Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dövləti yanğından zərər çəkmiş vətəndaşlara hərtərəfli diqqət və qayğı göstərir

Azərbaycan dövləti yanğından zərər çəkmiş vətəndaşlara hərtərəfli diqqət və qayğı göstərir

22.05.2015 [08:57]

Prezident İlham Əliyev: Birincisi, həlak olanların ailələrinə maddi təminat verilməlidir... İkincisi, mənzillərin təmiri dövlət tərəfindən aparılmalıdır. Üçüncüsü, yaralananlara dövlət tərəfindən maddi təminat verilməlidir
Heç bir cəmiyyət bədbəxt hadisələrdən sığortalanmayıb. Cari il mayın 19-da Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın da bütövlükdə Azərbaycan cəmiyyətində böyük kədərlə qarşılanıb. Yanğın zamanı 15 nəfər həlak olub, 41 nəfər sakin isə müxtəlif dərəcəli yanıq xəsarəti və tüstüdən zəhərlənmə diaqnozu ilə tibb müəssisələrinə yerləşdirilib. Baş verən yanğınla bağlı diqqəti çəkən əsas məqamlardan biri isə dövlətin vətəndaşların yanında olması, zərər çəkən, xəsarət alan sakinləri tək buraxmamasıdır. Xəbər verildiyi kimi, hadisədən az sonra Azərbaycan Prezidenti İlham Əliyev baş vermiş faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Dövlət Komissiyasının yaradılması haqqında müvafiq Sərəncam imzalayıb. Mayın 20-də isə dövlət başçısı hadisə yerində olub. Ölkə Prezidenti binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə vaxtı zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi və digər məsələlərlə əlaqədar Dövlət Komissiyasının üzvlərinə yerindəcə tapşırıqlarını verib. Daha sonra baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib. İclasda dövlət başçısı hadisə zamanı müvafiq dövlət qurumlarının yüksək peşəkarlığını, hadisə nəticəsində həlak olanların ailələrinə və zərər çəkənlərə təxirəsalınmaz yardımlar göstərilməsinin zəruriliyini vurğulamaqla yanaşı, gələcəkdə belə halların təkrarlanmaması üçün bir sıra ciddi mesajlarını da ifadə edib.
Hadisə zamanı dövlət qurumlarının fədakarlığı sayəsində onlarla insanın həyatı xilas olunub
Baş verən yanğın zamanı müvafiq dövlət qurumlarının operativliyini və yüksək peşəkarlığını xüsusi vurğulamaq lazımdır. Məhz onların çevikliyi sayəsində faciənin daha geniş miqyas almasına yol verilməyib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları operativ qaydada çağırış üzrə hadisə yerinə gəliblər. Onlar yanğının lokallaşdırılması üçün əllərindən gələni ediblər. Ümumilikdə, əməliyyata nazirliyin 150 nəfərdən çox canlı qüvvəsi və 40 texnikası cəlb olunub. Daxili İşlər Nazirliyinin əməkdaşları da yanğın zamanı böyük fədakarlıq nümayiş etdiriblər. Birgə səylərlə yanan binadan 27 nəfər təxliyyə edilib, 37 nəfər xilas olunub, 14 cəsəd çıxarılıb. Səhiyyə Nazirliyinin həkim briqadaları da öz peşə borclarını vicdanla yerinə yetiriblər. Yanğın zamanı xəsarət alan 56 sakinə tibbi yardım göstərilib, 41 nəfər isə müxtəlif xəstəxanalarda yerləşdirilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Dövlət Komissiyasının iclasında yanğın zamanı dövlət qurumlarının fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Qeyd etməliyəm ki, hadisə zamanı bizim bütün dövlət qurumlarımız çox böyük fədakarlıq göstərmişlər. Səhiyyə işçiləri, təcili tibbi yardım işçiləri, xilasedicilər, polis əməkdaşları böyük peşəkarlıq və fədakarlıq, qəhrəmanlıq göstərmişlər. Onlarla insan binadan təxliyyə edildi, xilas olundu. Bu xilasetmə əməliyyatlarında iştirak etmiş bütün insanlara dərin minnətdarlığımı bildirmək istəyirəm”.
