Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Erməni neofaşizminin iç üzü BMT tribunasında

Erməni neofaşizminin iç üzü BMT tribunasında

28.09.2020 [18:43]

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda və sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edib. Dövlətimizin başçısı bəhs olunan Yüksək Səviyyəli İclasda iki rəsmi statusda – həm Qoşulmama Hərəkatının Sədri, həm də Azərbaycanın dövlət başçısı kimi çıxış edib. İclasda Azərbaycanın dövlət başçısının 182 ölkə arasında sayca altıncı çıxış etməsi, şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının Sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür. Bəhs olunan çıxışlarında Azərbaycan Prezidenti qlobal səciyyə daşıyan bir sıra aktual məsələləri gündəmə gətirib, həmçinin beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirdiyinə və bunun regional sabitliyə ciddi təhdidlər yaratdığına yönəldib.

Qoşulmama Hərəkatı ötən müddət ərzində beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayıb

Beynəlxalq münasibətlər sistemində BMT və Qoşulmama Hərəkatı kimi təsisatların xüsusi yeri var. Azərbaycan Prezidenti Öz çıxışlarında dünya nizamının tənzimlənməsində nüfuzlu beynəlxalq platformaların önəmini vurğulayıb. Qoşulmama Hərəkatının Sədri kimi çıxış edən dövlətimizin başçısı hazırda Azərbaycanın uğurla sədrlik etdiyi qurumun dünya siyasətində və beynəlxalq münasibətlər sistemində oynadığı rola toxunaraq deyib: "Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir".

Azərbaycan Prezidenti qurumun əsas missiyasını bir daha xatırladaraq bildirib ki, Qoşulmama Hərəkatı artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayır, ədalətli, bərabərhüquqlu dünya nizamının və qlobal demokratik idarəçiliyin yaradılması üçün BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa ciddi riayət olunması vasitəsilə multilateralizmin və BMT çərçivəsində çoxtərəfli qərar qəbul olunması prosesinin təşviqi, qorunması, canlandırılması, islahatların aparılması və gücləndirilməsinə sadiqliyini bir daha qeyd edir.

2020-ci il tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatı üçün xüsusilə əlamətdardır. Belə ki, cari ildə Qoşulmama Hərəkatının təməl prinsiplərini özündə əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyi tamam olur. Aradan onilliklər ötsə də, Qoşulmama Hərakatı öz əhəmiyyətini bu gün də saxlamaqda davam edir. Qurum qəbul edildiyi gündən Bandunq Prinsipləri vasitəsi ilə onlara sadiqliyini bəyan edən dövlətləri "soyuq müharibə" dönəmində istiqamətləndirib. Dövlətimizin başçısı "soyuq müharibə"dən sonra qarşı-qarşıya dayanan iki blokun mövcud olmamasının Bandunq Prinsiplərinin əhəmiyyətini və qüvvəsini heç də azaltmadığını, əksinə, sülh və inkişafa dair mürəkkəb çağırışların fonunda onların bu gün hər zamankından  daha əhəmiyyətli olduğunu xatırladıb.  Qeyd edək ki, Qoşulmama Hərəkatının 2019-cu ilin oktyabr ayında Bakıda 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən XVIII Zirvə Görüşündə qurumun sədri statusu qazanan Azərbaycan da özünün fəaliyyət prioritetlərini tarixi Bandunq prinsipləri üzrə müəyyənləşdirib.

BMT-də islahatların aparılmasına böyük ehtiyac var

Azərbaycanın dövlət başçısı Öz çıxışında həmçinin dünya nizamının müəyyənləşməsində mühüm rol oynayan BMT-nin əhəmiyyətindən  bəhs edib. Düzdür, hazırda qurumun fəaliyyətində müəyyən məhdudiyyətlər açıq şəkildə müşahidə edilir. Xüsusilə də, son vaxtlarda bir sıra regional münaqişələrin həllində BMT-nin qəbul etdiyi qərarlar heç də həlledici rol oynamayıb. Deyilənlər kontekstində vurğulamaq yerinə düşər ki, BMT TŞ-nin hələ ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını özündə ehtiva edən 4 qətnaməsi hələ də yerinə yetirilməyib. Dünyanın ali qurumunun bəhs olunan qətnamələrinin onilliklər ərzində yerinə yetirilməməsinin məntiqini heç nə ilə izah etmək mümkün deyil. Çünki biz bir sıra hallarda təcəvüzkarların, beynəlxalq hüququ pozan dövlətlərin necə operativ və sərt şəkildə cəzalandırıldıqlarının şahidi olmuşuq. Ayrı-ayrı coğrafiyalarda müxtəlif səbəblərdən baş qaldıran münaqişələrin həllində selektiv yanaşmalar təəssüf doğurur.

Bu kimi  məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələlərin və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqda davam edir. BMT, onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün, təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz alətlərdir. Bununla belə, zaman dəyişir və qarşıya yeni çağırışlar çıxır. Yuxarıda deyilənlərdən də göründüyü kimi, dünya ölkələrini bir araya gətirən qurumun fəaliyyətindəki məhdudiyyətlər aradan qaldırılmalıdır. Azərbaycan Prezidenti Öz çıxışında BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırış edib. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı "Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq", - deyə vurğulayıb.

