AZƏRTAC-ın 95 illik yubileyi münasibətilə təntənəli mərasim
03.03.2015 [09:53]
Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın 95 illik yubileyi münasibətilə martın 2-də Bakıda, “Four Seasons” otelində təntənəli mərasim keçirilib.
Mərasimə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) Bakı iclasının iştirakçıları, yubiley tədbirinə dəvət olunmuş bir sıra xarici ölkələrin aparıcı informasiya agentliklərinin baş direktorları və nümayəndə heyətləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və QHT-lərin rəhbərləri qatılıblar.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov çıxış edərək agentliyin 95 illik yubileyi mərasiminin bütün iştirakçılarını salamlayıb və onlara minnətdarlığını bildirib.
Baş direktor xatırladıb ki, bu gün səhər (yəni dünən səhər - red.) Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Konqres Şurası üzvləri və AZƏRTAC-ın 95 illik yubileyində iştirak etmək üçün Bakıya gəlmiş digər mötəbər qonaqlarla görüşü olub. Səmimi keçən görüş zamanı müasir dünyamızda informasiyanın yeri və rolu, media qurumlarının üzərinə düşən ümdə vəzifələrlə bağlı dəyərli fikirlər səslənib.
Aslan Aslanov deyib: “Bu gün biz həm də Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclasını keçirdik. Yəqin bilirsiniz ki, bu nüfuzlu qurumun V Konqresi 2016-cı ildə Bakıda keçiriləcək və 2019-cu ilədək Konqresə AZƏRTAC sədrlik edəcək. Bizə göstərdikləri yüksək etimada və dəstəyə görə dəyərli həmkarlarıma bir daha təşəkkür edirəm”.
Baş direktor qeyd edib ki, Azərbaycanın ilk xəbər agentliyi olan AZƏRTAC 95 illik yubileyini onun üçün xüsusilə əlamətdar olan belə bir dövrdə, eyni zamanda, qloballaşan dünyada dəyər sistemlərinin yeniləndiyi, həyatın bütün sahələrində fundamental transformasiyaların baş verdiyi, yeni informasiya texnologiyalarının yarandığı, sosial media bumunun yaşandığı bir dövrdə qeyd edir.
“AZƏRTAC-ın bugünkü səviyyəyə gəlib çatması, dünya informasiya məkanına çıxması bilavasitə Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Biz eyni qayğını Prezident İlham Əliyevdən də görürük. Dövlətimizin başçısının agentliyimizin adının dəyişdirilməsi, AZƏRTAC-ın 95 illik yubileyi münasibətilə 13 əməkdaşımızın Azərbaycan Respublikasının bir sıra fəxri adları və mükafatları ilə təltif edilməsi barədə imzaladığı sərəncamlar bizdə böyük sevinc doğurub”, - deyə baş direktor bildirib.
Diqqətə çatdırılıb ki, hazırda AZƏRTAC ölkədə və regionda 7 dildə informasiya, 5 dildə videoxəbər yayan agentlikdir. Sosial medianın təhlili ilə məşğul olan ABŞ-ın SocialBakers analitik şirkətinin statistikasında AZƏRTAC-ın Azərbaycan dilində Facebook səhifəsi ölkənin ən sürətlə artan profilləri və media səhifələri sırasında ilk beşlikdə yer alır, informasiya agentlikləri arasında isə birincidir. SocialBakers-in göstəricilərində AZƏRTAC-ın Tvitter və YouTube profilləri də Azərbaycan üzrə “Media” kateqoriyasında daim ilk beşlikdə yer tutur.
İki qitənin mötəbər media qurumlarının və xəbər agentlikləri rəhbərlərinin, dünya informasiya siyasətini müəyyənləşdirən çox nüfuzlu insanların bu gün yenidən Bakıda bir araya gəlməsi yəqin ki, təsadüfi deyil və səylərimizin bəhrə verməsi bizi olduqca sevindirir.
Biz bu ənənəni 2016-2019-cu illərdə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına və Dünya Xəbər Agentlikləri Konqresinə sədrliyimiz dövründə daha da zənginləşdirmək niyyətindəyik.
Aslan Aslanov AZƏRTAC-ın yubiley mərasiminin bütün iştirakçılarına bir daha təşəkkürünü bildirib.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mərasimdə çıxış edərək Bakıda iki mühüm hadisənin - AZƏRTAC-ın 95 illik yubileyinin və Dünya Xəbər Agentlikləri Konqresi Şurası (NACO) iclasının keçirildiyini vurğulayıb.
2016-cı ildə Azərbaycanın Dünya Xəbər Agentliklərinin V Konqresinə ev sahibliyi edəcəyini diqqətə çatdıran Əli Həsənov ölkəmizin bu tədbirə xüsusi hazırlaşdığını bildirib. Ölkəmizdə birinci Avropa Oyunlarına hazırlıq işlərinin geniş vüsət aldığını qeyd edən Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, banisi Ümummilli liderimiz Heydər Əliyev olan müasir müstəqil Azərbaycan dövləti bu gün ictimai, siyasi, mədəni, idman və digər mühüm tədbirlərin keçirildiyi beynəlxalq mərkəzə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz, xalqımız öz inkişafının sürətini gündən-günə artırır, müasirləşir, dünyanın qabaqcıl ölkələri və xalqları arasında layiqli yerini tutur.