Bu məqamda, həmçinin, Azərbaycan ictimaiyyətinin yüksək həmrəyliyini də xüsusi vurğulamaq lazımdır. Qonşu binaların sakinləri, hadisə yerinə gələn vətəndaşlar da yanğından zərər çəkənlərin təxliyyə olunmasında və yanğının qarşısının alınmasında müvafiq qurumların əməkdaşlarına hər cür yardım göstəriblər.
Binanın təmiri, sakinlərin yerləşdirilməsi dövlət hesabına həyata keçirilir
Azərbaycan özünün sosial dövlət olduğunu yanğına məruz qalan binanın sakinlərinə göstərilən hərtərəfli qayğı ilə bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin yuxarıda bəhs olunan Sərəncamında Dövlət Komissiyasına baş vermiş yanğın nəticəsində zərər çəkənlərin əmlakına dəymiş ziyanın 15 gün müddətində hesablanmasını, hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini, yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etmək tapşırılıb.
Prezident İlham Əliyev Dövlət Komissiyasının iclasında yanğına məruz qalan binadakı mənzillərin sakinlərinin sosial müdafiəsini bir daha gündəmə gətirib. Dövlət başçısı yanğından zərər çəkən sakinlərə qayğı göstərilməsinin indiki mərhələdə əsas məsələ olduğunu vurğulayıb: “Əsas məsələ ondan ibarətdir ki, zərər çəkmiş insanlara qayğı, diqqət göstərilsin. Onlar indi müvəqqəti olaraq mənzil şəraiti ilə təmin edilirlər. Göstəriş verilmişdir ki, onların müvəqqəti məskunlaşması ilə bağlı bütün müvafiq tədbirlər görülsün. Onlara maddi kömək də göstərilibdir ki, bina təmir olunanadək onlar müvəqqəti olaraq kirayədə qalsınlar. Bu məsələlər öz həllini tapır”.
Qeyd edək ki, yanğına məruz qalan binanın sakinlərinin yerləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Dövlət Komissiyasının nümayəndələri sakinlərlə görüşərək onların yerləşdirilməsi üçün uyğun variantlar təklif ediblər. Sakinlər öz istəklərinə uyğun olaraq müxtəlif ünvanlarda hər cür rahatlığa malik yaşayış yerləri ilə təmin olunublar. Hələlik bəzi sakinlər müvəqqəti olaraq qohumlarının evlərində qalmağa qərar veriblər. Binanın təmiri başa çatanadək kirayədə yaşamaq istəyən sakinlərin istəyi də nəzərə alınacaq və onların kirayələdikləri mənzillərin dəyəri dövlət hesabına ödəniləcək. Ümumiyyətlə, dövlət başçısı diqqətə çatdırıb ki, yanğın zamanı zərər çəkən insanlara hərtərəfli qayğı göstərilməli, hətta onların sənədləri də qaydasına salınmalıdır: “Burada məsələ belə olmalıdır. Birincisi, həlak olanların ailələrinə maddi təminat verilməlidir. Bu, evin, mənzilin sahəsinə görə olmamalıdır. İkincisi, mənzillərin təmiri dövlət tərəfindən aparılmalıdır. Üçüncüsü, yaralananlara dövlət tərəfindən maddi təminat verilməlidir, onun məbləği müəyyən edilməlidir. Yanmış bütün mənzillərin ev əşyaları - mebeldən tutmuş qab-qacağa qədər dövlət tərəfindən yüksək səviyyədə təmin edilməlidir. Bütün siyahılar, yəqin ki, var. Eyni zamanda, evlərdə insanların sənədləri də yanıb. O da bərpa edilməlidir. Yəni, Daxili İşlər Nazirliyi, “ASAN xidmət”, digər müvafiq qurumlar tezliklə bütün sənədləri bərpa etməlidirlər”.
