Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyasi həmrəylik milli gücün ifadəsi kimi...

Siyasi həmrəylik milli gücün ifadəsi kimi...

08.11.2025 [10:58]

Bir amal, bir məqsəd uğrunda: milli birliyin siyasi fəlsəfəsi...

Siyasi partiyalar birgə bəyanat qəbul ediblər

Milli həmrəylik hər bir xalqın varlığının, hər bir dövlətin sabitliyinin və inkişafının əsas sütunlarındandır. Dövlətin gücü tək iqtisadi və ya hərbi göstəricilərlə ölçülmür - milli güc həm də cəmiyyətin siyasi həmrəyliyi ilə indentifikasiya olunur. Xüsusilə milli maraqlara, dövlətin gələcəyinə və təhlükəsizliyinə aid məsələlərdə vahid mövqenin sərgilənməsi, ortaq yanaşma mühüm əhəmiyyət kəsb edir. Milli maraqlarda həmrəylik yalnız ideoloji deyil, həm də mənəvi məsələ kimi dövlətin inkişaf prioritetlərində ön plana çıxır.

Azərbaycan bu mənada nümunəvi bir ölkədir. 2019-cu ildən etibarən ölkədə baş verən siyasi dəyişikliklər, yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi münasibətlər sistemində başlanan dialoq mərhələsi milli həmrəyliyin yeni mərhələsini başlatdı. Siyasi partiyalar arasında qarşılıqlı anlaşma, fikir mübadiləsinə əsaslanan münasibətlər sistemi tədricən cəmiyyətin bütün sferalarına sirayət etdi. Prezident İlham Əliyevin iradəsi və təşəbbüsü ilə formalaşan bu siyasi dialoq platforması qısa müddətdə siyasi mədəniyyətin yeni modelini yaratdı. Artıq Azərbaycan siyasətində qarşıdurma və qarşılıqlı ittihamlar yerini dövlət maraqları üzərində birləşən əməkdaşlığa verdi- hakimiyyət-müxalifət münasibətləri qarşıdurma deyil, milli məsuliyyət müstəvisinə keçid aldı. Bu isə təkcə daxili sabitliyi deyil, həm də dövlət idarəçiliyinin keyfiyyətini artıran amilə çevrildi.

Yeni siyasi konfiqurasiya: milli həmrəyliyin real mənzərəsi...

Yeni siyasi münasibətlər sisteminin ən parlaq təzahürü 2020-ci il Vətən müharibəsi dövründə özünü göstərdi. Həmin günlərdə bütün ölkə, cəmiyyət və siyasi spektr vahid məqsəd uğrunda birləşdi - dövlətin, Ordunun və Ali Baş Komandanın ətrafında sıx birləşərək Qarabağın azadlığı uğrunda mübarizəyə səfərbər oldu. Bu, təkcə hərbi qələbə uğrunda birlik deyildi, həm də milli ruhun qələbəsi idi. Ölkədə fəaliyyət göstərən 50-dən çox siyasi partiyanın birgə bəyanat qəbul etməsi, Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini açıq şəkildə bəyan etmələri, müasir siyasi tariximizdə analoqu olmayan hadisəyə çevrildi. Qeyd etmək lazımdır ki, hələ döyüşlərin başladığı ilk gündə ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yaydılar. Siyasi partiyaların rəhbərləri birgə bəyanatda Ermənistanın işğalçı siyasətini şiddətlə qınayıb və sənəddə mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktının insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməli olduğu vurğulanıb. Bundan başqa, ölkənin siyasi partiyaları beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını, Azərbaycana qarşı tətbiq olunan ikili standartlara son qoyulmasını tələb ediblər. Bəyanatda o da bildirilirdi ki, rəsmi İrəvanın militarist bəyanatları, Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir. Bununla yanaşı, siyasi partiyaların rəhbərləri dövlət başçısının fikrini dəstəklədiklərini və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu da qeyd etdilər - bildirildi ki, Azərbaycan ədalətli və məsuliyyətli mövqe nümayış etdirir. Siyasi partiya rəhbərlərinin imzaladığı bəyanatda Azərbaycan xalqının və ölkənin siyasi partiyalarının yekdilliklə Prezidentin yanında olduğu xüsusi olaraq vurğulandı.

Azərbaycan uğrunda bir yumruq olmaq...

Beləliklə, 2020-ci ilin sentyabrında imzalanan bu ilk milli birlik bəyanatı milli və siyasi həmrəyliyin parlaq göstəricisinə çevrilidi. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutu kimi ön plana çıxdı. Bu, milli həmrəyliyin ən yüksək forması idi - fərqli ideoloji düşüncələr, müxtəlif siyasi platformalar, hətta uzun illər bir-birinə qarşı kəskin mövqe sərgiləyən qüvvələr belə, Vətən naminə bir mövqedə dayandılar. Bütün fərqləri arxada qoyaraq, “Azərbaycan uğrunda bir yumruq” oldular.

