Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir
26.09.2020 [00:02]
Prezident İlham Əliyev: Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır
İlk dəfə ötən ilin sonlarında Çində baş qaldıran, sonradan qısa müddətdə 200-dən çox ölkəyə yayılan və qlobal miqyasda sosial gərginliyi artıran, ciddi iqtisadi fəsadlara yol açan yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə hazırda əksər dünya dövlətlərinin gündəliyində mühüm yer tutur. Eyni zamanda, müxtəlif beynəlxalq platformalarda qlobal səciyyə daşıyan təhlükəli xəstəliyə qarşı mübarizədə həmrəyliyin gücləndirilməsinə çağırışlar edilir. Təsadüfi deyildir ki, bu günlərdə keçirilən BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda, həmçinin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında da yeni növ koronavirus pandemiyasına qarşı mübarizə sahəsində vəziyyətə xüsusi diqqət çəkilib. Bildirilib ki, pandemiyaya qarşı qlobal səviyyədə bir sıra təxirəsalınmaz tədbirlər görülsə də, təhdidlər hələ də qalmaqdadır və yeni yoluxma dalğalarının baş qaldırması təhlükəsi də realdır.
Bəhs olunan tədbirlərdə iki rəsmi statusda - həm Qoşulmama Hərəkatının Sədri, həm də Azərbaycan Respublikasının Prezidenti kimi videoformatda çıxış edən dövlətimizin başçısı İlham Əliyev Azərbaycanda pandemiyaya qarşı milli səviyyətə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Dövlətimizin başçısı ölkəmizdə pandemiyaya qarşı mübarizə çərçivəsində görülən tədbirlərin səmərəli olduğunu bildirib. “Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib”, - deyə Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində keçirilən BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışında vurğulayıb.
Azərbaycan COVID-19-a qarşı mübarizə çərçivəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir
Azərbaycan məsuliyyətli dövlət kimi ölkəmizdə yeni növ koronavirus infeksiyasına ilk yoluxma faktı qeydə alınan vaxtdan etibarən bu məsələyə çox həssas yanaşma sərgiləyir və COVID-19-a qarşı ciddi mübarizə tədbirləri həyata keçir. Pandemiya şəraitində ölkənin bütün əlaqədar qurumları Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planının yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək üçün koordinasiya olunmuş şəkildə fəaliyyət göstərirlər. Ümumiyyətlə, ölkəmizdə pandemiyaya qarşı mübarizə kompleks səciyyə daşıyır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və operativ qabaqlayıcı tədbirlər, eləcə də vətəndaşların məsuliyyətli davranışı respublikamızda pandemiyaya qarşı müxtəlif istiqamətləri əhatə edən tədbirlərin səmərəliliyini artıran mühüm faktorlar qismində çıxış edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin COVID-19-a qarşı ciddi mübarizə tədbirləri nümunəvi xarakter daşıyır.
Qeyd edək ki, respublikamızda pandemiyanın mənfi təsirlərini azaltmaq üçün bir sıra prioritetlər müəyyənləşdirilib ki, onların da sırasında insanların sağlamlığının, həyatının qorunması, ölkə vətəndaşlarının sosial müdafiəsinin təmin edilməsi ön planda dayanır. Respublikamızda pandemiyanın elə ilk günlərindən etibarən müəyyənləşdirilən bu kimi prioritetlərə uyğun olaraq ardıcıl şəkildə zəruri səhiyyə və sosial dəstək tədbirləri həyata keçirilir. Respublikamızda pandemiya şəraitində koronavirus xəstələrinin müalicəsi məqsədilə 46 xəstəxana ayrılıb. Bunlar ölkənin ən yaxşı xəstəxanalarıdır.
COVID-19-un səmərəli müalicəsində erkən və dəqiq diaqnostika mühüm rol oynayır. Bu baxımdan da Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Vaxtilə Azərbaycanda cəmi 6 laboratoriya fəaliyyət göstərirdi. Pandemiya şəraitində artan tələbatı qarşılamaq, xəstəliyi erkən mərhələdə və dəqiq müəyyənləşdirmək məqsədilə ölkə üzrə yeni müasir laboratoriyalar quraşdırılıb. Artıq respublikamızda 30-dan çox belə laboratoriyalar fəaliyyət göstərir. Yeri gəlmişkən, adambaşına keçirilmiş testlərin sayına görə ölkəmiz dünyada qabaqcıl yerlərdən birini tutur.
Eyni zamanda, respublikamız pandemiya şəraitində getdikcə artan tələbatı özünün güclü səhiyyə infrastrukturu ilə qarşılayıb. Məlum olduğu kimi, son 17 ildə ölkəmizdə genişmiqyaslı infrastruktur quruculuğu siyasəti çərçivəsində yeni tikilən və yaxud əsaslı şəkildə təmir olunan tibb müəssisələrinin sayı 750-dən çoxdur. Ölkəmizin səhiyyə infrastrukturunun möhkəmləndirilməsi pandemiya şəraitində də davam etdirilir. Cari ilin əvvəlindən bəri Prezident İlham Əliyev bölgələrə səfərləri çərçivəsində bir neçə xəstəxananın açılışında şəxsən iştirak edib. Eyni zamanda, dövlət başçısının müvafiq Sərəncamı ilə ölkəmizdə modul tipli xəstəxanalar yaradılır. Artıq bir neçə modul tipli xəstəxana Bakıda, Qobustanda, İsmayıllıda, Qəbələdə və Şəkidə istifadəyə verilib. Beləliklə, Azərbaycan çox qısa müddətdə koronavirus xəstələrinin keyfiyyətli müalicəsini təmin etmək üçün ölkə ərazisində çarpayı sayını əhəmiyyətli dərəcədə artırmağa nail olub və bu istiqamətdə işlər davam etdirilir. Pandemiya dövründə respublikamızda tibbi maska, dezinfeksiyaedici vasitələr və xüsusi geyimlər istehsalının qaydaya salınması da böyük uğurdur.
Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycan dövləti özünün nümunəvi sosial siyasətinə bir sıra çətinliklərlə müşayiət olunan pandemiya şəraitində də sadiqlik nümayiş etdirir. Cari ilin əvvəlindən bəri respublikamızda heç bir sosial layihə ixtisara salınmayıb, əksinə pandemiya dövründə ölkəmizdə sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb. Pandemiya şəraitində respublikamızda həm dövlət, həm də özəl sektorda çalışanlar, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar, ümumiyyətlə, bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib. Yuxarıda bəhs olunan debatlarda videoformatdakı çıxışında pandemiyanın ölkə vətəndaşlarının rifah halına, gəlir imkanlarına mənfi təsirlərini önləmək, həmçinin makroiqtisadi sabitliyi qorumaq üçün həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edən Prezident İlham Əliyev vurğulayıb: “Pandemiyanın iqtisadi çətinliklərinə baxmayaraq, vətəndaşlarımızın həyatı və sağlamlığı bizim üçün prioritet təşkil edir. İqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması, habelə işsizliklə bağlı məsələlərin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir”.
Koronavirusla Mübarizəyə Dəstək Fondunda yığılan maliyyə vəsaiti şəffaf şəkildə idarə olunur
Son vaxtlarda müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda həyatın bütün sahələrində şəffaflıq prinsiplərinə əməl olunması diqqət mərkəzində saxlanılır. Həmçinin Prezident İlham Əliyevin müxtəlif tribunalardan etdiyi çağırışlara uyğun olaraq müxtəlif məsələlərin həllində ictimai nəzarət yüksək səviyyədə təmin edilir. Deyilənlər baxımından Koronavirusla Mübarizəyə Dəstək Fondunda yığılan maliyyə vəsaitinin şəffaf şəkildə idarə olunması da təqdirəlayiqdir. Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı əsasında COVID-19 xəstəliyinin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınmasını, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsini, əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə yaradılıb. Fondun vəsaitinin sərəncamçısı Nazirlər Kabinetidir. Baş Nazirin imzaladığı 2020-ci il 11 aprel tarixli qərarla Fondda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə Nazirlər Kabineti yanında İctimai Nəzarət Şurası yaradılıb.
Beləliklə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin idarə olunmasında şəffaflıq prinsipinə yüksək səviyyədə əməl olunur və ictimai nəzarət təmin edilir. Vurğulamaq yerinə düşər ki, indiyə qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113,7 milyon manatdan çox vəsait köçürülüb. Şəffaflığın yüksək səviyyədə təmin edilməsi məqsədilə quruma köçürülən bütün ianələr və onları edən bütün fiziki və hüquqi şəxslər barədə müvafiq məlumatlar Fondun rəsmi internet səhifəsində yerləşdirilib.
Qeyd edək ki, Fondun vəsaitləri pandemiya ilə mübarizə çərçivəsində mühüm tədbirlərin həyata keçirilməsinə yönəldilir. O cümlədən COVAX platforması çərçivəsində COVID-19-a qarşı ÜST tərəfindən təsdiq olunmuş vaksinlərin alınaraq ölkəmizə gətirilməsinin maliyyə xərcləri də Fond tərəfindən ödəniləcək. Hazırda Azərbaycan təhlükəli virusa qarşı təsdiq olunmuş peyvəndin ölkəmizə gətirilməsi istiqamətində müvafiq beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Məlum olduğu kimi, bir sıra ölkələr vaksinlər üzərində iş aparır və ön sifarişlər qəbul edirlər. Lakin vaksinlərə olan tələbatın həcmi onların istehsal potensialından çoxdur. Buna görə də növbəti sifarişləri tezliklə tam təmin etmək mümkün olmaya bilər. Prezident İlham Əliyev bəhs olunan debatlardakı çıxışında peyvəndlərin paylanılmasında əlavə nəzarət mexanizminin yaradılmsı təklifini irəli sürüb. Bu xüsusda fikirlərini nəzərə çatdıran dövlətimizin başçısı “Vaksinin əlçatanlığı və ədalətli paylanılmasının təmin edilməsi əhəmiyyətli məsələdir və ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidir. Bu baxımdan burada əlavə nəzarət mexanizmləri yaradılmalıdır”, - deyə vurğulayıb.
Məlum olduğu kimi, COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli, bərabər əlçatanlılıq imkanı yaratmaq məqsədilə bir müddət əvvəl Qlobal Peyvəndlər Alyansı (GAVI), Epidemiyaya Hazırlıq İnnovasiyalar Alyansı (CEPI) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVAX platforması yaradılıb. Sentyabrın 18-də Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda ÜST-ə üzv olan başqa ölkələrlə bərabər, Azərbaycan da qurum tərəfindəntəsdiqlənmiş peyvəndlə təmin olunacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

