Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakı dünyada ən sürətlə inkişaf edən və abadlaşan şəhərlərdən biridir

Bakı dünyada ən sürətlə inkişaf edən və abadlaşan şəhərlərdən biridir

29.12.2013 [11:03]

Prezident İlham Əliyev: Gözəl şəhərimizin gələcək inkişafı və abadlaşması üçün yeni dövr başlayır
Məlum olduğu kimi, hazırda Azərbaycanın hər bir bölgəsi abadlaşır, gözəlləşir, şəhər və qəsəbələrin siması dəyişir. Bunun kökündə isə əldə edilən uğurlar və həyata keçirilən Dövlət proqramları dayanır. Respublikanın makroiqtisadi göstəriciləri, həmçinin, büdcə gəlirlərinin çoxalması regionlarda və paytaxtın qəsəbələrində olduğu kimi, Bakının özündə də əsası qoyulmuş işlərin ardıcıl, sistemli qaydada davam etdirilməsinə əlverişli imkan yaradıb. Eyni zamanda, Prezident İlham Əliyevin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası paytaxtın abadlaşmasına və insanların rahat yaşayışı üçün daha əlverişli məkana çevrilməsinə töhfələr verib.
Ümumiyyətlə, köklü dəyişiklik və inkişaf tendensiyası özünü Bakı şəhərində olduqca aydın və qabarıq göstərir. Təsadüfi deyil ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Paytaxtımıza gələn xarici qonaqlar şəhərə heyran olurlar. Heç şübhəsiz, Bakının hazırkı gözəlliyi bir tərəfdən şəhərin memarlığının tarixən yüksək zövqə uyğun tərzdə formalaşdırılması ilə, digər tərəfdən isə şəhərin özünəməxsus arxitekturasının qorunması və onun sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən dövlət siyasəti ilə bağlıdır.
Beləliklə, son illərdə Bakıda görülən irimiqyaslı işlər içərisində şəhərdə aparılan geniş təmir-bərpa və tikinti işləri xüsusilə diqqəti cəlb edir. Yüksək səviyyədə həyata keçirilən bu işlər Bakının tarixi gözəlliyini nəinki pozmayıb, əksinə onu qoruyub və müasir çalarlarla daha da zənginləşdirib. Şərq və Qərb mədəniyyətlərinin özündə ahəngdar sintezini formalaşdıran Bakı bu cəhəti ilə böyük beynəlxalq marağa səbəb olur. Prezident İlham Əliyevin bu günlərdə keçirilən “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransdakı çıxışında bəyan etdiyi kimi, Bakının gözəlliyi təkcə binalarda deyil, şəhərimizdə olan tarixi ab-havadadır: “Bakının özünəməxsus, spesifik bir aurası, tarixi, tarixi siması vardır. Mən şadam ki, son illər ərzində biz Bakının tarixi simasını qoruya bilmişik. Eyni zamanda, hər bir şəhər kimi Bakının da inkişafı təmin edilməli idi. Hesab edirəm ki, biz burada həm tarixi saxlamaqla, memarlıq abidələrini bərpa etməklə, eyni zamanda, müasir infrastrukturun yaradılması, yeni binaların tikilməsi istiqamətində də çox düzgün siyasət aparmışıq ki, müasirliklə qədim tarix burada - Bakıda ziddiyyət təşkil etmir, əksinə bir-birini tamamlayır”.
Bakıda hər il tikilən möhtəşəm binalar, salınan parklar, ictimai zonalar şəhərin gözəlliyini artırmaqla bərabər, onun yeni simvollarını yaradır. Məsələn, 2013-cü ildə istifadəyə verilən “Alov qüllələri” hələ tikintisi başa çatmazdan öncə Bakının yeni simvoluna çevrilmişdi. Bundan əlavə, Bayraq Meydanı, genişləndirilən Bulvar, Heydər Əliyev Mərkəzi Bakının simasına yeni çalarlar qatıb.
Yeri gəlmişkən, yenidən qurulan Bakı bulvarı dünya miqyasında ən rahat, gözəl istirahət zonalarından biridir. Hazırda, Bayraq Meydanından Bibiheybət istiqamətində yeni bulvar salınır. Eynilə, əks istiqamətdə, yəni, Dəniz vağzalından neftayırma zavoduna qədər olan ərazidə də yeni bulvar yaradılır. Dövlət başçısının sözlərinə əsasən, neftayırma zavodundan Bibiheybət buruqlarına qədər yeni bulvarın uzunluğu təxminən 20 kilometr olacaq. Bundan əlavə, qarşıdakı illərdə Qaradağ rayonunda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur. Həmin zavod tikildikdən sonra köhnə neftayırma zavodunun köçürülməsi həyata keçiriləcək, nəticədə, “Ağ şəhər” və Zığ bulvarını uzatmaq mümkün olacaq. Beləliklə, artıq dəniz vağzalından “Ağ şəhər” istiqamətində bulvar tikilir. Nobel prospektindən dənizə qədər olan binalar sökülərək əvəzində yeni bir istirahət zonası yaradılır. Həmin ərazinin bulvara birləşdirilməsi nəticəsində, dünyada ən uzun bulvar məhz Azərbaycanda olacaq.
Bir sözlə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Bakıda ictimai yerlərin yaradılması prosesi olduqca sürətlə gedir: “Deyə bilərəm ki, dünyanın heç bir şəhərində bu qədər ictimai yerlərin, parkların yaradılmasına diqqət göstərilmir”.
