Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2014-cü il də tarixdə uğurlu il kimi qalacaq

2014-cü il də tarixdə uğurlu il kimi qalacaq

10.10.2014 [09:33]

Prezident İlham Əliyev: Bu da təbiidir, çünki son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmişdir
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, həmçinin, Azərbaycanın hərtərəfli və dayanıqlı inkişafına, xalqın rifah halının daha da yaxşılaşmasına yönələn məqsədyönlü siyasət nəticəsində ötən ilin doqquz ayı da bir sıra müsbət göstəricilərlə yadda qalıb. Daha dəqiq desək, son 10 ildə Azərbaycanda sosial-iqtisadi sahədə müşahidə edilən dinamik inkişaf tempi cari ilin 9 ayında da qorunub saxlanıb. Oktyabrın 8-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dövlət başçısının qeyd etdiyi kimi, artıq doqquz ayın nəticələri onu göstərir ki, həqiqətən bu il də tarixdə uğurlu il kimi qalacaq: “Bu da təbiidir, çünki son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmişdir”.
Çıxışında cari ilin doqquz ayının iqtisadi göstəricilərinin də çox müsbət olduğunu deyən dövlət başçısı əlavə edib ki, iqtisadiyyatımız inkişaf edir, artır: “Xüsusilə qeyd etməliyəm ki, Avropada iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunur və bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artmışdır. Dünyada mövcud olan vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, bu, çox müsbət göstəricidir”.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində özünün iqtisadi müstəqilliyinə nail olub. Hazırda respublikamızın iqtisadi dayanıqlığı o səviyyəyə çatıb ki, kənar amillər, hətta qlobal miqyasda gedən proseslər belə ölkənin inkişafına hansısa formada təsir göstərmir. Yeri gəlmişkən, Prezident İlham Əliyev sözügedən iclasdakı çıxışında ölkəmizin iqtisadi müstəqilliyə nail olmasından məmnunluğunu ifadə edərək bildirib: “Mən dəfələrlə demişəm ki, əvvəlki illərdə bizim əsas vəzifəmiz iqtisadi müstəqilliyimizi yaratmaq idi. Bunu da yaratmışıq. Biz iqtisadi cəhətdən tam müstəqilik, heç kimdən asılı deyilik və bu, bizə imkan verir ki, siyasi sahədə də, o cümlədən, xarici siyasətdə də müstəqil siyasət aparaq. Bizim əsas istinad nöqtəmiz, güc mənbəyimiz iqtisadi müstəqilliyimizdir”.
Azərbaycanın dinamik inkişafını şərtləndirən ən mühüm amillərdən biri qeyri-neft sektorunun inkişafı ilə bağlıdır
Son illərdə Azərbaycan iqtisadiyyatının potensialının artmasında ölkəmizdə qeyri-neft sektorunun davamlı olaraq inkişaf etməsi mühüm rol oynayıb. Məlumdur ki, dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələri “neftdən asılılıq sindromu” ilə üzləşərək ağır böhran vəziyyətinə düşüb. Azərbaycan isə Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, həmçinin, dövlət başçısının səyləri ilə vaxtında lazımi tədbirlər görülməsi, iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi sayəsində nəinki bu sindromdan yan keçməyə müvəffəq olub, eyni zamanda neft gəlirlərindən məharətlə bəhrələnərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirib. Beləliklə, qeyri-neft sektorunun, o cümlədən də, özəl bölmənin inkişafına hərtərəfli qayğı göstərilməsi sayəsində bu sahədə istehsalın həcmi ilbəil artır. Təkcə onu vurğulamaq kifayətdir ki, hazırda respublikada istehsal olunan ümumi daxili məhsulun həcmində qeyri-neft sektorunun çəkisi 55 faizi ötüb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs etdiyimiz iclasında qeyri-neft sektorunun iqtisadiyyatımızda önəmli mövqe tutmasının ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən siyasətin nəticəsi olduğunu bildirərək deyib: “Ən önəmlisi ondan ibarətdir ki, - bunu biz hər dəfə məmnuniyyətlə qeyd edirik, - qeyri-neft sektorumuz 6 faiz artmışdır. Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizim siyasətimizin nəticəsidir. Çünki bizim üçün əsas məsələ qeyri-neft sektorunun inkişafıdır”.
