Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb

Prezident İlham Əliyev: Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb

23.07.2020 [09:50]

Ölkəmizdə həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər davamlı xarakter daşıyır
Azərbaycanda bilavasitə insanların həyat səviyyəsinin yüksəlməsinə, gəlir imkanlarının artırılmasına hesablanan uğurlu sosial siyasət həyata keçirilir. Ötən il respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi ilə iki mərhələdə böyük sosial paket reallaşdırılıb və bundan təxminən 4,2 milyon insan bəhrələnib. Azərbaycan özünün dərinməzmunlu sosial siyasətini cari ildə də davam etdirərək çətin pandemiya dövründə vətəndaşların yanında olmaq nümunəsi sərgiləyir. Pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən çox böyük dəstək göstərilir. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, 2020-ci ilin əvvəlindən bəri təqribən 5 milyona yaxın insan dövlətdən maddi dəstək alıb. Cari ildə respublikamızda pensiyalar orta hesabla 27, orta əməkhaqqı isə 25 faiz artıb. Bütün bunlar Azərbaycan dövlətinin sosial sahəyə böyük önəm verdiyini təsdiqləyir.
Ölkəmizdə cəmiyyətin bütün təbəqələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub
Azərbaycanda həyata keçirilən nümunəvi sosial siyasətin ən səciyyəvi cəhətlərindən biri odur ki, ölkəmizdə ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan bütün insanlar dövlət tərəfindən dəstəklənirlər. Bu kontekstdə respublikamızda dövlət başçısının siyasi iradəsi əsasında şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkün soydaşlarımıza göstərilən qayğı diqqəti xüsusi olaraq cəlb edir. Deyə bilərik ki, Azərbaycanda həssas qruplardan olan insanların güzəşt və imtiyazlarının ildən-ilə daha da artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimindən sonra şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşüblər. Prezident İlham Əliyev həmin görüşdəki çıxışında bildirib ki, bizim güclü sosial siyasətimiz var. Dövlətimizin başçısı ölkəmizdə həssas qruplardan olan insanlara xüsusi qayğı göstərildiyini nəzərə çatdıraraq vurğulayıb: “Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb”.
Bütövlükdə, respublikamızda şəhid ailələrinin, müharibə əlillərinin və digər həssas qruplardan olan insanların sosial müdafiəsinin gücləndirlməsinə hesablanan tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Vurğulamaq yerinə düşər ki, şəhid ailələrinə və müharibə əlillərinə müavinət və təqaüdlər 2019-cu ilin aprelində təxminən 100 faiz artırılıb. 2020-ci ilin ilk 6 ayında müharibə əlillərinə 1435 reabilitasiya vasitəsi verilib. Hazırda bir çox şəhər və rayonda bərpa və uşaq bərpa mərkəzlərinin inşası və təmiri davam edirilir. İlin birinci yarısında 1, 2 və 3 saylı DOST mərkəzlərinə 61057 vətəndaş müraciət edib. Vətəndaş məmnunluğu isə 96 faizdir. Tezliklə Binəqədi, Abşeron, Sumqayıt, Quba və Bərdədə DOST mərkəzlərinin açılması nəzərdə tutulur.
Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə görülən tədbirlər sırasında bu qəbildən olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da böyük aktuallıq daşıyır. Dövlət başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən təqdimat mərasimində məlumat verilib ki, şəhid ailələri və müharibə əlilləri təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. Müvafiq kateqoriyadan olan vətəndaşlara 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək artıq 430 mənzil təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin məlumatına əsasən, bu dəfə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil verilib. Bu mənzillərin 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçün nəzərdə tutulub. Respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillərin və fərdi evlərin verilməsi proqramının uğurla icra ediləcəyinə əminliyini bildirən Preziident İlham Əliyev “Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur”, - deyə bildirib.
Qeyd olunduğu kimi, respublikamızda, həmçinin müharibə əlillərinə minik avtomobillərinin verilməsi kimi gözəl ənənə formalaşıb. 2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunub. Bəhs olunan mərasimdə təqdim edilən 50 avtomobil də daxil olmaqla 2020-ci ildə bu qəbildən olan insanlara, ümumilikdə 150 avtomobil verilib. İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır. Onu da deyək ki, təqdim olunan avtomobillər yerli istehsal olan “Khazar LX” avtomobilləridir.
