Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir

Prezident İlham Əliyev: Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir

12.09.2020 [00:24]

Ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar prinsipial mövqeyi həm tarixi faktlara, həm də beynəlxalq hüquq normalarına əsaslanır

Məlum olduğu kimi, Ermənistan ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamızda qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarının səriştəsiz idarəçiliyindən istifadə edərək xarici havadarlarının köməyi ilə torpaqlarımızın 20 faizini işğal edib. Bu işğal nəticəsində bir milyondan artıq soydaşımız doğma yurd-yerlərini tərk etmək məcburiyyətində qalıb. Təcəvüzkar siyasət aparan Ermənistan işğal altında olan ərazilərdə yaradılan separatçı rejimə hərtərəfli dəstək verməklə yanaşı, mövcud status-kvonun saxlanmasına çalışır. Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində dalana dirənib.

Təbii ki, Azərbaycan ötən dövrdə ölkəmizin ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Respublikamız o mövqedən çıxış edir ki, işğal məhsulu olan mövcud status-kvo davam edə bilməz, danışıqlar prosesində substantiv nəticələr əldə olunmalıdır. Yəni Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Azərbaycanın hücum diplomatiyası ardıcıl xarakter daşıyır və səmərəli nəticələr verir

Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı fəaliyyətin çox mühüm strateji istiqamətlərindən birini hücum diplomatiyası təşkil edir. Prezident İlham Əliyev müxtəlif tədbirlərdə dəfələrlə bəyan edib ki, Azərbaycan öz prinsipial mövqeyindən bir addım da olsun geri çəkilməyəcək. Dövlətimizin başçısı bir qədər bundan əvvəl Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindən sonra şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdəki çıxışında ölkəmizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini növbəti dəfə nəzərə çatdıraraq vurğulayıb ki, bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. “Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm - beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir”, - deyə dövlətimizin başçısı qətiyyətlə bildirib.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli mövqedən çıxış edərkən iki fundamental amilə əsaslanır. Bunlar tarixi ədalət və beynəlxalq hüquqdur. Məhz bu iki mühüm amil danışıqlar prosesində ölkəmizin mövqeyini gücləndirir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli siyasət apardığını bildirən Prezident İlham Əliyev “Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq”, - deyə vurğulayıb.

Tarixə qısa ekskurs etmək kifayətdir ki, Dağlıq Qarabağla Ermənistan arasında hər hansı bir bağlılığın olmadığı aydın şəkildə görünsün. Əksinə dağlıq və aran Qarabağda tarixən yaradılan mədəniyyət nümunələrinə, daş abidələrə, nəsillərdən-nəsillərə ötürülən folklor nümunələrinə, toponimlərə istinadən deyə bilərik ki, bu yerlərin aborogen sakinləri məhz azərbaycanlılar olublar. Dağlıq Qarabağın tarixi ilə bağlı sənədlər də erməni yalanlarını puç etmək baxımından çox önəmlidir. Xatırladaq ki, 1805-ci ildə Qarabağ xanı İbrahim xan tərəfindən Rusiya ordusunun generalı Sisiyanovla imzalanmış sazişə görə, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeliyinə keçib. Kürəkçay sazişi adlanan bu sənədin mətnini internetdə tapmaq olar. Həmin sənəddə Qarabağın erməni əhalisi barədə heç nə yazılmayıb. 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycanın qalan əraziləri də Rusiya imperiyasının tərkibinə keçib.Başqa bir tarixi fakta diqqət yetirək: 1921-ci ildə bolşeviklər partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması haqqında qərar qəbul edib. Bəzi erməni alimləri tarixi özlərisayağı saxtalaşdırmağa çalışaraq bu qərarı Dağlıq Qarabağın Azərbaycana verilməsi kimi şərh etməyə çalışırlar. Halbuki bu, belə deyil. Bəhs olunan sənəddə söhbət Dağlıq Qarabağın məhz Azərbaycanın tərkibində saxlanılmasından gedir. Bundan sonra 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.

