Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanla ABŞ arasında fəal siyasi dialoq, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur

Azərbaycanla ABŞ arasında fəal siyasi dialoq, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur

01.04.2016 [10:11]

Prezident İlham Əliyev: Bu münasibətlər həmişə sıx, səmimi olmuşdur, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatmışdır
Müasir dövrdə dünya siyasəti və beynəlxalq münasibətlərə təsir edən əhəmiyyətli amillərdən biri də milli dövlətlər arasında ikitərəfli, çoxşaxəli əməkdaşlıqdır. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən tərəfdaşlıq münasibətləri həm regional təhlükəsizlik, həm də beynəlxalq əməkdaşlıq baxımından müstəsna önəm kəsb edir. Əlbəttə, bu cür əməkdaşlıq əlaqələrinin səmərəli olması və perspektiv üçün önəmli nəticələr vəd etməsi qarşılıqlı etimad mühitinin formalaşdırılmasından asılıdır.
Qeyd etmək lazımdır ki, Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan, Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan da öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə çoxşaxəli əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. İşğala məruz qalmasına, müxtəlif təhdidlərlə üzləşməsinə baxmayaraq, sülh, sabitlik və təhlükəsizlik tərəfdarı olan ölkəmiz bölgədə sabitləşdirici aktor kimi çıxış edir.
Bu baxımdan qeyd edə bilərik ki, Azərbaycanın uğurla əməkdaşlıq etdiyi ölkələrdən biri də Amerika Birləşmiş Ştatlarıdır (ABŞ). Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaş kimi çıxış etməkdədirlər. Ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar milli maraqlar sisteminin qarşılıqlı faydalı əlaqələr üzərində uzlaşdırılmasıdır.
Ümumiyyətlə, Birlərmiş Ştatlarla Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli əlaqələr mövcuddur. Belə ki, Vaşinqtonla Bakı beynəlxalq təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi, demokratik inkişaf istiqamətində əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlərdə sıx təmaslara malikdirlər.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşdə bu məqamlara toxunaraq qeyd edib ki, aramızda inkişaf etməkdə olan iqtisadi əməkdaşlıq aparılır: “ABŞ şirkətləri iqtisadiyyatımıza 10 milyard dollardan artıq sərmayə yatırmışdır. Bu da iqtisadi əməkdaşlığın, həmçinin ölkəmizin inkişafının yaxşı göstəricisidir. Biz ilk dəfə Xəzər və Aralıq dənizlərini bir-biri ilə birləşdirən neft kəmərlərinin tikintisi kimi əhəmiyyətli layihələri Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə birlikdə icra etmişik. İndi isə cənab katibin qeyd etdiyi kimi, biz “Cənub Qaz Dəhlizi” layihəsi üzərində birlikdə işləyirik. Bu, enerji təhlükəsizliyinə, mənbələrin şaxələndirilməsinə və həmin layihəyə cəlb olunmuş bütün tərəflərə - istehsalçı, tranzit və istehlakçı ölkələrə uzunmüddətli fayda verən bir layihədir. Biz bu layihənin icrasına ciddi dəstək göstərdiyinə görə Amerika Birləşmiş Ştatlarının hökumətinə çox minnətdarıq. Səmimi desəm, bu dəstək olmasaydı, həmin layihənin həyata keçirilməsi üçün daha çox müddət və səylərin göstərilməsi tələb oluna bilərdi. İşlər vaxt cədvəlinə uyğun gedir, işlər vaxtında icra olunacaq və 2-3 il ərzində “Cənub Qaz Dəhlizi” layihəsi işlək olacaqdır”.
