Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müasir ictimai-humanitar fikir kontekstində təhsil tarixinin mühüm dövrünə nəzər

Müasir ictimai-humanitar fikir kontekstində təhsil tarixinin mühüm dövrünə nəzər

04.08.2015 [01:24]

İki əsrlik zaman kəsiyində çar və Sovet Rusiyası imperiyalarının müstəmləkəçilik əsarəti altında yaşamış Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin kompleks şəkildə araşdırılması baxımından bəhs olunan dövrdə çar hökumətinin təhsil siyasətinin, Azərbaycanda təhsil sahəsində baş verən mürəkkəb proseslərin geopolitik reallıqlar prizmasından əsaslı şəkildə dərindən öyrənilməsi xüsusi əhəmiyyət daşıyan məsələlərdəndir.
XIX əsrin əvvəllərindən etibarən Azərbaycanın Rusiya tərəfindən işğal olunması ilə xalqımızın çoxəsrlik zəngin pedaqoji irsinin, geniş təhsil təcrübəsinin inkar olunması prosesi başlanıldı, guya, xalqımızın elm və savad baxımından çox geri qalması fikri açıqlanmağa başlandı, uzun dövrlər ərzində ölkəmizin intibahının təməlini təşkil edən ənənəvi təhsil sistemindən kor-koranə şəkildə imtina olundu.
Mütləqiyyətin təhsil sahəsində yeritdiyi siyasətin müxtəlif istiqamətlərinin, ayrı-ayrı aspektlərinin tədqiqinə zaman-zaman müəyyən qədər diqqət yetirilsə də, bu məsələ bütün təfərrüatları ilə sistemli şəkildə hələ də araşdırılıb başa çatdırılmamışdır.
Bu baxımdan, pedaqogika üzrə fəlsəfə doktoru Həsən Bayramovun “Çar Rusiyasının Azərbaycandakı təhsil siyasəti: Unifikasiya prosesi və tarixi-pedaqoji paradiqmanın formalaşması” əsərini məsələyə yeni elmi-tarixi meyarlarla yanaşmaq istiqamətində mühüm addım kimi dəyərləndirmək olar.
Altı fəsildən ibarət olan kitabda çarizmin təhsil siyasəti kompleks şəkildə tədqiq olunur, təhsil siyasətinin genezisi, ilkin prioritetləri, ayrı-ayrı dövrlər üçün maarif sisteminin inkişaf tendensiyası, təhsildə unifikasiya prosesləri və problemləri, XX əsrin əvvəllərində Cənubi Qafqazda təşəkkül tapan yeni ictimai-pedaqoji mühit və milli maarifçiliyin xarakterik cəhətləri, xüsusilə milli müqəddəratını təyinetmə hüququnu strateji məqsəd olaraq müəyyən edən xalqımızın mövcud təhsil siyasətindən bəhrələnmək məsələləri ətraflı şəkildə təhlil olunur.
Müəllif haqlı olaraq göstərir ki, Romanovlar Rusiyası, guya, sırf dünyəvi təhsil sistemi yaratmaq adı ilə, əslində, məktəblər şəbəkəsini müsəlman ruhaniləri və ziyalılarının əlindən qoparıb almağa, təlim-tərbiyə sahəsində şərq-müsəlman ideologiyasının inhisarına son qoymağa və beləliklə də, xalqımızı öz milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaqla manqurtlaşdırmağa cəhd göstərdi. Son nəticədə çarizmin hədəfi yeni təhsil siyasəti vasitəsilə özünün böyük dövlətçilik ideologiyasını, xristianlığı, pravoslav dəyərlərini zehinlərə yeritməklə yeni “milli mentalitet” formalaşdırmaq idi.
