Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Respublikasının Milli Məclisi “Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişə və bir neçə qanuna əlavələr və dəyişikliklər edib

Azərbaycan Respublikasının Milli Məclisi “Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişə və bir neçə qanuna əlavələr və dəyişikliklər edib

15.05.2013 [10:41]

Mayın 14-də Milli Məclisin növbəti iclası keçirilib.
AzərTAc xəbər verir ki, gündəlikdəki qanun layihələrinin müzakirəsinə keçməzdən əvvəl deputatlar bəzi məsələlərlə bağlı fikirlərini, rəy və təkliflərini səsləndiriblər. Çıxışlarda Bakıda soyqırımı abidəsinin və muzeyinin yaradılması, Xocalı soyqırımı abidəsinin ziyarət edilməsinin rəsmi protokola daxil olunması kimi təkliflər irəli sürülüb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisinin İranda həbsinə etiraz bildirilib.
Milli Məclisin sədri Oqtay Əsədov deputatların təkliflərinə münasibət bildirərək deyib ki, Azərbaycan ilə İran arasında parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir və bu qrupun üzvləri İrandakı həmkarlarına müraciət etməlidirlər.
Oqtay Əsədov öz növbəsində İran parlamentinin sədrinə müraciət edəcəyini diqqətə çatdırıb.
Sədr onu da bildirib ki, Xocalı soyqırımı abidəsi ilə bağlı böyük layihə var, heykəl dəyişdiriləcək və muzey yaradılacaq. Gələcəkdə bu abidənin ziyarət edilməsi də rəsmi protokola salınacaq.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. Əvvəlcə, “Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişə bəzi redaktə xarakterli düzəlişlər edilib.
Sonra “Avtomobil yolları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” sənəd müzakirəyə təqdim olunub. Bildirilib ki, bu Qanun Azərbaycanda avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının layihələndirilməsi, tikintisi, istifadəsi, saxlanılması və inkişaf etdirilməsinin, habelə yol təsərrüfatının idarə edilməsinin hüquqi, texniki-iqtisadi və təşkilati prinsiplərinin ümumi əsaslarını müəyyənləşdirir və yol təsərrüfatı subyektləri arasında yaranan əsas münasibətləri tənzimləyir. Sənədə təklif olunan dəyişikliklər nəqliyyat sahəsinin müasir tələblər səviyyəsində qurulması prinsiplərinə xidmət edir. Mövcud qanun 1999-cu ildə qəbul olunub və ötən illər ərzində ölkənin yol-nəqliyyat sistemində əsaslı dəyişikliklər baş verib ki, bu da qanunvericiliyin təkmilləşdirilməsi zərurətini yaradıb. Qeyd olunub ki, yeni layihədə yüklü və yüksüz iritonajlı nəqliyyat vasitələri üçün alternativ yolların çəkilişi, ödənişli yolların salınması, dövlət mülkiyyətində olan yollarda qorunma zolaqları, avtomobil yollarının ehtiyat zonaları ilə bağlı bir sıra mühüm məsələlər əksini tapıb. Layihədə həmçinin avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, yol təsərrüfatının inkişaf etdirilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin olunması məqsədilə müasir standartlara və normativlərə uyğun ödənişli avtomobil yollarının yaradılması nəzərdə tutulub.
Müzakirələrdən sonra qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.
İclasda “İcbari sığortalar haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə edilib. Bildirilib ki, sənəd respublikamızda daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycanda qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin sığorta qaydalarını və şərtlərini müəyyən edir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Gündəlikdəki digər iki məsələ - Cinayət və İnzibati Xətalar Məcəllələrində edilən dəyişikliklərlə bağlı məlumat verilib ki, hər iki sənəd parlamentə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olub. Hər iki layihə “Normativ hüquqi aktlar haqqında” Qanuna uyğun olaraq hazırlanıb.
Cinayət Məcəlləsində edilən dəyişikliyə əsasən yazılı KİV-də təhqir və böhtana görə nəzərdə tutulan cəza eyni qaydada internet KİV üçün də tətbiq ediləcək.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, inzibati məsuliyyət üçün nəzərdə tutulan 15 sutkalıq həbs cəzasının 3 ayadək uzadılması nəzərdə tutulub. Millət vəkilləri təklif edilən dəyişiklikləri razılıqla qarşılayıblar.
Müzakirələrdən sonra hər iki sənəd səsə qoyularaq qəbul edilib.
Deputatlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunu da birinci oxunuşda müzakirə ediblər.
Bildirilib ki, bu qanun ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və həyata keçirilməsi qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların və yoxlamada iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətlərini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edəcəkdir.
Sənəd səs çoxluğu ilə qəbul olunub.
İclasda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi də müzakirəyə çıxarılıb. Məlumat verilib ki, bu Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirəcək.
Qeyd olunub ki, dövlətimizin iqtisadi inkişafı, ölkədəki ictimai-siyasi sabitlik xarici ölkə vətəndaşlarının Azərbaycana marağının artmasına və miqrant axınının güclənməsinə səbəb olur. Yeni məcəllə bu sahədə mövcud olan bütün münasibətləri tənzimləyəcək.
Müzakirələrdən sonra məcəllə layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclis öz işini başa çatdırıb.

Paylaş:
Baxılıb: 1078 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31