Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda tikinti bumu uzun müddət davam edəcək

Azərbaycanda tikinti bumu uzun müddət davam edəcək

11.03.2010 [11:31]

Son 10 ildə respublikamızda 112 mindən çox mənzil tikilərək istifadəyə verilib
Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası bütün sahələrdə olduğu kimi, tikinti bölməsində də aktivliyin yüksəlməsinə əlverişli zəmin yaradıb. Tikinti sektoru son 10 ildə ən yüksək inkişaf tempi ilə müşayiət olunub. 1998-ci ildən başlayaraq tikinti sektorunun xüsusi çəkisi ümumi Daxili Məhsulda hər il artmağa başlayıb. Bu sahə həm investisiya qoyuluşlarının həcminə, həm də inkişaf dinamikasına görə, iqtisadiyyatda əsas aparıcı bölmələrdən birini təşkil edir. Respublikamızda tikinti-quraşdırma fəaliyyəti ilə məşğul olan şirkətlərin sayı da son illərdə əhəmiyyətli dərəcədə artıb və onların sayı 300-dən çoxdur. Bu, tikinti sektorunda yaradılmış əlverişli investisiya mühitinin cəlbediciliyinin əsas göstəricilərindən biridir. Son 10 ildə ölkəmizdə 100-lərlə yeni yaşayış binası inşa olunub.
Respublikamızda tikinti sektorunun inkişafında Ulu öndər Heydər Əliyevin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə Azərbaycanda tikinti sənayesi əsas aparıcı sahələrdən birinə çevrilib və 1970-1980-ci illər respublikamızın tarixinə böyük tikinti bumu dövrü kimi daxil olub. Xüsusilə də, Bakı və digər iri şəhərlər nəhəng tikinti meydanına çevrilib. Ulu öndərin tikinti sektoruna verdiyi ən böyük töhfələrdən biri layihə-smeta işlərində yüksək keyfiyyət və təhlükəsizlik amilinin tətbiq olunması ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycanda 1970-ci ilə qədər yaşayış binalarının böyük əksəriyyəti “Xruşovka” və “Stalinka” adlanan layihələr əsasında inşa olunurdu. 1950-ci illərdən geniş vüsət alan bu tikinti layihələri, ümumiyyətlə, təkcə keçmiş SSRİ-də deyil, digər sosialist ölkələrində də əsas yer tuturdu. Bakıda isə həmin tipli binaların tikintisinə xüsusi üstünlük verilirdi. Bu tipli binalar işçi qüvvəsini müvəqqəti evlə təmin etmək məqsədilə inşa olunurdu və keyfiyyət göstəricilərinə, istismar müddətinə və digər xüsusiyyətlərinə görə, başqa layihələrdən geri qalırdı. Bütün bu amilləri nəzərə alan Ulu öndər tikintinin spesifikasına və layihələndirməyə xüsusi diqqət yetirdi və bu sahədə ciddi keyfiyyət və kəmiyyət dəyişikliklərinin baş verməsinə səbəb olan mühüm addımlar atdı. Həmin illərdə Azərbaycanda yeni layihə-smeta sənədləri əsasında uzunömürlü, istismar müddətinə və yüksək keyfiyyətinə görə fərqlənən hündür mərtəbəli binaların inşası geniş vüsət aldı. Yeni tikilən binalar həm təhlükəsizlik, həm insanların rahatlığı, həm də infrastruktur-kommunal təminatı baxımından yüksək keyfiyyətinə görə, seçilməyə başladı.
ümumiyyətlə, 1969-1982-ci illəri Azərbaycanda tikinti sektorunun “qızıl dövrü” adlandırmaq olar. Bu illərdə inşa olunmuş yaşayış və digər binaların sayı əvvəlki 50 illə nisbətdə 2-3 dəfə çox idi. Həmin illərdə respublikamız nəhəng tikinti meydançasını xatırladırdı və genişmiqyaslı quruculuq işləri nəticəsində, Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. 1969-1982-ci illərdə Azərbaycan əhalisinə 376,1 min yeni tikilmiş mənzil paylanmışdı. Bu, respublikanın hər üç sakinindən birinin təzə mənzilə köçməsi demək idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin ikinci dövründə də tikinti sənayesi dinamik inkişafı ilə fərqlənir. 1991-ci ildə ağır durğunluq dövrü keçirən tikinti sənayesinə həm daxili maliyyə resurslarının, həm də xarici şirkətlərin sərmayələrinin cəlb olunması sayəsində inşaat sektoru 1995-ci ildən inkişaf mərhələsinə daxil olub.
ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tikinti sektorunda azad rəqabət mühitinin təmin edilməsinə əlverişli zəmin yaradan mühüm qərarlar verib və bu, tikinti-quraşdırma işlərinin son illərdəki artım dinamikasında özünü göstərir. Son 6 ildə Bakıda və bölgələrdə irimiqyaslı tikinti işləri daha da intensiv xarakter alıb və tikinti bumu ən yüksək inkişaf mərhələsinə qədəm qoyub. ümumiyyətlə, 1999-2008-ci illər daşınmaz əmlak bazarında aktivliyin ən yüksək olduğu dövr hesab olunur. Bu illər ərzində ölkəmizdə 112 mindən çox mənzil tikilib istifadəyə verilib. Hazırda ölkəmizdə mənzil fondunun ümumi sahəsi 109 milyon kv.metrdən artıqdır. Azərbaycanda mənzillərə ehtiyac həmişə yüksək olub və bu sahə əhalinin ən çox tələbi ilə müşahidə olunan sektor kimi diqqəti cəlb edir. Yəni, mənzilə ehtiyacı olan vətəndaşların sayı real təklif olunan mənzillərin sayından bir neçə dəfə çoxdur. Hazırda vətəndaşların illik mənzilə ehtiyacı təxminən 4-5 milyon kv.metr təşkil edir. İl ərzində istifadəyə verilən mənzil fondunun ümumi sahəsi isə təxminən 1 milyon 500 min kvadratmerə yaxındır.
Son illərdə tikintisi aparılan çoxmənzilli binaların həm sayında, həm də dizayn-arxitektura və digər göstəricilərində müsbət dinamika hiss olunur. Respublikamızda tikinti sektorunun inkişafını Azərbaycana səfər edən hər bir əcnəbi də etiraf edir. ölkəmizin simasının tamamilə dəyişdiyini qeyd edən xarici qonaqlar tikinti bumunu iqtisadi inkişafın əsas göstəricilərindən biri kimi səciyyələndirirlər.
Dünya maliyyə böhranı əksər ölkələrin tikinti sektorunu iflic vəziyyətə salsa da, respublikamız bu sahədə də əvvəlki dinamikanı qoruyub saxlaya bilib. ölkəmizin hər bir bölgəsində və paytaxda əvvəlki kimi inşaat işləri davam etdirilir. Məsələn, 2009-cu ildə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 1 milyon 560 min kvadratmetr təşkil edib. Bu rəqəm böhran dövründə dünya dövlətlərində inşa olunan yaşayış binalarının artım faizi ilə nisbətdə rekord göstərici sayıla bilər. ötən il respublikamızın iqtisadiyyatına yönəldilmiş 9,2 milyard manat həcmində investisiyanın böyük bir hissəsi tikinti-quraşdırma işlərinə yönəldilib. Tikinti sektorunda davam etdirilən layihələr 2010-cu ildə də bu sahədə inkişaf meyillərinin əldə olunacağını söyləməyə əsas verir.
Elbrus CƏFƏRLİ
Paylaş:
Baxılıb: 1108 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30