Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi

Prezident İlham Əliyev: “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi

19.09.2020 [00:26]

Müstəqil Azərbaycan respublikamızın hərtərəfli inkişafına, regional və qlobal əməkdaşlığa, Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən neft-qaz siyasətini bu gün də inamla davam etdirir

Dünyada neft-qaz çıxarmanın tarixi Azərbaycanla sıx bağlıdır. Respublikamızda uzun illər ərzində karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatı sahəsində zəngin ənənələr formalaşıb. Azərbaycan neftçiləri dünyanın neft-qaz çıxarma tarixində bir sıra ilklərə imza atıb. Təkcə belə bir mühüm faktı diqqətə çatdırmaq kifayətdir ki, 1846-cı ildə dünya miqyasında ilk dəfə olaraq sənaye üsulu ilə neft məhz Azərbaycanda, Bakıda hasil edilib.

Bununla belə, zəngin neft-qaz resursları uzun illər ərzində heç də respublikamızın inkişafına, xalqımızın rifahının yaxşılaşmasına xidmət göstərməyib. Əksinə, sovetlər dövründə Abşeronun neft-qaz çıxardılan əraziləri ekoloji fəlakət zonalarına çevrilib. Yalnız müstəqillik dövründə zəngin neft-qaz resurslarından Azərbaycan xalqının xoşbəxtliyi, ölkəmizin inkişafı, milli maraqlarımızın təmin olunması naminə istifadə olunub. Bu gün müstəqil Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlara imza atan güclü dövlət səviyyəsinə yüksəlib. Eyni zamanda, respublikamız öz imkanlarını təqdim edərək regional və qlobal əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır. Qürurverici haldır ki, hazırda müstəqil Azərbaycanın fəal iştirakı ilə Avropanın enerji xəritəsi yenidən formalaşır. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindəki nitqində bu kimi məqamlara diqqət çəkərək vurğulayıb: “Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər”.

Müstəqil Azərbaycanın uğurlu neft-qaz siyasətinin təməli “Əsrin müqaviləsi” ilə qoyulub

Müstəqil Azərbaycanın həyatının bütün sahələrində inkişafın möhkəm təməllərini qoyan Ümummilli Liderimiz Heydər Əliyev həmçinin respublikamızın yeni neft strategiyasını işləyib hazırlayıb. Ulu Öndərin müəllifi olduğu yeni neft strategiyasında ölkəmizin milli maraqlarının yüksək səviyyədə təmin edilməsi qırmızı xətt kimi müəyyənləşdirilib. Yeni neft strategiyasının reallaşdırılması çərçivəsində 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycanın uğurlu neft-qaz siyasətinin əsası qoyuldu. 1997-ci ildə isə “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilk neft çıxarıldı. Xarici şirkətlərin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı yataqlardan neft hasilatına başlanılması tarixi hadisə idi. Beləliklə, ölkəmizə böyük həcmlərdə neft gəlirləri daxil olmağa başladı ki, bu vəsaitlərdən də respublikamızda qeyri-neft iqtisadiyyatının inkişafı, insan kapitalının formalaşdırılması və bu kimi digər strateji məqsədlər üçün istifadə olunur. Prezident İlham Əliyev bəhs olunan müqavilənin önəminə diqqət çəkərək “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi”, - deyə bildirib.

Bu məqamda qeyd etmək yerinə düşər ki, “Əsrin müqaviləsi”nin imzalanması heç də asan başa gəlməmişdir. Başlanğıcda müstəqil Azərbaycanın dinamik, hərtərəfli inkişafını hədəfləyən yeni neft strategiyasının reallaşdırılmasına çox ciddi təhdidlər var idi. Lakin Ulu Öndər Heydər Əliyev Öz qətiyyəti və müdrikliyi ilə Azərbaycanı inkişafdan saxlamağa hesablanan bütün bədxah ssenarilərin qarşısını məharətlə aldı.

“Əsrin müqaviləsi”nin imzalanması Ulu Öndər Heydər Əliyevin müstəsna xidməti idi. Çünki yuxarıda bəhs olunan çətinliklər fonunda xarici şirkətlər Azərbaycana sərmayə yönəltməkdən çəkinirdilər. Uzaqgörən siyasətçi Heydər Əliyev xarici investorların Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə irihəcmli sərmayələr yönəltmələrinə nail oldu.

Artıq 26 ildir ki, ölkəmizdə yeni neft strategiyası uğurla həyata keçirilir. 2017-ci ildə Azərbaycanda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olundu. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu “Əsrin müqaviləsi” ilə yaradılan konsorsiumun payına düşür.