Prezident İlham Əliyevin Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması iki ölkə arasında inkişaf edən dostluq və tərəfdaşlığın təzahürüdür
Heç şübhəsiz, iki ölkə arasındakı strateji münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də regional və beynəlxalq təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələridir. Bununla bağlı müxtəlif zaman kəsiklərində qarşılıqlı səfərlər təşkil edilir, təhlükəsizliyə, əməkdaşlığa dair ən aktual məsələlərlə əlaqədar olaraq dialoqlar keçirilir, məsləhətləşmələr aparılır. Digər tərəfdən, tərəflər arasında baş tutan rəsmi və işgüzar təmaslar münasibətlərin inkişafına özünəməxsus töhfələr verir. Bu baxımdan, əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri, ticarət naziri Penni Pritzker və digər rəsmi şəxslərlə görüşü, aparılmış müzakirələr iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində öz rolunu oynayacaq.
Ümumiyyətlə, ABŞ-Azərbaycan əlaqələri strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması ABŞ-ın Azərbaycanın dünyada artan nüfuzuna və beynəlxalq münasibətlər sistemində yerinə verdiyi əhəmiyyətlə yanaşı, həm də iki ölkə arasında inkişaf edən dostluq və tərəfdaşlığın təzahürüdür. Prezident İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə görüşündə ifadə olunan fikirlər, səmimiyyət ölkələr arasında qarşılıqlı etimad mühitinin və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu açıq göstərib.
Con Kerri Prezident İlham Əliyevə Azərbaycanın iqtisadi imkanlarının, eləcə də regional təhlükəsizlik münasibətlərinin inkişaf etdirilməsi sahəsində fəaliyyətinə və bu yaxınlarda göstərdiyi bir çox səylərinə görə təşəkkürünü ifadə edib. Con Kerri iki ölkə arasında bir çox sahələri əhatə edən və üzərində birgə iş aparılan qarşılıqlı maraqların olduğunu xüsusi qeyd edib. Bununla yanaşı, ABŞ rəsmisi sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana minnətdarlığını ifadə edib. ABŞ dövlət katibi həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında Azərbaycanın liderliyini yüksək qiymətləndirib, Avropanın uzunmüddətli strateji maraqlarının təmin edilməsi, enerji mənbələrinin şaxələndirilməsi üçün layihənin ciddi addım olduğunu vurğulayıb. ABŞ dövlət katibi Con Kerri deyib: “Bizim hazırda üzərində işlədiyimiz bir çox qarşılıqlı maraqlarımız var. Biz sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana çox minnətdarıq. Məlumdur ki, Azərbaycan indi mürəkkəb bir regionda yerləşir. Hesab edirəm ki, Prezident Əliyev, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə etdiyi rəhbərliyi ilə bu ehtiyacların bəzilərinin necə qarşılanması üçün çox ciddi səylər göstərmiş və bu məsələni diqqət mərkəzində saxlamışdır. Bu, Avropanın uzunmüddətli strateji maraqları naminə və səmimi söyləsəm, vacib olan enerji mənbələrinin şaxaləndirilməsinə cəhd göstərmək üçün atılmış çox ciddi bir addımdır. Əlbəttə ki, digər maraqlarımız da var. Terrorizmlə mübarizə. Biz donmuş münaqişə olan Dağlıq Qarabağ probleminin nəhayət öz həllini tapmasını görmək istəyirik. Bu münaqişənin həlli üçün danışıqlar aparılmalıdır. Bu məsələ öz həllini tapmalıdır”.
Bütövlükdə, Azərbaycan Prezidentinin səfəri göstərir ki, ölkəmizlə ABŞ arasında fəal siyasi dialoq, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Bəhs olunan görüş zamanı dövlətimizin başçısı vurğulayıb ki, ABŞ-Azərbaycan münasibətlərinin artıq 25 illik uzun tarixi var: “Bu münasibətlər həmişə sıx, səmimi olmuşdur, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatmışdır. Aramızda fəal siyasi dialoq mövcuddur”.
