Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda biznes mühitini daha da yaxşılaşdırmaq üçün çox ciddi addımlar atılacaq

Azərbaycanda biznes mühitini daha da yaxşılaşdırmaq üçün çox ciddi addımlar atılacaq

16.10.2015 [09:56]

Prezident İlham Əliyev: Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq
Son illərdə qlobal miqyasda iqtisadi inkişafın zəifləməsi, mal və xidmətlərə istehlakın azalması fonunda Azərbaycan dünyaya dinamik sosial-iqtisadi inkişaf göstəriciləri ilə səciyyələnən fərqli və nümunəvi model təqdim edir. Belə ki, respublikamız qlobal risklərin ayrı-ayrı ölkələrdə ciddi fəsadlarla nəticələndiyi bir vaxtda da öz iqtisadi-maliyyə imkanlarını genişləndirməkdə davam edir. Bütövlükdə, dünya üçün çətin keçən son 12 ildə ölkəmizin iqtisadiyyatı 3 dəfədən çox genişlənib ki, bu da kifayət qədər yaxşı göstəricidir.
Uğurlu inkişaf dinamikası 2015-ci ilin arxada qalan 9 ayında da intensiv şəkildə davam edib. Cari ilin əvvəlindən bəri ölkəmizin iqtisadiyyatı 3,7 faiz genişlənib. Konkret istiqamətlər üzrə inkişaf göstəriciləri isə bundan daha yüksəkdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində qlobal çətinliklər fonunda Azərbaycanın müsbət inkişaf göstəricilərinə nail olmasından məmnunluğunu ifadə edərək bunu böyük nailiyyət kimi səciyyələndirib: “Həm bölgədə, həm Avropada böhran yaşanır, iqtisadi, hərbi, siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir”.
Uğurlu şaxələndirmə siyasəti ölkə iqtisadiyyatının genişlənməsində mühüm rol oynayır
Azərbaycanın qlobal risklər şəraitində dinamik inkişaf templərini qoruyub saxlaması unikal hadisə olmaqla yanaşı, eyni zamanda, son illərdə ölkəmizdə reallaşdırılan məqsədyönlü siyasətin bəhrəsidir. Dünya üçün çətin keçən illərdə də milli iqtisadiyyatımızın öz potensialını daha da artırmasının obyektiv səbəbləri barədə söhbət açarkən, ilk növbədə, ölkəmizdə Prezident İlham Əliyevin səyləri sayəsində zamanında həyata keçirilən məqsədyönlü diversifikasiya siyasətinin rolunu xüsusi vurğulamaq lazımdır. Bu istiqamətdə davamlı olaraq həyata keçirilən tədbirlərin, o cümlədən də qeyri-neft sektorunun üstün inkişafının dəstəklənməsinin və təşviq edilməsinin, maliyyə təminatının gücləndirilməsinin, hüquqi bazanın möhkəmləndirilməsinin, institusional islahatlar həyata keçirilməsinin real nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatının çoxqütblülüyü təmin olunub və ölkədə neftdənkənar iqtisadiyyat sürətlə inkişaf edir. Respublikamızın müasir dünya çağırışları və ölkənin reallıqları nəzərə alınmaqla müəyyənləşdirilən yeni inkişaf hədəfləri sırasında innovativ sənaye, kənd təsərrüfatı istehsalının artırılması, İKT sektorunun genişləndirilməsi mühüm yer tutur. Elə qlobal risklər şəraitində Azərbaycan iqtisadiyyatının inkişafında məhz bu sahələrdə əldə olunan uğurların böyük payı var. Təsadüfi deyil ki, Prezident İlham Əliyev hazırda ölkəmizin şaxələndirilmiş iqtisadiyyata malik olduğuna xüsusi diqqət çəkib: “... Biz şaxələndirmə yolu ilə gedirik. Ölkə iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır”.
Beləliklə, ölkəmizdə hərtərəfli dövlət dəstəyi və güclü maliyyə təminatı sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Qeyri-neft sektorunun ahəngdar inkişafı 2015-ci ildə də davam edib. Belə ki, cari ilin arxada qalan 9 ayı ərzində ölkəmizdə qeyri-neft sektorunda artım dinamikası 6 faizdən çox olmaqla ümumi iqtisadi inkişaf dinamikasını üstələyib.
