Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir

Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir

07.06.2013 [02:07]

Nizamlanma prosesində müşahidə olunan canlanma meyillərinə mane olmaq istəyən qüvvələr mövcuddur
Məlum olduğu kimi, bu günlərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a səfəri çərçivəsində bu ölkənin dövlət katibi Con Kerri ilə görüşüb. Görüşdə bir sıra məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də diqqət mərkəzində olub. Görüşdən sonra tərəflərin jurnalistlər qarşısında çıxışı zamanı C.Kerri “dondurulmuş” münaqişə adlandırdığı Dağlıq Qarabağ konfliktinin regionda sabitliyə təhlükə törətdiyini və onun həllinin vacibliyini vurğulayıb. Qeyd edək ki, həmin ərəfədə C.Kerrinin ABŞ-da səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşündə də Dağlıq Qarabağ məsələsi gündəmdə olub və ABŞ-ın dövlət katibi ölkəsinin münaqişənin tənzimlənməsi yönündə səylərini davam etdirəcəyini bildirib.
SÜLH DANIŞIQLARINDA CANLANMA OLA BİLƏR
Keçirilən görüşlər və ABŞ dövlət katibinin münaqişə ilə bağlı mövqeyini ortaya qoyması danışıqlarda müəyyən canlanmanın yaranması ehtimalını artırır. Məlumdur ki, ötən ilə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqları xeyli sürətlənmişdi. Rusiyanın keçmiş Prezidenti, hazıkı baş naziri Dmitri Medvedyevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin çoxsaylı görüşləri keçirilmişdi. Sonuncu və sayca 11-ci olan belə görüş 2012-ci ilin yanvarında baş tutub. Lakin aparılan danışıqlar Ermənistan tərəfinin konkret məsələlərin müzakirəsindən yayınması və tez-tez bir-birinə zidd mövqelər ortaya qoyması səbəbindən nəticəsiz qalıb. Son 1 ildə isə danışıqlar prosesində durğunluq hökm sürür. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona ara-sıra gerçəkləşən səfərləri hər hansı səmərə verməyib. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2013-cü ildə Parisdə və Krakovda (Polşa) keçirilən görüşləri də irəliləyişlə yadda qalmayıb, əksinə, sonuncu görüş ərəfəsində E.Nalbandyan beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn bəyanatlar səsləndirməklə danışıqların gedişatına maneçilik törətməkdə davam edib. Buna baxmayaraq, beynəlxalq ictimaiyyət də münaqişənin həllinin vacibliyi ilə bağlı fikirlər səsləndirilməkdə davam edir. Bu yaxınlarda Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompey qurumun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Rusiya ilə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib. Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü iyun ayında Avstriyanın Zalsburq şəhərində baş tuta bilər.
Beləliklə, son görüşlər və münaqişənin həlli ilə bağlı səsləndirilən bəyanatlar danışıqlar prosesində Qərbin yenidən fəallaşmaqda olduğunu deməyə əsas verir. ABŞ dövlət katibinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini şərh edən politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Con Kerri ABŞ-ın dövlət katibi vəzifəsini icra etməyə başladığı dövrdən etibarən ilk dəfədir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirib: “Bu, özlüyündə müsbət haldır və ondan xəbər verir ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi münaqişənin tənzimlənməsində əvvəlki dövrlərə nisbətən daha çox fəallıq nümayiş etdirməkdədir. Bildiyimiz kimi, bir müddət öncə Minsk qrupunun həmsədrlərinin regiona səfəri baş tutub. Bunun ardınca Con Kerrinin məsələyə münasibət bildirməsi münaqişənin tənzimlənmə prosesində dinamikliyin artmasından xəbər verir. Məsələnin əsas məqamı ondan ibarətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində artıq fərqli strategiya seçmək, yəni Ermənistana təzyiq strategiyasını tətbiq etmək lazımdır. Çünki təcrübə sübut edib ki, sıradan görüşlər və müzakirələr hansısa nəticəyə gətirmək gücündə deyil”.
Lakin beynəlxalq ictimaiyyətdə elə dairələr mövcuddur ki, onlar nəinki Ermənistana təzyiq göstərməyi düşünmür, hətta əksinə, bu ölkənin işğal siyasətini açıq şəkildə dəstəkləyirlər.
ÇEXİYALI DEPUTATLARIN DAĞLIQ QARABAĞA SƏFƏRİNDƏ ALMANİYA İZİ?
