Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkilin illik məruzəsi dinlənilib

Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkilin illik məruzəsi dinlənilib

07.03.2015 [11:30]

Millət vəkilləri parlamentin iclasında bir sıra qanunları qəbul ediblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq bütün qadınları, o cümlədən, parlamentin xanım deputatlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Sonra iclasın gündəliyi təsdiqlənib.
Əvvəlcə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2014-cü il üzrə illik məruzəsi dinlənilib.
Məruzədə müvəkkilin vətəndaşların mülki və siyasi, iqtisadi və sosial hüquqlarının, habelə müxtəlif əhali qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, həmçinin insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirilmiş tədbirlər, elmi-analitik sahədə fəaliyyət, ictimaiyyətlə, kütləvi informasiya vasitələri ilə əlaqələr, beynəlxalq əməkdaşlıq məsələləri, eyni zamanda, insan hüquqlarının səmərəli təmin edilməsinə, əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələr öz əksini tapıb.
Ombudsman bildirib ki, ötən il ölkəmizdə sosial-iqtisadi layihələr, o cümlədən regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş hədəflərə çatmağa xidmət edən tədbirlər davam etdirilib.
Elmira Süleymanova deyib ki, ötən il də müvəkkil öz səlahiyyətləri çərçivəsində dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, beynəlxalq təşkilatlar və xaricdəki həmkarları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərib. Keçən il də ölkə həyatının bütün sahələrində ardıcıl olaraq həyata keçirilən və sosial rifahın getdikcə daha da yüksəlməsinə istiqamətlənmiş əlverişli hüquqi və sosial-iqtisadi siyasət insan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsində, etibarlı müdafiəsində, ümumilikdə davamlı inkişafında mühüm əhəmiyyət kəsb edib.
Qeyd edilib ki, 2014-cü ildə müvəkkilə 13 min 150 müraciət daxil olub. Bu müraciətlərin böyük əksəriyyəti təmin edilib. Müvəkkil fəaliyyəti dövründə dövlət qurumlarına 500-ə yaxın təklif verib. Bunların isə 60 faizi təmin edilib.
Müvəkkil deyib: “Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi, təbliği və tətbiqi vəziyyətinin dəyərləndirilməsi, müzakirələrin, əhali ilə görüşlərin və qəbulların keçirilməsi, hüquqi maarifləndirmə işi davam etdirilib”.
Bildirilib ki, ötən il sosial təminat hüququ ilə bağlı 1.108 müraciət daxil olub. Pensiyanın təmin edilməsi zamanı və hesablanması hallarında müəyyən edilmiş məbləğdən narazı qalmış vətəndaşların müraciətləri üzrə araşdırmalar aparılıb və həllini tapıb.
İllik məruzənin müzakirəsi zamanı çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Ombudsmanın hesabatını müsbət qiymətləndirib: “Hesabatdan görünür ki, Ombudsman vətəndaşların müraciətlərinə çox diqqətlə yanaşır. Bütövlükdə isə, biz illik hesabatı yüksək qiymətləndirməliyik. Ombudsman aparatının fəaliyyətinə də uğurlar arzulayırıq”.
Millət vəkili Əli Məsimli bildirib ki, Ombudsmanın rayonlarda, QHT və dövlət qurumları ilə olan təmasları, irəli sürdüyü təkliflər müsbətdir: “Hesabatın təkliflər hissəsi də çox dəyərlidir. Təkliflər sırasında Vətən uğrunda gedən döyüşlərdə şəhid olan, iştirak edənlərə sığorta verilməsi təklif edilir. Mən Ombudsmanın bu təklifini dəstəkləyir, hesab edirəm ki, bu məsələ həll edilməlidir”.
Müvəkkilin illik məruzəsini diqqətlə oxuduğunu bildirən millət vəkili Musa Qasımlı deyib ki, sənəd peşəkarcasına hazırlanıb: “Belə qənaətə gəlmək olar ki, Ombudsman vətəndaşların etimadını qazanıb, mülki və siyasi hüquqların qorunması sahəsində mühüm işlər görüb, dövlət qurumları ilə yaxşı münasibətlər yaradıb. Hesab edirəm ki, Ombudsmanın KİV-lə əməkdaşlığı digər qurumlara nümunə ola bilər”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də, Ombudsmanın hesabatını dəstəkləyib, müvəkkilə təşəkkürünü bildirib: “Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində dinamik işlər gedir, dövlət və hökumət bu istiqamətdə lazımı tədbirləri görür. Hesab edirəm ki, insan hüquq və azadlıqlarının qorunması ikitərəfli işdir. Biri hüquq-mühafizə orqanları, digəri vətəndaş. Təcrübə göstərir ki, öz hüquqlarını bilən şəxsin hüquqlarını pozmaq mümkün olmur. Ancaq hesabatda həbs edilən “hüquq müdafiəçilərinin”, siyasi fəaliyyəti olan insanların və mətbuatda işləmiş, sonradan həbs edilən şəxslərin adları xüsusilə qeyd edilib. Təbii ki, bu şəxslər törətdiyi konkret cinayətə görə həbs edilib. Hesab edirəm ki, ya onların adları xüsusilə qeyd edilməməlidir, ya da bütün müraciət edən şəxslər sadalanmalıdır”.
Millət vəkili bildirib ki, bəzi beynəlxalq təşkilatlar və onların nümayəndələri ölkəmiz haqda xoşagəlməz məlumatlar yayır, çağırışlar edirlər. M.Quliyev təklif edib ki, Ombudsman iştirak etdiyi beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı öz fikirlərini bildirsin.
Müzakirələrdən sonra Ombudsmanın illik məruzəsi qəbul olunub.
Sonra iclasda “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə məsələ təsdiqlənib. “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələri qəbul edilib. İclasda Su, Torpaq, Cinayət, İnzibati Xətalar məcəllələrində, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Ovçuluq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Dərman vasitələri haqqında”, “Siyasi partiyalar haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də qəbul edilib.
Millət vəkilləri “Vətəndaşların müraciətləri haqqında” Qanunu birinci oxunuşda qəbul ediblər. Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Müzakirələr zamanı deputatlar qanun layihəsinin qəbulunun vacibliyini bildirib, bir sıra təkliflərini səsləndiriblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31