“Azərbaycan Respublikasının Milli Atlası” Azərbaycan kartoqraflarının ən böyük nailiyyətidir
04.12.2014 [10:29]
“Azərbaycan Respublikasının Milli Atlası” ölkəmizlə bağlı ilk sanballı, irimiqyaslı kartoqrafik nəşrdir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli sərəncamına əsasən hazırlanmış Atlas özündə əhatəli elmi məlumatlar ehtiva etməklə, ölkənin təbii şəraiti, əhalisi, iqtisadiyyatı, ekologiyası, tarixi, mədəniyyəti, elm və təhsili haqqında dolğun təsəvvür yaradır. Müxtəlif sahələrdə çalışan alimlərin və mütəxəssislərin uzunmüddətli əməyi nəticəsində ərsəyə gələn kitabın Azərbaycanla bağlı yüksək rəsmi nəşr statusu onun əhəmiyyətini daha da artırır.
Bütün fundamental nəşrlər kimi böyük praktiki əhəmiyyəti olan Atlasın geniş tətbiq dairəsi vardır. O, əlbəttə, ölkəmizin kompleks şəkildə öyrənilməsi, təbii ehtiyatlardan düzgün istifadə edilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər istiqamətlərdə sistemli istifadə imkanlarına malikdir. Belə bir unikal nəşrin elektron versiyası da Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədi daşıyır.
Əminəm ki, Milli Atlas Azərbaycanın tarixi keçmişini, bugünkü durumunu və gələcək inkişafı üçün zəmin yaradan zəngin potensialını əyani surətdə nümayiş etdirməklə mötəbər məlumat bazası olaraq həm respublika daxilində, həm də xaricdə çox sayda oxucu kütləsi qazanacaqdır.
Prezident İlham Əliyev
Dinamik inkişaf yolunda olan Azərbaycan Respublikası beynəlxalq münasibətlərdə siyasi, iqtisadi, informasiya və s. xarakterli amillərin əhəmiyyətini nəzərə alıb elmin bir çox sahələrinə, ələlxüsus kartoqrafiya elminin inkişafına xüsusi diqqət ayırır. Bu gün ölkəmizdə iqtisadiyyatın və sosial sferanın elə bir sahəsi yoxdur ki, orada kartoqrafiya elminin məhsulu olan xəritə və atlaslara müraciət olunmasın. Məsələn, torpaq islahatının aparılmasında, yer quruluşu layihələrinin tərtibində, yaşayış məntəqələrinin salınmasında, quru, su və hava nəqliyyatında, təbii ehtiyatların mənimsənilməsində və s. işlərdə xəritələrdən geniş istifadə olunur.
Son illərdə dövlət idarəçiliyində və iqtisadiyyatda kartoqrafiya materiallarına tələbatın artması səbəbindən mövcud sahədə ixtisaslaşmış dövlət qurumu kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi xəritə və atlasların istehsalı üzrə bir sıra tədbirlər həyata keçirmişdir. Belə ki, 2003-cü ildən başlayaraq ölkəmizdə ilk dəfə olaraq Azərbaycan dilində topoqrafik xəritələrin tam istehsalat dövriyyəsi qurulmuş, orta məktəblərin coğrafiya, tarix və zoologiya fənləri üçün kompleks divar xəritə və atlasları, Azərbaycan Respublikasının Ekoloji Atlası, Azərbaycan Respublikasının Torpaq Atlası, Azərbaycan Respublikasının Turist Atlası, Azərbaycan Respublikasının Tarixi Atlası, Azərbaycan Respublikasının Aqroiqlim Atlası, Naxçıvanın Tarixi Atlası və s. hazırlanmışdır. İstehsal olunmuş hər bir xəritə və atlas keyfiyyət, məzmun və dizayn baxımından kartoqrafiya sahəsində mövcud beynəlxalq standartlara cavab verir. Ümumilikdə götürsək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu günə qədər 200-dən çox müxtəlif mövzuda xəritə və atlas nəşr etmişdir. Ancaq heç şübhəsiz, bu sahədə komitənin ən böyük uğuru “Azərbaycan Respublikasının Milli Atlası”nın ərsəyə gəlməsində gördüyü işlərdir.