Məlum olduğu kimi, bu günlərdə Çexiya parlamentinin bir qrup deputatı Dağlıq Qarabağa səfər edərək bölgədəki qondarma rejimin rəhbərləri ilə görüşüb, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Azərbaycan hökumətinin icazəsi olmadan hər hansı ölkə vətəndaşının Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi ölkənin qanunlarının və beynəlxalq hüququn tələblərinin kobud surətdə pozulması deməkdir. Bu addım, həm də Azərbaycan-Çexiya münasibətlərinə kölgə salmaq məqsədi daşıyır. Məsələyə münasibət bildirən E.Mirbəşiroğlu hansı dövlətin nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan ərazilərinə Azərbaycan hakimiyyətinin icazəsi olmadan edilən səfərlərin yolverilməz olduğunu deyib: “Bir qrup deputatın Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfəri ikili standartlardan xəbər verir. Fikrimcə, bu məsələyə Çexiya hakimiyyəti səviyyəsində izahat verilməlidir”.
Ümumiyyətlə, Çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdəndir. 2013-cü ilin əvvəlində bu ölkənin parlamentində hətta Xocalı soyqırımını tanıyan sənəd qəbul edilib. Belə olan halda, bu ölkənin rəhbərliyində təmsil olunan bəzi qüvvələrin açıq surətdə iki ölkə münasibətlərinə xələl vurmağa yönələn fəaliyyət həyata keçirməsi sual doğurmaya bilməz.
Belə ki, 2010-cu ildən etibarən Çexiyanın xarici işlər naziri vəzifəsini yerinə yetirən Karel Şvarsenberq sələfi Yan Kohoutdan fərqli olaraq, Azərbaycana qarşı qərəzli və nazir kimi statusunu aşan bəyanatları ilə yadda qalıb. Məsələn, onun bu ilin aprelində Ermənistana səfəri zamanı Xocalı soyqırımını müharibə dövründə baş verən adi hal kimi qiymətləndirməsi Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olmuş, bu barədə sərt mövqeyini Prezident İlham Əliyev Çexiya Respublikasının Deputatlar Palatasının sədr müavini, Çexiya-Azərbaycan dostluq qrupunun sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ortaya qoymuşdu.
K.Şvarsenberqin iki ölkə münasibətlərinə zərbə vurmağa xidmət edən bəyanatları onun alman mənşəyindən irəli gələrək Almaniyadakı bəzi anti-Azərbaycan dairələrin maraqlarından çıxış etməsi ehtimalını yaradır. Bildiyimiz kimi, Almaniyadakı bəzi dairələr son illərdə Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq, daxili sabitliyini pozmaq yönündə nəticəsiz qalan bir sıra addımlar atıblar. Anti-Azərbaycan fəaliyyətləri uğursuzluğa düçar olan həmin dairələrin öz əməllərini K.Şvarsenberqin vasitəsilə həyata keçirmək cəhdləri, güman ki, bu ölkənin Dağlıq Qarabağa səfər edən bir qrup deputatının bu qanunsuz addımı atmasına da stimul verib. Politoloq E.Mirbəşiroğlu isə qeyd edib ki, Çexiya dövlətinin mövqeyi ilə xarici işlər nazirinin mövqeyi üst-üstə düşmür: “Burada ehtimal var ki, K.Şvarsenberq Almaniyadakı bəzi dairələrin ümumi siyasəti prizmasından çıxış edir. Lakin Azərbaycan tərəfi bu məsələlərə özünün tutarlı cavablarını vermək gücündədir”.
Onu da vurğulamaq lazımdır ki, Almaniyada Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, məsələlərə obyektiv münasibət sərgiləyən qüvvələr də var. Məsələn, bir müddət öncə Bundestaqda Xristian Demokratik İttifaqından olan deputat, Avropa işləri üzrə komitənin daimi üzvü Tomas Bareis Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair verdiyi bəyanatında qeyd edib ki, Cənubi Qafqazda qaçqın düşmüş əhaliyə öz ata-baba yurdlarına daimi və təhlükəsiz qayıtmaq üçün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisini və onun ətrafındakı Azərbaycan rayonlarını geri qaytarmaq vacib şərtdir: “Məcburi köçkünlüyün hər hansı bir forması Avropa İdeyasına ziddir. Münaqişənin dərhal və davamlı həlli üçün güclü cəhd çox vacibdir, bunun üçün qaçqınların maraqlarını da nəzərə almaq lazımdır. Bu səbəbdən biz Avropa marağından çıxış edərək təkcə Minsk qrupunun qərarlarının deyil, bütövlükdə BMT, Avropa Şurası və ATƏT-in bütün qətnamələrinin tezliklə həyata keçirilməsini görməkdə maraqlıyıq”.
Bu günlərdə isə Almaniya parlamentində Xristian-Demokrat İttifaqından olan millət vəkili, İctimai Məsələlər üzrə Komitənin daimi üzvü doktor Piter Tauber münaqişə barədə bildirib ki, gərginliyi azaltmaq üçün birinci addımı Ermənistan atmalıdır və BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmazsa, o zaman sülh danışıqlarının əsası yoxdur: “Azərbaycan əhalisinin ümumi sayının 9 milyon olduğunu nəzərə alsaq, bu, böyük rəqəmdir. Qaçqınların öz torpaqlarına qayıtması onların haqqıdır. İşğal altında olan bu ərazilər Azərbaycanın bir hissəsidir”.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1123 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30