Azərbaycan sürətlə kosmik sənayesi olan ölkəyə çevrilir
11.12.2014 [10:26]
Prezident İlham Əliyev: İnformasiya-kommunikasiya texnologiyaları və kosmik texnologiyalar bizim üçün əsas prioritetlərdən biridir
Müasir dövr yeni inkişaf trendləri ilə səciyyələnir. Hazırda hər bir ölkənin inkişafının bu və ya digər dərəcədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişaf və tətbiq səviyyəsi ilə bağlı olduğu heç kəsdə şübhə doğurmur. Bu mənada Azərbaycanın gələcəyinə nikbin yanaşmağa ciddi əsaslar var. İnformasiya-kommunikasiya sektorunun üstün inkişafının təmin edilməsi respublikanın yeni inkişaf paradiqmalarından biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, yeni texnologiyaların, o cümlədən, İKT sferasının inkişafı Azərbaycanı fərqləndirən cəhətlərdən biridir və ölkəmizin gələcəyini təmin edəcəkdir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması bu sektorun inkişafına göstərilən siyasi iradənin və yüksək diqqətin bariz nümunəsidir. Prezident İlham Əliyev bu günlərdə “Euronews” telekanalının müxbirinə müsahibəsində ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük önəm verildiyini bir daha nəzərə çatdıraraq vurğulayıb: “Biz iqtisadiyyatımızın şaxələndirilməsi siyasətini həyata keçiririk və bu siyasət uğurludur. İnformasiya-kommunikasiya texnologiyaları və kosmik texnologiyalar bizim üçün əsas prioritetlərdən biridir”.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının üstün inkişafı təmin edilir
Bütün sahələrdə dinamik inkişafa nail olan Azərbaycan, həmçinin, Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul edən ilk və yeganə dövlətdir. Ümummilli lider Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” respublikamızda İKT sahəsində yeni bir mərhələnin əsasını qoyub.
İnnovasiyalara əsaslanan İKT sektorunun inkişaf etdirilməsi ilə bağlı strategiya Azərbaycanı müasir ölkəyə çevirməyi qarşıya hədəf qoyan Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Prezident İlham Əliyev bu günlərdə “Rossiya-24” informasiya telekanalına müsahibəsində bu cəhətə bir daha diqqət çəkərək bildirib: “Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsi sabit inkişaf edir”.
Respublikamızda informasiya-kommunikasiya texnologiyalarının inkişafına dövlət qayğısı çoxşaxəlidir. Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiqlənən Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci və 2010-2012-ci illəri əhatə edən Dövlət proqramları ölkəmizdə İKT sektorunun inkişafına güclü hüquqi baza yaradıb. Qısa müddətdə ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti təşkil olunub.
Hərtərəfli dövlət qayğısı və güclü maliyyə təminatı ölkəmizdə İKT sektorunun dinamik inkişafını təmin edib. Son 10 ildə respublikamızda informasiya-kommunikasiya texnologiyaları sektorunda hər il 20-25 faiz civarında artım müşahidə edilib, sektor hər 3 ildə 2 dəfə genişlənib. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına 3 milyard ABŞ dollarından artıq vəsait yatırılıb. Nəticədə, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artıb.
Ölkənin İKT sektorunda artım tempi cari ildə də davam edib. Belə ki, cari ilin 9 ayı ərzində sektorda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 1205,1 milyon manata çatıb. Haqqında bəhs olunan dövrdə İKT sektoruna 96,1 milyon manat investisiya yönəldilib. Cari ilin birinci yarısında ölkəmizdə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a çatıb. Ümumiyyətlə, son 10 ildə ölkəmizdə mobil telefon abunəçilərinin sayı 7 dəfə artaraq 10,1 milyonu ötüb. Respublikamızda internet üzərində bütün məhdudiyyətlər aradan qaldırılıb, əhalinin 70 faizdən çoxu yüksəksürətli internetə çıxış imkanına malikdir.