Bundan başqa, yanğın zamanı həlak olanların dəfni də dövlət hesabına həyata keçirilib. Dünyasını dəyişən insanların dəfn məsələsi ilə əlaqədar dövlət başçısının tapşırığına uyğun olaraq şəhər İcra Hakimiyyəti tərəfindən yerlərdə qərargahlar yaradılıb, lazımi tədbirlər görülüb. Həlak olanların nəşi yaxınlarının və doğmalarının istədikləri məzarlıqlarda dəfn edilib. Dəfnlə bağlı bütün xərclər dövlət hesabına çəkilib.
Dövlət Komissiyasının ilk iclasında bildirilib ki, yanğına məruz qalan bina qısa müddətdə müayinə edilərək dayanıqlılığı yoxlanılmalı, dövlət hesabına təmir olunmalı və sakinlər qısa müddətdə öz mənzillərinə qayıtmalıdırlar. Prezident İlham Əliyev bununla bağlı tapşırıqlarını verərək deyib: “Eyni zamanda, yanğına məruz qalmış bina dövlət hesabına tezliklə təmir edilməlidir. Bütün mənzillər dövlət hesabına təmir olunmalıdır. İnsanlara lazımi əşyalar veriləcək, mebel alınacaq. Yəni, bütün bunları dövlət öz üzərinə götürür. Bu, bir daha Azərbaycan dövlətinin öz vətəndaşlarına olan qayğısının təzahürüdür”.
Cinayət törətmiş insanlar ən sərt şəkildə cəzalandırılacaqlar
Çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın hansı səbəbdən baş vermişdir? Prezident İlham Əliyev vurğulayıb ki, ilk növbədə, yanğının nəticələri araşdırılmalıdır: “Komissiya bütün məsələləri araşdırıb rəy verməlidir. İlk növbədə, yanğının nəticələri araşdırılmalıdır. Hüquq-mühafizə orqanlarına göstəriş verilmişdir. Onlar bu işlərlə məşğuldurlar...Cinayət törətmiş insanlar məsuliyyətə cəlb olunmalıdırlar”.
Məlumdur ki, Prezident İlham Əliyev paytaxt Bakıda və digər şəhərlərdə həyata keçirilən təmir işlərinin yüksək keyfiyyətlə aparılması barədə həmişə Öz tövsiyələrini verib. Dövlət başçısı təhlükəsizlik və keyfiyyət məsələsini Dövlət Komissiyasının iclasında bir daha gündəmə gətirib: “Azərbaycanda bu qədər işlər görülür, bu qədər abadlıq-quruculuq, təmir-bərpa işləri görülür. Bütün işlər ən yüksək keyfiyyətlə görülməlidir. Mənim birinci tələbim bundan ibarətdir - təhlükəsizlik və keyfiyyət”.
Bununla belə, bəzi hallarda sifarişçi və podrat təşkilatlar öz işlərini qarşıya qoyulan yüksək tələblər səviyyəsində qurmurlar, ayrı-ayrı hallarda səhlənkarlığa yol verərək onlara həvalə olunan işləri yarıtmaz yerinə yetirirlər, təmir zamanı aşağı keyfiyyətli materiallar işlədirlər. İlkin versiyaya görə, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli binada da baş verən faciəyə səbəb binanın üzlənməsində istifadə edilən yanğına həssas material olub. Dövlət Komissiyasının iclasında vurğulandığı kimi, artıq hüquq-mühafizə orqanları məsələni araşdırmağa başlayıblar. Baş vermiş ağır faciənin səbəblərinin araşdırılması üçün istintaq-əməliyyat qrupuna Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və Baş Prokurorluğun ixtisaslı mütəxəssisləri cəlb ediliblər. Araşdırmalar zamanı müəyyən edilib ki, haqqında bəhs olunan üzlükləri “Global Construction” şirkəti quraşdırır, istehsalı isə “Global Stone” şirkəti həyata keçirir. Binanın təmiri ilə məşğul olan şirkətin rəhbəri saxlanılıb, digər günahkarların aşkara çıxarılması istiqamətində də iş aparılır. Prezident İlham Əliyev bildirib ki, bu işlərdə, günahsız vətəndaşların ölümündə təqsiri olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq: “Cəza da çox ciddi olacaq. Çünki günahsız insanlar həlak olub. Onların heç bir günahı yox idi”.