Əli Həsənov tədbirdə iştirak edən xarici qonaqların Azərbaycanın, o cümlədən paytaxt Bakının sürətli inkişafının şahidi olduqlarını vurğulayaraq onların öz ölkələrinə xoş təəssüratlarla qayıdacaqlarına əminliyini bildirib.
AZƏRTAC-ın 95 illik yubileyini qeyd etdiyini xatırladan Əli Həsənov bildirib ki, agentliyin kollektivi Azərbaycanın 95 illik tarixinin yazılı salnaməsini yaradıb. Azərbaycan jurnalistikasının ən fədakar nümayəndələri AZƏRTAC-da və digər xəbər agentliklərində çalışırlar. AZƏRTAC-ın baş direktoru başda olmaqla bu kollektiv iyirmi ildən artıqdır müasir müstəqil Azərbaycanın yazılı salnaməsini yaradır, ölkəmizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurlu inkişafını təbliğ edirlər.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev AZƏRTAC-ın fəaliyyətini daim qiymətləndirərək onun əməkdaşlarını bir neçə dəfə yüksək dövlət mükafatları, orden, medal və fəxri adlarla təltif edib. AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Azərbaycan dövlətinin yüksək ordeni olan “Vətənə xidmətə görə” və “Şöhrət” ordenləri ilə təltif olunub. AZƏRTAC-ın digər əməkdaşları da fəxri adlar, orden və medallar, Prezidentin təşəbbüsü ilə inşa olunan binada mənzillər və digər dövlət təltiflərinə layiq görülüblər.
Çıxışının sonunda AZƏRTAC-ın bütün kollektivinə uğurlar arzulayan Əli Həsənov əminliklə bildirib ki, agentlik bundan sonra da Azərbaycan həqiqətlərinin dünyada daha geniş coğrafiyada yayılması istiqamətində səylə çalışacaq.
Mərasimdə AZƏRTAC ilə Türkiyənin Anadolu Agentliyi, Sloveniya Mətbuat Agentliyi (STA) arasında əməkdaşlıq haqqında sazişlər, Rumıniyanın AGERPRES Agentliyi ilə Anlaşma Memorandumu imzalanıb.
Sonra AZƏRTAC-ın 95 illik yubileyinə həsr olunan film nümayiş etdirilib.
Daha sonra “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı təqdimat olub.
Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari çıxış edərək Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində idmanın Azərbaycanın milli missiyasına çevrildiyini vurğulayıb. Bildirib ki, 20 ildən çoxdur müstəqilliyini bərpa edən Azərbaycan bu müddətdə mötəbər idman yarışlarında uğurla iştirak edib. Bakıda keçiriləcək ilk Avropa Oyunları Azərbaycanı qitənin idman xəritəsinə bir daha təqdim etmək üçün olduqca gözəl fürsətdir.
O deyib ki, birinci Avropa Oyunları həm humanitar, həm də infrastruktur baxımından Azərbaycanda böyük irs qoyacaq. On yeddi gün ərzində Avropanın bütün ölkələrindən olan 6 mindən çox atlet idmanın 20 növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparacaq. İdman növlərinin 16-sı Olimpiya növüdür. Yarışları 600-dən çox jurnalist işıqlandıracaq. Oyunlar 18 idman qurğusunda, o cümlədən xüsusilə bu yarışlar üçün tikilmiş 5 yeni obyektdə keçiriləcək. Avropa Oyunlarında həm Azərbaycandan, həm də qitə ölkələrindən 16 mindən çox könüllü iştirak edəcək. Altı mindən çox incəsənət xadiminin ifasında təqdim olunacaq açılış və bağlanış mərasimləri dünyanın 100-dən çox ölkəsində birbaşa yayımlanacaq.
“Bakı-2015”in mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs isə Avropa Oyunları zamanı mətbuat xidmətlərinin təşkili ilə bağlı məlumat verib. Oyunların işıqlandırılmasında iştirak üçün 1200-dən çox jurnalistin müraciət etdiyini vurğulayan Ceyn Pirs mətbuat nümayəndələrinin media şəhərciyində yerləşəcəklərini söyləyib. O deyib: “Biz çalışacağıq ki, media nümayəndələrinə Olimpiya səviyyəli xidmətlər göstərək və jurnalistlər üçün hər cür şərait yaradaq”.
Ceyn Pirs “Bakı-2015” Əməliyyat Komitəsinin AZƏRTAC ilə rəsmi tərəfdaşlıq və Azərbaycan tərəfindən Oyunları rəsmi xəbər agentliyi kimi işıqlandırması barədə danışıqların aparıldığını diqqətə çatdırıb.
Sonra “Bakı-2015”ə həsr olunan videoçarx nümayiş etdirilib.
Yubiley mərasimi incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxSosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23