Azərbaycanla ABŞ regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdırlar
Ümumiyyətlə, Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş etməsi Birləşmiş Ştatlar tərəfindən yüksək qiymətləndirilir. Vaşinqton ölkəmizi regional təhlükəsizliyin qarantı hesab edir və bu istiqamətdə əməkdaşlığın önəmini xüsusi vurğulayır. Eyni zamanda, təhlükəsizlik kontekstində ABŞ-la Azərbaycanın strateji tərəfdaşlığını uğurlu edən faktorlardan biri də rəsmi Bakının beynəlxalq terrorizmlə mübarizədə, həmçinin qlobal sülhyaratma prosesində Vaşinqtona yüksək səviyyəli dəstək verməsidir. Belə ki, Azərbaycan Respublikası bir sıra “qaynar” geostrateji məntəqələrdə beynəlxalq terrorizmə və digər dağıdıcı, qeyri-qanuni hal və hərəkətlərə qarşı mübarizədə Birləşmiş Ştatlarla əməkdaşlıq etməkdə və bu istiqamətdə pozitiv nəticələr əldə olunmaqdadır.
Əlbəttə, Birləşmiş Ştatların Azərbaycan Respublikasını etibarlı tərəfdaş və regional təhlükəsizliyin qarantı kimi dəyərləndirməsi, əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə etməsi təsadüfi deyil. Çünki Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji əməkdaşlıq platforması gerçəkləşdirilmir. Gerçəkləşdirilən bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir və sözügedən layihələr Cənubi Qafqazın təhlükəsizlik sisteminin əsaslarının möhkəmləndirilməsində əhəmiyyətli faktor kimi dəyərləndirilir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç kimdən asılı olmadığını da təsdiq edir. Bütövlükdə isə, ölkəmiz bir neçə istiqamətdə regional və qlobal təhlükəsizliyə fundamental töhfələr bəxş etməkdədir.
Qeyd etdiyimiz kimi, ABŞ Azərbaycanın regional sülh və təhlükəsizlik sahəsindəki fəaliyyətini olduqca yüksək qiymətləndirir, ölkəmizi bu istiqamətdə vacib tərəfdaş hesab edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz, həmçinin regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşıq. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini təmin edir, ərazimiz üzərindən aparılan uçuşlara və yerüstü daşımalara şərait yaradır. Həmçinin bizim NATO hərbçiləri ilə çiyin-çiyinə Əfqanıstanda xidmət göstərən 100-ə yaxın hərbçimiz var”.
Nəticə etibarilə, regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı faydalı səciyyə daşımaqda və perspektiv üçün optimist proqnozlar ifadə etməyə imkan verməkdədir.
Regional təhlükəsizlik və inkişafa xüsusi önəm verən Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəal səylər göstərir
Bundan başqa, hər iki dövlət beynəlxalq müstəvidə ən mühüm strateji məsələlərlə bağlı bir-birinə dəstək verməkdədir. Sirr deyil ki, bu gün ölkəmizin bir nömrəli problemi məhz Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamət kimi çıxış edir. Elə buna görə də rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Amma Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa çalışır. Beləliklə, işğalçı ölkənin - Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqe münaqişənin həllinin uzanmasına səbəb olmaqdadır. Ona görə də ATƏT-in Minsk qrupunun üzvlərindən, o cümlədən ABŞ-dan aktiv diplomatik səylər gözlənilir. Belə bir qənaət də ifadə olunur ki, regional təhlükəsizlik və inkişafa xüsusi önəm verən Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəal səylər göstərir ki, bu da olduqca təqdirəlayiqdir. Yeri gəlmişkən, bəhs olunan görüş zamanı Con Kerri ABŞ-ın Dağlıq Qarabağ probleminin, nəhayət öz həllini tapdığını görmək istədiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə vurğulayıb: “Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişənin həlli yollarının tapılması istiqamətində göstərdiyi səylərinə görə ABŞ hökumətinə minnətdarıq. Hesab edirik ki, münaqişə Ermənistan ordusunun işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həllini tapmalıdır. Ermənistan və Azərbaycan arasındakı münaqişə, postsovet məkanında olan və ümumiyyətlə, dünyada baş verən bütün münaqişələr öz həllini ölkələrin ərazi bütövlüyü əsasında tapmalıdır”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 705 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31