Beynəlxalq hüquq da Ermənistanın təcavüzkar, separatizmə əsaslanan və qeyri-konstruktiv mövqeyini, necə deyərlər, alt-üst edir. Hazırda dünyada separatizm heç bir halda dəstəklənmir. Çünki bu, beynəlxalq miqyasda təhlükəli presedentlərə yol aça bilər. Təsadüfi deyil ki, indiyədək ayrı-ayrı dövlətlər, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, Avropa İttifaqı, İƏT, Qoşulmama Hərəkatı ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən sənədlər qəbul ediblər. O cümlədən BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul edib. İki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədində də ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi bənd var. Xatırlatmaq yerinə düşər ki, bu günədək heç bir ölkə və beynəlxalq təşkilat, həmçinin Ermənistanın özü də qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb. Bir müddət öncə separatçı rejim “DQR”də saxta prezident seçkiləri təşkil etdi. Ancaq həmin “seçkilər” də dünya miqyasında qəbul edilmədi və tanınmadı. Ermənistan həmçinin cari il iyulun 12-də və sonrakı günlərdə dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatlara görə də beynəlxalq qınaqla üz-üzə qaldı. Azərbaycanın ədalətli mövqeyi, ərazi bütövlüyü isəbeynəlxalq səviyyədə qətiyyətlə dəstəkləndi. Bütün bunlar o deməkdir ki, Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanaraq apardığı hücum diplomatiyası öz səmərəsini verir.

Ordumuzun düşmənə layiqli cavab verməsi Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların substantiv nəticələr verməsinə böyük səy göstərir. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından sülh danışıqları nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü öz ordusunun gücü ilə təmin etməkdən başqa çıxış yolu qalmayacaq. Buna görə də Silahlı Qüvvələrimizin maddi-texniki bazası davamlı şəkildə möhkəmləndirilir, döyüş qabiliyyəti getdikcə artırılır. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə əsasən, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Ordumuzun güclənməsi öz növbəsində qoşunların təmas xəttində üstünlüyün ölkəmizə keçməsini təmin edib.

Bunu son illərdə düşmən qüvvələrinin təxribat cəhdlərinin ordumuz tərəfindən qətiyyətlə alınması, döyüş meydanlarında qazanılan qələbələr də təsdiqləyir. Xatırladaq ki, 2016-cı və 2018-ci illərdə keçirilən hərbi əməliyyatlar nəticəsində böyük ərazilər işğalçılardan azad olunub. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazi düşmən qüvvələrindən təmizlənib. Hazırda Ermənistandan Dağlıq Qarabağa gedən yola nəzarət olunur.

Azərbaycan Ordusunun dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənə vurduğu cavab zərbəsi işğalçılara növbəti dərs oldu. Tovuz istiqamətində düşmənin növbəti təxribat cəhdlərinin qarşısının qətiyyətlə alınması göstərdi ki, Azərbaycan Ordusu ona verilən istənilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir.

Bütün bu kimi amillər, Azərbaycan cəmiyyətində Dağlıq Qarabağın, zəbt olunan ətraf rayonların işğaldan azad olunacağına güclü inam formalaşdırıb. Bu gün Azərbaycan cəmiyyətində yüksək əhval-ruhiyyə hökm sürür. Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışından sonra ASAN könüllüləri ilə keçirdiyi görüşdəki çıxışında Azərbaycan cəmiyyətini fərqləndirən cəhətlərə diqqət çəkərək gənclərin torpaqlarımızın müdafiəsində fədəkarlıq, əsl vətənpərvərlik nümunəsi göstərdiklərini yüksək dəyərləndirib. “Bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində erməni silahlı təxribatının qarşısını alarkən Azərbaycan əsgərləri, zabitləri, - onların mütləq əksəriyyəti gənclərdir, - öz peşəkarlığını, cəsarətini göstərdilər, düşməni yerinə oturtdular. İmkan vermədilər ki, düşmən öz mövqelərini yaxşılaşdırsın. İmkan vermədilər ki, bizim torpaqlarımıza onların ayağı dəysin.

Bildiyiniz kimi, Azərbaycanın düşmənə layiqli cavab verməsi və beynəlxalq ekspertlərin ümumi rəyinə görə qələbənin qazanılması cəmiyyətdə ruh yüksəkliyini daha da artırdı. Yenə də ön sıralarda gənclər olub”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Həqiqətən də, Tovuz döyüşləri ərəfəsində paytaxt sakinlərinin, bölgələrdə yaşayan insanların Ali Baş Komandana və düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimizə dəstək məqsədilə möhtəşəm yürüş keçirmələrini izləmək qürurverici idi.

Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 412 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31