Onu da vurğulamaq yerinə düşər ki, yanğına məruz qalan bina oxşar materialla üzlənən yeganə yaşayış evi deyil. Məlumatlara görə, təkcə Bakı şəhərində 200-dən artıq bina oxşar materialla üzlənib. Bu isə ciddi təhlükə mənbəyidir. Xatırladaq ki, bundan əvvəl Xətai rayonunun ərazisində də oxşar üzlük çəkilmiş binada güclü yanğın hadisəsi baş vermişdi. Xoşbəxtlikdən, həmin hadisə insan tələfatı olmadan ötüşmüşdü. Gələcəkdə bu kimi fəsadların baş verməməsi üçün müvafiq tədbirlər görülməlidir. Prezident İlham Əliyev müvafiq qurumlara oxşar materiallarla üzlənmiş binalarda müvafiq ekspertizaların aparılması ilə bağlı göstəriş verib. Təhlükə aşkarlanacağı təqdirdə üzlük materialları söküləcək: “Bakı şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə göstəriş vermişəm ki, buna oxşar materiallarla üzlənmiş bütün binalarda dərhal ekspertiza keçirilsin, o materialların tərkibi dəqiq öyrənilsin və əgər hər hansı bir təhlükə varsa, tezliklə bu üzlük materialları sökülsün və beləliklə, heç bir təhlükə olmasın”.
Bütün vəzifəli şəxslər nümunə göstərməlidirlər
Azərbaycan dövləti ölkədə şəffaflığın təmin olunması, vətəndaş-məmur münasibətlərinin sağlam əsaslar üzərində qurulması ilə bağlı güclü siyasi iradə nümayiş etdirir. Son illərdə Prezident İlham Əliyevin qətiyyəti sayəsində ölkəmizdə vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin olunması üçün bir sıra institusional və sistem xarakterli tədbirlər həyata keçirilib, həmçinin, zəruri qanunvericilik bazası yaradılıb. Ölkə Prezidenti məmurların vəzifə məsuliyyəti məsələsini Dövlət Komissiyasının iclasında növbəti dəfə gündəmə gətirib: “Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. İlk növbədə, bütün vəzifəli şəxslər nümunə göstərməlidirlər”.
Prezident İlham Əliyev Dövlət Komissiyasının iclasında ayrı-ayrı qurumların, o cümlədən də, yerli icra strukturlarının, bələdiyyələrin fəaliyyəti ilə bağlı fikirlərini ifadə edib. Qanunsuz tikintilər, torpaqların zəbt olunması bir sıra hallarda əlaqədar qurumların məsuliyyətsizliyi ucbatından baş verir. Məsələn, Prezident İlham Əliyevin vurğuladığı kimi, vaxtilə Ulu öndər Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış “Dostluq” parkının bir hissəsi zəbt olunub, yaxınlıqdakı yamacda villalar ucaldılıb, dəyəri milyonlarla ölçülən istinad divarları tikilib. Və yaxud yüksək gərginlikli xətlərin altında, magistral su xətlərinin, yolların mühafizə zonalarında nə qədər binalar tikilib! Onlara icazəni kim verib? Bu kimi hallar, əlbəttə ki, ayrı-ayrı vəzifəli şəxslərin səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından baş verir. Prezident İlham Əliyev neqativ hallara qarşı bundan sonra ən sərt şəkildə mübarizə aparılacağını diqqətə çatdırıb: “Bir balaca bina da icazəsiz tikilə bilməz. Bundan sonra əgər bu, olacaqsa, nəinki işdən çıxaracağam, onlar cinayət məsuliyyətinə də cəlb ediləcəklər. İndi Azərbaycan ictimaiyyəti görür ki, ölkədə toxunulmaz insan yoxdur. Cinayət törədibsə, vəzifədən asılı olmayaraq məsuliyyətə cəlb edilməlidir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 635 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31