Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir

Prezident İlham Əliyev: Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir

18.08.2020 [09:12]

Tovuz istiqamətində düşmənin növbəti təxribat cəhdlərinin qarşısının qətiyyətlə alınması göstərdi ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir
Azərbaycan dövlətinin gündəliyində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması bir nömrəli vəzifə kimi durur. Məlum olduğu kimi, ötən əsrin doxsanıncı illərinin əvvəllərində AXC-”Müsavat” iqtidarının səriştəsizliyi və daim korporativ maraqlardan çıxış etməsi ölkəmizin sərhədlərinin müdafiəsini etibarlı şəkildə qurmağa imkan verməyib və beləliklə də, ərazilərimizin təxminən 20 faizi işğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanın silahlı qüvvələri tərəfindən zəbt olunub. Ermənistan bütün çirkin vasitələrdən istifadə etməklə işğal nəticəsində yaranan mövcud status kvonu sonsuzluğadək uzatmağa çalışır. Ancaq Ermənistanın işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur. Bu gün Azərbaycan dövləti Dağlıq Qarabağın və ətraf 7 rayonun işğaldan azad edilməsinə, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına güclü siyasi iradə göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində qurğu ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin prinsipial mövqeyini bir daha nəzərə çatdıraraq vurğulayıb ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! “Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq”, - deyə dövlətimizin başçısı bildirib.
Ordumuzun döyüş qabiliyyətinin getdikcə artması Azərbaycanın mövqeyini gücləndirən çox mühüm amildir
Azərbaycan cəmiyyətinin yekdilliyi ölkəmizi fərqləndirən əsas məqamlardan biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, ölkəmizdə yüksək vətəndaş həmrəyliyi bərqərar olub, bütün ümummilli məsələlərdə dövlətin və cəmiyyətin mövqeyi tam üst-üstə düşür. Dağlıq Qarabağ problemi də məhz bizi birləşdirən, heç bir fikir ayrılığına yer qoymayan belə ümummilli məsələdir. Azərbaycan ilk növbədə tarixi ədalətə əsaslanaraq ölkənin ərazi bütövlüyünun təmin olunmasında prinsipiallıq nümayiş etdirir. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Balakən regional “ASAN xidmət” mərkəzinin açılışından sonra ASAN könüllüləri ilə görüşdəki çıxışında bunu nəzərə çatdıraraq deyib: “Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Biz heç vaxt işğalla barışmayacağıq. Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir”.
Həqiqətən də, tarixi faktlar və sənədlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Azərbaycanın mövqeyini güçləndirən çox mühüm amillər qismində çıxış edir. Dağlıq Qarabağda Ermənistanın işğalına qədər mövcud olan toponimlər, məişət ənənələri, dini və tarixi abidələr bu yerlərin aborogen sakinlərinin məhz azərbaycanlılar olduğunu təsdiqləyir. Eyni zamanda, tarixi sənədlərdən də görünür ki, ermənilər bu yerlərə sonralar müəyyən siyasi səbəblərə görə köçürülüblər.
Onu da qeyd edək ki, hələlik xalqımızın xoş məramına əsaslanan Azərbaycan dövləti humanizm dəyərlərindən çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda konstruktivlik nümayiş etdirir. Ölkəmiz sülh danışıqlarının substantiv nəticələrə hesablanaraq aparılmasının tərəfdarıdır. Qeyd etdiyimiz kimi, respublikamız danışıqların səmərəsiz aparılması və mövcud status kvonun sonsuzluğadək davam etdirilməsi cəhdləri ilə qətiyyən razılaşmır.
Azərbaycanın danışıqlarda mövqeyini gücləndirən amillər sırasında ordumuzun döyüş qabiliyyətini getdikcə artırması mühüm rol oynayır. Son 17 ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi sayəsində ordumuzun maddi-texniki və kadr təchizatı əhəmiyyətli dərəcədə möhkəmlənib. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə əsasən, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Ordumuzun güclənməsi öz növbəsində qoşunların təmas xəttində üstünlüyün ölkəmizə keçməsini təmin edib.
Bunu son illərdə düşmən qüvvələrinin təxribat cəhdlərinin ordumuz tərəfindən qətiyyətlə alınması, döyüş meydanlarında qazanılan qələbələr də təsdiqləyir. Xatırladaq ki, 2016-cı və 2018-ci illərdə keçirilən hərbi əməliyyatlar nəticəsində böyük ərazilər işğalçılardan azad olunub. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazi düşmən qüvvələrindən təmizlənib. Hazırda Ermənistandan Dağlıq Qarabağa gedən yola nəzarət olunur.
Azərbaycan Ordusunun Tovuz istiqamətində düşmənə vurduğu cavab zərbəsi işğalçılara növbəti dərs oldu. Belə ki, silahlı qüvvələrimiz dövlət sərhədinin Tovuz istiqamətində düşmən ölkənin hərbi birləşmələrinin növbəti təxribatının qarşısını qətiyyətlə aldı. Təxribat törədən düşmən qüvvələriinin niyyəti bəlli idi - onlar mövqelərimizi ələ keçirmək istəyirdilər. Ancaq onların istəyi baş tutmadı. Ordumuz bu dəfə də verilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirdi. İtkilərimiz olsa da, düşmən geri otuzduruldu. Tovuz istiqamətində düşmənin növbəti təxribat cəhdlərinin qarşısının qətiyyətlə alınması göstərdi ki, Azərbaycan Ordusu ona verilən istənilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir.
