Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dövlət Departamentinin hesabatında qərəzli məlumatların yer alması ABŞ-ın obyektivliyinə şübhə yaradır

Dövlət Departamentinin hesabatında qərəzli məlumatların yer alması ABŞ-ın obyektivliyinə şübhə yaradır

17.03.2010 [10:36]

Və ya bu cür məsuliyyətsiz iddialar ABŞ kimi dövlətin nüfuzuna xələl gətirir və hesabatların qeyri-obyektiv olduğunu təsdiq edir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın son illərdə əldə etdiyi inkişaf bir sıra ölkələri narahat etməyə başlayıb. Bununla yanaşı, ölkəmizin beynəlxalq arenada ildən-ilə öz mövqeyini gücləndirməsi, böyük dövlətlərin bizimlə əməkdaşlığa can atması, o cümlədən, dövlətin xarici və daxili siyasət sferasında müstəqil qərarlar qəbul etməsi, milli maraqlar çərçivəsində hərəkəti bədxahların Azərbaycana qarşı qeyri-obyektiv yanaşma sərgiləməsinə yol açır. Bu isə nəticə etibarı ilə hər zaman olduğu kimi, ölkəmizə qarşı ikili standartlar çərçivəsində yanaşılmaya, qeyri-obyektiv bəyanatlara səbəb olur.
Belə qeyri-obyektiv yanaşmalardan biri də ABŞ Dövlət Departamentinin “Narkotiklərə Nəzarət Strategiyası 2010” və 2009-cu ildə dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı son hesabatlarında əks olunur. Bu sənədlər qətiyyən reallığı əks etdirmir və qeyri-obyektiv, mənbəyi bəlli olmayan məlumatlar əsasında hazırlanıb. Sənədlə tanış olarkən bu fakt aşkar şəkildə üzə çıxır. öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan bu gün narkotiklə mübarizə sahəsində olduqca yüksək səviyyəli və intensiv iş aparır. ölkəmiz “Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiya”sı, “Psixotrop maddələr haqqında 1971-ci il Konvensiya”sı və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il Konvensiya”sının üzvüdür. ölkəmiz nəinki öz sərhədləri daxilində, ümumiyyətlə, dünyada narkomaniyaya qarşı mübarizədə önəmli yer tutur. Onu da qeyd edək ki, coğrafi mövqeyinə görə “narkotəhlükəli” regionlara nisbətən yaxın məkanda yerləşən Azərbaycan narkoticarətin genişləndirilməsini istəyən bəzi “xarici və maraqlı” qüvvələrin arzusunu ürəyində qoydu. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin Azərbaycanda növbəti dəfə hakimiyyətə gəlişindən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlət siyasətinin strateji istiqamətləri müəyyənləşdirildi. Bundan başqa, Azərbaycanda bir çox beynəlxalq, regional və dövlətdaxili tədbirlər həyata keçirildi. 1996-cı ildə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi elan olundu. Bu sahədə dövlət siyasətinin həyata keçirilməsi, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ-hüquqi baza beynəlxalq standartlara uyğunlaşdırılmaqla təkmilləşdirildi, ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq tədbirlərdə iştirakı daha intensiv xarakter aldı.
Narkotiklərlə qətiyyətli mübarizə istiqamətində müəyyənləşdirilmiş strateji kurs cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsindən sonra da davam etdirildi. Prezident İlham Əliyev 2007-ci ildə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı (2007-2012-ci il)”nı təsdiq etməklə mübarizənin sərtləşdirilməsi istiqamətində mühüm bir addım atdı. Beləliklə, Azərbaycanda narkomaniyaya qarşı mübarizə planlı, dövlət siyasəti şəklində davam etdirildi. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ-hüquqi aktlar qəbul edildi. Qeyd edək ki, 2007-2012-ci illər üçün nəzərdə tutulan ikinci Proqramın əsas məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin daha da təkmilləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyət nəticəsində ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində qanuni baza yaradılıb.