Müasir dövrdə Milli Atlas hər bir ölkə üçün onun siyasi-inzibati vəziyyətini, təbiətini, iqtisadiyyatını, flora və faunasını, kənd təsərrüfatını, sənayesini, təhsilini, səhiyyəsini, mədəniyyətini, tarixini və digər sahələrini kartoqrafik üsullarla əks etdirən önəmli atributlardan biri hesab olunur. Bu səbəbdən Belarus, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Cənubi Koreya, Çexiya, Polşa, Almaniya və s. öz milli atlasını nəşr edən ölkələr bu işi mühüm dövlət tədbiri kimi qəbul edir, layihənin icrasını birbaşa ölkə rəhbərliyinin nəzarəti ilə həyata keçirirlər.
Məlumat üçün bildirək ki, təcavüzkar Ermənistan Respublikası da öz milli atlasını nəşr edən ölkələr sırasındadır. İki cilddən ibarət Ermənistan milli atlasına ölkəmizin ərazi bütövlüyünə toxunan, tamamilə həqiqətə uyğun olmayan bir sıra məlumatlar, o cümlədən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin də xəritəsi daxil edilmişdir. Bundan əlavə, qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Dağlıq Qarabağın da milli atlasını hazırlamışdır. Sözügedən atlas müxtəlif dillərə tərcümə olunaraq dünya ölkələrinə paylanılır. Bununla da Azərbaycanın ərazi bütövlüyü haqqında səhv fikir formalaşdırılır. Bütün bunları nəzərə alan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri məqsədilə bir sıra təkliflər irəli sürmüşdür.
Redaksiya heyətinin müəyyən edilməsinə, xəritələrin müəllif orijinallarının hazırlanması məqsədilə işçi qruplarının yaradılmasına, layihə smetasının tərtibinə dair təkliflər ölkə rəhbərliyi tərəfindən nəzərə alınmış, Milli Atlasın nəşrinə mühüm bir dövlət vəzifəsi kimi yanaşılmışdır. “Azərbaycan Respublikasının Milli Atlası”nın çapının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 aprel 2011-ci il tarixli 1436 saylı Sərəncam imzalamışdır. Sərəncamın icrası məqsədilə “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin tərkibi aşağıdakı kimi təsdiq edilmişdir: “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin sədri Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə, redaksiya heyəti sədrinin müavini AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, məsul katibi isə AMEA-nın həqiqi üzvü, AMEA-nın Aqrar Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovdur. Redaksiya heyətinə, həmçinin, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, energetika naziri Natiq Əliyev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, səhiyyə naziri Oqtay Şirəliyev, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, gənclər və idman naziri Azad Rəhimov, Dövlət Statistika Komitəsinin sədri (mərhum) Arif Vəliyev, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, AMEA-nın müxbir üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri Yaqub Mahmudov və AMEA-nın həqiqi üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların Genezisi, Coğrafiya və Kartoqrafiya laboratoriyasının müdiri Məhərrəm Babayev daxildir.
Əlbəttə, ölkə rəhbərliyinin “Azərbaycan Respublikasının Milli Atlası” kimi unikal nəşr layihəsini həyata keçirməsinə dair verdiyi göstəriş şərəfli olduğu qədər çətin və məsuliyyət tələb edən bir iş idi. Layihəni uğurla başa çatdırmaq üçün Dövlət Torpaq və Xərtiçəkmə Komitəsi öz işini bir sıra dövlət təşkilatları və Azərbaycan Milli Elmlər Akademiyası ilə qarşılıqlı fəaliyyətdə qurmalı idi. Bu məqsədlə “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin məsul katibi kimi tərəfimizdən aidiyyəti qurumlara işçi qrupunun yaradılması üçün müraciət edilmişdir. Tez bir zamanda ümumilikdə 108 nəfərin daxil olduğu işçi qrupları yaradılmışdır. Bununla paralel olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikində müvafiq kartoqrafik məlumatların ilkin toplanması, qiymətləndirilməsi, seçilməsi, yerləşdirilməsi, işlənməsi və s. yerinə yetirilməyə başlanmışdır. Kartoqrafik materialların hazırlanması çoxsahəli iqtisadiyyat sahələrini əhatə etdiyindən dəfələrlə müxtəlif qurumlarda, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində müzakirələr, təhlillər, dəqiqləşdirilmələr aparılmışdır.
