Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezidentin cəsarətli fikirləri: NATO-nu düşündürən suallar

Prezidentin cəsarətli fikirləri: NATO-nu düşündürən suallar

17.09.2014 [09:25]

NATO-nun Uels sammitinə çoxları ümidlə baxırdı. Ukrayna özü ilə bağlı prinsipial qərarların qəbul ediləcəyini gözləyirdi. Rusiyanı bu təşkilatla gələcək əlaqələri maraqlandırırdı. Ermənistan isə Şimali Atlantika Alyansının mərhəmətinə ümid edirdi. Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu nitqi ilə NATO ilə münasibətlərin inkişafına ciddi töhfə verdi. Bu təşkilat Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin zəruriliyini yekun sənədində vurğuladı. Bakının NATO üçün əhəmiyyəti bir daha təsdiq olundu. Maraqlıdır ki, bunların kökündə Azərbaycanın konkret proqramlarda iştirakı və özünün təklif etdiyi proqramlar durur. Yəni, söhbət hər iki tərəfə fayda verən əməkdaşlıqdan gedir. Onun inkişaf mexanizmləri də məlumdur.
Real əməkdaşlığın perspektivləri: İlham Əliyevin inamlı mövqeyi
NATO-nun Uels sammitindən sonra Ermənistan prezidenti İrəvanda partiyasının təcili yığıncağını keçirib. O, Azərbaycanın fəallaşdığını və bir sıra sahələrdə uğur əldə etdiyini söyləyib. S.Sarkisyan tərəfdarlarından daha fəal olmağı və Bakının tam qələbə çalmasına imkan verməməyi tələb edib.
Ermənistan rəhbərinin təlaşı əsassız deyil. Azərbaycan bütün sahələrdə bir-birinin ardınca müsbət nəticələr əldə edərək beynəlxalq aləmdə yerini möhkəmlədib. Erməni hərbi birləşmələrinin təxribatlarına qarşı tutarlı cavab verib, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında çevik tərpənib. NATO-nun sammitində Azərbaycana olan diqqət də S.Sarkisyanın nəzərindən yayınmayıb.
Tədbirdə ölkə Prezidenti İlham Əliyev çıxış edib. Azərbaycanın dövlət başçısının nitqinin fonunda S.Sarkisyanın çıxışı çox zəif görünürdü. İştirakçılar, demək olar ki, ona laqeyd qaldılar. Sammitin yekun sənədində isə Azərbaycanla bağlı xüsusi bənd yer alıb.
İlham Əliyev çıxışı zamanı bir sıra aktual məsələlərə toxunub (bax: Prezident İlham Əliyev NATO-nun sammitində çıxış edib / AzərTAc, 5 sentyabr 2014). Hər şeydən əvvəl, dövlət başçısı Azərbaycanın NATO üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb. Prezident qeyd edib ki, “Azərbaycan regional təhlükəsizlik və sabitlikdə mühüm rol oynayır”. Bu tezisin ciddi geosiyasi əhəmiyyəti vardır.
Məsələ burasındadır ki, Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq mürəkkəb şəraitdə formalaşmaqdadır. Azərbaycanın torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib. Belə şəraitdə Bakı təhlükəsizliyin və əməkdaşlığın təmini istiqamətində addımlar atırsa, bu, güclü siyasi iradənin nəticəsidir. Təcavüzə məruz qalmış ölkə regionda inkişafın lokomotivinə çevrilib! Bu prosesdə rəsmi Bakı NATO ilə əlaqələrə ayrıca önəm verib. Deməli, regionda təhlükəsizlik sisteminin yaradılması və əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycan ciddi səylər göstəribsə, bunu Qərb mütləq nəzərə almalıdır.
Uelsdəki çıxışı zamanı Prezident İlham Əliyevin məsələnin bu aspektinə xüsusi vurğu etməsi tam yerinə düşdü, Dövlət başçısının dediyi kimi, “Bununla belə, bu gün regionumuzdakı təhlükəsizliyə ən böyük hədə Azərbaycan ərazisinin iyirmi faizini təşkil edən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətidir”.
Prezidentin bu fikrində həm NATO-ya, həm də Ermənistana konkret mesajlar vardır. Əgər Azərbaycan müxtəlif regionlarda NATO ilə təhlükəsizlik məsələsində tərəfdaşlıq edirsə, onda onun özünün təhlükəsizliyinin təmini üçün Şimali Atlantika Alyansı niyə real addımlar atmır? Siyasi aspektdə bu, nonsensdir. Faktiki olaraq NATO Azərbaycanın xidmətlərindən istifadə edir, ancaq özü bu ölkənin ərazi bütövlüyünün bərpa edilməsində real olaraq iştirak etmir.
Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycan əsgərləri Əfqanıstanın təhlükəsizliyinin təmininə və ərazi bütövlüyünün qorunmasına yönələn tədbirlərdə yaxından iştirak edirlər: “Azərbaycan Əfqanıstana uzunmüddətli inkişafın təmin edilməsi üçün hərtərəfli töhfə verir”. Ümumilikdə isə Azərbaycan NATO-nun Uels sammitində müzakirə edilən hər üç sahə üzrə dəstək verən 5 tərəfdaş ölkədən biridir!
Həqiqətin etirafı və NATO-nun məsuliyyəti
