMLI
NURLAN QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1128 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30