Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına böyük ehtiyac var

BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına böyük ehtiyac var

23.09.2020 [09:30]

Prezident İlham Əliyev: Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var
Müstəqil Azərbaycanın məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət milli maraqlar üzərində qurulub və beynəlxalq hüquq normalarına, ədalət prinsipinə əsaslanır. Ölkəmiz daim öz imkanlarını təqdim edərək regional və qlobal müstəvidə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın dərinləşməsinə, etimad mühitinin möhkəmlənməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına sanballı töhfələr verməyə çalışır.
Öz növbəsində Azərbaycanın milli maraqlar üzərində qurulan rasional çoxvektorlu xarici siyasəti qlobal miqyasda ölkəmizə böyük nüfuz qazandırıb. Bu gün respublikamız beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan, həmçinin qlobal həmrəyliyə davamlı töhfələr verən güclü dövlət kimi tanınır. Biz müstəqil Azərbaycana və onun Liderinə dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən yüksək etimad göstərilməsini növbəti dəfə sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda müşahidə etdik. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib. Prezident İlham Əliyevin BMT-dəki çıxışları Azərbaycanın dünya miqyasında nüfuzunun, ölkəmizə olan hörmətin, inam və etimadın təzahürüdür. BMT-nin Yüksək Səviyyəli İclasda iki rəsmi statusda çıxış edən dövlətimizin başçısı müasir çağırışlar kontekstində bir sıra qlobal məsələlərlə bağlı fikirlərini ifadə edib.
BMT Təhlükəsizlik Şurası bir çox cəhətdən yenilənməlidir
Məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələlərin və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqda davam edir. Prezident İlham Əliyev bəhs olunan çıxışında qurumun önəmindən bəhs edərək vurğulayıb: “BMT, onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz alətlərdir”.
Eyni zamanda, aydın şəkildə başa düşülür ki, beynəlxalq münasibətləri bir neçə on il bundan əvvəlki qaydada tənzimləmək mümkün deyil. Zaman dəyişib, narahatlıq doğuran yeni çağırışlar meydana gəlib. İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir. Etiraf olunmalıdır ki, bütün bu kimi mənfi təzahürlər bir sıra hallarda müxtəlif qlobal əhəmiyyətli məsələlərə selektiv yanaşmanın, ikili standartların tətbiqinin nəticəsində meydana çıxaraq genişlənib. Bu gün artıq hər kəs o həqiqəti dərk edir ki, dünya nizamı vahid qaydalar əsasında müəyyənləşdirilməlidir, əks halda dünyanı təhdid halları daha da arta bilər. Deyilənlər baxımından Prezident İlham Əliyevin ifadə etdiyi “Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var” fikri öz aktuallığı ilə diqqəti xüsusi cəlb edir.
Biz son illərdə Yaxın Şərq coğrafiyasında geostrateji məsələlərə ekspansionist yanaşmaların acı fəsadlarını müşahidə edirik. Böyük bir coğrafiyada dövlətlərin suverenliyi pozulur, milyonlarla insan rahat həyatından məhrum qalıb. Həmçinin Azərbaycan da ikili yanaşmaların acı nəticələrini öz üzərində hiss edir. İşğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan havadarlarının köməyi ilə respublikamızın 20 faiz ərazisini zəbt edib, orada misli görünməmiş vandalizm əməlləri törədib, infrastrukturu dağıdıb, təbii sərvətləri talayıb. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğala məruz qalan Azərbaycan ərazilərindən qeyd-şərtsiz geri çəlilməsini tələb edən 4 qətnamə çıxarıb. Digər beynəlxalq təşkilatların da müxtəlif vaxtlarda qəbul etdikləri sənədlərdə Ermənistanın təcəvüzkarlıq siyasətini pisləyən, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən müddəalar yer alıb. Ancaq praktiki müstəvidə işğal faktı təxminən 30 ildir ki, davam edir. Beynəlxalq hüquqa, BMT qətnamələrinə məhəl qoymayan Ermənistan cəzalandırılmır, bu işğalçı dövlətə qarşı sanksiyalar tətbiq olunmur. Cəzasızlıq Ermənistanı, necə deyərlər, yeni ilhaq siyasətinə ruhlandırır. Cari ilin yayında bu ölkənin hərbi birləşmələrinin iki ölkə arasındakı dövlət sərhədinin Tovuz