Qeyd edək ki, işin böyük həcmdə olması və materialların müxtəlif nazirlik, təşkilat və AMEA-nın sahə institutlarında toplanması və sonradan həmin materialların xəritə formasına çevrilməsi ilə əlaqədar Milli Atlasın hazırlanması ilə bağlı işlər 2011-ci ildə başlansa da, 2014-cü ilin əvvəlində yekunlaşmışdır. Atlasın ilk tirajının Azərbaycan Respublikasının xarici dövlətlərdə yerləşən səfirliklərinə, müxtəlif təşkilatların nümayəndəliklərinə, xarici ölkələrin milli kitabxanalarına göndərilməsini nəzərə alaraq, izahedici mətnlər və göstəricilər 3 dildə - Azərbaycan, rus və ingilis dillərində, 500-ü VIP olmaqla, 5000 nüsxədə çap edilmişdir.
Hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi “Azərbaycan Respublikasının Milli Atlası”nın CIS variantını hazırlayır. Milli Atlasın bu elektron formasını ölkəmizdə yaradılacaq Milli Məkan Məlumatları İnfrastrukturunun fundamenti hesab etmək olar.
Gərgin əməyin bəhrəsi olan Milli Atlasın nəşrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yüksək qiymətləndirərək qeyd etmişdir: “Azərbaycan Respublikasının Milli Atlası” ölkəmizlə bağlı ilk sanballı, irimiqyaslı kartoqrafik nəşrdir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamına əsasən hazırlanmış Atlas özündə əhatəli elmi məlumatlar ehtiva etməklə, ölkənin təbii şəraiti, əhalisi, iqtisadiyyatı, ekologiyası, tarixi, mədəniyyəti, elm və təhsili haqqında dolğun təsəvvür yaradır. Müxtəlif sahələrdə çalışan alimlərin və mütəxəssislərin uzunmüddətli əməyi nəticəsində ərsəyə gələn kitabın Azərbaycanla bağlı yüksək rəsmi nəşr statusu onun əhəmiyyətini daha da artırır”.
Məlumat üçün qeyd edim ki, “Azərbaycan Respublikasının Milli Atlası” 19 bölmədən, 444 səhifədən və 1000-nə yaxın xəritə, diaqram, cədvəl, izahedici mətndən, slaydlardan və digər vacib material və məlumatlardan ibarətdir. Atlasın məzmunu ölkəmizin bütün əsas iqtisadiyyat və sosial-mədəni sahələrini əhatə edir. Bununla belə, respublikamız haqqında ümumi məlumatlar da kartoqrafik üsulla əks etdirilib. Belə məlumatların toplandığı “Ümumi səciyyə” adlı bölmədə Azərbaycan Respublikasının dünya siyasi xəritəsindəki mövqeyi əks edilmiş, ölkəmizin yerləşdiyi region, onun qonşuları haqqında məlumatlar kartoqrafik üsulla təsvir edilmişdir. Eyni zamanda, mətn formatında Azərbaycan Respublikasının coğrafiyası haqqında məlumatlar verilmişdir. Burada Azərbaycan Respublikası ərazisinin Yerətrafı kosmik fəzada peykdən çəkilmiş fotosu, siyasi-inzibati, ümumcoğrafi xəritələri, Azərbaycan Respublikasının türk dünyasındakı mövqeyini əks etdirən xəritəsi, Naxçıvan Muxtar Respublikasının siyasi-inzibati, ümumcoğrafi xəritələri, Abşeron yarımadasının ümumcoğrafi xəritəsi təsvir edilmişdir. Bölmədə, həmçinin, Azərbaycan Respublikasının təbii şəraitinin və təbii ehtiyatlarının qiymətləndirilməsi, iqtisadi rayonlaşdırma, ekoloji-coğrafi rayonlaşdırma, Azərbaycan Respublikasında ekoloji vəziyyətin qiymətləndirilməsi, eyni zamanda, Abşeron yarımadasının ekoloji vəziyyətinin qiymətləndirilməsini əks etdirən xəritələr mövcuddur. Ümumilikdə, bu bölmədə 18 adda xəritə materialı və izahedici mətn yerləşdirilmişdir.
