Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan qlobal pandemiya şəraitində özünü beynəlxalq birliyin etibarlı üzvü kimi aparır

Azərbaycan qlobal pandemiya şəraitində özünü beynəlxalq birliyin etibarlı üzvü kimi aparır

18.06.2020 [09:25]

Prezident İlham Əliyev: Biz nəinki təkcə daxili məsələlərə diqqət yetiririk, həmçinin qlobal miqyasda da fəaliyyət göstəririk
Xəbər verildiyi kimi, iyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Videokonfransda Azərbaycanla dünyada böyük nüfuza malik “Microsoft” şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, ölkəmizdə müxtəlif sahələrdə yüksək texnologiyaların, innovasiyaların tətbiqinə “yaşıl işıq” yandırıldığı vurğulanıb. Tədbirdə qlobal pandemiya ilə bağlı məsələlərə isə ayrıca diqqət çəkilib. Prezident İlham Əliyev pandemiya ilə mübarizə çərçivəsində respublikamızda müxtəlif istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirildiyini vurğulayıb, həmçinin Azərbaycanın indiki çətin şəraitdə qlobal həmrəyliyin möhkəmlənməsinə fəal dəstək verdiyini diqqətə çatdırıb.
Həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində ölkədə vəziyyəti nəzarət altında saxlamaq mümkün olub
Azərbaycanın yeni növ koronavirus infeksiyasına qarşı mübarizə gündəliyində yer alan prioritetlər sırasında əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin təmin edilməsi məsələləri xüsusi yer tutur ki, bu da ölkəmizin strateji inkişaf hədəfləri ilə üst-üstə düşür. Məlumdur ki, respublikamız indiyədək özünün məqsədyönlü siyasəti ilə daim sosial sferanın üstün inkişafını təmin edib. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Ölkəmiz qlobal pandemiya şəraitində də özünün nümunəvi sosial siyasətinə sadiq qalaraq yenə də vətəndaşların yanında olmaq örnəyi sərgiləyir. Bəhs olunan videokonfransda ölkəmizin pandemiyaya qarşı mübarizə gündəliyinin əsas məsələsinin məhz insanların həyatının qorunması ilə bağlı olduğunu nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Fəaliyyətimiz və gələcək planlarımıza gəlincə, əlbəttə ki, əsas diqqəti insanların koronavirusdan qorunmasına yönəltdik və bunun bizim iqtisadi artımımıza çox mənfi təsir göstərəcəyini aydın şəkildə başa düşürük”.
Ölkəmizdə yeni növ koronavirus infeksiyasına ilk yoluxma faktı qeydə alındıqdan etibarən insanların sağlamlığının qorunmasına hesablanan genişmiqyaslı səhiyyə tədbirləri həyata keçirilir. Hazırda respublikamızda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir. Qısa müddətdə paytaxt Bakıda və regionlarda 20-dən çox müasir laboratoriya təşkil olunub. Azərbaycanda tibbi maska, kombinezon, dezinfeksiya vasitələrinin istehsalına başlanılması da olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, respublikamızın səhiyyə infrastrukturu daha da genişləndirilir. Ölkə üzrə modul tipli 10 xəstəxananın inşasına başlanıb və artıq onlardan 4-ü istifadəyə verilib. Modul tipli xəstəxanaların hər biri 200 çarpayılıqdır. Beləliklə, əlavə 2000 yataq xəstələrin ixtiyarına veriləcək. Ümumiyyətlə Azərbaycan dünya miqyasında azsaylı ölkələrdəndir ki, yeni növ koronavirusa yoluxan bütün xəstələrin məhz ixtisaslaşdırılmış xəstəxanalarda müayinə və müalicəsini təmin edir. Eyni zamanda, respublikamız bütün dünyada əhali sayına görə ən çox test aparan ölkələr sırasında yer alır.
Azərbaycanda pandemiya ilə mübarizə çərçivəsində, həmçinin vətəndaşların sosial müdafiəsinin təmin olunmasına hesablanan müxtəlif tədbirlər görülür. Artıq dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənilib. Eyni zamanda, özəl sektorda çalışan təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsinin ödənilməsi dövlət tərəfindən həyata keçirilib. Pandemiya şəraitində işləməyən, işini itirən, o cümlədən qeyri-formal əmək fəaliyyəti göstərən insanların sosial təminatı təşkil edilərək onların hər birinə 190 manat vəsait ayrılıb. Bu kateqoriyadan olan insanların sayı dövlət başçısının humanist təşəbbüsü ilə 200 mindən 600 minə çatdırılıb. Paralel olaraq ünvanlı sosial yardım alanların əhatə dairəsi genişləndirilib. Hazırda 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə ayda 220 manatdan çox vəsait ödənilir. Eyni zamanda, yenə də dövlət başçısının təşəbbüsü ilə ödənişli ictimai iş yerlərinə cəlb olunan vətəndaşların sayı artırılır. Hazırda ölkəmizdə 90 min ödənişli ictimai iş yerinin yaradılması istiqamətində intensiv iş aparılır.