istiqamətində növbəti dəfə təxribata əl atması, Azərbaycanın mövqelərini, kəndləri, mülki əhalini qəfil artileriya atəşinə tutması deyilənləri əyani şəkildə təsdiqləyir. İşğalçı dövlətin yüksək səviyyəli rəsmiləri açıq şəkildə bəyan edirlər ki, onların məqsədi yeni torpaqlar ələ keçirməkdir. Beynəlxalq hüquq birmənalı şəkildə tətbiq edilməklə Ermənistanın təcəvüzkarlıq siyasətinin qarşısı alınmalıdır. İşğal faktının qalması təhlükəli presedentlərə yol açır, sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradır. BMT-nin bəhs olunan qətnamələrinin ötən əsrin doxsanıncı illərinin əvvəllərindən bəri yerinə yetirilməməsi təəssüf doğurur və belə bir reallığı ortaya qoyur ki, qurum bir çox cəhətdən yenilənməlidir. Prezident İlham Əliyev təşkilatın gücləndirilməsinə və müasirləşdirilməsinə çağırış edib. Bu xüsusda fikirlərini diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq”.
Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi özünün fəaliyyət prioritetlərini tarixi Bandunq prinsipləri üzrə müəyyənləşdirib
Tərkibində tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib.
Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətində yüksək fəallıq göstərir. Respublikamız Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etməklə və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. İndiyədək Azərbaycan Qoşulmama Hərəkatında ciddi uğurlara imza atıb. Məhz belə uğurlu fəaliyyətin nəticəsidir ki, respublikamız bu beynəlxalq quruma üzv olduqdan cəmi 5 il sonra Hərəkatın Zirvə Görüşünə ev sahibliyi və 2019-2022-ci illər üzrə sədrlik hüququnu əldə edib ki, bu da ölkəmizin böyük diplomatik uğurudur.
Məlum olduğu kimi, Hərəkatın fəaliyyəti “Bandunq prinsipləri”nə əsaslanır. Qoşulmama Hərəkatının 2019-cu ilin oktyabr ayında Bakıda 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən XVIII Zirvə Görüşündə qurumun sədri statusu qazanan Azərbaycan da özünün fəaliyyət prioritetlərini tarixi Bandunq prinsipləri üzrə müəyyənləşdirib. Qeyd edək ki, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə üst-üstə düşür. İndiki dövrdə mötəbər beynəlxalq təşkilatların koordinasiya olunmuş fəaliyyətinin təmin olunması, əməkdaşlıq coğrafiyasının genişləndirilməsi kimi çağırışların aktuallığı artıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə fəaliyyətinin digər prioritetləri məhz bu kimi mühüm qlobal çağırışlarla bağlıdır. Ümumiyyətlə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü üçün müəyyənləşdirdiyi prioritetlərin əhatə dairəsi kifayət qədər genişdir. Ölkəmiz Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirmək və dayanıqlı inkişafın və ədalətin təmin olunması üçün böyük səylə çalışır. Qoşulmama Hərəkatının təməlində dayanan prinsiplərin önəminin indiki çağırışlar fonunda daha da artdığını bildirən Prezident İlham Əliyev “Qəbul edildiyi gündən Bandunq Prinsipləri onlara sadiqliyini bəyan edən dövlətləri Soyuq müharibə dönəmində istiqamətləndirmişdir. Soyuq müharibədən sonra qarşı-qarşıya dayanan iki blokun mövcud olmaması Bandunq Prinsiplərinin əhəmiyyətini və qüvvəsini heç də azaltmayıb. Əksinə, sülh və inkişafa dair mürəkkəb çağırışların fonunda onlar bu gün hər zaman olduğundan daha əhəmiyyətlidir”, - deyə vurğulayıb. Məsuliyyətli dövlət olan Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi həmçinin qlobal pandemiya şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsinə ciddi səy göstərir. Prezident İlham Əliyev bildirib ki, bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir. Vurğulamaq yerinə düşər ki, respublikamız Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə yardımı ayırıb, həmçinin 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının COVID-19-a qarşı onlayn formatda Zirvə görüşü baş tutub. Eyni zamanda, Azərbaycan Prezidenti BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs dünyanın bütün qitələrindən olan 130-dan çox ölkə tərəfindən dəstəklənib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 413 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31