Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Şahdəniz-2”, Trans-Anadolu və Trans-Adriatik infrastruktur layihələri Avropanın ən böyük enerji layihələridir

“Şahdəniz-2”, Trans-Anadolu və Trans-Adriatik infrastruktur layihələri Avropanın ən böyük enerji layihələridir

27.05.2014 [09:36]

Prezident İlham Əliyev: Bu layihələrə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollar səviyyəsində olacaqdır. Bu vəsaiti biz qoyacağıq ki, öz maraqlarımızı təmin edək və Avropanın enerji təhlükəsizliyinə də öz töhfəmizi verək
Məlum olduğu kimi, 2,5 trilyon kubmetrdən artıq təsdiqlənmiş təbii qaz və 2 milyard kubmetr neft ehtiyatları olan Azərbaycan karbohidrogen resurslarla zəngin olan ölkələrdəndir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının həyata keçirilməsi istiqamətində ilk böyük addım olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra dünyada neft ölkəsi kimi tanınan Azərbaycan son illərdə, eyni zamanda, qaz hasilatı imkanları ilə də beynəlxalq aləmin diqqət mərkəzindədir. Xüsusən də, Avropa İttifaqına üzv olan ölkələr qaz idxalı mənbələrinin şaxələndirilməsi siyasəti çərçivəsində Azərbaycanın qaz ehtiyatlarına böyük maraq göstərirlər.
Bu məqamda, xatırladaq ki, ümumi ehtiyatları 1,2 trilyon kubmetr həcmində dəyərləndirilən, Azərbaycanın ən böyük təbii qaz mənbəyi olan “Şahdəniz” dəniz qaz-kondensat yatağının işlənməsi üzrə 1996-cı il iyunun 4-də müqavilə imzalanıb.
1999-cu ildə “Şahdəniz” yatağında zəngin qaz yataqlarının aşkar olunması bir çox ölkələri, xüsusən də Qərb dövlətlərini Azərbaycanla bu sahədə əməkdaşlığa cəlb edib. Bildiyimiz kimi, Avropanın böyük bir hissəsi qaz təchizatına görə məhdud sayda mənbədən asılı vəziyyətdədir. Dövlətin enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan enerji təchizatının əsasən məhdud çərçivədə cəmləşməsi Avropa ölkələrini istər-istəməz alternativ mənbələrin axtarışına sövq edir. Bu baxımdan, etibarlı tərəfdaş imicinə sahib olan Azərbaycanla əməkdaşlıq Avropa dövlətlərinin maraqlarına uyğundur.
Məlum olduğu kimi, Ulu öndərin əsasını qoyduğu layihələri davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında sonrakı illərdə yatağın istismarı üzrə böyük işlər görülüb. Eyni zamanda, uğurlu beynəlxalq əməkdaşlığın nəticəsi olaraq 2006-cı ildə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz boru kəməri istifadəyə verilib və dekabr ayından dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağından hasilat başlanıb. 2007-ci ilin fevral ayından etibarən Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum (BTƏ) vasitəsi ilə Gürcüstana nəql olunur. 2007-ci il iyulun 3-də isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz BTƏ marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olub.
Yeri gəlmişkən, Cənubi Qafqaz qaz boru kəmərinin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr həcmində ölçülür. Bir çox Avropa ölkələrinin Türkiyə vasitəsilə Azərbaycan qazını almaqda maraqlı olması, eləcə də, Azərbaycanın iqtisadi maraqları başlanan işin davam etdirilməsini və daha da genişləndirilməsini zəruri edirdi. 2013-cü ilin iyun ayında Bakıda XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu barədə deyib: “Şahdəniz” qaz yatağı və layihəsi dünya miqyasında ən böyük enerji layihəsidir. “Şahdəniz”in birinci fazası uğurla icra edilir. Biz ikinci fazanın reallaşmasına yaxınıq”.
Həqiqətən, çox keçmədən, layihənin ikinci fazasının uğurlu başlanğıcı qoyuldu. Belə ki, 2013-cü il dekabrın 17-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə “Şahdəniz-2” qaz yatağı üzrə yekun investisiya qərarının imzalanması mərasimi baş tutdu.
