Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməlidir

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməlidir

11.02.2015 [10:08]

Prezident İlham Əliyev: ...İşğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın
Sirr deyil ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional miqyaslı, qlobal xarakterli destruktiv problemdir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Ümumilikdə, münaqişə bölgənin inkişafına, uzunmüddətli sabitliyə mane olan dağıdıcı faktorlardan biri kimi çıxış edir. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zəruri amildir.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində fəallıq göstərir
Digər tərəfdən, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində fəallıq göstərsə də, Ermənistan qeyri-konstruktiv mövqe və təxribatçı hərəkətlər nümayiş etdirməklə danışıqlar prosesini pozmağa çalışır. Ümumiyyətlə, Ermənistan ordusunun bir müddətdir ki, qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində təxribatçı hərəkətlərini davam etdirməsi bu ölkənin mövqeyini açıq şəkildə əks etdirir. Yəni görünən odur ki, münaqişənin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan edən Azərbaycandan fərqli olaraq, Ermənistan sülh istəmir. Yeri gəlmişkən, 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda keçirilən panel müzakirəsində çıxış edən və sualları cavablandıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan, əlbəttə ki, bu münaqişənin həllində ən maraqlı tərəfdir: “Çünki biz torpaqlarımızın geri qayıtmasını istəyirik. Biz qaçqın və məcburi köçkünlərimizin öz evlərinə qayıtmaq hüququna malik olmasını istəyirik. Baxmayaraq ki, onların evləri yoxdur və hər şey məhv edilib. Yeri gəlmişkən, ATƏT faktaraşdırıcı və qiymətləndirmə missiyasını iki dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə göndərib və hesabat yayıb. Bu hesabatda göstərilir ki, hər şey - bütün binalar, qəbiristanlıqlar, məscidlər məhv edilib. Beləliklə, işğal edilmiş ərazilər tamamilə boş torpaqlardır. Məcburi köçkünlərimiz torpaqlarına qayıdandan sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamalı olacağıq. Buna görə də ilk növbədə, bizim insanların torpaqlarına qayıtmaq hüququ var və biz münaqişənin tez bir zamanda həll edilməsində maraqlı tərəfik”.
Münaqişənin həll olunmamasının və mövcud gərginliyin səbəbi Ermənistanın təcavüzkar mövqeyidir
Əlbəttə, bütün bunlar münaqişənin həlli məsələsi ətrafında cərəyan edən hadisələrin real mahiyyətini əks etdirir və bir sıra məqamları yenidən aktuallaşdırır. Birincisi, ermənilərin işğalçılıq eyforiyası davam edir. Belə ki, bu zamana qədər təcavüzkar ritorika ilə çıxış edən Ermənistan rəhbərliyi yeni separatçı, təcavüzkar davranışlar həvəsində olduğunu nümayiş etdirir. İkincisi, bütün bunlar göstərir ki, işğalçı ölkə beynəlxalq hüquq normalarına biganə yanaşır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəmir. Məhz son hadisələr Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar, təxribatçı xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğalçı ölkə rəhbərliyinin mövqe və siyasətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara, dəyərlərə zidd olduğunu sübut edir.
Qeyd etmək lazımdır ki, son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təmaslar və danışıqlar prosesi intensiv xarakter almışdı. ATƏT-in Minsk qrupunun bilavasitə dəstəyi ilə Azərbaycan və Ermənistan prezidentləri, həmçinin, xarici işlər nazirləri münaqişənin həlli yönündə mövcud problemləri müzakirə edib, qoşunların təmas xəttində sabitliyin qorunması, atəşkəs rejiminin təmin edilməsi, snayperlərin geri çəkilməsi, müxtəlif təxribatlara yol verilməməsi və digər bu kimi məsələlərə dair müəyyən razılığa gəlmişdilər. Lakin xəbər verildiyi kimi, Ermənistan belə bir mərhələdə qeyri-konstruktiv mövqeyini davam etdirərək təxribat xarakterli növbəti hərəkətlərə yol verib. Serj Sarkisyan hakimiyyəti Fransanın Paris şəhərində tərəflər arasında keçirilmiş və müəyyən pozitiv məqamlarla yadda qalmış görüşün mahiyyətinə zidd addımlar ataraq çoxsaylı hərbi qüvvə və müxtəlif növ texnika ilə işğal olunmuş ərazilərdə, o cümlədən, qoşunların təmas xəttində hərbi təlimlərə başlayıb. Ötən il noyabrın 12-də isə cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının hərbi hava qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterlər müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edərək atəşə tutub və uzaqlaşmağa çalışıb. Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk edib.