Atlasın ən geniş, əhatəli bölmələrindən biri “Tarix” bölməsidir. Azərbaycan xalqının tarixi keçmişini yüksək səviyyədə aça bilən bu bölmənin xəritə və mətnləri hazırlanarkən tarix elminin ictimai rəyin formalaşmasında mühüm əhəmiyyəti nəzərə alınmışdır. Ölkəmizin müstəqilliyinin əldə edilməsinə qədər tarixi inkişaf mərhələləri xəritələrdə öz əksini tapmışdır. Azərbaycan ərazisinin ən qədim dövrlərin tarixi xəritələrdəki təsvirləri, bu ərazidə eramızdan əvvəl yaranmış dövlətlər, qədim tayfa birlikləri, qədim Daş dövrü abidələri, Tunc dövrü abidələri haqqında xəritələr mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, ərəb xilafətinin Azərbaycan ərazisində yayılması, Xürrəmilər hərəkatı, Atabəylər dövləti, Hülakilər dövləti, Naxçıvan və Qarabağın XIII - XIV əsrlərdəki vəziyyəti haqqında xəritələr xronoloji ardıcıllıqla yerləşdirilmişdir. Orta əsrlərdə mövcud olmuş Qaraqoyunlu, Ağqoyunlu dövlətləri haqqında xəritələr, Səfəvilər dövlətinin yaranmasının və inkişafının əsas mərhələlərini, eləcə də Nadir şah Əfşarın imperiyasının hüdudlarını əks etdirən xəritələr çox maraqlıdır.
Azərbaycanın xanlıqlar dövrü ayrıca xəritələrlə təsvir edilmişdir. Burada Qarabağ, Naxçıvan, İrəvan, Quba və s. xanlıqların xəritələri həmin dövrlərdəki baş vermiş tarixi hadisələr haqqında təsəvvür yaradır.
Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalını əks etdirən xəritələr həmin dövrdəki tarixi hadisələri əhatə edir. Bu xəritələr qədim Azərbaycan torpaqlarına İran və Türkiyədən ermənilərin Rusiya imperiyası tərəfindən məqsədli şəkildə köçürülməsi haqqında aydın təsəvvür yaradır. Ermənilərin çar Rusiyası zamanında azərbaycanlılara və müsəlmanlara qarşı törətdikləri qətliamlar, Bakıda və Bakı ətrafında baş vermiş qırğınlar xəritələrdə göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR-in yaranması və inkişaf mərhələləri də xəritələrdə təsvir edilmişdir. Böyük Vətən müharibəsində Azərbaycan neftinin əhəmiyyətini nəzərə alaraq iki xəritə, bir sıra fotoşəkillər, mətnlər verilmişdir. Azərbaycan Respublikasına qarşı Ermənistanın 1988-1993-cü illər ərzindəki təcavüzünə dair xəritələr həmin dövrdə baş vermiş faciələri əks etdirir. Burada işğal edilmiş ərazilər, qaçqın və məcburi köçkünlərin kütləvi köçü, talanların və qırğınların baş verdiyi ərazilər, etnik təmizləmələr və s. haqqında tam təsəvvür yaradılır. Azərbaycan ərazisində qədim dövrlərdən başlayaraq indiki dövrə qədər dövriyyədə olmuş pul nişanları, qədim zərbxanalar, əsginaslar, sikkələr təsvirlərlə və xəritələrlə göstərilmişdir. Azərbaycan Respublikasının son dövrlərdə tədavüldə olan pul nişanları haqqında da ətraflı məlumat verilir. Tarix bölməsi üzrə ümumilikdə 54 xəritə hazırlanmışdır.
Xəzər dənizinin Azərbaycan Respublikasının iqtisadi və sosial həyatında, onun inkişafında çox böyük rolu var. Xəzər dənizinin ölkəmiz üçün həyati əhəmiyyəti eyni adlı bölmədə xəritə və mətnlərdə təsvir edilmişdir. Burada Xəzər dənizinin ümumcoğrafi xəritəsi, Xəzər dənizinin su toplama hövzəsi, Xəzər dənizində ilin qış dövründə buzların dreyfi, Xəzər dənizinin geomorfologiyası, burada günəş radiasiyası, su səthində axınlar, küləklər, dalğalanmalar, temperatur rejimi, buxarlanma, sahil küləkləri və s. haqqında xəritələr Milli Atlasa daxil edilmişdir. Xəzər dənizində neft və qaz yataqları, dənizin ekologiyası haqqında olan xəritələr maraqlıdır. Bölmədə ümumilikdə 27 kartoqrafik material, mətn, slayd və s. məlumatlar verilmişdir.