Dövlət başçısı onu da əlavə edib ki, “İnflyasiya çox aşağı səviyyədədir - cəmi 1,5 faiz. Əhalinin pul gəlirləri isə 5,4 faiz artmışdır. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və beləliklə bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir”.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin haqqında bəhs olunan iclasındakı çıxışında Azərbaycanın gələcək iqtisadi inkişaf prioritetlərindən söhbət açaraq ölkəmizdə bundan sonra da qeyri-neft sektorunun üstün inkişafının təmin ediləcəyini nəzərə çatdırıb: “Bizim iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Məhz buna görə iqtisadi artımımız davam edir. Baxmayaraq ki, hazırda neftin qiyməti də kəskin şəkildə aşağı düşür. Ancaq ölkəmiz qeyri-neft sektoru hesabına bundan sonra da inkişaf edəcək və bu, bizim inkişafımızı dayanıqlı edəcək. Yəni, bizim əsas məqsədimiz neft amilindən asılılığımızı maksimum dərəcədə azaltmaq və qeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf etdirməkdir”.
Ölkəmizə böyük həcmdə investisiyalar yönəldilir
Sirr deyil ki, hər bir ölkənin inkişafının miqyası ilk növbədə həmin ölkəyə yönəldilən investisiyaların həcmi ilə müəyyən olunur. Bu mənada Azərbaycanla bağlı ancaq nikbin proqnozlar irəli sürmək mümkündür. Möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, qabaqcıl dünya təcrübəsi əsasında hazırlanan qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, ölkədə yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs etdiyimiz iclasında vurğuladığı kimi: “Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır, yerli və xarici investorlar bizim ölkəmizə inanırlar, ölkəmizin gələcəyinə inanırlar. Buna görə Azərbaycana çox böyük həcmdə investisiyalar qoyulur”.
Respublikamızda yaradılan əlverişli investisiya mühitinin nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatına 160 milyard dollar həcmində investisiyalar yönəldilib. Ötən il ölkə iqtisadiyyatına müxtəlif mənbələrdən yönəldilən investisiyaların həcmi rekord səviyyəyə - 28 milyard dollara çatıb. Cari ilin arxada qalan 9 ayında isə ölkəmizə 19 milyard dollar həcmində investisiyalar yönəldilib. Respublikamızda müxtəlif sahələrə qoyulan investisiyaların strukturunda da əhəmiyyətli dəyişiklik baş verib. Məlumdur ki, müstəqilliyinin ilk vaxtlarında ölkəmizdə kəskin maliyyə çatışmazlığı yaşanırdı. Ən ümdə, hətta həyati əhəmiyyətli layihələri reallaşdırmağa belə vəsait çətinliklə tapılırdı. Beynəlxalq maliyyə qurumları da respublikamıza kreditlər yönəltməyə maraq göstərmirdilər. Lakin Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində vəziyyət dəyişib. Dinamik iqtisadi inkişaf dövrü yaşayan Azərbaycanın maliyyə imkanları artıb və bu amil də müxtəlif sahələrə qoyulan investisiyaların strukturunda daxili sərmayələrin həcminin artması ilə nəticələnib. Cari ilin əvvəlindən bəri ölkəmizdə müxtəlif istiqamətlərə yönəldilən investisiyaların yarıdan çoxunu - 11 milyard dollarını daxili sərmayələr təşkil edib. Daxili investisiyaların böyük hissəsi isə dövlət investisiyalarından ibarətdir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin sözügedən iclasındakı çıxışında vurğuladığı kimi, bu da təbiidir: “Çünki hələ də dövlət xətti ilə infrastruktur layihələrinə, o cümlədən, sosial infrastruktur layihələrinin icrasına vəsait ayrılmalıdır”.
Onu da qeyd edək ki, ölkəmizdə iqtisadiyyat çoxqütblü olduğundan investisiyalar da müxtəlif istiqamətlərə yönəldilir. Daxili və xarici sərmayədarlar neft sektoru ilə paralel surətdə, sənayenin, kənd təsərrüfatının, turizmin, otelçiliyin və digər sahələrin də inkişafına böyük məmnuniyyətlə investisiyalar yönəldirlər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 692 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31