Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Səmərəli nəticələr verən Forum iki ölkə arasında humanitar əməkdaşlığın tənzimlənməsi üzrə böyük və çoxşaxəli işin başlanğıcıdır

Səmərəli nəticələr verən Forum iki ölkə arasında humanitar əməkdaşlığın tənzimlənməsi üzrə böyük və çoxşaxəli işin başlanğıcıdır

26.01.2010 [09:25]

Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun bağlanış mərasimi olub
Xəbər verdiyimiz kimi, yanvarın 23-də Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun bağlanış mərasimi olub. Forumun yekunlarına əsasən birgə bəyanat qəbul edilib. Forumun təşkilatçılarından biri olan İTAR-TASS Agentliyinin Baş direktoru Vitali İqnatenko mərasimi açaraq, Forumun çox səmərəli keçdiyini qeyd edib. V.İqnatenko tanınmış siyasətçilərin, görkəmli mədəniyyət, elm və təhsil xadimlərinin, Azərbaycanın və Rusiyanın aparıcı KİV-lərinin rəhbərlərinin iştirak etdiyi tədbirin əhəmiyyətindən danışaraq vurğulayıb ki, bu Forum iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsinə böyük töhfə verəcək. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə şəxsən tanış olduğuna görə fəxr etdiyini bildirən İTAR-TASS Agentliyinin Baş direktoru bu görkəmli siyasi xadim və dövlət xadimi haqqında xatirələrini bölüşüb.
Bağlanış mərasimində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev çıxış edib. O, rusiyalı həmkarı Sergey Narışkini və Forum iştirakçılarını salamlayaraq deyib ki, Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumun uğurlu işi onun keçirilməsinin nə qədər vacib olduğunu və insanların həyatında sürətlə baş verən dəyişikliklərin onların şüurunun parçalanmasına, haçalanmasına gətirib çıxardığı indiki, heç də birmənalı olmayan mürəkkəb şəraitdə əməkdaşlığın nə dərəcədə səmərəli ola biləcəyini nümayiş etdirdi: “Əlbəttə, bu, belə azsaylı layihələrdən biridir ki, bu layihə çərçivəsində biz heç nəyi gizlətmədən aktual, vaxtı çatmış, bizi narahat edən məsələləri müzakirə etdik və bizim dövrün çağırışları kontekstində həmin suallara birlikdə cavab axtardıq. Forumda çox maraqlı bir fikir səsləndi: “Dövlətlər sərhədləri qurur, qarşılıqlı mədəni əlaqələr isə həmin sərhədləri asanlıqla aşır. Bizim üçün xalqlarımızın bir-birini daha yaxşı başa düşməsi vacibdir”. Bu gün qürurla deyə bilərik ki, biz Forumun keçirilməsi ideyasının müəllifləri olan prezidentlərimizin etimadını tamamilə doğrultduq. Onlar çox bəsirətli ideya irəli sürmüşlər. Bütün bu günlər ərzində çox məhsuldar işləmək imkanına görə Forumun bütün iştirakçılarına, onun təşkil edilməsi ilə məşğul olanların hamısına təşəkkür edirəm”.
Akademik Ramiz Mehdiyev söyləyib ki, bu mərasim Forumun yekun iclası olsa da, əslində gələcəkdə iki ölkə arasında humanitar əməkdaşlığın tənzimlənməsi üzrə böyük və çoxşaxəli işin başlanğıcıdır. Akademik Ramiz Mehdiyev, eyni zamanda, diqqətə çatdırıb ki, Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu bütünlüklə, gələcəyə istiqamətlənib, qarşıdakı illərdə dövlətlərarası əlaqələrin daha səmərəli olmasının təmin edilməsinə yönəlib.