Ölkəmizin geoloji quruluşunun xüsusiyyətləri, yeraltı və yerüstü sərvətlərinin yayılması atlasın “Geoloji quruluş və Yer təkinin ehtiyatları” bölməsində 31 xəritə, mətn, fotoşəkillər və s. materiallarda əks etdirilmişdir. Burada Azərbaycan Respublikası ərazisinin geoloji quruluşu ayrıca xəritədə göstərilmişdir. Abşeron yarımadasının respublikanın iqtisadi həyatında əhəmiyyətini nəzərə alaraq bu yarımadanın və Naxçıvan Muxtar Respublikasının ərazisinin geoloji quruluşu ayrıca xəritələrdə göstərilmişdir. Bu bölmənin xəritələri ərazidə tektonik rayonlaşma, Yer qabığının müasir şaquli və üfüqi hərəkətləri, neotektonika, zəlzələlər, maqnit sahəsi, qravimaqnit anomaliyalar, radioaktivlik, müxtəlif filiz və qeyri-filiz yataqları və s. haqqında məlumatları əhatə edir.
Atlasdan istifadəni asanlaşdırmaq üçün bəzi bölmələrdə terminlər xəritəsi verilmişdir. Məsələn, “Relyef və geomorfologiya” bölməsində relyefin xüsusiyyətlərinin izahını asanlaşdırmaq üçün relyef forması bildirən coğrafi terminlər xəritəsi hazırlanmışdır. Azərbaycan ərazisinin relyefi geomorfoloji quruluşu, müasir erozion-akkumulyativ proseslər, ekzogen proseslər və morfostrukturlar, qravitasiya və kriogen morfostrukturlar, oroqrafiya, çay və dəniz terrasları, relyefin meyillikləri və parçalanması, geomorfoloji rayonlaşdırma və s. xəritələrdə əks etdirilmişdir. Atlasın “Relyef və geomorfologiya” bölməsində 15 xəritə, mətn, cədvəl və s. materiallar verilmişdir.
“Azərbaycan Respublikasının Milli Atlası”nda diqqət çəkən başqa bir bölmə “İqlim və aqroiqlim ehtiyatları” bölməsidir. Bölmənin xəritə və mətnləri hazırlanarkən Azərbaycan iqliminin xüsusiyyətləri tam şəkildə nəzərə alınmışdır. Burada İqlimin fəsilləri, Aqroiqlim ehtiyatları, Aqroiqlim rayonlaşdırılması və sairin daxil olduğu 47 xəritə, cədvəl, slayd və digər materiallar yerləşdirilmişdir.
Azərbaycanın səth suları və hidroloji şəraiti haqqında məlumatları isə müvafiq bölmədə ətraflı şəkildə əldə etmək olar. Azərbaycanın səth suları və hidroloji şəraiti çay şəbəkəsinin sıxlığı, orta illik axım, yeraltı axım, səth axımı, yaz-yay daşqınlarının axımı, sellər, göllər və s. xəritələrində əks etdirilmişdir. Bu bölmədə 31 xəritə, mətn, cədvəl və digər kartoqrafik materiallar verilmişdir.
Bu gün torpaqşünaslıq elminin inkişafına nəzər yetirsək, ölkəmizdə torpaqların öyrənilməsi işinə daim yüksək diqqət yetirildiyini, ondan səmərəli istifadənin daim təkmilləşdirildiyini görərik. Belə ki, dünyada ilk dəfə olaraq hələ Sovet İttifaqı dövründə Azərbaycanda relyefin plastik xəritəsinin hazırlanması metodu işlənmiş və respublikanın müstəqilliyi əldə edildikdən sonra bu metodla müxtəlif torpaq növlərinin formalaşmasında relyefin plastlarının rolunu aydınlaşdırmışlar. Azərbaycan Respublikasının Milli Atlasında göstərilən məsələlər “Torpaq və torpaq ehtiyatları” bölməsində 45 xəritə, mətn, cədvəl, qrafik, slayd və digər əyani vasitədə əks etdirilmişdir. Bölmədə verilən tematik xəritələr öz yeniliyi və praktikliyi ilə seçilir.