Bütün bu kimi amillər, Azərbaycan cəmiyyətində Dağlıq Qarabağın, zəbt olunan ətraf rayonların işğaldan azad olunacağına güclü inam formalaşdırıb. Bunu Tovuz istiqamətində gedən döyüşlər ərəfəsində cəmiyyətimizdə müşahidə edilən yüksək əhval-ruhiyyə də əyani şəkildə təsdiqləyir. Paytaxt sakinlərinin, bölgələrdə yaşayan insanların Ali Baş Komandana vəTovuz istiqamətində düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimizə dəstək məqsədilə yürüş keçirmələrini izləmək qürurverici idi. Eyni zamanda, Tovuz istiqamətindəki döyüşlərdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq qaydada müraciət ünvanlayaraq könüllü şəkildə ön xəttə getmək istəklərini bildirən gənclərin sayı qat-qat artıb. Artıq bəhs olunan qurum tərəfindən ön xəttə könüllü getmək istəyən 50 mindən çox gəncin müraciəti müvafiq qaydada qeydə alınıb. Bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev “Bildiyiniz kimi, Azərbaycanın düşmənə layiqli cavab verməsi və beynəlxalq ekspertlərin ümumi rəyinə görə qələbənin qazanılması cəmiyyətdə ruh yüksəkliyini daha da artırdı. Yenə də ön sıralarda gənclər olub”, - deyə vurğulayıb.
Tovuz istiqamətində gedən döyüşlər işğalçı Ermənistanın beynəlxalq dəstəkdən məhrum qaldığını bir daha nümayiş etdirdi
Beynəlxalq hüquq normaları və prinsipləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Azərbaycanın mövqeyini gücləndirən digər fundamental amildir. Bu gün dünyada separatizm dəstəklənmir. Ermənistan isə separatizmi dövlət səviyyəsində bilavasitə həyata keçirən ölkədir. İşğalçı dövlətin Azərbaycan ərazisində - Dağlıq Qarabağda separatçı rejim qurması, bununla da beynəlxalq hüquqa meydan oxuması təhlükəli presedentlərə yol açır. Dünya bunu görür. Təsadüfi deyil ki, ayrı-ayrı ölkələrin, həmçinin BMT, ATƏT, İƏT, Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda Ermənistanın işğalçılıq siyasətini pisləyən və respublikamızın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul ediblər. Qeyd edək ki, indiyədək heç bir xarici dövlət qondarma “DQR”i tanımayıb. O cümlədən oyuncaq rejimin cari ildə Dağlıq Qarabağda keçirdiyi “prezident seçkiləri” də beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınandı. Yeri gəlmişkən, indiyədək Ermənistanın özü də qondarma “DQR”i tanımağa cəsarət etməyib. Beynəlxalq birliyin mövqeyinə istinad edən Prezident İlham Əliyev “Nə qədər ki gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir”, - deyə vurğulayıb.
Tovuz istiqamətində gedən döyüşlər işğalçı Ermənistanın beynəlxalq dəstəkdən məhrum qaldığını bir daha nümayiş etdirdi. Məlum olduğu kimi, düşmən tərəfinin Tovuz istiqamətində törətdiyi təxribatın qarşısı alındıqdan sonra Ermənistan rəhbərliyi yenə də vay-şivən qopardaraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışdı, o cümlədən forpost dövlətin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına - KTMT-yə üz tutaraq bu qurumdan kömək istədi. Bu, düşmən tərəfin əvvəlcədən düşündüyü bir ssenari idi. Prezident İlham Əliyevin də bildirdiyi kimi, onların əsas məqsədi məhz bu idi - dövlət sərhədində münaqişə yaratmaq, sonra bu münaqişədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəmək. Ancaq bu bəd ssenari alınmadı. Belə ki, KTMT-dən heç bir bəyanat gəlmədi, qurum məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verməklə kifayətləndi.
Tovuz istiqamətində aparılan döyüşlərlə əlaqədar Azərbaycana gələn beynəlxalq dəstək isə kifayət qədər böyük oldu. İlk və daha güclü dəstək təbii ki, qardaş Türkiyə Respublikasından gəldi. Bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər dövlət qurumlarının, siyasi partiyaların rəhbərləri təcəvüzkarın dəf olunmasında hər zaman Azərbaycanın yanında olacaqlarını bildirdilər. Bu, bir daha göstərir ki, Türkiyə və Azərbaycan hər zaman - yaxşı günlərdə də, çətin günlərdə də bir yerdədirlər. Azərbaycanın növbəti dəfə güclü beynəlxalq dəstək qazandığına diqqət çəkən Prezident İlham Əliyev bildirib: “Bir sıra ölkələr, ilk növbədə, qardaş Türkiyə Azərbaycana birmənalı dəstək verdi”.
Eyni zamanda, əksər nüfuzlu beynəlxalq təşkilatlar da Tovuz döyüşləri ilə əlaqədar Azərbaycana birmənalı dəstəklərini nümayiş etdiriblər. Bu sırada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri müvafiq sənədlərin önəmini xüsusi qeyd edə bilrik. TDƏŞ-nın öz tərkibində 5, İƏT-in 57, Qoşulmama Hərəkatının isə 120 dövləti birləşdirdiyini zəzərə alsaq, görərik ki, Azərbaycanın beynəlxalq dəstəyi kifayət qədər geniş coğrafiyanı əhatə edir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 447 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31