Bölgələrdə və paytaxtda sahibkarlığın inkişafı üçün yaxşı imkanlar var
Əlamətdar haldır ki, son illərdə respublikamızda qeyri-neft sektoru əsasən sahibkarlığın inkişafı hesabına genişlənib. Prezident İlham Əliyev respublikamızda sahibkarlığın inkişafının prioritet olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın bölgələrində və Bakıda sahibkarlığın inkişafı üçün yaxşı imkanlar var: “Gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək. Sahibkarlara həm siyasi dəstək, həm metodik tövsiyələr, eyni zamanda, əlbəttə, maliyyə resursları verilir ki, onlar iş qursunlar. İndi bölgələrdə əsas infrastruktur layihələri, demək olar, başa çatır, yollar, kommunikasiyalar salınır, elektrik, qaz, su xətləri çəkilir. Ona görə biznesin inkişafı üçün bölgələrdə və Bakıda yaxşı imkanlar var”.
Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər ardıcıl surətdə davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilib. Hazırda elektrik təchizatı şəbəkəsinə qoşulma və kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.
Eyni zamanda, ölkədə sahibkarlığın təşfiq olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması məqsədilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ilk biznes inkubator fəaliyyətə başlayıb. 2014-cü ildə sahibkarların maarifləndirilməsi və nümunəvi layihələrin təqdim olunması ilə bağlı regionlarda minlərlə sahibkarın iştirakı ilə 169 tədbir keçirilib, 47 sahibkarın Almaniyada təcrübə keçməsi təşkil olunub. Dövlət başçısının göstərişinə əsasən regionlarda kiçik sahibkarlıqla məşğul olan vətəndaşların güzəştli kreditlərə çıxışını təmin etmək və fermerlər arasında kooperasiya əlaqələrini gücləndirmək məqsədilə Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq edən bank olmayan kredit təşkilatlarının sayı artıq 20-yə çatdırılıb. Bu isə kiçik sahibkarların uzun illərdir ki, üzləşdikləri girov problemini həll etməyə imkan verir.
Ölkədə sahibkarlığın inkişafından söhbət açarkən bu sahə ilə bağlı hüquqi bazanın ardıcıl olaraq təkmilləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman özəl bölmənin yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir. Prezidentin imzaladığı bu Fərman ölkəmizdə özəl bölməyə dövlət dəstəyinin ardıcıllığını bir daha təsdiqləyir.
Özəl bölməyə göstərilən yüksək qayğı bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib
Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb. Özəl bölmədə inkişaf tendensiyası 2015-ci ildə də davam edib. Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən cari ilin 9 ayı ərzində 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər hesabına 9900-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub. Kreditlərin 47 faizi büdcə, 53 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib. Ayrılan kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür.
Ölkədə sahibkarlığın dəstəklənməsinin güclü potensiala malik aqrar sektorun və bütövlükdə regionların inkişafında mühüm rol oynadığını ayrıca qeyd etmək lazımdır. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icrasının birinci ilində bölgələrdə sahibkarlıq subyektlərinin sayının artması nəticəsində regionlardan vergi daxilolmaları əvvəlki ilə nisbətən 9,8 faiz artıb, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb. Ölkəmizdə yaradılan aqrar-sənaye müəssisələri uğurla fəaliyyət göstərir. Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib istifadəyə verilib. İri fermer təsərrüfatlarının yaradılması ilə ölkəmizdə kənd təsərrüfatının yeni effektiv sistemi formalaşır. İndiyədək respublikamızda 30 iri fermer təsərrüfatı yaradılıb. Təsərrüfatlarda müasir texnologiyanın tətbiqi nəticəsində torpağın münbitliyinin artırılmasına, suvarma suyuna qənaət olunmasına, torpağın şoranlaşması və eroziyaya uğraması proseslərinin qarşısının alınmasına və ən əsası, orta məhsuldarlığın ən azı iki dəfə artırılmasına şərait yaradılıb.