Qeyd etmək lazımdır ki, ayrı-ayrı sahələrə dair verilən informasiya təkcə atlasın tematik xəritələri vasitəsi ilə deyil, onları çox sıx surətdə tamamlayan cədvəllər, sxemlər, diaqram və qrafiklər vasitəsilə verilmişdir. Bu da atlasın informasiya gücünün, məlumatların bolluğunun artırılması ilə yanaşı, onun sübutluluğunun, elmi səviyyəsinin də yüksəldilməsinə xidmət edir. Bunu atlasın hər bir bölməsində aydın şəkildə görə bilərik. Məsələn, “Bitki örtüyü” bölməsində respublikada rast gəlinən 125 fəsilədə və 930 cinsdə toplanmış bitki növləri 18 xəritə ilə yanaşı, xeyli sayda slayd, cədvəl, diaqram və s. materialda verilmişdir.
Atlasın maraqlı bölmələrindən olan “Heyvanlar aləmi” bölməsində isə Azərbaycan alimlərinin apardığı tədqiqatlar nəticəsində ölkəmizdə müəyyən olunmuş heyvanat aləmi haqqında ətraflı məlumat verilir. Atlasın xəritələrində yırtıcılar, gəmiricilər, yarasalar, cütdırnaqlılar, sürünənlər, suda-quruda yaşayanlar, məməlilər haqqında ətraflı məlumatlar toplanmışdır. Həmçinin nadir quşlar, bitki zərərvericiləri, balıq parazitləri, heyvanat aləminin ekoloji məsələləri də təsvir edilmişdir. Bölmədə mətnlər, xəritələr, slaydlar oxucularda məlumatların qavranmasını daha da asanlaşdırır.
Atlasın “Landşaftlar” bölməsində verilən 23 xəritə, slayd, qrafik, mətn, cədvəl və s. materiallarda əks olunan informasiyadan aydın olur ki, iqlim və geomorfoloji amillərin təsiri ilə formalaşan landşaftlar Azərbaycan ərazisində çox müxtəlifdir. Respublikada landşaftlar həm qərbdən şərqə doğru, həm də yüksəkliyə doğru dəyişir. Bu dəyişmələr iqlim müxtəlifliyi, relyef, termik şərait, rütubət və digər amillər nəticəsində baş verir. Son zamanlar landşaft dəyişmələrində antropoloji amillərin təsiri əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycan landşaftlarının tibbi-ekokimyəvi xüsusiyyətləri turizm, sanatoriya, kurort əhəmiyyətini təmin edir.
Atlasın “Sənaye” bölməsində respublika ərazisində sənayenin inkişaf dinamikası, yeni yaradılan sənaye sahələri, neft-qaz hasilatı və emalı, maşınqayırma, elektrotexnika və cihazqayırma, faydalı qazıntılar, onların hasilatı, inşaat, sənayenin ekoloji məsələləri və digər sahələr haqqında ətraflı məlumatları əks etdirən xəritələr, diaqramlar, qrafiklər və s. materiallar toplanmışdır.
Hər kəsə məlumdur ki, Azərbaycan sənayesi ilə yanaşı, kənd təsərrüfatı da inkişaf etmiş, qədim əkinçilik və heyvandarlıq mədəniyyətinə malik ölkədir. Milli Atlasın “Kənd təsərrüfatı” bölməsində olan kartoqrafik materiallarda (xəritə, diaqram, qrafik, mətn və s.) kənd təsərrüfatında torpaqların mülkiyyət formaları, kənd təsərrüfatına yararlı torpaqlar, bitkiçilik, ayrı-ayrı bitkilərin əkini və istehsalı, heyvandarlığın müxtəlif istiqamətləri, ət, süd, yun, yumurta, tütün, meyvəçilik və s. məhsulların istehsalı haqqında ətraflı məlumatlar verilir.