Qeyd edək ki, “Şahdəniz-2”nin təsdiq edilməsi layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir. “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub qaz dəhlizi” vasitəsilə “mavi yanacağın” Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Ümumilikdə, bu layihə çərçivəsində ildə 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir. Bunun 6 milyardı Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya ötürüləcək. Bundan əlavə, Türkiyənin şərq sərhədindən ölkənin qərb sərhədinə qədər uzanacaq Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) tikintisi də sürətləndiriləcək.
Beləliklə, xəritəyə nəzər saldıqda, son illərdə Azərbaycanın iştirakı ilə qlobal əhəmiyyətli təbii qaz layihələrinin reallaşdırılmasının və bu sahədə irəliyə doğru addımların atılmasının şahidi olmaq mümkündür. Belə ki, BTƏ qaz kəməri Azərbaycan qazını Gürcüstandan keçməklə Türkiyənin şərq hissəsinə daşıyır. Tikiləcək TANAP kəməri qazı Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhədə gətirəcək. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək. Bu isə Avropada “mavi yanacaq” bazarını genişləndirəcək, istehlakçı ölkələr isə enerji mənbələrinin çoxaldılması yolu ilə öz təhlükəsizliklərini daha etibarlı təmin edə biləcəklər.
Əlbəttə ki, layihənin gerçəkləşməsi üçün “Cənub qaz dəhlizi”nin digər mühüm hissələrinin, yəni TANAP və TAP kəmərlərinin inşası üzə razılığın əldə olunması böyük önəm daşıyır.
Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan TANAP layihəsi həm ölkəmizin, həm də qitə dövlətlərinin enerji maraqlarına cavab verir. Xatırladaq ki, hələ Avropa Komissiyasının sədri Jose Manuel Barrozunun 2011-ci ildə Azərbaycana səfəri zamanı “Cənub qaz dəhlizi” ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu layihənin həyata keçirilməsi üçün həlledici razılaşmalardan biri də “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Sazişdir.
Beləliklə, sadalanan bütün mərhələlərin gerçəkləşəcəyi təqdirdə Azərbaycan öz qazını münasib qiymətlərlə birbaşa Avropa bazarlarına çıxara biləcək. Xatırladaq ki, Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin may ayında keçirilən Sammitində səsləndirdiyi bəyanatında Prezident İlham Əliyev “Şahdəniz-2” layihəsinin önəmindən bəhs edərək, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin inşasını Avropanın bir nömrəli, ən böyük infrastruktur layihələri adlandırıb: “Bu layihələrə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollar səviyyəsində olacaqdır. Bu vəsaiti biz qoyacağıq ki, öz maraqlarımızı təmin edək və Avropanın enerji təhlükəsizliyinə də öz töhfəmizi verək”.
Bu layihələrin icrası həm də on minlərlə iş yerinin yaradılmasına, regionda biznes imkanlarının artmasına səbəb olacaq. Göründüyü kimi, Azərbaycanın dünya enerji bazarlarında hasilatçı ölkə olaraq ön sıralara doğru irəliləməsi danılmaz həqiqətdir. Nəhəng enerji layihələrindəki aparıcı rolu sayəsində Azərbaycan öz maraqlarını təmin edir, beynəlxalq nüfuzunu gücləndirir.
Bir sözlə, Prezident İlham Əliyevin “The Business Year” jurnalına müsahibəsində bəyan etdiyi kimi, Azərbaycan həm də qlobal transmilli və çoxsaylı regional layihələrin əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ölkəmizin həyata keçirdiyi enerji siyasəti təkcə bizim üçün deyil, həm də regionumuz və dünya üçün mühüm əhəmiyyət kəsb edir.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 754 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31