Beləliklə, görünən odur ki, Ermənistan danışıqlar prosesini pozmağa yönəlmiş təxribat xarakterli addımlarla beynəlxalq hüquq normalarını heçə sayıb. Çünki Azərbaycan işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib, müvafiq qaydada beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırıb. 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda keçirilən panel müzakirəsində sualları cavablandıran Prezident İlham Əliyev bu məsələ ilə əlaqədar Azərbaycanın mövqeyini konkret olaraq - qəti şəkildə bir daha ifadə edib. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, əslində, həmişə günahı bizim üstümüzə atmaq Ermənistan tərəfinin taktikasıdır: “Onlar bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər və bizi günahlandırırlar. Sual isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var? Gərginliyin kimin tərəfindən artırılması ilə bağlı suala cavab olaraq mən keçən ildən bir nümunə gətirə bilərəm. Keçən il beynəlxalq vasitəçilərin fəallığı nöqteyi-nəzərindən əlamətdar bir il olmuşdur. Ötən ilin avqust ayında Prezident Putin mənimlə prezident Sarkisyan arasında bir görüş təşkil etdi. Sentyabr ayında NATO sammiti zamanı ABŞ dövlət katibi Kerri üçümüzün iştirakı ilə belə bir görüş keçirdi. Oktyabrın sonunda Prezident Olland məni və prezident Sarkisyanı Parisə dəvət etdi. Bizim çox yaxşı və konstruktiv görüşümüz oldu. Hər iki tərəf - həm Azərbaycan, həm Ermənistan tərəfi ictimaiyyətə bu görüşün çox uğurlu keçdiyini və təmas xəttində gərginlikləri azaltmağa çalışacağını bəyan etdi. Bundan sonra nə baş verir? Heç 10 gün keçməmiş Ermənistan işğal olunmuş ərazilərdə, xüsusilə Ağdamda genişmiqyaslı hərbi təlimlər təşkil edir. Onların özlərinin verdiyi məlumata görə, işğal olunmuş ərazilərdə 47 minlik ordunun iştirakı ilə təlimlər keçirilmişdir. Aviasiyadan, helikopterlərdən istifadə olunmuşdur. Üç gün ərzində bizim ordumuz səbir edərək heç bir reaksiya göstərməmişdir. Sonra onlar “Mİ-24” hərbi helikopterlərini bizim mövqelərimizə istiqamətləndirərək hücuma keçdilər. Bizim ordumuz helikopterləri vurmaq məcburiyyətində qaldı və onlardan biri vuruldu. Onlar Azərbaycanı günahlandırmaq üçün bundan bəhanə kimi istifadə etdilər. Onlar təxribatlar törədir, bizi təhrik edir, bizi gərginliyi azaltmağa sövq etmək üçün çoxlu səylər göstərən Fransa, Rusiya və ABŞ-ın dövlət başçılarına hörmətsizlik edirlər, heç bir məhəl qoymurlar”.
Prezident İlham Əliyev bildirib ki, onlar hesab edirlər ki, istədikləri hər şeyi edə bilərlər və buna görə cəzalandırılmayacaqlar: “Bu, əsas səbəbdir. İndi isə onlar bizi günahlandırırlar və bizə deyirlər ki, atəş açmayaq. Mənim Ermənistana mesajım odur ki, işğalı dayandırsın. İşğalı dayandırdığı an bizdə sülh də, qarşılıqlı ünsiyyət də, barışıq da olacaq. Bunun baş verməməsinin səbəbi odur ki, erməni əsgəri Ağdamda, Füzulidədir”.
Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq gündəmin aktual müzakirə mövzusudur
Heç şübhəsiz, Ermənistanın qeyri-konstruktiv mövqeyini və bir sıra aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı ölkəyə qarşı təzyiq siyasətini davam etdirir. Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin, xüsusilə də, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərin uğurlu nəticəsi, Ermənistanın regiondakı bütün layihələrdən kənarda qalması, daxilindəki sosial və iqtisadi böhranların dərinləşməsi Azərbaycanın işğalçını bütün sferalarda təcrid etmək siyasətinin nailiyyətləri kimi səciyyələndirilə bilər. Bundan başqa, informasiya müharibəsində də əhəmiyyətli nailiyyətlər əldə edilib.
O da qeyd edilməlidir ki, Azərbaycan öz qətiyyətli mövqeyi və prinsipial siyasəti ilə diplomatik cəbhədə davamlı uğurlar əldə edib. Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib.
Başqa sözlə, Azərbaycanın diplomatiyası sayəsində Ermənistan dalana dirənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycan işğalçı ölkəni bütün regional və beynəlxalq layihələrdən təcrid edib. Təbii ki, bu amil təcavüzkar Ermənistandakı sosial-iqtisadi böhranın dərinləşməsini şərtləndirib.
Azərbaycan dünya ictimaiyyətindən ədalətli mövqe gözləyir
Amma bütün bunlarla yanaşı, dünya ictimaiyyəti - bir sıra beynəlxalq təşkilatlar və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri yetərincə fəallıq nümayiş etdirmirlər. Əksər bəyanatlarda əsas məsələlərdən - Ermənistanın işğalçı siyasəti və qeyri-konstruktiv mövqeyindən, işğal faktından yan keçilir, hadisənin gerçək səbəbləri, bu vəziyyəti yaradan əsaslar diqqətə alınmır. Azərbaycan ictimaiyyəti beynəlxalq təşkilatların, o cümlədən, ATƏT-in Minsk qrupunun bu cür mövqeyindən narazı və narahatdır. Yekun qənaət budur ki, verilən bəyanatlar ədalətsiz olmaqla yanaşı, işğalçı ilə işğala məruz qalmış tərəfin eyniləşdirildiyini göstərir. Bildirilir ki, dünya ictimaiyyəti nəzərə almalıdır ki, mövcud gərginlik Ermənistanın işğalçı siyasətinin, danışıqlar prosesini yenidən pozmaq cəhdinin məntiqi nəticəsidir və mövcud vəziyyətə görə məhz Ermənistan rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Nəticə etibarilə, işğalçı ölkənin bu cür davranışında beynəlxalq ictimaiyyətin - BMT, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu kimi təşkilatların bu məsələyə laqeyd yanaşması, ikili standartlara istinad etməsi faktı da xüsusi rol oynayır.
Azərbaycan işğal altında olan ərazilərini istənilən yolla azad edəcək
Bütün hallarda, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Qeyd etmək lazımdır ki, ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə dair optimist qənaət yaradır. Ümumiyyətlə, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Əlbəttə, 20 faiz ərazisi işğal edilmiş, 1 milyondan çox əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan bu cür cəhdlərə izin verməyəcək.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 707 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31