Akademik Ramiz Mehdiyev qarşıdakı ildə Azərbaycanda həyata keçirilməsi planlaşdırılan işlərdən də danışıb: “Qonaqlarımızı yeni rəqəmlərlə yormaq istəmirəm, 2010-cu ildə yalnız bəzi planlarımıza qısaca toxunacağam. Biz ilk növbədə Sumqayıt şəhərini hərtərəfli inkişaf etdirəcək, onu müasir sənaye mərkəzi səviyyəsinə çatdıracağıq. Burada ən azı 10 yeni müasir zavod tikiləcəkdir. Bu il Ələt qəsəbəsində regionda ən iri dəniz limanı tikilməsi nəzərdə tutulur. Bu il Azərbaycanda hər növ gəmilərin inşa ediləcəyi müasir tipli gəmiqayırma zavodunun təməli qoyulacaqdır. Bu zavodu iki il ərzində tikmək nəzərdə tutulur. Prioritet layihələr sırasında Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Rusiya sərhədi, Bakı-İran sərhədi, Bakı-Gürcüstan sərhədi avtomobil yollarının tikintisi layihələri vardır. Həmin yolların tikintisini bu il başa çatdırmaq nəzərdə tutulur. Cari ildə xeyli mədəni obyektlərin, məktəblərin, səhiyyə obyektlərinin və idman komplekslərinin tikintisi davam etdiriləcəkdir. Müdafiə Sənayesi Nazirliyi nəzdində yeni zavodlar istifadəyə veriləcəkdir. Axı Azərbaycan müharibə şəraitində yaşayır və burada, heç şübhəsiz, daxili resurslara arxalanmalıyıq. Sosial proqramların həyata keçirilməsi, o cümlədən aztəminatlı ailələrə ünvanlı yardım məsələsi 2010-cu ildə də, sonrakı illərdə də hökumətin diqqət mərkəzində olacaqdır. Yoxsulluq həddindən aşağı səviyyədə yaşayanların sayı son altı ildə 50 faizdən 11 faizə düşmüşdür. Təkcə bu göstərici ona dəlalət edir ki, hətta, böhran ilində də Azərbaycanda sosial sahədə ciddi iş aparılmışdır. Məlumat üçün qeyd etmək istəyirəm ki, Avropa İttifaqı ölkələrində yoxsulluq göstəricisi orta hesabla 17 faizə bərabərdir. Avropa İttifaqında elə dövlətlər vardır ki, onlarda yoxsulluq göstəricisi 20 faizdən 26 faizə qədərdir. Bizim gələcək inkişafımız barədə heç də tam olmayan bu informasiya, əlbəttə ki, düşünüb-daşınmaq, gələcək tədqiqatlar üçün material, bu və ya digər iri layihənin başa çatması ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri ilə bir daha görüşməyimiz üçün bir mövzudur. Humanitar əməkdaşlıq üzrə bizim birinci Azərbaycan-Rusiya Forumumuz çox yüksək əhval-ruhiyyədə başa çatır. Bu günlər ərzində çoxlu problemlər müzakirə edilmiş, xeyli səmərəli görüşlər keçirilmiş, çox maraqlı və perspektivli layihələrin əsası qoyulmuşdur. Bu günlərdə dəfələrlə səslənmiş bir ideya vətəndaşlıq hüququ qazanmışdır ki, bu Forumu illik tədbirə çevirək və onu növbə ilə Rusiyada və Azərbaycanda keçirək. Prezident İlham Əliyev bu cür görüşlərin vacibliyini nəzərə alaraq bu Forumu ənənəyə çevirməyi və ona beynəlxalq xarakter verməyi təklif etmişdir. Yaxşı fikirdir”.
