Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan cəmiyyəti ümummilli məsələlərdə yüksək həmrəylik nümayiş etdirir

Azərbaycan cəmiyyəti ümummilli məsələlərdə yüksək həmrəylik nümayiş etdirir

14.10.2020 [08:43]

50 siyasi partiyanın rəhbərlərinin ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Ali Baş Komandanımızın qətiyyətli siyasətini dəstəkləmələri milli birliyin gücləndirilməsinə mühüm töhfədir
Azərbaycanda 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra müxtəlif istiqamətləri əhatə edən islahatlar dalğası geniş vüsət alıb. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan islahatların mühüm bir hissəsi isə siyasi sistemi əhatə edir. Azərbaycanın müasirləşdirilməsini strateji hədəf kimi müəyyənləşdirən dövlətimizin başçısı davamlı şəkildə ölkədə milli həmrəyliyin möhkəmlənməsini, əlverişli siyasi dialoq mühitinin formalaşmasını hədəfləyən yeni təşəbbüslərlə çıxış edir. Bütün bunların nəticəsi kimi, ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşıb. Öz növbəsində, respublikamızdakı müxtəlifyönümlü partiyalar, vətəndaş cəmiyyətini təmsil edən qurumlar yaradılan bu əlverişli siyasi dialoq mühitindən bəhrələnməklə fəaliyyətlərini daha da genişləndirirlər və öz imkanlarını ölkəmiz, xalqımız üçün vacib olan məsələlərin həllinə yönəldirlər.
Hazırkı tarixi mərhələdə vahid mövqedən çıxış etmək strateji önəm kəsb edir
Vətənpərvərlik Azərbaycan cəmiyyətinə xas olan ən mühüm keyfiyyətlərdən biridir. Tarixdən gələn ənənələrinə, milli-mənəvi dəyərlərinə həmişə sadiq qalan Azərbaycan xalqı, həmçinin ümummilli məsələlər ətrafında sıx birləşməyi bacarır. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində vahid mövqedən çıxış etmələri isə buna əyani nümunədir.
Məlum olduğu kimi, Ermənistan respublikamızın dünya birliyi tərəfindən tanınan ərazisinin 20 faizini zəbt edib. Düşmən işğal etdiyi ərazilərimizdə etnik təmizləmə siyasəti aparıb, həmçinin 1 milyondan artıq soydaşımız doğma ev-eşiyindən didərgin düşüb. Son vaxtlarda Ermənistanın qoşunların təmas xəttində, eləcə də iki ölkə arasındakı dövlət sərhədinin müxtəlif istiqamətlərində intensiv şəkildə təxribatlar törətməsi düşmənin təcəvüzkar niyyətinin sərhəd tanımadığından xəbər verir. Ermənistanın hərbi birləşmələrinin cari ilin yayında dövlət sərhədinin Tovuz istiqamətində və sentyabrın 27-də qoşunların təmas xəttində törətdikləri təxribatların miqyası isə daha genişdir. Tovuz istiqamətində törədilən təxribatın qarşısı Ordumuz tərəfindən qətiyyətlə alındı. Həmçinin düşmənin son təxribatına cavab olaraq Silahlı Qüvvələrimiz bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb. Bu əməliyyatlar nəticəsində düşmənə sarsıdıcı zərbələr vurulub və bir neçə yaşayış məntəqəsi, strateji yüksəkliklər işğaldan azad olunub.
Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasında yüksək siyasi qətiyyət göstərməsi, Ordumuzun döyüş tapşırıqlarını uğurla yerinə yetirməsi Azərbaycan cəmiyyətinin, o cümlədən də siyasi partiyaların həmrəyliyini gücləndirib. Bu günlərdə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Prezident, Ali Baş Komandan İlham Əliyevin ünvanına çoxsaylı məktublar göndərərək Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyət göstərdiyinə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə edirlər. Həmçinin ölkəmiz, xalqımız üçün taleyüklü indiki məqamda müxtəlif siyasi partiyalar da ölkə Prezidentinin, xilaskarlıq missiyası yerinə yetirən Ordumuzun yanında olduqlarını açıq şəkildə bəyan edirlər. Vurğulamaq yerinə düşər ki, ermənilərin bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlar törətdiyi zaman ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiya bir araya gələrək bəyanat imzalayıb. Sentyabrın 27-də isə Ermənistanın növbəti hərbi təxribatı ilə əlaqədar 50 siyasi partiyanın bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Ali Baş Komandanımızın qətiyyətli siyasətini dəstəkləməsi çox mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, oktyabrın 3-də 50 siyasi partiya rəhbərinin iştirakı ilə “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüş keçirilib. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların təmsilçiləri Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və Onun yanında olduqlarını bildiriblər.
Xalqımız üçün taleyüklü məqamda həmrəylik nümayiş etdirməmək milli maraqlara zidd mövqe sərgiləməkdir
Azərbaycan Silahlı Qüvvələrinin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları həyata keçirməsi xalqımız üçün həqiqət anıdır. Biz üç onillik ərzində bu günü səbirsizliklə gözləmişik. Məhz indi Ali Baş Komandanımızın, Ordumuzun qətiyyəti sayəsində xalqımız işğal altındakı yaşayış məntəqələrimizin geri qaytarılması xəbərlərinin sevincini yaşayır. Yuxarıda qeyd etdiyimiz kimi, 50 siyasi partiya tərəfindən Ali Baş Komandana və ordumuza dəstəyin ifadə olunması da milli-siyasi birliyimizin bariz nümunəsidir. Amma təəssüfləndirici məqam da var. Belə ki, biz AXCP və “Müsavat”ın timsalında bu birliyi görmürük. Daha dəqiq desək, bəhs olunan hər iki partiya indiki taleyüklü məqamda da milli həmrəylikdən kənarda qalıb. Hazırda cəbhədə gedən döyüşlər Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun və Azərbaycan xalqının apardığı Vətən müharibəsidir. Odur ki, AXCP və “Müsavat” siyasi partiyaların məlum bəyanatına imza atmamaqla növbəti dəfə xalqın, dövlətin, ordunun yanında olmadıqlarını təsdiqlədilər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 321 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31