Son illərdə özəl bölmənin dəstəklənməsi həmçinin ölkədə modern, dünya trendlərinə cavab verən sənaye quruculuğu siyasətinin uğurlarının təmin olunmasında mühüm rol oynayıb. Son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2014-cü ildə 50 faizədək yüksəlib. Son 12 ildə respublikamızda tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb. Ümumiyyətlə, bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib və bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 20-dən çox obyektdə isə işlər davam etdirilir. “Sənaye ili” elan olunan 2014-cü ildə ölkəmizdə 230-dan çox yeni istehsalat fəaliyyətə başlayıb. Yeni açılan sənaye müəssisələrının böyük qismi məhz özəl sektorun payına düşür.
Ölkədə sahibkarlara problemlər yaradılmasına son qoyulacaq
Ölkəmizdə özəl bölmənin inkişafından söhbət açarkən bu sahədə daha böyük uğurların əldə olunmasına maneçilik törədən bir sıra amilləri də xüsusi qeyd etmək lazımdır. Açıq demək lazımdır ki, bu və ya digər neqativ hallar özəl bölmənin bütün potensialından səmərəli istifadə olunmasına imkan vermir. Məsələn, sahibkarlıq subyektlərində yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar sanki bir-biri ilə rəqabətə çıxıblar. Yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar. Prezident İlham Əliyev Nazirlər Kabinetinin haqqında bəhs olunan iclasındakı nitqində sahibkarlığın inkişafına mane olan bu kimi halların dözülməz olduğunu vurğulayıb: “Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün, əminəm ki, çox ciddi addımlar atılacaq. Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir”.
Yoxlamalar ciddi şəkildə tənzimlənməli və müəyyən şərtlər daxilində həyata keçirilməlidir. Prezident İlham Əliyev bildirib ki, yoxlamaların sayı da aşağı salınmalıdır: “Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır - kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq”.
Təbii ki, neqativ yoxlamaların arxasında müəyyən qurumların, ayrı-ayrı məmurların sırf maddi maraqları dayanır. Onlar özlərinin korporativ maraqlarını təmin etmək üçün vəzifələrindən sui-istifadə edərək sahibkarlar qarşısında əsassız tələblər qoyurlar ki, bu da ölkəmizdə həyata keçirilən siyasətə tamamilə ziddir. Sahibkarlar heç kəsə borclu deyillər, ancaq dövlətin vergisini verməlidirlər. Dövlət başçısı bu kimi əməlləri törədənlərin ciddi şəkildə cəzalandırılacaqlarını vurğulayaraq deyib: “Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq”.
Lisenziyalar azaldılmalı, inhisarçılıq aradan qaldırılmalıdır
İndiki mərhələdə ölkədə ayrı-ayrı fəaliyyət növlərinə tətbiq edilən xüsusi icazələrin - lisenziyaların sayının həddindən artıq çox olması da milli iqtisadiyyatımızın, o cümlədən də özəl sektorun inkişafına müəyyən maneçilik törədir. Ayrı-ayrı dövlət qurumlarının bəzi hallarda öz maraqlarını önə çəkmələri respublikamızda lisenziyaların sayının əsassız yerə artması ilə nəticələnib. Açıq etiraf edilməlidir ki, bir sıra hallarda bu lisenziyaların arxasında da maddi maraq, sahibkarlardan pul tələbi dayanır. Halbuki, lisenziyalar qanunsuz varlanma metodu olmamalıdır. Ölkədə bu və ya digər fəaliyyət növünün lisenziyalaşdırılması sahəsində qayda-qanun yaradılmalıdır. Prezident İlham Əliyev hökumətə tapşırıq verərək bildirib: “Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O, əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır”.
Prezident İlham Əliyev iqtisadiyyatımızın başqa bir problemi - inhisarçılıqla da bağlı ciddi iradlarını bildirib: “İqtisadiyyat üçün əsas problemlərdən biri də inhisarçılıqdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ ciddi nəticələrə nail ola bilməmişik, həm istehsalda, həm də idxalda”.
Ölkəmiz liberal bazar iqtisadiyyatı yolu tutduğu halda müxtəlif sahələrdə inhisarçılığın hələ də qalması istehsalda və idxalda rəqabətə ciddi zərbə vurur. Rəqabət olmayan yerdə isə istehsalın həcminin və keyfiyyətinin artırılmasından söhbət açmaq mümkün deyil. Buna görə də iqtisadiyyatımızdakı inhisarçılıq halları birdəfəlik aradan qaldırılmalı və sahibkarlar arasında sərbəst rəqabət mühiti təmin olunmalıdır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31