Hazırda Avropanın ayrı-ayrı ölkələri özlərinin karbohidrogen resusrslarına olan ehtiyaclarının təxminən 40 faizini məhz Azərbaycandan tədarük olunan neft hesabına təmin edirlər. Respublikamız region və Avropa dövlətlərinin enerji təhlükəsizliyində fəal rolunu hələ uzun illər bundan sonra da davam etdirəcək. 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması deyilənləri bir daha təsdiqləyir.

Yeni Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb.

Yeni neft-qaz layihələrinin icrasının uğurla təmin olunması Azərbaycanın güclü dövlət olduğunu nümayiş etdirir

Respublikamızda xarici tərəfdaşların iştirakı ilə digər enerji layihələri üzrə də işlər uğurla gedir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari il avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində ətraflı bəhs edib. Bu gün də xarici investorların Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirən dövlətimizin başçısı vurğulayıb: “Artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək”.

Qeyd edək ki, gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. “Abşeron” yatağının işlənilməsi iki mərhələdə reallaşdırılacaq. Birinci mərhələdə yataqdan 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Ölkəmiz “Abşeron” yatağının ikinci mərhələsinin işlənməsinə də çox yaxındır. İkinci mərhələdə sözügedən yataqda hasilatın 3-4 dəfə artacağı proqnozlaşdırılır ki, bu da respublikamızın qaz potensialının artmasına müsbət təsir göstərəcək. Bəhs olunan müsahibədə Prezident İlham Əliyevin bildirdiyi kimi, “Şəfəq-Asiman” yatağı üzrə işlər qrafik üzrə gedir. İndi qazma işləri aparılır. Bu yatağın da çox böyük potensialı var.

“Qarabağ” Azərbaycanın müstəqilliyi illərində kəşf olunan ilk yataqdır. Buradan iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalması proqnozlaşdırılır. Bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcəyi gözlənilir. Müxtəlif geoloji amillərə istinad edən mütəxəssislərin bildirdiklərinə görə, “Qarabağ” yatağının ehtiyatları daha böyükdür.

Dayaq blokunun hazırlanması ilə “Qarabağ” yatağının işlənməsində mühüm bir addım atılıb. Bəhs olunan konstruksiya SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu Azərbaycan tərəfindən müasir beynəlxalq tələblərə uyğun istehsal olunub. Bu, Xəzər dənizində ən böyük platformadır. Belə bir möhtəşəm qurğunun Azərbaycanda inşa olunmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev “Bu qurğu bir daha bizim qüdrətimizi göstərir. Bu, sırf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcəkdir”, - deyə vurğulayıb.

Cənub Qaz Dəhlizinin tam istifadəyə verilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artacaq

“Şahdəniz” və digər yataqların ehtiyatlarının təsdiqlənməsi ilə Azərbaycan özünü dünyaya həm də qaz ölkəsi kimi təqdim etməyə başlayıb. Ölkəmiz “mavi yanacaq” resurslarını şaxələndirilmiş marşrutlarla istehlakçılara çatdırılmasına qətiyyətli siyasi iradə nümayiş etdirir. Məlum olduğu kimi, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilib. Lakin “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yardılmasına ehtiyac var idi. Beləliklə, respublikamız özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdü. Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. 2018-ci il 29 may tarixində Bakıdakı Səngəçal terminalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın və bir sıra digər dövlətlərin, Avropa İttifaqının, həmçinin layihədə iştirak edən transmilli şirkətlərin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə ayrı-ayrı mühüm parametrləri baxımından strateji önəm daşıyan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib.

Cənub Qaz Dəhlizinin daha bir mühüm seqmentinin - Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) inşası da bütünlüklə tamamlanıb. 2019-cu il noyabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Cənub Qaz Dəhlizinin diğər bir seqmenti olan Trans Adriatik Boru Kəməri (TAP) seqmenti üzrə işlər də uğurla davam etdirilir. TAP TANAP layihəsinin davamı kimi seçilib. Azərbaycan qazı məhz TAP vasitəsilə Avropanın mərkəzi ölkələrinə çatdırılacaq və beləliklə də ölkəmizin “qoca qitə”nin enerji təhlükəsizliyində rolu daha da artacaq. Hazırda bu seqment üzrə işlərin 90 faizdən çoxu tamamlanıb. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layhəsinin uğurla reallaşdırılmasına diqqət çəkərək vurğulayıb ki, biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır.

Qeyd edək ki, maraqların balansı Cənub Qaz Dəhlizinin uğurlarını şərtləndirən əsas amillərdən biridir. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya Cənub Qaz Dəhlizinə üzv dövlətlərdir. Bundan başqa, artıq Bosniya və Herseqovina, Xorvatiya, həmçinin Monteneqro ilə anlaşma memorandumları imzalanıb.

Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31