Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda siyasi islahatlarla iqtisadi islahatlar paralel həyata keçirilir

Azərbaycanda siyasi islahatlarla iqtisadi islahatlar paralel həyata keçirilir

01.05.2014 [09:24]

Prezident İlham Əliyev: Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır
Məlum olduğu kimi, Azərbaycan Respublikası iqtisadiyyatı sürətlə inkişaf edən, əhalisinin rifahı yüksələn, eyni zamanda, demokratik siyasi sistemə sahib olan dövlətdir. Müstəqilliyini cəmi 22 ildir əldə etməsinə baxmayaraq, ölkəmizin iqtisadiyyatın inkişafı və demokratiya quruculuğu sahəsində qazandığı uğurlar olduqca böyükdür. Bu uğurun əsasında isə bu günlərdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışında çıxış edən Prezident İlham Əliyevin söylədiyi kimi, iqtisadi və siyasi islahatların eyni vaxtda aparılması dayanır. Dövlət başçısı həmin nitqində onu da bildirib ki, möhkəm iqtisadi əsaslar olmasa, müstəqilliyimiz tam ola bilməz: “Buna görə də, siyasi islahatlarla iqtisadi islahatlar paralel həyata keçirilir”.
İQTİSADİ İSLAHATLAR SÜRƏTLİ İNKİŞAFA SƏBƏB OLUB
Məlum olduğu kimi, müstəqilliyinin ilk illərində Azərbaycan əhalisinin demək olar ki, böyük hissəsi yoxsulluq həddində yaşayan, istehsal sahələri dağılmış vəziyyətdə olan, tələb və təklif, əmtəə və kapital, vakansiyalar və iş axtaranlar arasında balansın pozulduğu iqtisadiyyata malik ölkə idi. Məhz belə bir ağır şəraitdə 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev iqtisadi tənəzzülün qarşısını almaq, sabitliyi bərpa etmək və inkişafı təmin etmək məqsədilə əsaslı islahatlar həyata keçirdi. Belə ki, aqrar sahədə fermer təsərrüfatlarına imkanlar yaradıldı, işsizliklə mübarizə aparıldı, iqtisadiyyatın müxtəlif sahələrinə böyük həcmdə xarici sərmayələr cəlb olundu. Və “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan nəhəng inkişaf potensialından yararlanmağa başladı.
Prezident İlham Əliyevin də söylədiyi kimi, cəlb olunan sərmayələr ölkə rəhbərliyinin inkişaf etdirmək istədiyi, həmçinin, sərmayədarlar üçün cəlbedici olan iqtisadiyyat sahələrinə istiqamətləndirildi. Yaradılan münbit sərmayə şəraiti, hətta məhdud resurslara baxmayaraq, 15 il bundan öncə çoxlu sayda iş yerlərinin açılmasına imkan verdi. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün də düzgün istiqamətdə irəliləyir: “Aydın şəkildə anladıq ki, müstəqilliyimizin gücləndirilməsində, onun əbədi, dönməz olmasında irəliyə doğru yol ondan ibarətdir ki, biz iqtisadi baxımdan azad, müstəqil və güclü olmalıyıq. İndi isə mən söyləyə bilərəm ki, illər boyu aparılan və bu gün də davam edən islahatlardan sonra Azərbaycan çox aydın gələcəyə malik olan ölkə kimi qəbul edilə bilər”.
Bu sözlər kifayət qədər möhkəm və uğurlu makroiqtisadi göstəricilərə əsaslanır. Bəllidir ki, Azərbaycan son 10 il ərzində dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdəndir, ölkənin xarici borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir, valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşır. Həmçinin, bu müddətdə respublikada 1 milyon 200 min iş yeri yaradılıb, yoxsulluq 49 faizdən 5 faizə enib. Həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti ölkənin inkişafının əsasında dayanan neft-qaz sektoru ilə yanaşı, digər sənaye sahələrinin, tikinti, emal, yeyinti və başqalarının artan templə inkişafına şərait yaradıb.
İqtisadiyyatın şaxələndirilməsi, sosial infrastruktura edilən yatırımlar regionların da hərtərəfli inkişafını təmin edib. Son on ildə 3 min orta məktəbin, 500 xəstəxananın tikilməsi və digər amillər cəmiyyətimizə tamamilə yeni mühit yaratmaq imkanı verib. Dövlət başçısının da söylədiyi kimi, aparılan islahatlar xaricə miqrasiyanı, yəni, Azərbaycandan digər ölkələrə axını dayandırıb. Həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları isə hər bir bölgənin inkişaf potensialını reallaşdıraraq rayon və kəndlərdən paytaxta axın tendensiyasını zəiflədir. Ölkəmiz daha yüksək iqtisadi nailiyyətlər əldə etmək gücündədir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkənin hazırkı yüksək iqtisadi inkişaf tempini saxlamaq və dünyanın qabaqcıl ölkələri sırasında özünə inamlı yer tutmaq əzmindən xəbər verir.
NÜMUNƏVİ DEMOKRATİYA QURUCULUĞU YOLU
Bildiyimiz kimi, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Ölkəmiz demokratik inkişaf yoluna Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Ölkə rəhbərliyi tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir.
Xatırladaq ki, müstəqilliyin ilk illərində bir çox çətinliklərlə üzləşməsinə baxmayaraq, Azərbaycan hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda yüksək nailiyyətlər əldə edib. İlk növbədə, 1995-ci ildə referendumla qəbul edilən Konstitusiyamızda təsbit olunan vətəndaşların geniş spektrli hüquq və azadlıqları Azərbaycanın inamlı mövqeyini ortaya qoydu. Eyni zamanda, demokratik əsasda keçirilən seçkilərlə vətəndaşlar ölkənin idarə olunmasında iştirak edən real qüvvəyə çevrildi. Seçkidən-seçkiyə şəffaflığın artırılması isə seçkili orqanların tərkibinin formalaşdırılmasında xalqın iradəsinin obyektiv ifadəsini təmin edib.
Prezident İlham Əliyevin rəhbərliyi altında respublikada demokratiya quruculuğu yetkin mərhələyə daxil olub. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər davam etdirilir. Korrupsiya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, elektron hökumətin qurulması, “ASAN xidmət” sisteminin yaradılması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu təsdiq edir.
Xatırladaq ki, bir müddət əvvəl dövlət başçısı Praqada keçirilən “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitin plenar iclasındakı çıxışında bu barədə demişdir: “Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır”.
Demokratiyanın ən mühüm göstəricilərindən biri kimi, vətəndaş cəmiyyəti quruculuğu prosesi ölkədə uğurla irəliləyir. Bu gün Azərbaycanda sürətlə artan vətəndaş cəmiyyəti institutları, minlərlə qeyri-hökumət təşkilatı dövlətin artan dəstəyini hiss edir.
Bu gün şəffaflıq və bərabərlik həm də söz, fikir, vicdan azadlığı məsələlərində də təmin olunub. Dövlət başçısının Bakıda keçirilən Forumda söylədiyi kimi demokratiya inkişaf etdirilib, əsas azadlıqlar, o cümlədən, toplaşmaq azadlığı, media azadlığı, azad internet təmin edilib.
Əlbəttə ki, insan haqları sahəsində islahatların həyata keçirilməsi ölkəmizin xarici əlaqələrinə, xüsusən də beynəlxalq təşkilatlarla münasibətlərinə böyük təsir göstərib. Demokratik inkişaf və güclü iqtisadiyyat Azərbaycanın dünyada müsbət imicinin formalaşmasında başlıca amilə çevrilib.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 829 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31