Məlum olduğu kimi, “Ağ şəhər” layihəsinin gerçəkləşdirilməsi yönündə tikinti işləri də sürətlə davam etdirilir. Bakının bir vaxtlar “qara şəhər” adlanan hissəsində salınan yeni yaşayış bölgəsi özünün ekoloji cəhətdən təmizliyinə, eləcə də, müasirliyinə, ən yeni texnologiyaların tətbiqinə görə, nəinki Azərbaycanda, dünyada ən qabaqcıl yaşayış məkanlarından birinə çevriləcək.
Paytaxtda son illərdə görülən işlər içərisində yolların bərpasını, təmir edilməsini, yeni yolların açılışını da qeyd etmək olar. Yollarda yaradılan şərait sürətlə genişlənən və inkişaf edən şəhərin əhalisinin rahatlığına xeyli müsbət təsir göstərib. Köhnə və kiçikölçülü marşrut avtobuslarının tamamilə yeni orta və iritutumlu avtobuslarla əvəzlənməsi sakinlərin rahatlığını təmin edib. Son illərdə bu istiqamətdə görülən işləri statistikaya əsaslanaraq ifadə etsək görərik ki, 2012-ci ildə Azərbaycana 1038 ədəd avtobus gətirilib. Bu, 2011-ci ildə qeydə alınan göstəricidən 58,5 faiz çoxdur. İdxal olunan avtobusların ümumi dəyəri 49,88 milyon dollardan artıq olub ki, bu da 2011-ci ilin göstəricisindən 88,1 faiz çoxdur. Ölkəyə yeni avtobusların gətirilməsi cari ildə də davam etdirilib və 2013-cü ilin yanvar-sentyabr aylarında ümumilikdə 665 avtobus idxal olunub. Dövlət başçısı sözügedən konfransdakı nitqində bu məsələyə də toxunaraq bildirib ki, Bakı kimi gözəl şəhər üçün daha da gözəl avtobuslar gətirilməlidir: “Mən artıq müvafiq göstərişlər verdim. İndi baxmaq lazımdır ya özəl qurumlar, ya Nəqliyyat Nazirliyi, ya Bakı Şəhər İcra Hakimiyyəti, ya hər birisi bu işlə məşğul olsun. Mən burada istisna etmirəm ki, dövlət xətti ilə də yeni avtobusların gətirilməsi təmin edilə bilər”.
Bakıda insanların ən çox üz tutduğu ictimai nəqliyyat növlərindən olan metro tikintisi də davam etdirilir. Son olaraq 2011-ci ildə “Dərnəgül” stansiyası istifadəyə verilib. Hazırda mövcud olan 23 stansiyanın sayının qarşıdakı illərdə artacağı gözlənilir. “Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı”na əsasən 2035-ci ilə qədər 70 stansiyanın tikilməsi planlaşdırılır. Kifayət qədər böyük layihə olan metro stansiyalarının tikintisi şəhər sakinlərinin istədikləri məkana müxtəlif nəqliyyat vasitələrindən istifadə etməklə daha rahat getməsini təmin edəcək.
Təbii ki, yaşayış şəraitinin yüksəldildiyi, insanların rahatlığının təmin olunduğu, eləcə də, gündən-günə abadlaşan, gözəlləşən Bakı şəhərinə dünyanın müxtəlif yerlərindən böyük maraq göstərilir. Təsadüfi deyil ki, Bakıya gələn turistlərin sayı ilbəil artmaqdadır. Belə olan təqdirdə, paytaxtda yeni hotellərin istifadəyə verilməsinə tələbat artır. Qeyd etmək lazımdır ki, bu tələbatın ödənilməsi yönündə də əsaslı işlər görülür. Belə ki, son illərdə bütövlükdə Bakıda müasir hotellərin tikintisi çox geniş vüsət alıb. Dövlət başçısının sözlərinə əsasən, Bakı bəlkə bu sahədə də rekord göstəricilərə nail olub. Belə ki, iki il ərzində Bakıda 6 ədəd beşulduzlu hotel açılıb. Bu, həm də investorların ölkəmizə olan inamından xəbər verir.
Lakin paytaxtımıza gələn qonaqların sayının çoxaldığını, son dövrlərdə ölkəmizin dünyada daha geniş tanındığını və Bakıya gəlmək istəyənlərin sayının artdığını nəzərə aldıqda gələcəkdə yeni hotellərin tikintisinə də ehtiyacın olacağı özünü göstərir. Prezident İlham Əliyevin də söylədiyi kimi, şəhərsalma planına uyğun olaraq, üçulduzlu, dördulduzlu, əlbəttə ki, beşulduzlu hotellər də olmalıdır ki, bütün kateqoriyalı insanlar, onların maddi vəziyyətinə uyğun olaraq Bakıda rahat qala, şəhərimizlə tanış ola bilsinlər: “Bir sözlə, görülən işlər doğrudan da çox əhəmiyyətlidir. İkinci Proqramın icrası bir daha onu göstərir ki, Azərbaycanda istənilən məsələ öz həllini tapa bilər”.
Əlbətdə ki, bu vaxta qədər görülən işlərlə yanaşı, Bakını gələcəkdə daha böyük və möhtəşəm layihələrin gerçəkləşməsi gözləyir. “Bakı şəhəri və onun qəsəbələrinin 2014-2016-cı illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” yerdə qalan bütün məsələləri özündə ehtiva edəcək. Dövlət başçısının da söylədiyi kimi, gələcək Proqram Bakı üçün yeni mərhələnin başlanğıcı olacaq: “Beləliklə, gözəl şəhərimizin gələcək inkişafı və abadlaşması üçün yeni dövr başlayır”.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1172 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31