Təşkilat bu ziddiyyət üzərində düşünməlidir. Tərəfdaşlıq qarşılıqlı məsuliyyət tələb edir. Bakının beynəlxalq sülhyaratma tədbirlərində fəal iştirakı bu təşkilatı onun problemlərinin ədalətli həllinə həvəsləndirməlidir. Əks təqdirdə, biz ikili standartlardan danışa bilərik. Təbii ki, belə şəraitdə NATO-Azərbaycan əməkdaşlığının taleyi sual altına düşmüş olur.
Burada Ermənistana verilən mesajın da əhəmiyyəti böyükdür. Rəsmi İrəvan Uelsdə bir daha əmin oldu ki, Azərbaycan problemlərini ən yüksək tribunadan sivil qaydada, əsaslı məntiqlə dünyaya çatdıra bilir. Şübhə etmirik ki, S.Sarkisyanın qanını qaraldan da elə məhz bu məqamdır. O, Bakının fikirlərinin NATO tərəfindən qəbul edilməsinin əsas səbəblərini dərk etdikcə sarsılır. Lakin bu, Ermənistan rəhbərliyinin öz günahıdır.
Azərbaycanın dövlət başçısı bunların fonunda olduqca maraqlı bir faktı ortaya qoyub. Prezident çıxışının bir yerində vurğulayıb: “İSAF qüvvələri üçün məhvetmə gücünə malik olmayan malların tranzitinin 40 faizi Azərbaycan tərəfindən təmin edilir. Bundan əlavə, gələcəkdə iştirak edəcəyimiz “Qətiyyətli dəstək” əməliyyatı üçün mühüm tranzit imkanları yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi gələn bir neçə ay ərzində başa çatdırılmalıdır. Xəzər regionunda ən böyük Azərbaycan Beynəlxalq Dəniz Limanı ilə birgə bu dəmir yolu xətti həm bütün region, həm Əfqanıstan üçün böyük ticari və iqtisadi imkanlar açacaq”. Bu, vacib məqamdır.
İlham Əliyev NATO-nun diqqətini Avropadan tutmuş Uzaq Şərqə qədər uzanan bir məkanda nəqliyyat imkanlarının təmin edilməsinə yönəldir, Azərbaycanın burada əsas rollardan birini oynadığını vurğulayır, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin həmin prosesdə ciddi fayda verəcəyini xatırladır. Lakin məsələ bundan ibarətdir ki, həmin layihəni Azərbaycan və Türkiyə öz iradələri hesabına həyata keçirir. Belə çıxır ki, Bakı Qərbin təhlükəsizliyi üçün çox mühüm addım atır. Ancaq özünün ərazi bütövlüyünün bərpa olunması məsələsində NATO da daxil olmaqla beynəlxalq təşkilatlardan konkret yardım ala bilmir. Hansı səbəblərə görə?
Prezident həmin kontekstdə başqa bir məqamı da xatırlatdı. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması haqqında qərar qəbul etməsinə baxmayaraq, bunun reallaşmasını heç bir beynəlxalq təşkilat qətiyyətlə istəmir. Rəsmi İrəvan da yaranmış vəziyyətdən istifadə edərək süni manevrlər etməkdədir.
Yuxarıda vurğulananlar tam açıq göstərir ki, Azərbaycan NATO ilə səmimi əməkdaşlıq edir, lakin özünə qarşı eyni münasibəti görə bilmir. Hətta beynəlxalq hüquq da Bakının mövqeyinin düzgünlüyünü təsdiqləyir. BMT TŞ-nin çıxardığı qətnamələr bunun əyani sübutudur. Şübhəsiz ki, NATO bu kimi məqamları nəzərə almalıdır.
Bu təşkilatın sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsinin ayrıca yer alması ciddi siqnal ola bilər. Rəsmi İrəvanın əlindən bununla NATO tribunası da çıxmış oldu. Erməni siyasətçilərinin sammit qabağı Şimali Atlantika Alyansının Azərbaycan və Türkiyəni sıxışdıracağı ilə bağlı saldıqları hay-küy öz başlarında çatladı. Ancaq beynəlxalq təşkilatların Azərbaycanla bağlı görməli olduqları işlərin əsas hissəsi hələ qabaqdadır. Onlar məsuliyyətlərini dərk etməlidirlər.
Bununla belə, Prezident İlham Əliyev Uelsdə bir neçə mühüm geosiyasi dividend əldə etdi. Hər şeydən əvvəl, NATO qarşısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Ukrayna məsələsinə paralel olaraq qaldırdı. Bu şəraitdə Alyansın reallığı inkar etməsi qeyri-mümkün idi. Dərhal sünilik və ikili standartlar özünü göstərəcəkdi. İlham Əliyevin diplomatik peşəkarlığı və siyasi qətiyyəti sayəsində Azərbaycanın mövqeyi qəbul olundu.
Bundan başqa, Ermənistan rəsmilərinin iradəsinin əksinə olaraq, NATO bir daha Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini münaqişənin həllində əsas məqam kimi qeyd etdi. Geosiyasi vəziyyətin mürəkkəbləşdiyi bir vaxtda bunun əhəmiyyəti böyükdür. Bundan başqa, ATƏT-in Minsk qrupunun həmsədrləri üçün də NATO-nun mövqeyi qətiləşdi. Onlar başqa variant üzərində fikirləşməməlidirlər.
Nəhayət, Azərbaycan Prezidenti müstəqil xarici siyasət yeritdiyini növbəti dəfə sübut etdi. NATO ilə gələcək əməkdaşlığın bir sıra tərəflərinə toxunan və həyata keçirilən layihələrdən danışan Prezident ölkəmizin etibarlı tərəfdaş olduğunu göstərdi. Bir sözlə, Brüssel və Vaşinqton üçün üzərində daha dərindən düşünülməli mövzu var.
Newtimes.az

Paylaş:
Baxılıb: 718 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31