Milli Atlasın diqqətçəkən ən mühüm bölmələrindən biri isə “Nəqliyyat” bölməsidir. Bölmədə nəqliyyatın növlərinə, yükdaşımaların miqdarı və tərkibinə, məsafəsinə, intensivliyinə, istiqamətlərinə və digər əlamətlərinə dair məlumatlar əks etdirilmişdir. Burada həmçinin nəqliyyatın ekoloji problemləri də işıqlandırılmışdır. Atlasda nəqliyyata dair ümumilikdə 11 xəritə, diaqram, slayd, mətn və s. materiallar verilmişdir.
Respublikada mənzil fondu, ticarət xidməti, banklar, pərakəndə ticarətin əmtəə dövriyyəsi, poçt, telefon, internet rabitəsi, radio-televiziya yayımları, məişət xidmətləri, əhaliyə göstərilən pullu xidmətlər, əhalinin məişət texnikası və avtomobillərlə təmin olunması, sanatoriya-rekreasiya mərkəzləri və s. haqqında məlumatlarla isə atlasın “Sosial mühit” bölməsində tanış olmaq mümkündür. Bu məlumatlar bölmənin 14 xəritə, qrafik, diaqram, mətn və digər materiallarında verilmişdir.
Üç müxtəlif sahəni özündə əhatə edən “Təhsil, mədəniyyət, idman” bölməsində olan materiallar məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələri, ali təhsil müəssisələri, kitabxanalar, şagirdlər, tələbələr, musiqi məktəbləri, xalça sənəti məktəbləri, idman qurğuları, olimpiya mərkəzləri, milli idman növləri, teatr və muzeylər, mədəniyyət və tarixi abidələr, milli mətbəx, milli geyimlər, rəssamlıq əsərləri və s. haqqında informasiyanı əks etdirir.
“Xarici əlaqələr” bölməsinin xəritə, mətn, diaqram, qrafik, slayd və s. materialları isə ölkəmizin diplomatik əlaqələri, beynəlxalq təşkilatların fəaliyyətində iştirakı, qonşu ölkələrlə əlaqələri əks etdirir. Bundan başqa, xarici ticarət (idxal və ixrac), elmi-texniki əlaqələr, neft və qaz sənayesi məhsullarının ixrac coğrafiyası, gömrük xidmətləri, Bakı şəhərinin rayonlarla qarşılıqlı istehsal əlaqələri və s. göstəricilər verilmişdir.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda ardıcıl olaraq turizm inkişaf etməyə başlamışdır. Hazırda respublikamızda çoxlu turizm mərkəzləri, mehmanxanalar, kurortlar, turist bazaları və s. əhaliyə və qonaqlara turist xidmətləri göstərir. Atlasda turizm, ovçuluq, balıq ovu, turist marşrutları haqqında bir sıra xəritələr var. Bundan başqa, Bakı, Gəncə və digər şəhərlərin turist xəritələri ilk dəfə olaraq bu atlasın materiallarına daxil edilmişdir. Ümumilikdə, bölmədə 79 xəritə, plan, slayd və s. materiallar vardır.
Göründüyü kimi, “Azərbaycan Respublikasının Milli Atlası”nın hazırlanması ölkəmizin elmi və mədəni həyatında mühüm hadisədir. Əhatəliliyinin genişliyinə, nəfis tərtibatda nəşrinə, xəritə və digər məlumatların dolğunluğuna görə Milli Atlas xarici ölkələrin milli atlaslarından üstündür. Atlas uzun müddət alimlərin, iqtisadiyyatın müxtəlif sahələrində çalışan mütəxəssislərin, şagird və tələbələrin elmi və məlumat mənbəyi olacaqdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssislərinin, ayrı-ayrı dövlət qurumlarının, şirkətlərin və alimlərin Milli Atlasın hazırlanmasında böyük əməyi olmuşdur. “Azərbaycan Respublikasının Milli Atlası”nın hazırlanması və nəşri işlərinin tamamlanması Azərbaycan Respublikası Prezidentinin daimi diqqəti və əvəzsiz köməyi sayəsində mümkün olmuşdur. Bu diqqətə görə bir daha möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Xəbər lenti
Hamısına baxHadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45