Akademik Ramiz Mehdiyev Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini və bu gün bu münasibətlərin yüksək səviyyədə olduğunu da mərasim iştirakçılarının nəzərinə çatdırıb: “Biz gözəl başa düşürük ki, münasibətlərin bu səviyyədə olmasına prezidentlər İlham Əliyev və Dmitri Medvedev arasında şəxsi dostluq əlaqələri də çox kömək edir. Əlbəttə, bizim irəliyə doğru hərəkətimizə heç nəyin mane olmaması və Azərbaycan ilə Rusiya arasında bərqərar olmuş etimada əsaslanan səmimi münasibətlərə heç kəsin kölgə salmaması üçün hamımız daha səmərəli işləməliyik”.
Forumun bağlanış mərasimində çıxış edən Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin tədbir iştirakçılarına müraciətlə deyib ki, bu görüş dövlətlərimizin ictimai həyatında həqiqətən əlamətdar hadisədir və yəqin ki, dövlətlərarası dialoqda irəliyə doğru atılmış daha bir addım olacaq: “Bu görüş bizim bir-birimiz üçün nə qədər maraqlı və bir-birimizə nə qədər gərəkli olmağımızı bir daha göstərdi”.
Sergey Narışkin Azərbaycanla Rusiyanın ikitərəfli əlaqələrinin çoxəsrlik tarixindən danışıb: “Bizim ikitərəfli əlaqələrin çoxəsrlik tarixi vardır. Burada, gözəl Azərbaycan torpağında Rusiyaya çox yaxın olan bir xalq yaşayır. Bu yaxınlıq əsrlərin sınağından çıxmış, biz birlikdə böyük zəfərlər qazanmışıq və onu gələcək nəsillər üçün qoruyub saxlamışıq. Məhz insani münasibətlər Rusiya-Azərbaycan əlaqələrinin inkişafında həmişə mühüm rol oynamışdır. Humanitar sahə də bizim əməkdaşlıq etməyimiz üçün çox geniş və münasib sahədir. İndiki Forum da bu fikri təsdiq edir. Siz bir neçə gün ərzində çox səmərəli diskussiyalar apardınız. Həmin diskussiyaların mərkəzi mövzularının başa düşülməsi iki ölkə arasında dialoqun daha da möhkəmlənməsinə zəmin yaradır”.
Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, eyni zamanda, vurğulayıb ki, keçirilən görüşlərin nəticələri ölkələrimiz arasında strateji tərəfdaşlığın genişlənməsi üzrə birgə işə xeyli kömək edəcək: “Rusiya və Azərbaycan xalqlarının səmimi insanlıq əlaqələri isə möhkəm millətlərarası dostluğun parlaq nümunəsi olacaqdır”.
Sonra Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun bağlanış mərasimində Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı çingiz Abdullayev, Moskva Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, kinorejissor, Rusiyanın xalq artisti Vadim Abdraşitov çıxış ediblər.
Onlar qeyd ediblər ki, Forum çox səmərəli keçib. İştirakçılar iki ölkə arasında münasibətlərin daha möhkəm, daha səmimi olmasına yönəlmiş çoxsaylı görüşlər keçirib, söhbətlər aparıblar. çıxış edənlər bu tədbirin formatının dəyişdirilərək başqa ölkələrin nümayəndələrinin də iştirak edə biləcəyi illik açıq Bakı Forumuna çevrilməsi barədə təşəbbüsün vacibliyini vurğulayıblar. Azərbaycanın Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşməsini nəzərə alaraq burada mədəniyyətlərarası və konfessiyalararası dialoq aparmağın zəruriliyi qeyd edilib.
Natiqlər əmin olduqlarını bildiriblər ki, Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu ikitərəfli münasibətlərin gələcək inkişafına böyük töhfə verəcək, iki ölkə arasında təkcə humanitar sahədə deyil, başqa sahələrdə də əməkdaşlığın daha da genişlənməsi üçün gözəl imkanlar yaranacaq.
Mərasimin sonunda İTAR-TASS Agentliyinin Baş direktoru Vitali İqnatenko bildirib ki, Forum iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin Forumun fəxri sədrləri seçilməsi təklifini irəli sürüblər.

Paylaş:
Baxılıb: 1026 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30