Siyasi qüvvələrin bu mövqeyi həm də xaricdən ölkəmizə yönələn təzyiqlərə verilən ən tutarlı cavab idi. Çünki həmin dövrdə düşmən tərəf informasiya müharibəsi aparır, daxili parçalanma görüntüsü yaratmağa çalışırdı. Lakin Azərbaycan cəmiyyətinin və siyasi qüvvələrinin birliyi bütün bu cəhdləri puç etdi. Müharibə dövründə formalaşan bu həmrəylik modeli sonrakı illərdə də siyasi sistemin inkişafında əsas baza oldu.

Milli birliyin siyasi fəlsəfəsi: yeni mərhələnin başlanğıcı

Bu gün Azərbaycan artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Ərazi bütövlüyümüzün bərpası, Qarabağın və Şərqi Zəngəzurun tam azad edilməsi, dövlət suverenliyimizin tam təmin olunması milli birliyin siyasi fəlsəfəsini daha da möhkəmləndirib. Artıq ölkənin bütün siyasi qüvvələri - istər iqtidar, istər müxalifət, istərsə də ictimai-siyasi təşkilatlar bir məqsəd ətrafında birləşiblər: müstəqil, güclü, müasir Azərbaycanı gələcəyə aparmaq. 2020-ci il müharibəsindəki həmrəylik bu gün də davam edir. Yeri gəlmişkən, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar. Bəyanatda bildirilir ki, 2020-ci il 27 sentyabr tarixində başlayan Azərbaycan xalqının haqq savaşı - Vətən müharibəsi azərbaycanlıların böyüklüyünü, əzmini və qəhrəmanlığını bütün dünyaya göstərdi. Uzun illər düşmən işğalında olan, torpağının üstü də, altı da talan edilən Qarabağ və Şərqi Zəngəzur əraziləri Vətən müharibəsi Zəfəri ilə öz azadlığına qovuşdu. 44 gün ərzində Azərbaycan Ordusunun cəsur döyüşçüləri öz arxalarında Azərbaycan xalqının tükənməz gücünü və birliyini hiss edərək düşməni - Ermənistan ordusunu darmadağın etdi və bununla da Qafqazda uzun illər mövcud olan erməni mifini tarixin zülmətinə göndərdi: “Bütün dünya azərbaycanlıları dərindən dərk edir ki, 44 günlük Vətən müharibəsinin nəticəsində təkcə ərazi bütövlüyümüz bərpa edilməmiş, eyni zamanda, Azərbaycan xalqının qüruru özünə qayıtmış və Azərbaycan dünya dövlətləri sırasında qalib dövlətə çevrilmişdir. Dünya tarixinin ən qarışıq və təhlükələrlə dolu zamanında Azərbaycan xalqının, Azərbaycan Ordusunun və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətçilik tariximizə bəxş etdiyi bu şanlı səhifə daim xatırlanacaq və əbədi yaşayacaqdır”.

Bəyanatda dövlətimizin dünya birliyində tutduğu layiqli mövqeyin, Qalib dövlət nüfuzunun qorunması istiqamətində atılan böyük addımların yüksək dəyərləndirildiyi qeyd olunub. Vətənimiz naminə daim siyasi milli birliyi dəstəkləyən partiyalar xalqımızı və dünya azərbaycanlılarını Zəfər Gününün beşinci ildönümü münasibətilə təbrik edib və hər kəsi güclü Azərbaycan naminə sarsılmaz və daha möhkəm milli birliyə səsləyib.

Siyasi partiyaların birgə bəyanatla çıxış etməsi, ölkədə gedən böyük quruculuq proseslərinə dəstək ifadə etməsi göstərir ki, siyasi həmrəylik artıq epizodik yox, daimi siyasi mədəniyyətə çevrilib. Azərbaycanın bu gün yaratdığı siyasi mühitdə milli maraqlar bütün ideoloji fərqləri üstələyir. Qarabağın azadlığı uğrunda səfərbər olan siyasi qüvvələr indi həmin torpaqlarda quruculuq proseslərinə mənəvi dəstək verirlər. Dövlətin iqtisadi, diplomatik və sosial siyasəti də məhz bu həmrəylik üzərində qurulub. Bu, milli həmrəyliyin davamlı siyasi fəlsəfəyə çevrilməsinin sübutudur. Bu isə Azərbaycan demokratiyasının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Siyasi dialoqun dərinləşməsi: dövlət-cəmiyyət münasibətlərinin müasir modeli