Amma təəssüf ki, ölkəmizin bu istiqamətdə gördüyü işlər, apardığı siyasət bəzi bədxahlar tərəfindən qiymətləndirilmir, əksinə, onlar ölkəmizə qara yaxmağa çalışırlar. Məsələn, ABŞ Dövlət Departamentinin “Narkotiklərə Nəzarət Strategiyası 2010” hesabatında əsassız şəkildə qeyd olunur ki, guya Azərbaycanda 300 min nəfər narkoman var və onların 30-35 faizi tələbələrdir. Belə çıxır ki, Azərbaycanda 120 min tələbənin, o cümlədən də, qız tələbələrin hər dördündən üçü narkomandır...
Bu qədər məntiqsizlik, qeyri-obyektivlik və olarmı? Nəzərə alsaq ki, bu məsuliyyətsiz iddialar ABŞ-ın Dövlət Departamenti tərəfindən irəli sürülüb, hesabatın rəsmi Vaşinqtonun nüfuzuna nə dərəcədə xələl gətirəcəyini fikirləşmək elə də çətin deyil. ümumiyyətlə, nəzərə alsaq ki, belə hesabatlar hazırlanarkən sənədi hazırlayan qurumun özünə lazım olan “etibarlı mənbə”dən istifadə etməsi bu hesabatın “dürüstlüyünü” ortaya çıxarır. Elə bu səbəbdən də, Dövlət Departamenti məlumatı “əldə etdiyi etibarlı mənbənin” adını çəkmək istəmir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson da etiraf edib ki, hesabatda göstərilmiş statistika qeyri-rəsmi mənbələrdən əldə edilib. Görəsən, şəffaflıq məsələlərini yeri gəldi-gəlmədi xatırladan ABŞ səfirliyi belə “məlumatlı” mənbələrin adlarını niyə açıqlamır? Dövlət Departamentinin hesabatında qərəzli və yoxlanılmamış məlumatların yerləşdirilməsi ABŞ-ın obyektivliyinə şübhə yaratmırmı?
Bəs, ABŞ Dövlət Departementi bu qədər “şəffaf və obyektiv hesabat” hazırlayarkən niyə unudub ki, elə öz ölkələrində narkomaniya hədsiz dərəcədə geniş yayılıb və bu bəla ilə mübarizə olduqca aşağı səviyyədə aparılır. Niyə hesabatda ABŞ-ın müvafiq orqanlarının fəaliyyətinin qeyri-effektivsizliyi barədə heç nə qeyd olunmayıb? Və ya Əfqanıstanın işğalından sonra bu ölkədə narkotik plantasiyaların ərazisinin və ixrac edilən narkotikin həcminin artmasına niyə münasibət bildirilmir? Dəfələrlə Azərbaycan ictimaiyyətinin nümayəndələri bəyan ediblər ki, Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarında narkotik vasitələr əkilir, dünyanın bir sıra ölkələrinə satılır... Niyə, bu münaqişənin tənzimlənməsinə vasitəçilik etmək istəyən qurumun həmsədrlərindən olan ABŞ bu fakta göz yumur.
Nəticə yenə də eynidir. Ortada bir məsələ var, ikili standart... ölkəmizin inkişafını istəməyən, xalq-hakimiyyət birliyinin yaratdığı tandemin Azərbaycanın inkişafındakı rolunu gözü götürməyən daxili-xarici qüvvələr bu yalanları ilə kimisə aldadacağını və ya ölkəmizə qarşı münasibəti dəyişə biləcəyini düşünür... Səhv edir... Azərbaycan istər torpaqlarının azadlığı uğrunda apardığı mübarizədən, istərsə də cəmiyyətin sağlam inkişafı istiqamətindəki dövlət siyasətindən bir addım da geri çəkilməyəcək.
Pərviz SADAYOÄžLU
Paylaş:
Baxılıb: 1004 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30