Kitabda verilən faktlardan aydın olur ki, XIX əsrin birinci yarısında hökumətin Cənubi Qafqazda, o cümlədən, Şimali Azərbaycanda həyata keçirdiyi təhsil siyasəti sabit olmamışdır. Diyarda yaşayan bütün xalqların uşaqları üçün eyni məktəb açmaq, onları eyni dildə oxutmaq və bununla da rus dilini qarşılıqlı ünsiyyət dili etmək məqsədini güdən hökumət, əslində, iki dünyagörüşünü üz-üzə qoymuşdu. Bunlardan biri Şərq sivilizasiyasının təsiri altında formalaşan yerli, ikincisi isə Qərb sivilizasiyasının təsiri altında formalaşan Rusiya-Avrasiya dünyagörüşləri idi. Müəllifin fikrincə, Cənubi Qafqaza Qərb sivilizasiyasının elementlərini gətirən ruslar xristian olduqlarından gürcülər və ermənilər onu tərəddüdsüz qəbul etməyə başladılar. Azərbaycanlılar isə ona biganə münasibət bəslədilər, xalqımızın ona adaptasiya prosesi uzun sürdü və qonşu xristian xalqlarla müqayisədə ondan az bəhrələndi.
XIX əsrin ikinci yarısında kapitalist iqtisadiyyatının təhsilli mütəxəssislərə tələbatının artması Şimali Azərbaycanda ümumtəhsil və peşə məktəblərinin sayının çoxalmasına, təhsilin səviyyəsinin yüksəlməsinə müəyyən təsir göstərdi. Gimnaziyalar, real məktəblər və şəhər məktəbləri haqqında nizamnamələrin qəbulu ilə Şimali Azərbaycandakı dünyəvi məktəblər də Rusiya imperiyasındakı məktəblərə uyğunlaşdırıldı və imperiya daxilindəki nizamnamələrlə idarə olunmağa başlandı. Bu isə ümumimperiya modelinə keçidə təkan verdi və unifikasiya cəhdləri sistematik xarakter daşıyan yeni mərhələyə qədəm qoydu.
Problem araşdırılarkən müəllif zəngin mənbələr və geniş elmi aparata əsaslanmaqla çar Rusiyasının Azərbaycanda yürütdüyü təhsil siyasətinin mahiyyətini uğurla araşdırmağı bacarmışdır. İşğaldan sonra formalaşan yeni tarixi-maarifçi prosesin təşəkkülü məsələləri əsərdə dərindən təhlil olunmuş, dövlət təhsil siyasətinin prioritetləri, yeni dünyəvi məktəb sistemi ilə ənənəvi müsəlman məktəblərinin müqayisəli təhlili aparılmışdır.
Tədqiqat əsərində çarizm tərəfindən formalaşdırılan dövlət təhsil sisteminin başlıca inkişaf tendensiyası izlənilməklə yanaşı, həm də təhsilə dair regional və milli xüsusiyyətlərin uzlaşdırılması cəhdlərinə də toxunulmuşdur.
Bizə görə, XX əsrin əvvəllərindən etibarən formalaşan və Azərbaycanın yenidən istiqlaliyyətə qovuşmasında çox böyük rol oynayan yeni ictimai-pedaqoji hərəkatın, milli maarifçiliyin təşəkkül prosesinə əsərdə geniş yer verilməsi, çar Rusiyası dövrü milli maarifçiliyin müasir milli pedaqoji elmin inkişafına mütərəqqi təsiri məsələlərinin geniş təhlil olunması monoqrafiyanın əsas məziyyətlərindən sayılmalıdır.
Həsən Bayramovun bəhs olunan əsərində uğurla vurğulanır ki, çar Rusiyasının Azərbaycanda yürütdüyü təhsil siyasəti hər nə qədər müstəmləkəçi, xristianlaşdırıcı, ruslaşdırıcı mahiyyət daşısa da, xalqımız hər cür təzyiqlərə sinə gərərək milli mentalitetini, dini, etnik, coğrafi-mədəni özünəməxsusluğunu qoruyub saxladı, mövcud tarixi-siyasi şəraitdən milli məqsədlər naminə maksimum bəhrələnərək bütün türk-müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurdu.
Bütün bunlar Həsən Bayram oğlu Bayramovun geniş analiz, təhlil və nəticə çıxarma qabiliyyəti olan mütəxəssis kimi formalaşdığını göstərir. Müəllifin adıçəkilən əsərini ictimai-humanitar elmlər sahəsinə böyük töhfə saymaq olar.
Hacı HƏSƏNOV
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın yeni tarixi” şöbəsinin müdiri, Dövlət Mükafatı laureatı,
tarix üzrə fəlsəfə doktoru

Paylaş:
Baxılıb: 574 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31