Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda infrastruktur layihələri uğurla icra edilir

Azərbaycanda infrastruktur layihələri uğurla icra edilir

21.08.2013 [09:33]

Prezident İlham Əliyev: Dövlət investisiya proqramının icrası nəticəsində biz bütün bu məsələləri ardıcıllıqla həll edirik
Şübhəsiz, hazırda Azərbaycan regionun ən dinamik inkişaf edən dövlətidir. Hökumətin həyata keçirdiyi məqsədyönlü siyasət, respublikada aparılan davamlı sosial islahatlar ölkə daxilində iqtisadi və siyasi sabitliyin möhkəmlənməsini şərtləndirib. Yalnız son 10 ildə ümumi daxili məhsul (ÜDM) 300 faiz artıb, yoxsulluq 50 faizdən 6 faizə enib, işsizlik 5 faizə qədər azalıb. Ötən müddət ərzində Azərbaycanda 1 milyondan çox iş yeri yaradılıb. Həmçinin, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olunub. Təkcə onu demək kifayətdir ki, 2013-cü ilin ilk 6 ayında qeyri-neft sektorunda müşahidə olunan artım 11 faizdən çoxdur.
Təbii ki, Azərbaycanın ümumi inkişafında regionların sosial-iqtisadi inkişafının rolu da əhəmiyyətli dərəcədə böyükdür. Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Artıq beşinci ildir ki, regionların sosial-iqtisadi inkişafını müəyyən edən ikinci Dövlət Proqramı (2009-2013-cü illərə dair) icra edilir. Dövlət Proqramı çərçivəsində həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, hazırda Azərbaycanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib. Başqa sözlə, paytaxtda olduğu kimi, respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı maksimum diqqətdə saxlanır.
Sözügedən Dövlət Proqramı çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, nəqliyyat, su, meliorasiya layihələri, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. İyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan böyük tikinti meydançasıdır: “Bakı şəhəri, digər bölgələr abadlaşır, qurulur, eyni zamanda, nəhəng sənaye, infrastruktur layihələri icra edilir. Dövlət investisiya proqramının icrası nəticəsində biz bütün bu məsələləri ardıcıllıqla həll edirik. Proqram üzrə gedirik və ildən-ilə öz investisiya imkanlarımızı da artırırıq”.
Qeyd etmək lazımdır ki, infrastruktur layihələri arasında xüsusilə içməli su, kanalizasiya layihələrinin icrası prioritet olaraq qalır. Elektrik enerjisi ilə bağlı artıq bütün layihələr demək olar ki, başa çatıb. Ölkəmizdə sonuncu böyük - 780 meqavat gücündə olan stansiya bu yaxınlarda Şirvan şəhərində istismara verilib. Qazlaşdırma prosesi də sürətlə gedir. Bu ilin sonuna qədər bütün yaşayış məntəqələrinin 90 faizinin qazlaşdırılması qarşıya məqsəd qoyulub.
Yeri gəlmişkən vurğulayaq ki, Prezident İlham Əliyev avqustun 14-də İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarına səfəri çərçivəsində bir sıra sosial obyektlərin açılışında iştirak edib. Bunlar arasında Oğuz şəhərinə içməli suyun verilməsi mərasimini, İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışını xüsusilə qeyd etmək lazımdır. Prezident İlham Əliyev İsmayıllıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bir daha qeyd edib ki, bütün əsas infrastrktur layihələrinin icrası davam edir: “Digər infrastruktur layihələri də icra edilir. Qazlaşdırma da uğurla aparılmışdır. Şəhər tamamilə qazlaşdırılıb, kəndlərdə də qazlaşdırma gedir. Əsas infrastruktur layihələri bunlardır və bunları biz həll edirik”.
Məlumat üçün bildirək ki, “İsmayıllı-1” Su Elektrik Stansiyası alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsi proqramı çərçivəsində inşa olunan obyektlərdən biridir. Kiçik su elektrik stansiyalarının tikintisi elektrik enerjisinin istehsalında yanacağa qənaət etməklə yanaşı, həm də ətraf mühitə heç bir zərər yetirmir. Stansiyanın aşağı byefindən çıxan təmizlənmiş su tikilməkdə olan “İsmayıllı-2” Su Elektrik Stansiyasına daxil olacaq. Beləliklə, yekunda İsmayıllı Su Elektrik Stansiyası ümumi gücü 3200 kilovat olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edəcək. İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyasının ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malik olması layihəni olduqca səmərəli və əhəmiyyətli edir.
Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən Oğuz şəhərinə içməli su xəttinin çəkilməsi layihəsi üzrə işlərə 2010-cu ilin noyabrında başlanılıb. Yeni içməli su təchizatı sistemi Oğuz şəhərini, həmçinin Bayan, Kərimli, Qumlaq, Şirvanlı, Tayıflı və Xalxalqışlaq kəndlərini əhatə edəcək. Layihəyə əsasən şəhərin 9 min, kəndlərin isə 11 minə qədər əhalisinin - ümumilikdə 19 min 739 nəfərin su ilə fasiləsiz təmin olunması nəzərdə tutulub. Layihəyə əsasən su tələbatı saniyədə 47 litrdən bir qədər çox olmalı idi. Hazırda isə Sazur və Almalıq su mənbələri hesabına faktiki təchizat saniyədə 103 litrdir. Tikintisi başa çatdırılan su mənbələrinin potensialı 50 min insanın suya olan tələbatını tam ödəyəcək. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğu təsdiqlənib.
Eyni zamanda, son dövrlərdə paytaxtla yanaşı, bölgələrdə də yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin miqyası genişlənib. Bu gün respublika əhəmiyyətli yollarla bərabər, rayon və kənddaxili yollar müasir səviyyədə inşa edilir. Yeni inşa olunan belə yollardan biri də İvanovka-Hacıhətəmli-Mollaisaqlı, yenidən qurulan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsi, Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yoludur. Avqustun 14-də dövlət başçısı hər üç avtomobil yolunun, eləcə də, İsmayıllı şəhərində istifadəyə verilən yeni avtovağzalın açılışında iştirak edib.
Qeyd edək ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və respublikanın ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Avtomobil yolu respublikamızın şimal-qərb rayonları ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, həmçinin iqtisadiyyatın və turizmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Uzunluğu 42 kilometr olan yolun 20 kilometri Qəbələ rayonunun, 22 kilometri isə Oğuz rayonunun ərazisinə düşür. Tikintisinə 2012-ci ilin may ayında başlanan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsi 5 yaşayış məntəqəsini - Zarağan, Kiçik Pirəli, Mirzəbəyli, Zərgərli kəndlərini və Nic qəsəbəsini əhatə edir.
İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu isə 6 min nəfərin yaşadığı 7 məntəqəni birləşdirir. Bu yolun tikintisi üçün dövlət başçısının 2012-ci il 16 mart tarixli Sərəncamına əsasən Prezidentin ehtiyat fondundan ilkin olaraq üç milyon manat vəsait ayrılıb. Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli Sərəncamı ilə yolun tikintisi üçün əlavə olaraq 5,5 milyon manat vəsait ayrılıb. Bu layihənin ümumi dəyəri 8 milyon 526 min manatdır. Layihəyə əsasən, 29,5 kilometr uzunluğunda yol çəkilib, 18 yerdə beton suötürücülər tikilib, yolboyu yol-hərəkət nişanları quraşdırılıb. Yolun başlanğıcında üç dayanacaq əsaslı təmir edilib, kəndlərdə 10 yeni dayanacaq tikilib. Yolun İvanovka kəndindən keçən hissəsində piyadaların təhlükəsiz hərəkəti üçün səkilər salınıb. Bu yolun istifadəyə verilməsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkət etməsinə geniş imkanlar yaratmaqla yanaşı, həm də sərnişinlərin təhlükəsizliyi baxımından olduqca önəmlidir.
Şübhəsiz ölkəmizdə aparılan sənayeləşmə siyasəti də regionların dinamik inkişafına ciddi təkan verib. Hazırda Bakı şəhərində, respublikanın müxtəlif bölgələrində sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük, kiçik istehsal və emal sənayesi müəssisələri fəaliyyətə başlayıb. Avqustun 14-də Prezident İlham Əliyevin Qəbələyə səfəri çərçivəsində istifadəyə verilən müəssisələrdən biri də “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksidir. Müəssisə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində yaradılıb. Qəbələ rayonunun Vəndam kəndində yaradılan aqrar-sənaye kompleksinin ümumi sahəsi 26 hektardır. Müəssisəyə südlük və ətlik istiqamətli heyvandarlıq kompleksləri, müasir suvarma sisteminin tətbiqinə əsaslanan əkinçilik təsərrüfatı və aqroservis daxildir. Kompleksin ümumi dəyəri 25 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 14 milyon manat güzəştli kredit verilib. Dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələr yaradılıb, bir çox məhsulların ixracı artıb.
SEVİNC

Paylaş:
Baxılıb: 1298 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31