Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında ötən ilə yekun vurulub və qarşıda duran vəzifələr müzakirə edilib

Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında ötən ilə yekun vurulub və qarşıda duran vəzifələr müzakirə edilib

08.02.2014 [15:57]

Fevralın 7-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı Şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2013-cü ildə “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin yekunu və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, kollegiya iclasında giriş nitqi ilə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan müasir məzmunlu siyasət nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, Vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunub, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılıb.
Zakir Qaralov 2013-cü ildə Azərbaycanda ümumi daxili məhsulun 6 faiz, qeyri-neft sektorunun 9,8 faiz, əhalinin pul gəlirlərinin 8 faiz artdığını, 80 mini daimi olmaqla 110 min yeni iş yerinin yaradıldığını, ölkə iqtisadiyyatına rekord miqdarda - 28 milyard dollar investisiya qoyulduğunu, Azərbaycanın valyuta ehtiyatlarının 50 milyard dollara çatmaqla ümum daxili məhsulun 70 faizini təşkil edərək dünya miqyasında ən qabaqcıl göstəricilərdən biri olduğunu xüsusi vurğulayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm addımdır.
Qeyd edilib ki, ötən il Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti daha uğurlu olub. Bu da qanunla müəyyən edilmiş digər səlahiyyətlərlə yanaşı, idarəyə korrupsiya ilə bağlı olan cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək hüququnun verilməsi, idarənin yüksək təşkilati əsaslara və çevik struktura malik ixtisaslaşmış mühüm dövlət qurumu kimi formalaşması ilə əlaqədardır. İdarənin “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin düzgün qurulması müsbət nəticələr verib.
Dövlətimizin başçısı İlham Əliyevin 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” 2013-cü il 16 yanvar tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Baş Prokurorluq üzrə təsdiq edilmiş geniş Tədbirlər Planının vaxtında icrası təmin olunmaqla prokurorluqda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsinin yüksəldilməsinə, bu sahədə həyata keçirilən işin səmərəliliyinin xeyli dərəcədə artırılmasına nail olunub, “Elektron Sənəd Dövriyyəsi Proqramı”nın və “Elektron Cinayət” İnformasiya Proqramının tətbiqi ilə əlaqədar zəruri tədbirlər görülüb.
Bildirilib ki, Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması və ictimai həyatımızın müxtəlif istiqamətlərində onların fəal iştirakının stimullaşdırılması barədə dövlətimizin başçısı İlham Əliyevin tövsiyələri və göstərişlərinə müvafiq olaraq 2014-cü il yanvarın 31-də prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə elan edilmiş müsabiqənin birinci mərhələsi - test imtahanı keçirilib. Müvəffəqiyyət qazanmış 105 nəfər müsabiqənin növbəti yazılı imtahan mərhələsinə buraxılıb.
Qeyd edilib ki, dövlətin həyata keçirdiyi sosialyönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb.
Kollegiyada hesabat məruzəsi ilə çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib ki, prokurorluq orqanları tərəfindən hesabat dövrü ərzində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı aparılan mübarizə nəticəsində respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır cinayətlərin sayı, ilk növbədə adam oğurluğu, adamları girov götürmə, banditizm, cinayətkar birlik yaratma cinayətləri əhəmiyyətli dərəcədə azalıb.
Baş prokurorun müavini - respublika hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Laçın rayon prokuroru Ceyhun Almasov çıxışlarında 2013-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumat veriblər.
Çıxış edənlər “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürüblər.
Kollegiya iclasına yekun vuran baş prokuror Zakir Qaralov Azərbaycan Respublikası Prezidentinin “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” 2012-ci il 26 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə əlaqədar aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması ilə bağlı zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər verib.
İclasda, həmçinin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi barədə dövlətimizin başçısı İlham Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, cari ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiyaya və rüşvətxorluğa qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verilib.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanının qeyd-şərtsiz icrası prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilməklə, Baş Prokurorluğun əlaqədar qurumları və bütün tabe prokurorlara həmin Fərmanın və Baş Prokurorluq üzrə müvafiq əmrin yerinə yetirilməsi istiqamətində zəruri işlərin davam etdirilməsi, aşkarlanan korrupsiya hüquqpozmaları üzrə qətiyyətli tədbirlərin görülməsi və qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması hər bir prokurorluq əməkdaşından tələb edilib.
Görülmüş müsbət işlərlə yanaşı, həmçinin fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.
Kollegiya iclasında əminlik ifadə edilib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi öz qüvvəsini səfərbərliyə alaraq bundan sonra da fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməklə Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzaqgörən və müdrik dövlət siyasətinə tam sadiq qalaraq, ölkəmizdə aparılan möhtəşəm quruculuq işlərində, digər əlaqədar dövlət orqanları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və Azərbaycanın daha da qüdrətlənməsi yolunda öz xidmətlərini göstərəcək.

Paylaş:
Baxılıb: 952 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31