İndiki mərhələdə respublikamız pandemiyaya qarşı uğurlu mübarizəni davam etdirmək üçün balanslaşdırılmış yanaşma nümayiş etdirir. Prezident İlham Əliyev balanslaşdırılmış yanaşmanın pandemiyaya qarşı uğurlu mübarizəni davam etdirməyə kömək göstərəcəyinə əminliyini bildirib. “Bu səbəbdən, bu gün biz məhdudiyyət tədbirlərini uzlaşdırırıq, çünki COVID-19 hələ də mövcuddur. Eyni zamanda, biz ölkəmizi açmağa və həyatımızın müxtəlif sahələrinin fəaliyyətini bərpa etməyə başlayırıq. Beləliklə, ümidvaram ki, bu balanslaşdırılmış yanaşma bizə, ilk növbədə, pandemiyaya qarşı uğurlu mübarizəni davam etdirməyə kömək edəcək. Eyni zamanda, biz özəl sektora, xüsusilə pandemiyadan əziyyət çəkən sahələrə, turizm və onunla əlaqəli sahələrin bərpasına yardım edəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Göründüyü kimi, respublikamızda pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan tədbirlər ilk növbədə prioritet sayılan məsələlərin həllinə yönəlib. Əlamətdar haldır ki, ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Prezident İlham Əliyev videokonfransda ÜST-ün ölkəmizdə pandemiyaya qarşı aparılan səmərəli mübarizəni yüksək dəyərləndirdiyini nəzərə çatdıraraq “Həqiqətən də, Azərbaycan bu mühüm məsələnin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırılıb. Vəziyyət nəzarət altındadır”, - deyə vurğulayıb.
Yeri gəlmişkən, Azərbaycanın pandemiyaya qarşı mübarizədə qazandığı təcrübə bəhs olunan videokonfransın iştirakçıları tərəfindən də yüksək dəyərləndirilib. Bununla bağlı fikirlərni bildirən “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq Azərbaycanda pandemiyanın təsirinin kifayət qədər nəzarət altında olduğunu eşitməsindən məmnun qaldığını nəzərə çatdırıb. “Mən dünya liderləri ilə əlaqə saxladığımdan bu, heç də həmişə belə olmur”, - deyə Filip Roq vurğulayıb.
Azərbaycan qlobal pandemiyaya qarşı mübarizədə beynəlxalq həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verir
Qısa müddətdə dünyanın 200-dən çox ölkəsinə yayılan yeni növ koronavirus infeksiyası qlobal səciyyə daşıyır. Belə ki, pandemiyanın mənfi nəticələri bütün dünyada hiss olunur. Artıq ayrı-ayrı ölkələr pandemiya səbəbindən getdikcə artan xərclərini qarşılamaqda çətinlik çəkdiklərini açıq şəkildə bəyan edirlər. Verilən məlumatlara görə, indiyədək 150-dən çox dövlət kömək üçün Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət ünvanlayıb. Belə bir şəraitdə, təbii ki, dünya dövlətləri həmrəylik göstərməli, qlobal pandemiya ilə mübarizədə öz səylərini birləşdirməlidirlər. Deyilənlər baxımından Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Azərbaycan dövləti pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü çox məsuliyyətli dövlət kimi aparır, qlobal həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verir.Qeyd edək ki, Azərbaycan COVİD-19-la mübarizə məqsədilə indiyədək fərdi qaydada 14 ölkəyə, ÜST-ün xətti ilə isə Qoşulmama Hərəkatına üzv olan 15 dövlətə humanitar yardım göstərib. Bu prosesin davam etdiyini bildirən Prezident İlham Əliyev vurğulayıb: “Biz nəinki təkcə daxili məsələlərə diqqət yetiririk, həmçinin qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam edir. Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk”.
Qlobal pandemiya şəraitində Prezident İlham Əliyevin həmrəylik təşəbbüslərinin önəmini isə ayrıca qeyd etmək lazımdır. Məlum olduğu kimi, aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü təşkil olunub. Bəhs olunan beynəlxalq tədbirlərin keçirilməsi təşəbbüsləri isə məhz Azərbaycanın dövlət başçısından gəlib. Zirvə görüşlərində Azərbaycan Prezidentinin həmrəylik təşəbbüsləri yüksək dəyərləndirilib, qlobal pandemiyaya qarşı səylərin əlaqələndirilməsinin, koordinasiya olunmuş fəaliyyət göstərilməsinin vacibliyi vurğulanıb.
Şübhəsiz ki, Azərbaycan Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiya şəraitində yüksək səviyyəli görüşlərini təşkil etməklə liderlik keyfiyyəti ortaya qoyub və qlobal səyləri birləşdirib. Qeyd edək ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda, tərkibində 55 dövləti birləşdirən Afrika İttifaqı buna qoşulub. Bundan başqa, 27 dövlətin yer aldığı Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə qatılıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 472 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31