2013-cü ildə ilk peykini - “Azerspace-1”i orbitə çıxaran Azərbaycan artıq kosmik sənayeyə malik ölkədir
“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar, eləcə də, ölkə Prezidentinin 2010-cu ildə imzaladığı digər bir Sərəncama əsasən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Azərbaycan artıq kosmik sənayesi olan ölkədir”.
Ölkəmizin ilk peyki olan “Azerspace-1” 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edən “Azerspace-1”in orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək. Azərbaycanın ilk peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulub. Hazırda “Azerspace-1” peykinin üzərindən yerli və beynəlxalq səviyyəli 129 televiziya və 16 radio kanalı yayımlanır. 230 milyon ABŞ dollarına başa gələn “Azerspace-1” peykinin ona yatırılmış investisiyanı öz istismarının 7-ci ilində doğruldacağı proqnozlaşdırılır.
Əlamətdar haldır ki, Azərbaycan öz peykini milli kadrlar vasitəsilə idarə edir. Belə ki, “Azerspace-1” peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərini həyata keçirən “Azərkosmos” ASC tərəfindən peykin idarə edilməsi üzrə yerli mütəxəssislər hazırlanıb. Həmin gənc kadrlar müxtəlif ölkələrdə yüksək səviyyəli təlimlərə qatılıblar və peykimizi müstəqil surətdə uğurla idarə edirlər.
Yeni peykin - “Azersky”ın kommersiya fəaliyyətinə start verilməsi ilə Azərbaycanın kosmik imkanları daha da genişlənib
Bu günlərdə respublikamızın paytaxtında keçirilən “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, cari ilin iyununda orbitə çıxarılan və “Azersky” adlandırılan “Spot 7” yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki “Azərkosmos” ASC-nin mülkiyyətinə keçib və onun kommersiya fəaliyyətinə start verilib. Yeni layihə Azərbaycan ilə Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində reallaşdırılıb. Müqaviləyə əsasən, “Azərkosmos”a məxsus “Azersky” peyki və “Airbus Defence” and Space” şirkətinə məxsus “SPOT 6” yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki hər iki şirkətin daha yüksək xidmət göstərməsi üçün peyk toplusu formasında birgə istifadə olunacaq. Həmçinin, Azərbaycanda quraşdırılacaq yerüstü stansiya “Azərkosmos” ASC-yə kommersiya hüquqları “Airbus Defence” and “Space” şirkətinə məxsus çox yüksək ayırdetməli Pleiades 1A və 1B peyklərindən istifadə imkanı yaradacaq. Bu peyk toplusu Yer səthinin məsafədən müşahidəsi üçün istifadə olunan tətbiqlərə geniş imkanlar yaradır və ən yeni peyk görüntülərini indiyə qədər mümkün olmayan cəldliklə əldə etmək imkanı verir. “Azersky” və “SPOT 6” peyk toplusu bir gün ərzində 6 milyon kilometr ərazinin şəklini çəkə bilir. Bu, o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün “Azersky” və “SPOT 6” peykləri tərəfindən yüksək ayırdetmədə müşahidə oluna bilər. Bütün bunlar Azərbaycanın mövqelərini peyk xidmətləri göstərən azsaylı ölkələr arasında daha da möhkəmləndirəcək.
Bununla belə, Azərbaycan kosmik sənaye sahəsində əldə etdiyi uğurlarla kifayətlənmək niyyətində deyil. Ölkəmiz gələcəkdə dünya kosmik ailəsinin daha fəal üzvünə çevrilmək əzmi nümayiş etdirir. “BakuTel-2014” sərgisində “Euronews” telekanalına müsahibəsində Prezident İlham Əliyev respublikamızın kosmik sənaye imkanlarının genişləndirilməsi prosesinin bundan sonra da davam etdiriləcəyini bildirib: “Biz artıq ilk peykimizi orbitə buraxmışıq. Bu, ikincidir. Proses davam edəcək”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