Prezident İlham Əliyev BMT-nin ali tribunasından işğalçı Ermənistanı ifşa etdi

Daim ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyan Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün beynəlxalq platformalardan istifadə edir. Bu kontekstdə Prezident İlham Əliyevin bütün beynəlxalq platformalardan istifadə etməklə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı respublikamızın ədalətli və prinsipial mövqeyini dünya birliyinin diqqətinə çatdırması xüsusi önəm daşıyır. Deyilənlər baxımından Prezident İlham Əliyevin bəhs olunan çıxışları da istisna təşkil etməyib. Dövlətimizin başçısı Yüksək Səviyyəli İclasdakı çıxışının ikinci hissəsinə "İndi mən Azərbaycan adından çıxış edirəm!" ifadəsi ilə başlayıb.

Bəhs olunan iclasda Prezident İlham Əliyev kifayət qədər açıq danışıb. Dövlətimizin başçısı Öz parlaq nitqi ilə dünyaya bir həyacan təbili çalıb və BMT-nin ali tribunasından təcəvüzkarlıq siyasəti aparan Ermənistanı, həm də indiyədək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olanları, faşistləşmiş dövlətə havadarlıq göstərənləri qətiyyətli və cəsarətli şəkildə ifşa edib.

Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunub. Müstəqillik qazanması xalqımızın ən böyük tarixi nailiyyətidir. Bu, Azərbaycan xalqının hər zaman azad və müstəqil dövlətdə yaşamaq ümidinin və istəyinin təzahürüdür. Qısa müstəqillik tarixində respublikamız müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olub. Bununla belə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmizin bir nömrəli ümummilli problemi olaraq qalır. Dövlət başçımızın da bildirdiyi kimi, Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Xocalı soyqırımını törədib. Vurğulamaq yerinə düşər ki, indiyədək dünyanın ondan çox ölkəsi Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Hazırda Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir, buradakı Azərbaycan xalqına məxsus tarixi və dini abidələri dağıdır. Prezident İlham Əliyev işğalçı dövlətin qoşunların təmas xətti və Ermənistan–Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf aldığını, təxribatlar törətdiyini bir daha BMT üzvü olan dövlətlərin yüksək səviyyəli rəsmilərinin diqqətinə çatdırıb. Bütün bu kimi faktlara əsaslanan Prezident İlham Əliyev vurğulayıb: "Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun "Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz "yeddi şərti" tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır".

Ermənistan dövlətinin təcəvüzkar mahiyyətini həm də o amil şərtləndirir ki, burada nasizmin şöhrətləndirilməsi dövlət siyasəti səviyyəsinə yüksəldilib. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib və onun şərəfinə Yerevanın mərkəzində abidə ucaldılıb. Prezident İlham Əliyev Öz çıxışında hazırda Ermənistanda Azərbaycanofobiya siyasətinin aparıldığına diqqət çəkib. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı "Ermənistanın rəsmi ideologiyasında "Azərbaycanofobiya" siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və "Azərbaycanofob" fikirlər əks olunub", - deyə vurğulayıb.

Ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial yanaşma sərgiləyir və bu zaman tarixi faktlara, eləcə də beynəlxalq hüquqa əsaslanır. Hər iki prizmadan yanaşdıqda Azərbaycanın mövqeyinin ədalətli olduğu aydın şəkildə görünür. Ermənistanın qeyri-konstruktiv mövqeyi isə heç bir arqumentə söykənmir, sırf işğalçı və təcavüzkar niyyətə, separatizmə əsaslanır. Ona görə də Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

ATƏT-in Minsk qrupunun 11 üzvü prosesdə iştirak etməlidir

Məlum olduğu kimi, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda iştirakı formal xarakter daşıyır.  Ermənistan, əslində, müxtəlif manipulyativ əməllərlə danışıqlar prosesinə zərbə vurmaqla işğal məhsulu olan mövcud status-kvonu qoruyub saxlamağa çalışır. Ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında prinsipial yanaşmadan çıxış edən Azərbaycan isə danışıqların substantiv nəticələrə hesablanmasının tərəfdarıdır. Yuxarıda bəhs olunan ümumi debatlardakı çıxışında Azərbaycanın prinsipial mövqeyini bir daha nəzərə çatdıran Prezident İlham Əliyev təəssüf hissi ilə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməmişdir. Danışıqlar imitasiya naminə aparılmamalı, nəticəyönümlü və məzmunlu olmalıdır. "Otuz ilə yaxın danışıqlar prosesində iştirakımız sülhə sadiqliyimizin bariz nümunəsidir. ATƏT-in Minsk qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir", - deyə dövlətimizin başçısı vurğulayıb.

İlkin Əliyev, Gənc Politoloqlar Mərkəzinin sədri

Paylaş:
Baxılıb: 319 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31