Respublikamızda 2020-ci ilin sonunadək 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək
Respublikamızda həyata keçirilən sosial siyasət çərçivəsində, eyni zamanda, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma ev-eşiklərini tərk edən məcburi köçkün soydaşlarımızın sosial problemlərinin həlli də diqqət mərkəzində saxlanılır. Bütövlükdə, 1993-cü ildən indiyədək qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 7 milyard manatdan çox vəsait yönəldilib. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan qaçqınlara və məcburi köçkünlərə qayğı siyasəti son 16 ildə eyni ardıcıllıqla davam etdirilib. Bəhs olunan dövrdə görülən işlərin məntiqi nəticəsi olaraq məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb.
Ölkəmizdə məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması da dövlət siyasətinin mühüm bir istiqamətini təşkil edir. Respublika ərazisində mövcud olan 12 çadır şəhərciyi Prezident İlham Əliyevin siyasi iradəsi əsasında mərhələli şəkildə ləğv edilib və bu proses 2007-ci ildə tam başa çatdırılıb. Ümumiyyətlə, indiyədək məcburi köçkün soydaşlarımız üçün ölkə üzrə 100-dən çox yaşayış kopleksi yaradılıb. Bu komplekslərin hamısında yüksək səviyyəli infrastruktur qurulub və iş yerləri yaradılıb.
Hazırda Bakı və Sumqayıt şəhərlərində ən qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması proqramı uğurla icra edilməkdədir. Bu proqramın reallaşdırılması təşəbbüsünü Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva irəli sürüb. Xatırladaq ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində 2017-ci il martın 9-da keçirdiyi ilk müşavirədə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələsi müzakirə edilib.
Birinci vitse-prezidentin yanında keçirilən müşavirədən sonra ilk mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlandı. Bəhs olunan müşavirədən cəmi bir neçə ay sonra isə - 2017-ci il may ayının 30-da Mehriban xanım Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən “Ümid” yaşayış kompleksinin təməli qoyuldu. Bundan başqa, çox qısa müddətdə Abşeron rayonunun Masazır, Mehdiabad, Sabunçu rayonunun Ramana, Kürdəxanı qəsəbələrində və digər ünvanlarda yüzlərlə mənzil tikilərək məcburi köçkün ailələrinə təqdim edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihə çərçivəsində Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin 2020-ci il mayın 28-də açılışı baş tutub. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdikləri açılış mərasimində bildirilib ki, “Qobu Park-3” 2018-2019-cu illərdə istifadəyə verilən “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərinin yanında inşa edilib. Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. “Qobu Park-3” yaşayış kompleksi isə onmərtəbəli 13 yaşayış binasından ibarətdir. Beləliklə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə salınmış yeni şəhərciklərdə 3700 məcburi köçkün ailəsi yerləşdiriləcək və burada 20 minə yaxın insan yaşayacaq.
Deyilənlərdən də göründüyü kimi, ölkəmizdə məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması davamlı bir prosesə çevrilib. Müvafiq kateqoriyadan olan soydaşlarımız üçün cari ildə tikilməsi nəzərdə tutulan mənzillərin sayı da kifayət qədər çoxdur. “Məcburi köçkünlərin məişət problemlərinin həllinə gəldikdə, bu il bu sahədə də rekord göstərici gözlənilir. Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək”, - deyə Prezident İlham Əliyev bildirib.
Əlamətdar haldır ki, ölkəmizdə məcburi köçkünlər üçün yeni mənzillərin tikilməsi təşəbbüsünə özəl sektor da qoşulub. Yuxarıda bəhs olunan “Qobu Park” yaşayış kompleksi “Paşa Holdinq” şirkətinin vəsaiti hesabına inşa olunub. Cari ildə isə “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bəhs olunan kateqoriyadan olan insanlara təqdim edib. Bütün bunlar ölkəmizdə olan həmrəyliyin, dövlət-özəl sektor əməkdaşlığının bariz ifadəsidir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 370 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31