Siyasi dialoqun davamlı xarakter alması həm dövlətin, həm də cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin təşəbbüsü ilə keçirilən müntəzəm görüşlər, dəyirmi masalar, fikir mübadilələri bu prosesin mühüm tərkib hissəsidir. Bu dialoq formatı təkcə siyasi münasibətləri tənzimləmir, həm də dövlət idarəçiliyinə ictimai iştirakçılıq elementlərini gətirir. Siyasi partiyaların, QHT-lərin, ictimai təşkilatların işğaldan azad edilmiş ərazilərə birgə səfərləri milli həmrəyliyin konkret təzahürüdür. Bu səfərlər zamanı müxtəlif partiyaların nümayəndələri dövlətin həyata keçirdiyi bərpa və quruculuq işləri ilə tanış olur, öz təşəbbüslərini, təkliflərini irəli sürürlər.

Beləliklə, siyasi dialoq təkcə sözlə deyil, əmələn milli birliyə xidmət edir. Dövlətin bu prosesdə tutduğu mövqe açıq və demokratikdir - hər bir siyasi qüvvə üçün platforma açıqdır, əsas amal milli maraqlara xidmət etməkdir. Məhz bu səbəbdən, Azərbaycanda siyasi münasibətlərdə qarşılıqlı etimad mühiti formalaşır. Bu, həm də dövlətin idarəçiliyində çeviklik, cəmiyyətdə sabitlik və siyasi sistemdə dinamiklik yaradır. Qısa zamanda əldə olunan bu nəticələr sübut edir ki, siyasi dialoq Azərbaycan modelində davamlı inkişafın mühüm dayağına çevrilib.

Milli birliyə qarşı dayananlar - dünən də, bu gün də ...

Təəssüf ki, milli həmrəylikdən kənarda qalan qüvvələr də var. 2020-ci ildə 50 partiyanın imzaladığı birlik bəyanatına qoşulmayan bir neçə siyasi təşkilatların bəziləri bu gün də eyni mövqedə qalmaqda israr edir. AXCP-nin və Müsavat Partiyasının timsalında onlar milli maraqları öz dar siyasi maraqlarına qurban verərək, cəmiyyətin birliyinə zərbə vurmaq xəttini seçiblər. Bu qüvvələr Vətən müharibəsində əldə edilən tarixi Qələbəyə sevinməyən, Azərbaycan Ordusunun uğurlarını kölgələməyə çalışan, dövlətin beynəlxalq arenada qazandığı nailiyyətlərə qarşı çıxan marginal qruplar olduqlarını bir daha ortaya qoydular. Bu mövqe ilə, əslində, cəmiyyətin birliyinə yox, xaricdən idarə olunan təbliğatın təsiri altında olduqlarını növbəti dəfə sübut etdilər. Bu “qüvvələr” milli həmrəyliyi sarsıtmaq cəhdi ilə, əslində öz siyasi varlıqlarını qorumağa çalışırlar. Lakin Azərbaycan cəmiyyətinin yetkin siyasi düşüncəsi bu cəhdləri neytrallaşdırır.

Azərbaycan xalqı, siyasi palitrası birliyi, həmrəyliyi və dövlət maraqlarına sədaqəti seçir. Cəmiyyətin böyük əksəriyyəti Prezident İlham Əliyevin ətrafında birləşərək bu siyasi sabitliyin qorunmasına dəstək verir. Milli həmrəyliyə qarşı duran hər bir addım isə xalqın iradəsinə qarşı çıxmaq deməkdir.

Həmrəylik həm də gələcəyin təminatıdır

Bir sözlə, Azərbaycanın müasir siyasi modeli milli həmrəylik, qarşılıqlı etimad və dialoq üzərində qurulub. Bu, yeni dövrün yeni siyasi fəlsəfəsidir. Dövlət və xalqın birliyi, siyasi partiyaların milli amal uğrunda bir araya gəlməsi ölkəmizin gələcək inkişafının ən möhkəm təminatıdır. Bu gün Azərbaycan dünyaya sübut edib ki, güclü dövlət üçün əsas resurslar arasında xalqın və siyasi kəsimin həmrəyliyi ön sıradadır. Məhz həm də bu birliyin təsiri ilə Azərbaycan müharibədə qalib gəldi, müstəqilliyini möhkəmləndirdi və yeni inkişaf mərhələsinə qədəm qoydu. Siyasi həmrəylik bu gün təkcə keçmişin nəticəsi deyil, həm də gələcəyin təminatıdır. Azərbaycanın bütün siyasi qüvvələri milli maraqlar ətrafında birləşdikcə, bu dövlətin qarşısında heç bir qüvvə dayana bilməz...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30